ACI HƏQİQƏT

12

(Əvvəli ötən saylarımızda)

24 yanvar 1996-cı il. Gecə saat 11-in yarısı idi. Corat kəndinin kənarında birmərtəbəli, çox da hündür olmayan, köhnə dəmir qapılı tikintiyə mülki geyimli iki şəxs yaxınlaşdı. Onlar söhbət etsələr də, çox da hündürdən danışmırdılar. Ətrafda heç kim yox idi. Yalnız əsən xəzrinin vıyıltısı  gəlirdi. Boyca balaca olan adam qulaqlı papağını başına elə qoymuşdu ki, gözləri güclə görünürdü. O dedi:

– Dəyanətgilin qarajı budur. Qapı çox da kip bağ- lanmayıb, maşın da içəridədir. Arxayın ola bilərsiniz.

Mənsimov gödəkcəsinin cibindən fənəri çıxardı. Qapının arasından qarajın içini işıqlandırdı. Həqiqətən də, içəridə QAZ-24 markalı maşın vardı. Qapıdan ayrılan Mənsimov yanındakı adama: “Gedə bilərsiniz”, – dedi.

O isə: “Salamat qalın”, – deyib qaranlıqda qeyb oldu. Mənsimov da digər istiqamətə çıxıb getdi. Lakin heç on dəqiqə keçməmiş xidməti maşınla yenidən oraya qayıtdı. Onun arxasınca gələn “Kamaz” markalı yük maşınından  sürücü aşağı düşdü, maşının banından çox da uzun olmayan dəmir məftildən toxunmuş trosu yerə atdı. Sonra maşını arxa-arxaya sürərək qarajın qapısına yaxınlaşdırdı. Bu vaxt ikinci bir minik maşını da oraya yaxınlaşıb dayandı. Qapılar açıldı, maşından bir nəfər polis geyimli və üç nəfər mülki geyimli adam düşdü. Polis əməkdaşı Mənsimova yaxınlaşıb:

– Xələf müəllim, müstəntiq və hal şahidlərini gətirmişəm, – dedi.

– Sərdar, “Jiquli”ni qaraja elə yaxınlaşdır ki, onun faraları qarajın içini  işıqlandırsın.

Müstəntiq E. Abdullayev dedi:

– Yoldaşlar, siz bizim edəcəyimiz hər bir hərəkətə şahidlik edəcəksiniz. Sizə hal şahidlərinin Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqlarını izah etmişəm. İndi biz qarajda axtarış aparacağıq, bu barədə protokol tərtib edəcəm. Sonra siz protokolu oxuyub düz olduğunu imzanızla təsdiq edəcəksiniz.

Mənsimov müstəntiqin göstərişiylə “Kamaz”ın sürücüsünə trosun bir ucunu dəmir qapının bir tayına, digər ucunu maşının arxa yedəyinə bağlayaraq bu yolla qapının o biri tayını dartıb açmağı tapşırdı. Hal şahidləri və özü kənara çəkildi.

Sürücü tapşırığı icra etdi. Qapının bir tayı açıldı. “Jiquli”nin gur işığı qarajın içini işıqlandırdı. Hal şahidləri, “Kamaz”ın sürücüsü, müstəntiq və Mənsimov qaraja daxil oldular. Qarajın toz-torpaq içində olması onu göstərirdi ki, xeyli müddətdir oradan istifadə olunmayıb. Çünki qapı açılan kimi içəri soxulan külək bir anlıq toz-torpağı havaya qaldırdı. Qarajda bir QAZ-24 markalı qəhvəyi rəngli “Volqa” maşını var idi. Səbrini basa bilməyən Mənsimov maşının damına baxdı və orada güllələrin açdığı iki deşik gördü, dərindən köks ötürüb: “Həqiqətən də, düz deyirlərmiş”, – dedi.

Axtarışdan sonra maşın maddi sübut kimi götürüldü. Qarajın qapısını yenidən bağlayıb möhürlədilər və orada müvəqqəti polis postu qoyuldu.

25 yanvar 1996-cı il. Xələf Mənsimovun başçılıq etdiyi polis əməkdaşları az bir müddətdə itkin düşmüş taksi sürücüsünün həyat yoldaşı Savad Mehralı qızı Nuruyevanın yaşadığı ünvanı müəyyən etdilər. Müstəntiq Abdullayevin çağırışı əsasında aşkar edilmiş cəsədi tanıyıb-tanımaması məqsədi ilə o, prokurorluğa dəvət olundu.

Müstəntiq Elxan Abdullayev taksi sürücüsünün paltarlarını tanınmaya təqdim etməmişdən öncə zərərçəkəni şəxsən dindirməyi qərara aldı:

–  Savad xanım, mənim sizə bir neçə sualım var. Xahiş edirəm, gəlin əvvəlcə bəzi məsələləri aydınlaşdıraq. Siz bu barədə mənə kömək etməlisiniz. Siz ərinizi axırıncı dəfə nə vaxt görmüsünüz? Həmin vaxt onun əynində hansı paltarlar var idi? Əriniz harada işləyirdi? Peşəsi nə idi?

– Elxan müəllim, mən 1994-cü ilin fevral ayının 27-də ərimi işə yola salmışam. O, taksi sürücüsüydü. İdarə etdiyi “Volqa” avtomaşını dövlətə məxsus idi. Həmin gün də əynində hərbçilərin geydiyi gödəkcə, Türkiyədə istehsal olunmuş göy jaket, köynək və qara rəngli şalvar olub. Bun- dan artıq heç nə deyə bilmərəm.

Müstəntiqə deyilənlər yetərli olduğundan dindirmə protokolunu tez doldurub, oraya zərərçəkənin ifadəsini yazdı, sonra oxumaq üçün Nuruyevaya təqdim etdi. Nuruyeva ifadəsini oxuyub müstəntiqə qaytarmaq istərkən müstəntiq ondan protokolun birinci səhifəsinin aşağısından da imza etməyi xahiş etdi. Daha sonra müstəntiq ona ifadəsinin düzgün yazılması haqqında qeydlər yazdırıb imza etdirdi.

Dindirmə protokolunu qovluğa qoyduqdan sonra Elxan Abdullayev dedi:

– Savad xanım, indi biz sizinlə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə gedəcəyik. Müəyyən paltarları sizə tanınmaya təqdim etməliyik. Etirazınız yoxdur ki?

– Elxan müəllim, etirazım yoxdur, – deyə zərərçəkən üzüntülü halda cavab verdi.

– Onda xahiş edirəm, mənimlə gəlin.

Müstəntiq kreslodan qalxıb qapını açdı. Savad xa- nım kabinetdən çıxdı, müstəntiq də onun arxasınca çıxıb qapını bağladı.

1-ci polis bölməsinə daxil oldular. Bir polis nəfəri və iki mülki şəxs dəhlizdə onları gözləyirdilər. Müstəntiq polis nəfərindən əşyaların hansı otaqda olduğunu soruşdu və onları ora aparmağı tapşırdı. Polis dəhlizin sağ tərəfində yerləşən otağın qapısını açdı. Müstəntiq:

–  Savad xanım, bura buyurun, – deyəndə qadının gözləri bir anlıq doldu, dodaqları titrədiyindən sözünün ardını gətirə bilmədi. Köksündəki yara tam qaysaqlanmadığından çəkdiyi ağrı yenidən sızıldadı. O inanmırdı ki, kimsə Əhsəni öldürə bilər. Çünki yaşadıqları bu illər ərzində onu kiminsə yamanlamasını belə görməmişdi. Pis-yaxşı yaşamışdılar. O, xeyirxah insan idi. İndi ölümünə inanmadığı ərinin torpaq altından çıxarılmış paltarlarına necə baxsın? Axı onun kimi övladları da atalarının yolunu gözləyirdilər. İndi onları necə başa salsın ki, daha atanız yoxdur?!

Müstəntiq Savadın qəlbində baş qaldıran əzabı, üzüntünü duydu.

– Bəlkə, bir az açıq havada olasınız? – deyə qadına müraciət etdi.

– Yox, Elxan müəllim. Onsuz da bunu etməliyəm, – Savad xanım bunu deyib içəri keçdi. Bir anda paltarları gö- rəndə çırpınan ürəyi sakitləşdi. Paltarlar onun ərinə məxsus deyildi.

“Şükürlər olsun ki, hələ sağdır, – Savad xanım dü- şündü – bəlkə, onu hardasa saxlayırlar? Nə olsun ki, maşını tapılıb”, – verdiyi suala cavab tapmadı. Ürəyi yenə əsdi.

Tanınmağa təqdimetmə o qədər də vaxt aparmadı. Savad Nuruyeva ona təqdim edilən yaşıl jaketə, tuman-köynəyə, damalı pencəyə baxıb ərinin heç vaxt belə geyimlərinin olmadığını bildirdi.

Hal şahidlərinin iştirakı ilə aparılan bu istintaq hərəkətini müstəntiq protokolla sənədləşdirib imza etdirdikdən sonra Nuruyevaya öz minnətdarlığını bildirdi, ona “yaxşı yol” deyib prokurorluğa qayıtdı. İş otağına dönmədi, şəhər prokuroru Mahmud Nəbiyevə apardığı istintaq hərəkətlərinin nəticəsi barədə məlumat verməyi vacib saydı.

Prokurorluğun qəbul otağından gələn elektrik çap makinasının səsi “Şmayser” alman avtomobili mühərrikinin səsini xatırladırdı. “Görünür, Samirə xanım nəsə çap edir”, – müstəntiq Abdullayev düşündü.

Qəbul otağına daxil olanda katibənin makinanın düymələri üzərində oynayan barmaqlarının iti hərəkətlərinə heyran qaldı. “Görəsən, bu xanım uzun dırnaqlarını  zədələnməkdən necə qoruyur?” – deyə düşündü.

Müstəntiqin daxil olmasını dərhal hiss edən katibə:

– Boşdur, keçə bilərsiniz, – dedi.

Elxan Abdullayev: “Sağ olun”, – deyib ikiqat qapının birinci tayını açdı, ikinci tayını isə döydü. İçəridən “buyurun” kəlməsini eşitcək qapını açıb içəri keçdi. Dərhal kabinetin divarlarına hopmuş siqaret qoxusu beyninə vurdu. Aramsız çəkdiyi və bir-birinə caladığı siqaretlərin tüstüsü ətrafını  bulud kimi bürüdüyündən prokuror Mahmud Nəbi- yevi qapının astanasından seçmək mümkün olmurdu. Mah- mud müəllim isə qapıdan içəri girən hər bir adamı oturduğu kreslodan dərhal seçirdi. Ona görə əvvəl onun  səsi gəldi:

– Elxan müəllim, əyləşin. Tanınma necə keçdi?

Elxan Abdullayev:

–  Mahmud müəllim, cəsəd başqa şəxsə məxsusdur. Taksi sürücüsünün arvadı Savad Nuruyeva cəsəd üzərindəki  paltarların itən ərinə məxsus olmadığı faktını təsdiq etdi. Mən əməliyyatçılarla danışmaq istəyirəm. Əgər Dəyanət Kərimovu gətirməsək, bu işdə heç bir aydınlıq olmayacaq. Çünki QAZ-24 markalı avtomaşının damında olan deşiklər və sürücünün oturacağında aşkar edilən ləkələr də qan ləkəsinə oxşayır. Yəqin, tezliklə cavab alacağıq. Məhkəmə tibbi eksperti rəy verməsə də, meyiti tapılan şəxsin odlu silahdan açılan atəşlə öldürüldüyünü deyir.

Prokuror Mahmud Nəbiyev barmaqları arasında tut- duğu “Marlbora” siqaretini dodaqlarına aparıb dərin qullab vurdu. Tüstüsünü sol tərəfə üfürüb dedi:

  • Darıxmayın, onun da şəxsiyyətini müəyyən edərik, sürücünün də cəsədini tapacağıq. Bunlara bir az zaman lazımdır.

Prokuror sol əlini telefonun dəstəyinə apardı. Dəstəyi götürüb sola döndü, siqareti külqabına qoymadan nömrəni yığdı. Yığdığı nömrə cavab verməmiş siqaretdən bir qullab da vurdu. Dəstəkdə kiminsə səsini eşitcək dedi:

– Ə bə, qardaş, nooldu? Əgər belə getsə, cinayət işini açmaq çox çətin olacaq!

Müraciət olunan şəxsin prokurora cavabı bir neçə dəqiqə  çəkdi. Sonda Mahmud Nəbiyev razılaşdı:

– Yaxşı, ancaq bir az cəld olun. Əməliyyat işinizin effektivliyini bir az da artırın. Bizdən nə kömək istəsəniz, hazırıq. Dəyanətin istintaq təcridxanasından sizin idarənin müvəqqəti saxlama yerinə etap edilməsi, orada saxlanılması haqqında qərar qəbul edəcəyik. Sağ olun, – deyib prokuror dəstəyi yerinə qoydu. Çönüb müstəntiqə  dedi:

– Polis rəisi Ənvər Quliyevlə danışırdım. Onlar hələ meyiti tapanda biliblər ki, taksi sürücüsü deyil. Çünki əmə- liyyat-axtarış işində sürücü Əhsən Nuruyevin əynində hərbi gödəkçə olduğu qeyd olunub. Siz əməliyyat-axtarış materialları ilə tanış olun. Lazım olsa, onları cinayət işi mate- riallarına da əlavə edin.

– Baş üstə, Mahmud müəllim. Dediklərinizi icra edəcəyəm. Gedə bilərəmmi?

– Gedin. Hər gün işin gedişi haqqında məni məlu- matlandırın.

Elxan Abdullayev “baş üstə” deyib ayağa qalxdı və prokurorun kabinetindən çıxıb öz iş otağına daxil oldu. Ön- cə sənədləri sahmanladı, təmiz ağ kağız götürüb cinayət işi üzrə iş planı tutmağa başladı.

 

(Ardı var)