ACI HƏQİQƏT “Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

35

VII HİSSƏ

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

***

(Əvvəli ötən saylarımızda)

 

Prokurorluqda

Prezidentin yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə bitdi. Müşavirə iştirakçıları iclas zalını tərk etməyə başladılar. Baş prokuror Eldar Həsənov birinci müavini İsa Nəcəfova dedi:

–  İsa müəllim, gəlin birlikdə mənim maşınımla işə qayıdaq. Bilirəm ki, siz maşınsızsınız. Tezliklə sizin “arabanız” da hazır olacaq.

– Çox sağ olun, Eldar müəllim. Beş dəqiqəlik yoldur, gedərəm. Siz narahat olmayın.

– Narahatlığa əsas yoxdur, heç nə olmaz, gedək.

İsa Nəcəfov etiraz etmədi. Bir yerdə liftlə aşağı düşdülər. Avtomobilə oturub prokurorluğa yollandılar.

Bir dəqiqə keçməmiş Eldar Həsənov sükutu pozdu:

– İsa müəllim, Namiq müəllimlə (milli təhlükəsizlik naziri) bu günlərdə görüşümüz olmuşdu. Prezident ona deyib ki, mən Eldar Həsənova elə bir müavin vermişəm ki, bir aydan sonra onun köməyi ilə Baş prokuroru atacağam çölə”.

Baş prokuror sual dolu sınayıcı baxışlarla müavinini gözdən keçirdi, amma həmsöhbətinin simasında etinasız və biganə bir ifadə gördü. Başa düşdü ki, “hiyləsi keçmədi”. Lakin özünü o yerə də qoymadı.

– Eldar müəllim, mart hadisələri ilə bağlı onlarla insan tutularaq saxlanılıb. Onlardan yalnız izahat alınıb. Həbsdə qalma müddətləri bir ayı ötüb, amma onlara ittiham elan edilməyib. Bunlar mülki vətəndaşlardır, OMON-dakı tanış və qohumlarının zəngi ilə OMON-un 8-ci kilometrdəki bazasının ətrafına yığışıblar. Məqsəd də bu olub ki, həmin insanlardan canlı sipər kimi istifadə etsinlər. Məncə, biz onları dərhal azad etməliyik. Onların saxlanılması   qanunsuzdur.

Sonra düşündü: “Düz deyiblər ki, xain xoflu olar”.

– Yaxşı, nahardan sonra müşavirə keçirərik, Nazim Allahverdiyevi və digər yoldaşları da dəvət edib məsələni müzakirə edərik.

Avtomobil dayandı. Baş prokuror və birinci müavini avtomobildən düşüb pilləkənlərlə yuxarı qalxdılar. Beşinci mərtəbənin foyesində ayrılıb hərə öz iş otağına getdi.

Nəcəfov stolunun arxasına yenicə keçmişdi ki, daxili telefon zəng çaldı. O, dəstəyi götürdü:

–  Bəli, Eldar müəllim.

– İsa müəllim, mən Nazimlə danışdım, lazımi yol- daşlar, istintaq qrup rəhbərləri saat 14:30-da mənim iş otağımda olacaqlar. Dediyiniz məsələni müzakirə edərik. Həmin vaxt siz də gəlin.

– Baş üstə, Eldar müəllim.

Saat 14:25-də müşavirə iştirakçıları Baş prokurorun qəbul otağında toplaşmışdılar. Bir neçə dəqiqə keçməmiş katibə onları içəri dəvət etdi.

Baş prokurorun iş otağına daxil olanlar salam verib iclas masasının ətrafında əyləşdilər. Baş tərəfdə Baş prokuror əyləşmişdi. O, iclası açıb gündəliyi elan etdi. İlk olaraq sözü birinci müavininə verdi:

– İsa müəllim, buyurun.

– Eldar müəllim, mən tutulub saxlanılanların hər biri haqqında toplanan materiallarla tanışam və onların əməlində cinayət tərkibi yoxdur. Ola bilsin ki, inzibati xətalar var. Bu halda da onlar dərhal azadlığa buraxılmalıdılar.

O, bunu deyib yerinə oturdu.

– Nazim müəllim, bəs siz nə fikirdəsiniz?

Nazim Allahverdiyev ayağa qalxdı:

–  Eldar müəllim, mən İsa müəllimin dedikləri ilə tamamilə razıyam və mənim bu məsələyə heç bir əlavəm yoxdur. Suallarınız varsa, cavablandıra bilərəm.

– Nazim müəllim, sualım yoxdur, əyləşin.

Digər müşavirə iştirakçıları, o cümlədən Baş proku- rorun müavini Xanlar Vəliyev də çıxış edərək mülki vətən- daşların dərhal azad edilməsini vurğuladılar.

Eldar Həsənov dedi:

– Əgər bu fikirdəsinizsə, onda siz- İsa müəllim, Na- zim müəllim və Xanlar müəllim, azadlığa buraxılacaq şəxslərin siyahısını tutun, bu barədə protokol tərtib edib imzalayın. Bundan sonra onların azadlığa buraxılmasına mən razılıq verəcəyəm.

Baş prokurorun protokol təklifi prosessual qanunvericiliyə sığmayan və orada nəzərdə tutulmayan bir hərəkət idi. Müavinlər də bunu çox yaxşı bilirdilər. Lakin məsələni uzatmamaq üçün onun təklifinə razılıq verdilər.

Onsuz da müstəntiqlər tərəfindən hər bir şəxs barə- sində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul ediləcəkdi. Beləliklə, neçə gün ərzində bir neçə yüz şəxs azadlığa buraxıldı.

Həftələr sürətlə bir-birini əvəz edirdi. Ay başlamamış sona çatırdı. Həyatın sürətli axınını izləmək çox çətin idi. Dost və düşmənin kimliyini müəyyən etmək daha da çətinləşirdi. Kimin hansı məzhəbə qulluq etdiyini ayırd etmək mümkün deyildi. Qanun naşı adamların əlində şəxsi hökmranlıq alətinə çevrilirdi. Kapitalizmin vəhşilik keçid dövrünü yaşayan cəmiyyət aldığı yaralarını sağaltmamış xarici və da- xili düşmənlər ona yeni yaralar vurmağa çalışırdılar. Ölkə xəyanətkar beşinci kalondan hələ tamam təmizlənməmişdi.

Dövlət başçısına sui-qəsd cəhdi hələ davam etmək- dəydi. Yalnız Böyük Xaliqin Azərbaycan xalqına rəhmi qəsdçilərin planlarının həyata keçirilməsinə imkan vermirdi.

1996-cı ildə Milli Ordunun sabiq qərargah rəisi Şahin Musayevin və arxa cəbhənin sabiq rəisi Vahid Musayevin Prezidentin təyyarəsini hava limanına enərkən “İqla” ilə – gəzdirilən Zenit raket kompleksi ilə vurulma planı küləyin istiqamətini dəyişməsi nəticəsində baş tutmadı.

Bu proseslə bərabər, prokurorluğun daxilində olan ziddiyyətlər mətbuatın və bir sıra rəhbər vəzifəlilərin ciddi-cəhdi ilə getdikcə kəskinləşirdi.

Bunun birinci səbəbi Baş prokuror Eldar Həsənovun 1993-cü ilin iyun və 1994-cü ilin oktyabr hadisələrində tutduğu “siyasi” mövqeyinin müəyyən müqəssirlərin və ya şahidlərin ifadələrində ortaya çıxmasıydı. Bu faktlar istintaqın gedişində dindirmələr zamanı istintaqçılar tərəfindən cinayətkar qrupların əlaqələri, funksiyaları, niyyətləri dəqiqləşdirilərkən üzə çıxırdı.

Bu hallar Baş prokurorun könül rahatlığını pozmaya bilməzdi. Səbəbini isə o, İsa Nəcəfovda görürdü. Odur ki,  müxalifət qəzetlərində – “Azadlıq”, “Yeni Müsavat”, “Üç Nöqtə”, “Femida” və digər təxminən 20-dən çox qəzetdə, ANS telekanalında İsa Nəcəfova qarşı ardı-arası kəsilməyən hücumlar təşkil etmişdi.

Bu qarşıdurmanın obyektiv və subyektiv səbəbləri vardı. Mən bu səbəbləri ədalətlə, həqiqəti əks etdirən bir neçə faktlar əsasında göstərməyə çalışacağam. Qiymətini isə qoy oxucularım versin.

Mənim xarakterim prokurorluq orqanlarında, elitar mühitin hökmranlıq etdiyi ictimai bir qrupda formalaşmışdı. Bu mühitdə qanunçuluğa sədaqət həmişə ən yüksək səviyyədə təmsil olunurdu.

Qanunçuluğun məqsədi isə dövlətin təhlükəsizliyini təmin etmək, ona məxsus olan mülkiyyəti qorumaq, insan hüquq və azadlıqlarını müdafiə etməkdir. Ədalət, mənəvi tə- mizlik, düzlük hər bir əməkdaşın həyat düsturu olmalıdır.

Prokurorluq orqanlarında işləməyə başlayarkən prokurorluq işçisinin əməliyyat işçisindən fərqinin nədən ibarət olduğunu rəhmətlik Həbib Rzayevdən eşitmişdim. İkinci Dünya müharibəsinin iştirakçısı, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsinə yüksələn və Naxçıvan Muxtar Respublikasının prokuroru olmuş bu şəxs həmin fərqi belə izah edirdi: “DTK (KQB) əməkdaşı telefon danışıqlarına qulaq asmaqla, agenturaya və etibara girməklə, məlumat toplamaqla işləyir, cinayətkarlığa qarşı mübarizə aparır.

Polis əməliyyat işi aparmaqla, tinlərdə adamları güd- mək və şapalaq vurmaqla cinayətkarlığa qarşı mübarizə aparır. Prokuror və müstəntiq isə elm, savad, məntiqi düşüncə əsasında cinayətkarlarla kişi kimi üzbəüz mübarizə aparır”.

Mən işə başlayanda Respublika Prokurorluğuna Abbas Tağı oglu Zamanov rəhbərlik edirdi. Uzun müddət DTK-da işləmişdi. Bu insan yüksək mədəniyyəti, insanpərvərliyi, qayğıkeşliyi və ədaləti ilə nüfuz qazanmışdı. O, mənim və rəhbərliyi altında işləyən bütün əməkdaşların yaddaşından silinməyəcək, qəlblərində əbədi yaşayacaqdır.

Prokurorluqda yazılmayan bir qanun və adət-ənənə mövcud idi: yaşlı nəslin gənclərə təmənnasız qayğısı, köməyi, işi öyrətməsi, minnət qoymadan himayəçiliyi vardı. Sanki Sokratın arzuları kiminsə səyi nəticəsində bu orqana səpilmiş və becərilmişdi.

Sağlam mühitin insan xarakterinin formalaşmasında çox böyük rolu və əhəmiyyəti vardır. Gəncləri yoldan çıxardığına görə Yüzlər Məhkəməsi tərəfindən ittiham olunan  Sokrat bu haqda demişdir: “Gənclər təzəcə əkilən fidan kimidir, hansı səmtə istəsən, o istiqamətdə də böyüyəcəklər. Yaşlılar isə kötük kimidirlər”.

***

…Qaradağ rayon Prokurorluğunun müstəntiqi Paşa Məmmədov nahardan sonra makina arxasında oturub cinayət işinin ittihamnaməsini çap edirdi. İşin materiallarını vərəqləyib sübutların cinayət işinin hansı cildi və səhifəsində olduğunu müəyyən edib ittihamnamədə göstərirdi.

Kabinetin qapısı döyüldü. Başını qaldırmadan: “Buyurun gəlin”, – dedi. Qapı açıldı, içəri iki nəfər daxil oldu. Diqqəti, fikri ittihamnamədə olduğundan başını qaldırmadan: “Buyurun əyləşin”,  – dedi. Gələnlər salam verdilər. O, salamı alsa da, yenə gözünü çap etdiyi sənəddən çəkmədi. Lakin səsin ahəngindən təşrif buyuranlardan birinin mühüm vəzifə daşıdığını – respublika prokuroru Abbas Zamanov olduğunu hiss etdi. Əsgərlikdən qalan adəti üzrə cəld qalxıb farağat vəziyyətini aldı, təbəssümlü baxışlarını Zamanova zillədi. Bakı şəhər prokuroru Əliş Əliyevi gördükdə isə bir qədər də çaşdı.

Lakin respublika prokuroru gərgin vəziyyəti dərhal yumşaltdı. Astaca müstəntiqin masasına yanaşdı. Paşa Məmmədov cəld masanın arxasından çıxıb Abbas Zamanovu qarşıladı, ona tərəf uzadılmış əlini sıxdı: “Xoş gəlmisiniz”, – deyib salamlaşdı.

Əliş Əliyev isə dayandığı yerdən tərpənmədi. Zamanov gülə-gülə dedi:

– Yoldaş Məmmədov, zəhmət olmasa, seyfinizi açın.

– Baş üstə, yoldaş Zamanov, – deyib açarı qapısı üstündə  olan seyfi açdı.

Zamanov yaxınlaşıb seyfin içərisini gözdən keçirdi. Bütün rəflərdə cinayət işləri və ayrı-ayrı materiallar səliqə ilə yığılmışdı.

– Yoldaş Məmmədov, zəhmət olmasa, Dərin Dəniz Özülləri zavodunun tikintisinə aid Maliyyə Nazirliyinin Təftiş-Nəzarət İdarəsinin sizə göndərdiyi və icraatınızda olan yoxlama materiallarını mənə təqdim edin.

– Baş üstə, yoldaş Zamanov, – Paşa Məmmədov bunu deyib seyfin aşağı rəfində olan qovluğu götürdü və sənədləri Zamanova təqdim etdi.

– Buyurun, yoldaş Zamanov.

Respublika prokuroru qovluqdakı sənədləri gözdən keçirdi. Bunlar zavodu tikən 7 nömrəli trestin maliyyə fəaliyyətinin yoxlanılmasına dair sənədlər idi.

– Siz hələ yoxlama aparmamısınız? Heç kimin izahatı burda yoxdur ki?!

– Düz deyirsiniz, yoldaş Zamanov, iki dəfə tikinti obyektinə getmişəm. Lakin lazım olan kəslərin izahatlarının alınması üçün mənə şərait yaratmayıblar. Yoxlama müddətinə hələ var. Səhər də olmasa, o biri gün mütləq gedəcəyəm.

Zamanov Əliş Əliyevə:

– Bəs hay-küy salıblar ki, işçiləri işləməyə qoymurlar. Ay yalançılar, – deyib Paşa Məmmədova tərəf çevrildi:

–Yoldaş Məmmədov, avtobusa minib təcili tikinti obyektinə gedin. İzahatlarını da işçilərin iş yerində alın, onları işdən ayırmayın. Ora çox mühüm obyektdir. Avtobus biletini isə mühasibatlığa təqdim edərsiniz ki, pulunu sizə qaytarsınlar. Bir də, seyfdə pul görmədim. Pullarınızı harda saxlayırsınız?

– Yoldaş Zamanov, hansı pulları deyirsiniz?! Pul yoxdur.

– Yoldaş Məmmədov, bəzən sizin qonağınız ola bilər, qohumlarınız yanınıza gələ bilər. Ehtiyatda pulunuz olmalıdır ki, onları qarşılaya biləsiniz, – deyib müstəntiqlə sağollaşdı, ona uğurlar diləyib kabineti tərk etdi. Müstəntiq onları yola salmaq istəsə də, Abbas Zamanov buna razı olmadı.

– Siz işləməlisiniz, işiniz çoxdur. Seyfinizdən gördüm.

(Ardı var)