Salam, xoş gəlmisiniz.

ADPU-da “Elm günü” münasibətilə kitab sərgisi keçirilib

2019-03-27 16:40:11

ADPU-da “Elm günü” münasibətilə kitab sərgisi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprel ayının 9-da imzaladığı Sərəncamla mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Bu Sərəncama uyğun olaraq martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş kitab sərgisi keçirilib. Sərgidə Filologiya fakültəsinin professor-müəllim heyətinin əsərləri nümayiş etdirilib. ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllim və tələbələr sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar. Sərgi ilə tanışlıq onlarda xoş təəssürat yaradıb.

Çıxış edən Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə martın 27-nin “Elm günü” kimi qeyd edilməsi ölkəmizdə elmə, təhsilə verilən böyük dəyərdir. Dövlət müstəqilliyini 28 il əvvəl bərpa etmiş bir xalqın elmə və elm adamlarına münasibətinin tarixi isə min illərlə ölçülür. XX əsrin əvvəllərində Azərbaycan elminin inkişafında ADPU-nun məxsusi yeri vardır. Nəriman Nərimanov, Mustafa Quliyev, Üzeyir Hacıbəyli, Vəli Xuluflu, Bəkir Çobanzadə, Fətulla bəy Rzabəyli, Həbib bəy Mahmudbəyov və digər onlarla Vətən fədaisinin zəhməti hesabına yaradılan universitetimiz Azərbaycan elminə parlaq şəxsiyyətlər vermişdir. Bu ali məktəbin məzunları olmuş Yusif Məmmədəliyev, Heydər Hüseynov, Zahid Xəlilov, İbrahim İbrahimov, Məmmədcəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sumbatzadə, Məmmədağa Şirəliyev və digər çoxsaylı məşhur elm adamları dünya miqyasında elmi xidmətləri olan şəxslərə çevrildilər. Onlar Azərbaycan Milli Elmlər Akademiyasının yaranıb formalaşmasında böyük işlər gördülər. Universitetimiz bu gün də adını çəkdiyimiz bu böyük elm və təhsil fədailərinin şərəfli işini uğurla davam etdirir. ADPU-da, o cümlədən onun böyük fakültələrindən biri olan Filologiya fakültəsində çalışan çoxsaylı professor-müəllim heyəti tədris prosesi ilə bərabər, elmi-pedaqoji axtarışlarını da davam etdirir, ölkəmizin və dünyanın aparıcı elmi nəşrlərində həmin elmi işlərin nəticələrini həmkarları ilə bölüşürlər. ADPU-da təhsilin müasirləşməsi və elmi axtarışların səmərəliliyi üçün universitetin rektoru, professor Cəfər Cəfərovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bizim universitetimizin böyük ənənələrini yaradıcılıqla davam etdirmək üçün yüksək potensialımız var və həmin potensialı əməli işlərlə ortaya qoymalıyıq.

Sərgidən sonra fakültənin müəllimləri və tələbələri kitabın, mütaliənin təbliği məqsədilə Qız Qalasına doğru yürüş ediblər. Onlar yürüş zamanı şəhər sakinlərinə və əcnəbi qonaqlara kitablar bağışlayıblar.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru