Salam, xoş gəlmisiniz.

ADPU-da Heydər Əliyevə həsr olunmuş “Missiya” adlı kitabın təqdimatı keçirilib

2020-01-14 17:32:00

ADPU-da Heydər Əliyevə həsr olunmuş “Missiya” adlı kitabın təqdimatı keçirilib

Yanvarın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın ümummilli lider Heydər Əliyev şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi olaraq “Missiya” kitabının təqdimatı keçirilib. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi tarix elmləri doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiya elmləri doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur. Təqdimatda universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan Heydər Əliyevin “iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını  tarixi faktlar və təkzibedilməz dəlillərlə  oxucuya çatdırılmasında “Missiya” kitabının rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratması, daha sonra   şəxsiyyətin mənəvi dəyərlərini uca tutmasında görür. Filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş kitabda müəllifin Ulu Öndərin  postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, onun xüsusi ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıtımı və qayğısı ilə bağlı xidmətlərinə zəngin erudisiya ilə yanaşmasını,  Ulu Öndərin milli şüur, milli dəyərlər, milli mentalitetin qorunması ilə bağlı xidmətlərini yüksək qiymətləndirdiyini vurğulayıb.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professoru Asəf Zamanov milli ideologiyamızın yaranması və formalaşmasında Heydər Əliyevin xidmətlərini sadaladıqca professor M.Hüseynovanın bu böyük siyasi rəhbərin ictimai fəaliyyətinə dərindən bələd olduğunu qeyd edib. Filoloq-alimin “Missiya” kitabında Ümummilli Liderin siyasi fəaliyyətini Azərbaycanın tarix boyu müstəqillik mübarizəsi ilə müqayisə etdiyi,  iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğuları, milli ruhun yüksəlişinin, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin olduğu qənaətini müəllifin yüksək elmi potensialı və erudisiyası kimi qiymətləndirib.

ADPU Yeni Azərbaycan Partiyası təşkilatının sədri professor Himalay Qasımov öz çıxışında elmi yaradıcılığı ilə bədii yaradıcılığı üzvi sintez təşkil edən Mahirə Hüseynovanın Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı fəaliyyətinin elmi-metodoloji yanaşmasına münasibət bildirib. Onun “insan qəlbinin mühəndisləri” olan  zümrəyə – şairlərə, yazıçılara tövsiyəsini rəhbər missiyasının tutduğu yol kimi qiymətləndirən H.Qasımov bildirib ki, dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməmiş, müasir türk xalqlarını yaxınlaşdırmaq,  onlar arasında mənəvi,  mədəni, iqtisadi  bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görmüşdür. Dilşünas-alimin bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə də dilin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verdiyi əsərin yüksək məziyyətlərindən sayılır.

Tədbirdə professor Zahid Xəlil, professor Yaqub Babayev, professor Elman Quliyev, dosent Nazilə Abdullazadə, dosent Bilal Həsənli çıxış edərək Ulu Öndərsiz yaşadığımız bir dövrdə Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılması, hərtərəfli öyrənilməsi, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına ehtiyac olduğunu, ümummilli liderin şəxsiyyəti və ruhu qarşısında müstəqil filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” kitabını sədaqət və fədakar xidmətin bariz nümunəsi adlandırıblar.

Tədbirdə kitabın müəllifi, professor Mahirə Hüseynova çıxış edərək təqdimatda iştirak edən və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Ulu Öndərin şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi olan bu kitabın faydalı olacağına inandığını vurğulayıb.

Tədbirin sonunda tədbir iştirakçılarına müəllifin imzası ilə “Missiya” kitabı hədiyyə edilib və xatirə şəkli çəkdirilib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru