ADPU-da professor Tamuris Əliyevanın 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib

3
ADPU-da professor Tamuris Əliyevanın 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib "/>

Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor Tamuris Nağı qızı Əliyevanın 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Universitetdən Hurriyyet.org-a verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Qeyd edək ki, tədbirdə professor Tamuris Əliyevanın oğlu Pərviz İsmayılzadə, qızları Nuridə İsmayılzadə və Nahidə İsmayılzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirib ki, Tamuris Əliyeva 1928-ci ildə Bakı şəhərində anadan olub. Tamuris Əliyeva məşhur Bakı milyonçusu, xeyriyyəçi İsabəy Hacınskinin nəvəsidir. Eyni vaxta həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dillər Universitetində ali təhsil alıb. Fars dilini, rus dilini, Avropa dillərini yaxşı bilib. 1956 -cı ildə aspiranturaya qəbul olunub. 1961-cı ildə «Azərbaycan məktəblərinin ibtidai siniflərində rus tələffüzünün düzgün təkmillişdirilməsinin metodikası» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafıə edib.

1966-cı ildən taleyini Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) ilə bağlayıb. Professor Tamuris Əliyeva1966-2007-ci illərdə ADPU-nun Rus dili kafedrasının müdiri işləyib. ADPU-da rus dilinin tədrisi sahəsində səmərəli fəaliyyət göstərib. Onun rəhbərlik etdiyi kafedra aparıcı kafedra olduğu üçün burada 30-dan çox namizədlik dissertasiyası müdafıə olunub. Tamuris Əliyeva 100-dən artıq məqalənin müəllifidir. O, respublika, zona, ittifaq və beynəlxalq səviyyəli konfranslarda dəfələrlə məruzələrlə çıxış edib. Tamuris Əliyevanın tədqiqatlarının əsas mövzusu orta və ali məktəblərin Azərbaycan bölmələrində rus dilinin tədrisinin təkmilləşdirilməsinin metodikası idi. 1985-ci ildə Moskvada “Azərbaycan məktəbində rus tələffuzünün sistemli şəkildə linqvodidaktik əsaslarının qurulması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Tamuris Əliyevaya professor elmi adı verilib. Onun elmi rəhbərliyi ilə respublikamızın orta və ali məktəb müəllimləri 20-dən çox namizədlik dissertasiyası müdafiə ediblər. Tamuris Əliyeva namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi zamanı opponent olaraq çıxış edib. Tbilisidə, Moskvada müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarına rəy verib. Sakit, təmkinli, müdrik, həssas, yüksək mənəviyyatlı, xeyirxah, nəcib, eyni zamanda cəsarətli, prinsipial, sözübütöv insan olub. Həyat yoldaşı Cəfər İsmayılzadə neft-qaz sənayesi sahəsində çalışıb. Önlar övladlarını cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdiriblər. Tamuris Əliyeva 2008-ci il fevralın 4-də vəfat edib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında bildirib ki, 100 ilə yaxın tarixi olan universitet böyük alimlər, ziyalılar, mütəfəkkirlər, ictimai-siyasi xadimlər yetisdirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentindən 3-ü-Yusif Məmmədəliyev, Həsən Abdullayev, Zahid Xəlilov ADPU-nun məzunlarıdır. Biz ADPU-da bu böyük alimlərin adına auditoriyaların yaradılmasını, onların yubileyləri münasibətilə konfransların və digər tədbirlərin keçirilməsini planlaşdırırıq. ADPU-nun və bütövlükdə ölkəmizin inkişafında mühüm rol oynamış böyük, işıqlı insanlarının xatirəsinin hörmətlə anılması, onların həyat və fəaliyyətinin öyrənilməsi, gənc nəslə çatdırılması bizim müqəddəs mənəvi borcumuzdur. Bu baxımdan professor Tamuris Əliyevanın 90 illik yubileyinə həsr edilmiş tədbirin keçirilməsi diqqətəlayiqdir. Rektor çıxışının sonunda tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.

Tədbirdə professor Fikrət Rzayev, professor Himalay Qasımov, professor Zahid Xəlil, professor Nailə Verdizadə, filologiya üzrə elmlər doktoru Leyla Vəzirova çıxış edərək professor Tamuris Əliyevanı tanınmış və tələbkar pedaqoq-alim, əsl ziyalı qadın kimi səciyyələndiriblər. Çıxışlarda qeyd edilib ki, belə insanların yada salınması, xatırlanması bir qədirbilənlik nümunəsi olmaqla yanaşı, ADPU-nun cəmiyyətdəki nüfuzunun artmasına, imicinin yüksəlməsinə müsbət təsir edir.

Professor Tamuris Əliyevanın qızı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və anası ilə bağlı xatirələrini bölüşüb.

Hurriyyet.org