ADPU-nun Elmi Şurasının onlayn iclası keçirilib

1

İyulun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-2020-ci tədris ili üçün son iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, onlayn keçirilən iclasın gündəliyinə “2019-2020-ci tədris ilinin yaz semestr imtahan sessiyasının nəticələri haqqında”, “2019-2020-ci tədris ili üzrə magistrantların dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə”, “Apelyasiya Komissiyasının fəaliyyəti haqqında”, “ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil idarəçiliyi üzrə birgə magistr proqramının (060407-Menecment (Təhsilin təşkili və idarə olunması (İngilis dilində) tədris planının müəyyənləşdirilməsi barədə” və cari məsələlər daxildir.

İclasda öncə rektor Cəfər Cəfərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusunun hərbi qulluqçuları Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.

Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq tədris prosesi “Microsoft Teams” platforması üzərindən davam etdirilib və yaz semestr imtahan sessiyası imtahanları onlayn şəkildə həyata keçirilib.

“2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin nəticələri haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov hesabat məruzəsi ilə çıxış edib. Dosent E.Aslanov məlumat verərək bildirib ki, 2019-2020-ci tədris ilinin yaz semеstrinin imtahan sesiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Universitet üzrə imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsi üçün 21.05.2020-ci il tarixli ADPU-nun Elmi Şurasının 09 nömrəli qərarına əsasən əmr verilib. Fənlər üzrə imtahan tapşırıqlarının tələbələrə göndərilməsi 25.05.2020 – 01.06.2020 tarixi müddətində; Fənlər üzrə imtahan tapşırıqlarının müvafiq struktur bölməsi tərəfindən qiymətləndirilməsi və nəticələrin elan edilməsi 25 iyun 2020-ci il tarixinə kimi təşkil edilib.

Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamenti İmtahan və monitorinq şöbəsinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə: Apelyasiya Komissiyasına 9 nəfər, İmtahan Qərargahına 6 nəfər əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb və imtahanların təşkili ilə əlaqəli əsas funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. ADPU-da imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları təsdiq edilib, internet səhifəsində və elan löhvələrində yerləşdirilib. İmtahanlar qeyd olunan qaydalar əsasında təşkil edilib.

http://adpu.edu.az/images/Akademik/ADPU%20%20imtahan%20teshkili%20haqqinda%20Qaydalari-%20%20%2011-01-2019%20(1).pdf

2019-2020-ci tədris ilinin yaz semestrinin başlanğıcında bakalavriat səviyyəsində təhsil alan tələbələrin (Bakı üzrə) ümumi sayı 10838 nəfər, о cümlədən əyani təhsil forması üzrə 10830 nəfər və  qiyabi təhsil forması üzrə 8 nəfər olub. Magistratura səviyyəsində təhsil alanların sayı 614 nəfər (hamısı əyani), yenidən hazırlanma təhsili üzrə 203 nəfər və təkrar ali təhsil üzrə isə 8 nəfər olub. Universitetin Bakı üzrə tələbə kontingenti 11663 nəfər, Filiallar üzrə tələbə kontingenti 3180 nəfər olub. Ümumilikdə ADPU üzrə tələbə kontingenti 14843 nəfər olub.

Yaz semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 102 müraciət daxil olub. İmtahan Qərargahına daxil olan müraciətlər qaydalara uyğun olaraq çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bütövlükdə yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçib.

2019-2020-ci tədris ili yaz imtahan sessiyasının fakültələr (Bakı şəhəri) üzrə göstəriciləri, 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının fakültələr (Filiallar) üzrə göstəriciləri barədə, ADPU üzrə YDA iştirak edənlər, Yekun Dövlət Buraxılış Attestasiyasi haqqında fakültələr üzrə (Bakı şəhəri), Yekun Dövlət Buraxılış Attestasiyasi haqqında filiallar üzrə məlumat verilib.

Universitetdə akademik borcların ləğv edilməsi səbəbi ilə təkrar imtahanlarda (fənnin kreditinin 25%-i ödəməmək şərti ilə) keçirilən imtahanlarda 560 fənn üzrə 1644 imtahan nəticəsi qeydə alınıb.

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “2019-2020-ci  tədris ili üzrə magistrantların dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə” hesabat məruzəsi ilə çıxış edib. Professor A.Zamanov bildirib ki, magistratura səviyyəsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün zaman-zaman işlər görülüb. Universitet Elmi Şurasının nəzdində yaradılmış dissertasiya işləri üzrə Ekspert Komissiyasınin işlərini xüsusi ilə vurğulayıb. Ekspert Komissiyası bu tədris ilində xeyli işlər görüb. Professor A.Zamanov onu da qeyd edib ki, birinci tədris ilini bitirən magistrantların dissertasiya mövzuları müvafiq kafedralarda və fakültələrdə keçdikdən sonra həmin komissiyada bir daha diqqətlə magistr dissertasiya işlərinin mövzularına baxılıb. Magistratura səviyyəsində işlərinin yüksəldilməsi ilə bağlı 292 nəfər magistrant dissertasiya işlərinin müdafiəsinə buraxılıb. 290 nəfər magistrantın dissertasiya işi antiplagiat proqramından keçib. Proqramın keçirilməsi nəticələrinə görə 259 iş 1 dəfə bu proqramdan keçib və 17 % qədər antiplagiat aşkarlanıb.

Professor A.Zamanov çıxışında magistratura təhsil səviyyəsinin daha da yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib. Qeyd edib ki, magistratura səviyyəsində işlərin daha da yaxşılaşdırılması üçün, ilk növbədə, dissertasiya mövzularının düzgün, aktual müəyyənləşdirilməsinə ciddi fikir verilməlidir. Burada əsas məqsəd kəmiyyət yox, keyfiyyət olmalıdır. Magistrantların pedaqoji və elmi-tədqiqat təcrübələrinə diqqət artırılmalıdır.

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

“Apelyasiya Komissiyasının fəaliyyəti haqqında” Komissiyanın sədri dosent  Arzu Daşdəmirov çıxış edərək komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib. Apelyasiya Komissiyasının işini təşkil etmək üçün tələbələrin müraciətlərini  onlayn şəkildə qəbul etmək üçün ali məktəblər arasında ilk dəfə olaraq  onlayn ərizə qəbulu təşkil edilib. Bu məqsədlə, apelyasiya müraciəti vermək üçün xüsusi link (https://forms.gle/JZC7i8hMqUGYN2fG7) yaradılıb və tələbələrə çatdırılıb. Yaz semestrinin imtahan sessiyası dövründə Apelyasiya Komissiyasına 816 müraciət daxil olub. Həmin müraciətlərdən 341-i qüvvəsində saxlanılıb, 252-i təbələrin xeyrinə həll edilib və ötən illərdən fərqli olaraq 24 nəfər tələbənin balında azaldılma olub, 199 nəfər tələbə isə müraciətindən imtina edib. Dosent A.Daşdəmirov komissiyanın fəaliyyətinin daha səmərəli qurulması üçün təkliflər irəli sürüb.

“ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil idarəçiliyi üzrə birgə magistr proqramının (060407-Menecment (Təhsilin təşkili və idarə olunması (İngilis dilində) tədris planının müəyyənləşdirilməsi barədə” Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov məlumat verib.

Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə dissertasiya mövzularının və elmi rəhbərlərin (elmi məsləhətçilərin) müəyyənləşdirilməsi barədə, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev 2019-2020-ci tədris ilində fakültələr və kafedralar üzrə icra olunmuş dərs yükləri haqqında məlumatın nəzərə alınması barədə, Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov 2020-2021-ci tədris ili üçün ADPU-nun magistarturaya qəbulun nəticələri barədə məlumat veriblər.

Elmi Şura üzvlərinin fəal iştirakı və faydalı fikir mübadiləsi şəraitində cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Bununla da Elmi Şuranın iclası başa çatıb.

Hurriyyet.org