ADPU-nun Elmi Şurasının iclası keçirilib

25 Oktyabr, 2018, 8:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr haqqında” hesabat, “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin fəaliyyəti haqqında” hesabat və cari məsələlər daxildir.

Rektor Cəfər Cəfərov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bizim əsas vəzifəmiz, başlıca məqsədimizdir. Son vaxtlar ADPU-nun bu sahədə qazandığı uğurlar göz önündədir. “Məktəbguşəsi.az” saytının keçirdiyi virtual sorğunun nəticələrinə əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci böyük səs çoxluğu ilə kolleclər arasında birinci yer tutub. Artıq cəmiyyətdə ADPU haqqında müsbət ictimai fikir formalaşıb. Biz qazanılan nailiyyətlərlə kifayətlənməməli, fəaliyyətimizi gücləndirməli, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çatmaq üçün daha əzmlə çalışmalıyıq.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr haqqında” hesabatla çıxış edib. Dosent E.Aslanov çıxışında bildirib ki, akademik keyfiyyət dedikdə 4 yanaşma ortaya çıxır: 1. Keyfiyyət ancaq ən yaxşı standartlar sayəsində ortaya çıxır. 2. Keyfiyyət qəbul edilmiş standartlara uyğunluq ölçüsündə ortaya çıxır. 3. Keyfiyyət ali təhsil müəssisəsinin özü üçün təyin etdiyi hədəf və missiyanı nə dərəcədə reallaşdırdığı ilə əlaqəlidir. 4. Keyfiyyət təşkilati muxtariyyət çərçivəsində yaxşılaşdırma səylərinin davamlılığıdır. Sadə dildə desək, bu, keyfiyyətli abituriyent, keyfiyyətli infrastruktur, keyfiyyətli müəllim, keyfiyyətli tədris planı və məzmun, keyfiyyətli qiymətləndirmə, keyfiyyətli təcrübə proqramı, keyfiyyətli diplom, keyfiyyətli məzun, keyfiyyətli müəllim, keyfiyyətli universitet deməkdir. Tədrisin keyfiyyəti üzrə beynəlxalq və milli çağırışlar mövcuddur. Bolonya prosesinin əsas məqsədləri təhsilin keyfiyyətinin artırılması, biliyin keyfiyyətinin yüksəldilməsi və ona olan tələbatın dünya miqyasında artması, Avropa universitetlərinin bir-biri ilə inteqrasiyası, vahid kredit sisteminin yaradılması, ali təhsil sənədlərinin və ixtisaslarının Avropa məkanında qarşılıqlı tanınması, tələbələrin mobiliyinin təmin olunmasıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılmasında, təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyəti nəzərə alınmaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda I strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. II strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. III strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur.

Ali təhsilin keyfiyyət göstəriciləri sisteminə abituriyentlərin hazırlıq səviyyəsi, təhsil proqramları,beynəlmiləlləşmə,elm və innovasiya informasiya resursları,təhsilverənlərin peşəkarlığı və elmi–pedaqoji səviyyəsi,mütərəqqi tədris texnologiyaları, maddi-texniki baza və s. daxildir.

ADPU-da tədrisin keyfiyyət göstəricilərini artırmaq üçün Strateji iş planı qəbul olunub, yazılı imtahan forması tətbiq edilib, şəffaflıq və obyektivlik təmin edilib, tələbə qəbulunda keyfiyyəti artırmaq üçün tanışlıq görüşləri keçirilib, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təmir işləri aparılıb, keyfiyyət göstərcilərinin izlənməsi sistemi formalaşmağa başlayıb, müəllimlərin və tədris-yardımçı heyətin işə qəbulu sistemi gücləndirilib, beynəlxalq əlaqələr genişləndirilib və keyfiyyətə yönəlmiş layihələr artırılıb. Reytinq qiymətləndirmə sistemi yaradılıb, xarici dillərin tədrisi ilə məşğul olan müəllimlərin bacarıqlarının artırılması davam edir, tələbələrin səviyyə qruplarına bölünməsi, informatika müəllimlərinin serifikatlaşdırılması həyata keçirilib, kitabxana fəaliyyətinin yenidən təşkili prosesinə start verilib, ixtisasların fakültə və kafedralara, fənlərin kafedralara rəsmən təhkim olunması gerçəkləşib, müasir təhsil texnologiyaları ilə bağlı təlimlər keçirilir, elektron universitet yaradılır. ADPU Elmi Şurasının qərarı ilə 2018-2019-cu tədris ili «Keyfiyyət ili» elan olunub. Dosent E.Aslanovun çıxışında qarşıda duran əsas vəzifələr və strateji hədəflər də öz geniş əksini tapıb.

ADPU-nun nəzdində ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, professor Nizami Xudiyev, professor Himalay Qasımov, professor Vəli Əliyev, professor Fərrux Rüstəmov, professor Nailə Verdizadə, dosent Şahin Pənahov və başqaları hesabatın aktual mövzuya həsr olunduğunu bildirərək onu yüksək qiymətləndiriblər.

Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.

“Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin fəaliyyəti haqqında” hesabatla fakültənin dekanı, dosent Laçın Həsənova çıxış edib. Dosent L.Həsənovanın çıxışında fakültənin strukturu, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, professor-müəllim heyətinin tədris və elmi-tədqiqat fəaliyyəti öz dolğun əksini tapıb. Qeyd edib ki, hazırda fakültədə 3 kafedra- Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət və onun tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası kafedraları fəaliyyət göstərir. 80 nəfər professor-müəllim heyəti çalışır. 925 nəfər tələbə təhsil alır. Onlardan 92 nəfər tələbə “Musiqi müəllimliyi” ixtisası üzrə, 528 nəfər tələbə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə, 305 nəfər tələbə “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alır. Fakültədə ali təhsilin bakalavriat səviyyəsində tələbələr “Musiqi məllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağırıçaqədər hazırlıq müəllimliyi” ixtisasları üzrə təhsil alırlar. Magistratura səviyyəsində isə “Musiqinin metodikası və metodologiyası”, “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası”, “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları tədris olunur.

Fakültənin missiyası fəaliyyətində rəhbər tutduğu dəyərlərə və strateji məqsədlərinə uyğun təhsil vermək, ümumbəşəri bilik və bacarıqlara yiyələnmiş fərdlər yetişdirmək, elmə töhfələr verəcək, ölkəmizdə və dünyada yararlı ola bilən bilik yaradacaq və onu ötürə biləcək, cəmiyyətin sosial, mədəni, incəsənət və idman həyatının inkişafına kömək göstərə biləcək tədbirlər həyata keçirməkdir.

Fakültənin əsas dəyərləri təlim-tərbiyə işinin yüksək səviyyədə qurulması, elmi araşdırmaların aparılması, reklam və ictimaiyyətlə əlaqələrin yaradılması, insan resurslarının inkişaf etdirilməsidir. Bu dəyərlər haqqında fakültənin strateji planında geniş şərh verilib. Fakültənin tələbələri elmi araşdırmalar apararaq məqalələrlə Tələbə Elmi Cəmiyyətinin konfranslarında çıxış edirlər. Fakültə müxtəlif mədəni-kütləvi tədbirlər, layihələr həyata keçirir. Fakültənin müəllim və tələbələri universitet və respublika miqyasında, həmçinin beynəlxalq miqyasda keçiriliən müsabiqələrdə, sərgilərdə iştirak edərək sanballı uğurlar qazanıblar. Eyni zamanda fakültədə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi üçün səmərəli və məqsədyönlü tədbirlər gerçəkləşdirilir. Fakültədə istedadlı gənclərin universitetə cəlb edilmələrinə, abituriyentlərin ixtisas seçimi zamanı fakültəyə üstünlük vermələrinə xüsusi diqqət yetirilir və bu istiqamətdə layihələr həyata keçirilir. Bütövlükdə fakültə fəaliyyətini universitet rəhbərliyinin tapşırıq və göstərişləri əsasında, həyata keçirilən islahatlar çərçivəsində qurur.

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində aparılmış monitorinqin nəticələri barədə Monitorinq qrupunun rəhbəri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib.

Elmi Şura dosent L.Həsənovanın hesabatını qəbul edib.

İclasda universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətləri nəzərə alınaraq Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Fiziki tərbiyə və çağrışaqədərki hazırlığın tədrisi metodikası kafedrasının professoru Rafiq Baxşəliyev təşəkkürnamə, Riyaziyyat və informatika fakültəsinin dekanı, professor Maqsud Nəcəfov, Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqlarının tarixi və tarixin tədrisi metodikasının professoru Mais Əmrahov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Azər Hüseynov, Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının professoru Ələkbər Qurbanov fəxri fərmanla təltif ediliblər.

Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev adları çəkilən şəxslərin həm də gənc nəslin təlim-təbiyəsindəki xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanına və pul mükafatına layiq görülmələri barədə Elmi Şura üzvlərinə məlumat verib.

İclasda həmçininTəhsil Nazirliyinin həyata keçirdiyi “Sağlam təhsil-sağlam millət” layihəsində fəal iştirak etdiyinə görə İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasın müdiri, dosent Gülşən Novruzovaya nazirliyin təşəkkürnaməsi, Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının professoru Əbülfət Pələngova Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilməsinə görə həmin akademiyanın diplomu təqdim edilib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Finlandiya və Rusiyaya səfərlərinin nəticələri barədə və cari məsələlər haqqında məlumat verib. Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın qərarlarını Şura üzvlərinin diqqətinə çatdırıb.

İnzibati və iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev universitetin əmlakına və mövcud resurslarına qayğı ilə yanaşılmasının və onlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Sonda rektor Cəfər Cəfərov Elmi Şuranın iclasında qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]


ADPU-nun Elmi Şurasının iclası keçirilib

17 May, 2018, 8:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Universitetdən Hurriyyet.org-a verilən məlumata görə, ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.

Rektor Cəfər Cəfərov çıxışında Elmi Şura üzvlərini Azərbaycan Xalq Cümhurriyyətinin qarşıdan gələn 100 illik yubileyi və müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Qeyd edib ki, bizim əsas məqsədimiz, başlıca hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadr hazırlığında liderliyi ələ almaqdır. Bu məqsədlə universitetdə islahatlar, yeni layihələr həyata keçirilir, professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təcrübəli və nüfuzlu mütəxəssislər cəlb edilir, müxtəlif kurslar, təlimlər və digər tədbirlər gerçəkləşdirilir. Biz stereotipləri qırmalı, təşəbbüskar, yenilikçi, müasir olmalı və ölkəmizin inkişafına öz töhfələrimizi verməliyik.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası barədə çıxış edib. Dosent E.Aslanov bildirib ki, imtahan sessiyası 1iyun-30 iyun 2018-ci il tarixində tərtib olunmuş cədvəl üzrə keçiriləcəkdir. Ümumilikdə ADPU-da 17270 nəfər tələbə təhsil alır. 1243 nəfər professor-müəllim və 1124 nəfər inzibati heyət olmaqla cəmi 2367 nəfər çalışır. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən həyata keçiriləcək və vahid mərkəzdən idarə olunacaqdır. Semestr və dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə mərkəzin ümumi təşkilatçılığı və koordinatorluğu ilə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 90 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılacaq. İmtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icrası bu qrupa həvalə ediləcəkdir. Tələbələrin ədəbiyyatla təmin olunmasına, apelyasiya prosesində müəllimlərin davranışına, tələbələrin əlavə məsləhət saatlarına diqqət yetirilməlidir. İyunun 20-dən iyulun 5-dək isə Yekun Dövlət Attestasiyası təşkil olunacaq. İmtahan tələbənin qərarına əsasən test üsulu ilə və ya yazılı formada keçiriləcək. Kitabxana-İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. İmtahan sessiyası müddətində tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin imtahanların gedişini izləmələri üçün lazımi şərait yaradılacaq. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları ədalətli, şəffaf və obyektiv keçiriləcək.

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxış edib. Dekan Ş.Əliyeva bildirib ki, fakültə öz fəalyyətində Təhsil Nazirliyinin və rektorluğun əmr və sərəncamlarının əsas götürüb və onların icrasına nəzarət edib. Hаzırdа fаkültənin əyаni şöbəsində 3 iхtisаs – “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Korreksiyaedici təlim”, qiyаbi şöbədə isə bir iхtisаs –“Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə kаdr hаzırlаnır. Həmin iхtisаslаrа dаir bаzа prоqrаmlаrı, dövlət stаndаrtlаrı və tədris plаnlаrı fаkültədə hаzırlаnıb. Fakültədə 1406 nəfər tələbə təhsil alır. 4 kafedra: Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası, Yaş və pedaqoji psixologiya kafedrası, Korreksiyaedici təlim kafedrası, Ümumi psixologiya kafedrası fəaliyyət göstərir. Fakültədə 4 nəfər elmlər doktoru, 3 nəfər professor, 29 nəfər fəlsəfə doktoru, 16 nəfər dosent, 29 nəfər müəllim çalışır. Professor-müəllimlər çoxlu sayda dərslik və vəsaiti hazırlayaraq tələbələrin istifadəsinə veriblər. Tədris prosesi mövcud qaydalara uyğun qurulub. Tələbələrin davamiyyətinə ciddi nəzarət edilir. Tələbələr pedaqoji təcrübədə fəal iştirak edirlər. Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, tələbə elmi dərnəkləri fəaliyyət göstərir. Fakültədə müntəzəm olaraq elmi konfranslar, seminarlar, təlimlər və mədəni-kütləvi tədbirlər keçirilir. Eyni zamanda, fakültənin müəllimləri müxtəlif elmi tədbirlərdə iştirak edirlər. Tələbələr universitetin və ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edirlər. Məqsədimiz tələbələrin bilik və bacarıqlara dərindən yiyələnmələri, onların yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi formalaşmasıdır.

Dekan Ş.Əliyevanın çıxışında fakültədə mövcud olan ixtisaslar üzrə payız və yaz imtahan sessiyalarında qazanılmış müvəffəqiyyət və keyfiyyət göstəriciləri geniş təhlil edilib. Bu təhlil sayəsində Elmi Şura üzvləri tələbələrin tədrisi mənimsəmələri haqqında səhih məlumat əldə ediblər.

Elmi Şura pedaqogika üzrə elmlər doktoru Ş.Əliyevanın hesabatını qəbul edib.

İclasda Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində aparılan monitorinqin nəticələri barədə məlumat verib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə elmi rəhbərlər və elmi məsləhətçilərlə bağlı çıxış edib və müvafiq qərarlar qəbul olunub.

Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev Pedaqoji Təcrübə Komissiyasının qərarlarını Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, Pedaqoji Təcrübə Komissiyasının qərarına əsasən yenidənhazırlanma təhsilində pedaqoji təcrübənin müddəti 2 həftə, qiyabi təhsilalma forması üzrə isə 14 həftə müəyyən edilib.

Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, professor Buludxan Xəlilov, professor Zahid Xəlil, professor Himalay Qasımov, professor Malik Cəbrayılov, professor Fərrux Rüstəmov, professor İramin İsayev, dosent Arzu Daşdəmirov, dosent Şahin Pənahov, dosent Laçın Həsənova və başqaları çıxış edərək imtahan sessiyasının təşkili və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

İclasda dosent attestatları, fəlsəfə doktoru diplomları təqdim edilib.

Sonda Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93