Salam, xoş gəlmisiniz.

ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirilib

2018-09-20 15:11:04

ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirilib

Sentyabrın 20-də 2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, bu il Filologiya fakültəsinə 127 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 105 nəfər “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına, 22 nəfər isə “Xarici dil müəllimliyi-ingilis dili” ixtisasına qəbul olunublar. Qeyd edək ki, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanlardan 2 nəfəri 600-dən yüksək bal toplayıb.

Rektor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insan kapitalının inkişafına böyük önəm verir. Ölkənin gələcəyi məktəbdən, təhsildən asılıdır. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb, bu peşənin cəmiyyətdə ictimai nüfuzu yüksəlib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda keyfiyyətli təhsil vermək üçün yüksək bilik və bacarıqlara malik pedaqoji kadrların olması mühüm yer tutur. Təhsil naziri Ceyhun Bayramov çıxışlarında müntəzəm olaraq müəllim peşəsinə marağın artmasını xüsusi vurğulayıb. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. ADPU-nun zəngin tarixi, şanlı elm və təhsil ənənələri var. 100 illik yubileyinə yaxınlaşan ADPU ölkəmiz üçün böyük xidmətlər göstərib. Fəaliyyəti dövründə 150 mindən çox pedaqoji kadr hazırlayıb. AMEA-nın 10 prezidentinin 3-ü ADPU-nun məzunlarıdır.

Builki tədris ilində filiallarla birlikdə 566 nəfər gəncin yüksək bal toplayaraq ali təhsil almaq üçün ADPU-nu seçməsi bizi çox sevindirir. 670 bal toplayan 1 nəfər gənc ADPU-nun Quba Filialına qəbul olunub. Çoxlu sayda gəncin müəllimlik peşəsini seçməsi təkcə kəmiyyət göstəricisi kimi səciyyələndirlə bilməz. Bu, həm də gənclərin şüurlu şəkildə müəllim peşəsinə marağının artmasının vacib göstəricisidir. Siz yeniliyə, müasir çağırışlara açıq olmalı, xarici dilləri dərindən öyrənməli, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmalısınız. Rektor çıxışının sonunda tələbələrə yaxşı təhsil almağı, ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişməyi tövsiyə edərək onlara bu yolda uğurlar arzulayıb.

Görüşdə çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov tələbələrə həyatda və təhsildə daha böyük uğurlar arzulayıblar.

Tələbələr çıxış edərək ADPU-ya qəbul olunmalarından məmnunluq duyduqlarını bildirərək yaxşı müəllim və fəal vətəndaş kimi yetişəcəklərini vurğulayıblar.

Görüşdə Filoloiya fakültəsinə 610 balla qəbul olunan Nərmin Hüseynovaya, 606 balla qəbul olunan Nübar İbrahimovaya, 594 balla qəbul olunan Günel Süleymanovaya hədiyyələr təqdim edilib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru