“Ağ Rusiya. Vətənsiz xalq” – Məşhur bakılıdan unikal kitab

20

Müqəddimədə Əsəd bəyin yaradıcılıq və həyat yolundan heyranlıqla bəhs olunur

 

Moskvada Əsəd Bəyin “Ağ Rusiya. Vətənsiz xalq” (Ridero, 2020) adlı unikal bir kitab işıq üzü görüb. Əvvəlcə oxucu üçün kitabın müəllifinin kimliyi maraq doğuracaq: əsər bütün 20-ci əsr boyu şəxsiyyəti daim sirr olaraq qalıb, amma onun əsl adı ətrafında illərlə italyan, amerikan, alman və azərbaycanlı tədqiqatçılar arasında qızğın mübahisələr yaranıb.

 

Əsəd Bəy… Əslində, o, kimdir?

 

Bu suala cavab verilməzdən əvvəl hökmən kitabın naşiri barədə söz açılmalıdır. Bu kitabın təşəbbüskarı və tərcüməçisi, tarixçi, yazıçı, rus diasporunun tədqiqatçısı Mixail Talalayın “Ağ Rusiya”ya verdiyi maraqlı bir müqəddimədə, ötən əsrin əvvəllərində tarixin faciəvi dəyirmanına düşmüş Əsəd Bəyin zəmanəsi və taleyi parlaq şəkildə qələmə verilir.

 

Kütləvi şəkildə qan tökülməsi ilə müşayiət olunan siyasi kataklizmlər nəticəsində imperiyaları dağıdır, milyonlarla insanın mövcud həyat tərzini pozur, yüz minlərlə insan qaçqın vəziyyətinə düşürdü. İri, alovlu təlatümlər fonunda 20-ci illərin əvvəlində Qafqazda aktiv inqilabi proseslərin cərəyan etdiyi Bakıdan olan bir gəncin həyat və taleyinin dəyəri nə idi? Təbii ki, heç nə!

O, kütləvi sosial dəyişikliklərin ənənəvi həyat tərzini dəyişdirdiyi insan kütləsinin sürüşməsində bir qum dənəsi idi. Digərləri kimi həyatı dəyişən belə insanlardan biri də Bakının canlı ab-havası, Xəzər dənizinin rəngarəngliyi, ona təb verən Şərqin əzəməti və poeziyasına fəth edilən xırda Bakı sənayeçisinin oğlu Lev Abramoviç Nussimbaum (Nusenbaum) idi. Yəqin, onun 1923-cü ildə Almaniyada İslamı qəbul etməsi və götürdüyü təxəllüsləri də elə bu amillərdən qaynaqlanır. Və bu təxəllüslərdən biri, ola bilər ki, əbədi olaraq sirr qalsın…

 

Lev Nussimbaum mühacirət zamanı aktiv şəkildə işlədi, çoxlu əsərlər yazdı. Kitabları alman və italyan dillərində çap olundu.

 

O, özü üçün Avropada və keçmiş Rusiya imperiyasında baş verən, həyatına belə, təsir edən proseslərin mahiyyətini, hökmdarların və inqilab liderlərinin alt kimliyini anlamağa çalışaraq yazırdı. Beləcə “Qafqazın 12 sirri” və “Şərqdəki qan və neft” kitabları, II Nikolay, Lenin, Stalinin bioqrafiyaları yazıldı.

 

Müəllifin adı kimi bütün əsərləri də II Dünya Müharibəsi faktorunu nəzərə alaraq tamamilə unudulub, tarixdən silinə bilərdi. Üstəlik, yazıçı özü 1942-ci ildə İtaliyada dünyasını dəyişmişdi. Onun “Ağ Rusiya” (1932-ci ildə çap olunmuş) kitabı nəşrindən ilyarım sonra faşist Almaniyasında simvolik olaraq yandırılmış, həm satışdan, həm kitabxanalardan çıxarılmışdı…

 

Yazıçıya maraq “Əli və Nino” romanının müəllifinin kimliyi ətrafında müzakirələr dalğası ilə baş qaldırdı. 1937-ci ildə Vyanada Qurban Səid təxəllüsü ilə alman dilində nəşr olunan bu roman, XX əsrin sonlarında həqiqətən də yaşamaq üçün yeni bir nəfəs qazandı və oxucu kütləsi üçün bir kəşf oldu. Roman dünyanın əlli dilə tərcümə olundu, milyonlarla nüsxədə çap edildi, 2016-cı ildə isə bəzən “Qafqazın Doktor Jivaqosu” adlandırılan bu əsər ingilislər və azərbaycanlılar tərəfindən birgə lentə alındı.

 

Mixail Talalay “Ağ Rusiya”nın ön sözündə Əsəd bəyin yaradıcılıq və həyat yolunda müşayiət edən bütün məqamlar haqqında heyranlıqla danışır. Bir esse şəklində yazılmış bu müqəddimə yalnız Əsəd bəyin tərcümeyi-halının həqiqətlərini ortaya qoymur, həm də Rusiya mühacirətinin bəzi nümayəndələrinin taleyinin dramatik situasiyaları barədə bir şahidin, bir çağdaşın fikirlərinin bu gün bizim üçün əhəmiyyətini vurğulayır.

 

“Ağ hərəkat”ın mənşəyi ilə bağlı fikirləri, müxtəlif siyasi partiyalar, monarxist və digər hərəkatlarla əlaqəli hekayələri, Qallipolidəki kazaklar və qaçqın düşərgələri haqqında bir fəsil, Nabokov və Petlyuranın öldürülməsinə dair hekayə…

 

Şübhəsiz ki, Əsəd Bəyin “Ağ Rusiya” kitabının nəşri və ona verilən müqəddimə Mixail Talalayın nəcib mədəni missiyasına uyğundur – əvvəllər tamamilə unudulmuş və hətta nifrət edilən tarix səhifələrini Rusiya tarixi ilə maraqlananların hamısının nəzərinə çatdırmaq. Bütün həyatı boyunca M.Talalay Rusiya mənəvi mədəniyyətinin zirvəsinə oradan layiq olmadan silinmiş ad və hadisələrin qaytarılmasına çalışır. Onun fəaliyyət maraqları xaricdəki rus kilsəsinin tarixi, rus mühacirət tarixi, Sankt-Peterburq tarixi, habelə 1943-1945-ci illərdə İtaliyada müharibədə iştirak edən sovet (o cümlədən azərbaycanlı) iştirakçılarının tarixini əhatə edir.

 

Milanda məskunlaşdıqdan sonra, tədqiqatlarını İtaliyadakı rus varlığı mövzusuna yönəldərək, “Rus İtaliyası” adlı tarixi və mədəni konsepsiyasını inkişaf etdirərək, “Russkiy Afon” (“Indrik” nəşri) və “Rus İtalyası” (“Staraya Basmannaya” nəşri) kitab seriyasının yaradıcısı və kuratoru oldu. Dörd böyük, ixtisaslaşdırılmış italyan nəşriyyatının sifarişi ilə İtaliya və Avropadakı turizm yerlərinə onlarla səyahət kitabçasını rus dilində nəşr etdi.

 

Mixail Talalay – Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun İtaliyadakı nümayəndəsi, 2013-cü ildən Makariyev mükafatı laureatıdır.

 

Söylədiklərim “adların geri qaytarılması” məsələsində əsas rol oynayan gözəl insan Mixail Talalayın yaradıcı tərcümeyi-halından bəzi məqamlardır. Onun bu fəaliyyəti uzun illər Azərbaycan mühacirətinin görkəmli nümayəndələrinin adlarının geri qaytarılması və əsərlərinin yayımlanması ilə məşğul olan bir insan kimi mənim üçün də yad deyil.

 

Buna görə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçibaşinin (12 fevral 1933) və Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Əmin Rəsulzadənin (21 mart 1933) “Azərbaycan mühacirət tarixindən” (M. 2011) toplusunda çap olunmuş sənədlərində adı gedən Əsəd bəylə əlaqəli “Ağ Rusiya” kitabının işıq üzü görməsi mənim üçün çox dəyərlidir. \\Ayna.az