“Ağciyər Xəstəlikləri İnstitutunda koronavirus tüğyan edir, həkimlər virusa yoluxur” – Artan ölüm səbəblərinin sirri

2
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ölkədə koronavirus pandemiyası elan ediləndən karantin xəstəxanası kimi ayrılıb və koronaviruslu xəstələr üçün ilk mərkəzlərdən olub. Lakin uzun illərdir bu institutun zəif texniki bazası, şəraiti, orda vərəmli xəstələrin belə düzgün müalicə almaması barədə faktlar, xəbərlər cəmiyyətdə dolaşırdı.
Pandemiya başlayandan bu xəstəxanada ölənlərin sayı kəskin artıb, baxmayaraq ki, ölənlərin kəskin ağciyər çatışmazlığı, vərəm və sairdən öldüyü deyilir. Ağır vərəm xəstələri ilə koronaviruslu xəstələrin bir palatada olmasa da, eyni məkanda, binalarda saxlanılıb, eyni personalın xidmətindən yararlanması nə dərəcədə düzgündür? Bu yaxında isə orada çalışan həkim Barat Bayramovun koronavirusa yoluxması barədə xəbərlər yayıldı. Onun yoldaşı da virusa yoluxub və ər-arvad ağır şəraitdə evlərindən, uşaqlarından ayrı müalicə olunurlar.
Lakin maraqlısı odur ki, həkim institutda virusa yoluxduğunu desə də, TƏBİB həkimin işdən kənarda koronavirusa tutulması kimi qəribə açıqlama verərək, sanki institutu sudan quru çıxartmağa çalışdı. Necə olur ki, institutun nəzdində Milli İstinad laboratoriyasında COVİD-li xəstələrin analizi ilə məşğul olan həkim-laborant orda yox, işdən kənarda virus yüklənməsinə məruz qalır?
 
 
 
 
Ağciyər Xəstəlikləri İnstutunda baş verənlərlə bağlı məsələni araşdıran ictimai vəkil Samir Zeynalovun araşdırmasını təqdim edirik:
“Hələ 24 aprel 2020-ci il tarixdə sözügedən tibb müəssisəsində sanitar-karantin qaydalarının institutun direktoru Həqiqət Qədirova tərəfindən kobud sürətdə pozulması və TƏBİB-in bu barədə ona xəbərdarlığı, bir daha onu deməyə əsas yaratdı ki, institutda idarəçilik faktoru qeyri-qənaətbəxşdir. İxtisasca mikrobioloq olan bir şəxs elementar tibbi izolyasiya normalarının tətbiqinə əməl etmək barədə düşünə bilmir.
İnstitutun Konsultativ-Poliklinika şöbəsinin müdiri, Həqiqət Qədirovanın sağ əli Nailə Mahmudova COVİD-19 xəstələri ilə təmas şəraitində tibb işçiləri üçün müəyyən edilmiş qoruyucu geyim vasitələrindən istifadə etməyərək, tam arxayın şəkildə palataya daxil olaraq, xəstə ilə təmasda olur. Bu isə bilərəkdən virusun yayılma riskinə rəvac verən səbəbdir.
Qeyd edilən səhlənkarlığın nəticəsidir ki, institutda tibb işçiləri arasında koronavirusa yoluxma halı durmadan artır və bu risk təkcə onları deyil, həm də xəstəxanada müalicə alan digər ağciyər xəstələrini də əhatə edir. Neçə gündür ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri hiddətli şəkildə mövcud faktları təkzib etməklə məşğuldur. Belə ki, qurumun mətbuat sözçüsü Rəvanə Əliyeva da israrla qeyd edir ki, Barat Bayramov koronavirusa institutda deyil, kənarda – ailə üzvlərinin əhatəsində yoluxub. Bunu TƏBİB və ya bu xanım necə müəyyən edib, məlum deyil.
Qeyd edim ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronaviruslu xəstələr üçün yalnız 8 xüsusi palata (boks) ayrılmışdı. Lakin bu gün institutda müalicə alan xəstələrin sayı 100-dən çoxdur. Bu arzuolunmaz və təəssüfdoğurucu reallığın fonunda TƏBİB tərəfindən həqiqətə uyğun olmayan açıqlamanın verilməsi cəmiyyətə, xəstəliyə yoluxmuş və ailəsini yoluxdurmuş həkimə qarşı açıq hörmətsizlikdir. TƏBİB-in sözcüsü institutda müalicə həkimi funksiyasını yerinə yetirməyən Nailə Mahmudovanın qoruyucu geyimdən istifadə etmədən COVİD-19 xəstəsi ilə təmasına belə aydınlıq gətirir: “Həmin xəstə virusa yoluxmuş xəstə olmayıb”.
İnstitut rəhbərliyinin təşəbbüsü ilə bağlı mətbutda “Öləcəyimi düşünürdüm” – koronavirus xəstəsi yaşadıqlarını anlatdı” başlıqlı məqalə dərc edilib. Orada yazılıb: “Bu insanlar xəstələrin vəziyyəti pisləşdikdə, hətta xüsusi geyim və maska olmadan da həyatlarını təhlükəyə ataraq, palataya gəlir və onlara yardım göstərirlər. Xəstəni vəziyyətdən çıxarmaq üçün yoluxmağı belə gözə alırlar.”
“Baş həkimin müavini Nailə xanım hətta boş vaxtlarda palataları gəzərək xəstələrlə söhbət edir, onları yaşamağa ruhlandırır, tezliklə sağalıb ayağa qalxacaqları barədə söhbətlər edir”.
 
 
 
Fotoda direktor müavininin ev xalatında xəstələri ziyarət etdiyi görünür.
Hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur.
 
 

Xüsusi rejimli xəstəxana statusunda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ən mühüm problem isə həkim-reanimatoloq yoxluğu və reanimasiya şöbələrinin, bütünlükdə institutun binasının anti-sanitar vəziyyətdə olması faktıdır. Bu fakt institutun baş həkim İmamverdi Rzayev tərəfindən də təsdiq edilib.
 
Belə ki, cari ilin təkcə yanvar ayı ərzində 19, son 5 ayda isə ümumilikdə 68 nəfər xəstə dünyasını dəyişdi. Bu isə ötən 4 ilin müvafiq ayları ilə müqayisədə 3 dəfə çoxdur.
Bu da onu deməyə əsas verir ki, 2016-2020-ci illəri əhatə edən “Vərəmlə Mübariə Proqramından” irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsində ciddi səmərəsizlik və fatal nəticələr mövcuddur. Təsadüfi deyil ki, uzun müddətdən bəri institutda vərəm xəstəliyi üzrə cərrahiyyə əməliyyatlar icra edilmir. Əvvəllər Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəhbərlik edən və özünü bu vəzifədə təsdiq edə bilməyərək, sözügedən tibb müəssisəsində çalışan işçilərin nifrətini qazanmağa qabil olmuş Həqiqət Qədirova bu gün analoji dramatik əməli fəaliyyətini Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda icra edir.
Pandemiya ilə mübarizənin hazırkı dönəminə qədər dövlət səviyyəsində kifayət qədər preventiv tədbirlərin görülməsinə baxmayaraq, bu tədbirlərə sərf edilən maddi-fiziki zəhmətə belə bir laqeyidliyin nümayişi, institutda neqativ halların durmadan artması, eləcə də tədbirsizlik təəssüf və hiddət doğurmaqla yanaşı, hüquqi müstəvidə təxirəsalınmaz cəza tədbirlərinin görülməsinə ehtiyac yaradır. Bütün bu faktlara TƏBİB-in qeyri-obyektiv yanaşması və işləri həll etmək əvəzinə, ört-basdır etməsi də TƏBİB-ə olan ümidləri heçə endirir”. \\Medicina