Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir – ŞİKAYƏT / VİDEO

21 Aprel, 2020, 18:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bəhmən Həsənov: “Hacı Alxana aid 4-5 min mal-qara Ləngəbiz kəndinin otlaq sahəsini məhv edib,

polis əməkdaşları isə sakinlərə zor tətbiq edib, camaatı aşağılayıb, 35-40 nəfəri şöbəyə aparıb”

“Onlara bildirirlər ki, bu haqda harasa məlumat versələr, yaxınlarını, qohum-əqrəbasını həbs edəcəklər”

Ağsu rayonu, Ləngəbiz kənd sakini Bəhmən Təhməz oğlu Həsənov tərəfindən Hurriyyet.org-un elektron ünvanına şikayət məktubu daxil olub. Qeyd edək ki, redaksiyamıza ünvanlanan müraciətin bir nüsxəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına da göndərilib. Beləliklə, 18 aprel tarixində, təxminən axşam saat 6-7 radələrində, Ləngəbiz kəndinin otlaq ərazisinə 4-5 min xırda və iribuynuzlu mal-qara sürüsünün daxil olduğunu deyən Bəhmən Həsənovun sözlərinə görə, həmin mal-qara onların kəndinə aid olmayıb.

“Ölkədə koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunmasına baxmayaraq, 40-a yaxın kənd sakini polis şöbəsində 15-20 kvadratmertlik yerdə saxlanılır”

Şikayətçi bildirib ki, bu zaman karantin rejiminin şərtlərinə əməl edən kənd sakinləri məcburiyyət qarşısında qayda-qanuni pozaraq, mal-qara sürüsünün tapdağı altında qalan otlaq əraziyə doğru hərəkət etməli olub: “Kənd camaatı etiraz edərək bildiriblər ki, həmin heyvanlar Ləngəbiz kəndinin əkin-biçin sahələrini tapdayaraq otlaq ərazilərimizi məhz ediblər. Bu zaman heyvanların sahibi, “Dörd qardaş” şadlıq sarayının yiyəsi Hacı Alxan adlı sahibkar Ağsu Rayon Polis Şöbəsinin və rayon icra hakimiyyətinin nümayəndələrinə zəng vurub. Nəticədə polis əməkdaşları “dubinka”dan istifadə etməklə kənd sakinlərinə zor tətbiq edib, camaatı aşağılayıb. Hələ bu, azmış kimi, yaşlı, qoca demədən 35-40 nəfəri döyərək polis maşınlarına doldurub və oradan Ağsu Rayon Polis Şöbəsinə aparıblar. Burada heç kimin yaşına-başına baxmadan, zor tətbiq edərək, hələlik 1 sutkalıq həbs ediblər. Ölkədə koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunmasına baxmayaraq, 40-a yaxın kənd sakini polis şöbəsində 15-20 kvadratmertlik yerdə saxlanılır”.

“Döyülən, təhqirlərə məruz qalanlar arasında şəhid Ağamalı Emin oğlu Qurbanovun 5 yaşında yetim qalmış, ac-yalavac şəraitdə yaşayan, 2 qüsurlu övlad böyüdən oğlu da var”

Ağsu Rayon Polis Şöbəsində kənd sakinlərinə əziyyət verildiyini iddia edən Bəhmən Həsənov qeyd edib ki, Ləngəbiz kəndinin 75 yaşlı müəllimi, 40 ilə yaxın orta məktəb direktoru olmuş Rəhim Əhməd oğlu Ağarəhimov döyülüb, təhqirlərə məruz qalıb: “Döyülən, təhqirlərə məruz qalanlar arasında könüllü Vətən uğrunda gedən döyüşlərdə iştirak etmiş Milli Qəhrəman Ağamalı Emin oğlu Qurbanovun 5 yaşında yetim qalmış, ac-yalavac şəraitdə yaşayan, 2 qüsurlu övlad böyüdən oğlu Emil Qurbanov da var. Hazırda o, 10 sutka müddətinə həbs edilib. Kəndimizin ən kasıb ailələrindən olan 5 sakini də saxlanılıb. Onların evlərində hazırda yeməyə çörək belə, yoxdur, balaları küçələrdə qalır. Buna baxmayaraq, bu haqsızlıqları bilə-bilə 1 sutka sonra kəndin 30-35 sakininin hər birindən ən azı 600 manat, kimin övladı vəzifədədirsə onlardan 2-3 min manat alaraq azad edirlər. Onlara bildirirlər ki, bu haqda harasa məlumat versələr, “103” təcili tibbi yardım xidmətinə zəng vursalar, onların yaxınlarını, qohum-əqrəbasını mal-qara, toyuq oğurluğuyla həbs edəcəklər. Bundan başqa, yerli məmurlar hədə-qorxu gələrək, bildirirlər ki, əgər səsiniz çıxsa, sizi silah və narkotiklə həbs etdirəcəyik”.

“Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə məlumat verilib, sosial şəbəkələr vasitəsiylə məlumatlar yayılır, lakin hələlik kəndimizin köməyinə heç bir qurum, təşkilat çatmayıb”

Hazırda xəsarət alanların qorxudan evlərində müalicə aldıqlarını deyən şikayətçinin sözlərinə görə, 3 gündür Ləngəbiz kəndi nəzarətdə saxlanılır: “Kəndimiz 3 gündür ki, əsarətdədir. Həmin gündən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə məlumat verilib, baş verənlərə dair sosial şəbəkələr vasitəsiylə məlumatlar yayılır. Lakin hələlik kəndimizin köməyinə heç bir qurum, təşkilat çatmayıb. Qeyd etdiyim kimi, hazırda kəndimizin 5 sakini 10 sutka müddətinə həbs edilib. Heç kim onların ailə üzvlərinin, yaxınlarının göz yaşlarına məhəl qoymur, səsinə səs vermir, imdadına çatmır. Hətta camaatı polis şöbəsində saxlanılan övladları, yaxınları ilə görüşüb onlara yemək verməyə belə, qoymurlar. Onu da bildirim ki, kənd sakinlərinə 15-20 min manat civarında ziyan vuran sahibkar və yerli məmurlar mübahisəyə səbəb olan 4-5 min mal-qaranı kəndin otlaq sahəsindən çəkməyib. Odur ki, sizin vasitənizlə ölkə başçısına, ombudsmana, müvafiq dövlət qurumlarına müraciət edir, onlardan biz kənd sakinlərini harınlamış sahibkar Hacı Alxandan, o cümlədən icra hakimiyyətinin nümayəndələrindən, Ağsu Rayon Polis Şöbəsindən xilas etmələrini xahiş edirik”.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Valeh TÜRKSOY

 

Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir

Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir

Gepostet von Hürriyyət Qəzeti am Dienstag, 21. April 2020

 

Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir – 3

Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir

Gepostet von Hürriyyət Qəzeti am Dienstag, 21. April 2020

 

Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir

Ağsu sakinləri yerli sahibkarın, polis şöbəsinin və icra nümayəndələrinin əlindən dad edir

Gepostet von Hürriyyət Qəzeti am Dienstag, 21. April 2020


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93