ALİMİN PREZİDENTƏ MÜRACİƏTİNİN QARŞISINI KİM ALIB… – Yanoş Məhərrəmovdan şok iddialar / VİDEO

16

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Məhərrəmov Yanoş Mahmud oğlunun direktor Namiq Cəlilova qarşı rayon məhkəməsində iddia qaldırdığı haqda məlumat vermişdik. İddiaçı məhkəməyə müraciətində bildirirdi ki, Şamaxı Astrofizika Rəsədxanasının direktoru N.Cəlilov bir sıra qanunsuzluğa yol verib:

“…Mübahisə zamanı direktor mənə bildirdi ki, o, Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaxın qohumudur, odur ki, kefi nə istəyir onu da edəcəkdir və buna görə heç kim ona heç nə edə bilməz. Beləliklə, gördüm ki, direktorun qanunsuz əməllərinə hüquqi qiymət verilməsə haqq-ədalət öz yerini tapmayacaqdır. Odur ki, 01 iyun 2018-ci ildə ŞAR-ın direktorundan AMEA Prezidenti akademik Akif Əlizadəyə rəsmi qaydada şikayət etdim və xahiş etdim ki, ŞAR-a xüsusi komissiya göndərilsin və mənim iştirakımla direktorun burada törətdiyi çoxsaylı saxtakarlıqları və onun qanunsuz əməllərini araşdırıb onlara hüquqi qiymət versinlər… Susdular, cavab gəlmədi”.

Yanoş Məhərrəmov müraciətində Rəsadxanın əxlaqsızlıq yuvasına çevilməsini də iddia edirdi: “Rəsədxanaya gecə vaxtı pozğun qadınlar gətirilirdi. Bəzi maraqlı şəxslər də burada baş verən əxlaqsızlığı videolentə almışdılar. Sonradan eşitdim ki, ŞAR-da baş vermiş belə əxlaqsızlığa dair video-materiallar olduqca çoxlu saydadır. Bu video-materialın birini əldə edə bilmişəm. Buna dair əlavə şahidlər də var. Video-görüntüdə gecə vaxtı saat 02-03 arası rəsədxana alimlərinin yeməkxanasında pozğun insanların hərəkətləri təsvir olunmuşdur. Bir neçə ay əvvəl bununla bağlı da direktora məlumat verdim ki, bu biabırçılıqdır tədbir görməsini ondan xahiş etdim, lakin direktor bu sözümə də əhəmiyyət vermədi. (Videonu diskdə məhkəməyə təqdim edirəm)”.

O da bildirilirdi ki, Namiq Cəlilov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini də kobud surətdə pozmuşdur. Belə ki, respublikamızın hazırki Əmək Məcəlləsinin 45-ci maddəsinə görə işəgötürən işçi ilə ya müddətsiz, ya da 5 illik əmək müqaviləsi imzalayır.

“Lakin Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri işçilərlə məcburi qaydada həmin Məcəllənin 47-ci maddəsinin (f) bəndi ilə gah 01 il, gah 1.5 il, sonuncu dəfə isə yenə 01 il əmək müqavilələri bağlamışdır. Hər il əmək müqaviləsi təzələnərmi? O, belə hərəkətlərlə bütün işçilərin tezliklə işdən azad edilə biləcəyi ilə təhdid altında saxlayır ki, onun istənilən özbaşınalığına, çoxsaylı qanunsuz hərəkətlərinə heç kim qorxusundan dinməsin. Bu qanunsuzluqları sadalamaqla artırmaq da olar” – deyə vurğulanırdı.

Bu müraciəti heç bir nəticə vermədiyindən, Yanoş Məhərrəmov direktor Namiq Cəlilova qarşı rayon məhkəməsində iddia qaldırmışdı. Lakin məhkəmə Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaxın qohumu olan N.Cəlilovun xeyrinə qərar çıxarıb.

Yanoş Məhərrəmov bundan sonra prezident İlham Əliyevə müraciət etsə də, onun məktubu ünvanına çatmayıb. O, bu haqda Hurriyyet.org-a müraciətində bildirir. Y.Məhərrəmovun redaksiyamıza təqdim etdiyi videomaterialı dərc edirik: