Amerika mətbuatı Çin-Türkiyə əməkdaşlığından qısqanclıqla bəhs etdi

16

Hurriyyet.org xəbər verir ki, Amerikada nəşr edilən “Foreign Policy” jurnalı Türkiyənin Çinlə ticarət münasibətlərinin inkişafından bəhs edən, “Ərdoğan Türkiyəni Çinin müştərisi olan bir dövlətə çevirir” başlıqlı məqalə dərc edib.

Məqalədə Prezident R.T.Ərdoğanın əvvəllər Çinin Səncandakı müsəlman uyğur türklərinə qarşı zülmkar siyasətini tənqid elədiyi, Türkiyənin uyğur türkləri üçün sığınacaq limana çevrildiyi xatırlanır: “Sonra birdən-birə, gözlənilməz dönüş oldu. 2016-cı ildə Türkiyə 2001-ci ildən bəri Türkiyədə yaşayan, irəlidə gedən uyğur fəallarından Əbdülqədir Yapcanı həbs edərək ölkədən çıxardı. 2017-ci ildə də Türkiyə ilə Çin arasında (hətta ölkələrin birinin qanununa görə cinayətkar sayılmasa belə) cinayətkarların təhvil verilməsini nəzərdə tutan razılaşma imzalanıb. 2019-ci ildən indiyə qədər Türkiyə yüzlərlə uyğur türkünü həbs edərək, geri göndərmə mərkəzlərinə göndərib. Ərdoğanın bu sahədəki çıxışları daha diplomatik olmağa başladı, hökumətə yaxın medianın da uyğur problemindən danışan xəbərlərinin dili dəyişdi”.

Jurnal bu dəyişikliyin Ankarının bir neçə müttəfiqi ilə birlikdə Çinə arxalanmaq istədiyi, buna görə də Çinin tələblərinə uzlaşmağa məcbur olması ilə bağlı olduğunu iddia edir.

Məqalədə xarici investorların uzaqlaşması, koronavirus epidemiyası və turistlərin sayının azalması səbəbindən Türkiyə iqtisadiyyatının getdikcə zəiflədiyi iddia olunur.

Belə bir vəziyyətdə Çinin Qərbi Asiya və Avropaya genişlənmə istəyinin Ərdoğan üçün “xilasedici” olduğu yazılıan məqalədə 2016-ci ildən bəri iki ölkənin səhiyyə və nüvə enerjisi sahələrindəki əməkdaşlığı da daxil olan 10 müxtəlif razılaşma imzalandığı xatırlanır.

“Hazırda Çin Rusiyadan sonra Türkiyənin ikinci böyük idxalat ortağıdır. 2016-2019-cu illərdə Çin Türkiyəyə 3 milyard dollar investisiya qoyub, bir il içərisində bu rəqəmləri ikiqat artırmağı planlaşdırır. Çindən gələn nəğd pul axışı Ərdoğan üçün xilasedici oldu və kritik zamanda Prezidentin maliyyəsini gücləndirdi. 2018-ci ildə Türkiyə lirəsi 40 faizdən artıq ucuzlaşdığı zaman dövlətin Çin Sənaye və Ticarət Bankı enerji və nəqliyyat layihələri çərçivəsində Türkiyə hökumətinə 3,6 milyard dollar məbləğində kredit verib. 2019-cu ilin iyun ayında İstanbulda seçkilər zamanı Çinin Mərkəzi Bankı iki ölkənin mərkəz bankları arasında 2012-ci ildə yenilənmiş “svap” razılaşması çərçivəsində 1 milyard dollar nəqd pul verdi. Bu il də Türkiyə lirəsi ucuzlaşarkən və ölkə epidemiyanın fəsadları ilə mübarizə apararkən iyun ayında Çin yenidən işə qarışdı və Türkiyə şirkətlərinin ticarət ödənişləri üçün Çin yenindən istifadə eləməsinə icazə verdi”.

Foreign Policy” nəşri Çinin Yeni İpək Yolu layihəsi çərçivəsində Türkiyəyə daha çox nəğd pul axınını təmin elədiyini yazıb: “Bu layihə çərçivəsində Çinin əli Aralıq dənizinə qədər uzanır. Türkiyədə Karsdan başlayaraq, Tiflis, Bakı və Xəzər dənizi üzərindən Çinə çatan dəmiryolu və səhmlərinin 65%-nin Çinə məxsus olduğu Kumport (İstanbulda yerləşir) konteyner terminalı bu çərçivədə mühüm rola malikdir”.

Yazıda nəqliyyat layihələri çərçivəsində Çinin Türkiyəyə milyardlarla dollar nəqd pul transfer elədiyi qeyd edilir.

Məqalədə Ərdoğanın “meqa layihələrini də Çinin dəstəklədiyi”, məsələn 3-cü boğaz körpüsü olan Yavuz Sultan Səlim Körpüsünün 51%-nin 2020-ci ilin yanvar ayında Çin şirkətlərinin biri tərəfindən satın alındığı yazılır. Çinin İxracat və Kredit Sığorta Şirkətinin Türkiyənin Varlıq fonduna 5 milyard dollar verdiyi qeyd edilir.

“Çin Türkiyənin elektrik ehtiyacının  3 faizini təmin edəcək Hunutlu kömür stansiyası üçün 1,7 milyard dollar verib”.

Məqalədə iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində də “kəşfiyyatı və kiber savaşı” əhatə edəcək şəkildə əməkdaşlıq müqavilələrinin qüvvədə olduğu da deyilir.

“Türkiyənin Bora ballistik raketi Çinin B-611 raketinin modeli əsasında hazırlanıb və 2019-cu ildə türk ordusu bu raketdən PKK-ya qarşı əməliyyatlarda istifadə eləməyə başladı. Türkiyənin 2018-ci ildəki Efes hərbi təlimlərində Çinli hərbi məmurlar da iştirak etmişdilər”.