“Anamı gülə-gülə əməliyyata salıb, meyitini verdilər, cərrah isə qaçıb getdi” – ÜRƏK DAĞLAYAN ŞİKAYƏT

3
Hurriyyet.org-un məlumatına görə, Medicina.az-a daha bir pasiyent şikayəti daxil olub. Şikayətdə bildirilir ki, Bakıda “İstanbul NS” klinikasında bud oynaq sümüyü sınığı və protezlənməsi əməliyyatından sonra 78 yaşlı Solmaz adlı pasiyent vəfat edib.
Əməliyyatı travmatoloq, ortoped cərrah Emil Kazım icra edib. Mərhumun övladları, qızı Raifə Həsənova analarının elə əməliyyat masasında qaldığını, klinikada öncədən də, sonradan da analarına düzgün tibbi xidmət göstərilmədiyini və vəziyyəti barədə yanlış məlumat verildiyini idda edir.
Şikayəti olduğu kimi təqdim edirik:
“Anamın bud sümüyü sınmışdı. Evə rentgen çağırdıq, diaqnoz qoyuldu, elə rentgen həkimi əməliyyat üçün Emil Kazımini məsləhət gördü. İnternetdən araşdırdıq, baxdıq ki, bud sümüyü əməliyyatı üzrə videolar qoyub, bir sözlə, tərifli həkim idi. Biz də etibar etdik. Kaş ki, başqa həkimlərlə də maraqlanardıq.
Getdik, danışdıq, dedi edəcəm, 35% faiz risklə xəstəni əməliyyata alacağıq. Söz verdi ki, anamızı sapsağlam bizə təhvil verəcək. Mayın 3-ü anamı axşamla klinikada qoyduq ki, müayinələr olunub, əməliyyata hazırlansın. Gecə anam yazdı ki, heç mənə baxan yoxdur. Bacım özü həkimdir, getdi, amma yanına buraxmadılar.
Səhər tezdən gedib gördük ki, anam elə biz gedəndən əynində olan pampersin içində qalıb, gecə heç kim baxmayıb, heç yaxınlaşmayıblar. Yazıq qadın sidiyin içində. Etirazımızı bildirdik, əl-ayağa düşdülər ki, hə, əməliyyata aparırıq, çıxın. Anamın nə vəziyyətdə olduğunu cərraha da göstərdik, etiraz etdik. O da dedi ki, bu barədə iclas edib, ölçü götürüləcək.
Əməliyyat başladı, heç 10 dəqiqə keçmədi xəbər gəldi ki, xəstənin ürəyi dayanıb, təzyiqi düşüb, həkim əməliyyatı saxladı, indi vəziyyətdən çıxarırlar. Ondan sonra xəbər gəldi ki, əməliyyat bitdi, amma xəstənin vəziyyəti kritikdi, reanimasiyada aparata qoşulub. Dedik, bəs Emil həkim nə deyir? Nə qarşımıza çıxdı, nə bir açıqlama verdi.
Bir də gördük həkim yanında köməkçisi qadınla tez-tələsik klinikanı tərk etdi ki, ayrı yerdə əməliyyatım var, qayıdacam. Bütün ailə qaldıq dəhlizdə, çar-naçar.
Bizi anestezioloq, şöbə müdiri hər dəfə bir-birinə uyğun gəlməyən informasiyalarla aldatdı. Gah dedi yaxşıdı, ürəyi ritmə düşüb, gah dedilər yox, pisdir. Bacım həkimdir, nə qədər dedik, yanına qoymadılar. Son nəfəsində görə bilmədik anamızı.
Axşam saat 9-da dedilər ki, ananız vəfat etdi. Ürəyimizi yandırdılar.
Biz həkimin davranışına, bizimlə üz-üzə gəlməkdən qaçdığına görə şübhələndik, sonradan hadisələri analiz edib, belə düşünürük ki, anamız elə əməliyyat masasında ölüb. Sadəcə, reanimasiyada aparata qoşub, yalandan vaxt uzatdılar.
Yazıq qadın normal halda, deyə-gülə xəstəxanaya getdi. Heç ölümlük halı yox idi onun. Pulumuzu alıb, meyitini verdilər.
Anamıza klinikada heç baxmadılar. Heç bir tibbi qulluq yox idi. 200 manat analizlərə aldılar, 900 manat da kassaya köçürdük. Sonradan anamızın tabutunu bizə verəndə dedik bəs pulumuz? Dedilər o pula protez alınıb.
Niyə? Biz meyitə protez qoydurmağa gəlmişdik? Məzarda protezi neynir? Heç biz bilmirik qoyulub, ya yox. Əməliyyatın əvvəlində ürəyi dayanan xəstəyə protezi niyə qoyur ki? Bİzə əməliyyatxanadan, reanimasiya otağından videolar, sübutlar təqdim etmirlər. Biz bilmirik anamızın başına nə gəldi?
Əməliyyat başlayan kimi ürəyi dayanana sən niyə protez qoyursan? Əgər bu xəstənin qanı azdırsa, səhhəti imkan vermirdisə, ürəyi zəif idisə, niyə əməliyyata alırdın? Deyərdilər ki, yox, gözləyək, müalicə alsın, ya bu xəstəyə uyğun deyil, söz vermirəm.
Xahiş edirəm, dərdimizi paylaşın. Bizim ürəyimizi dağlayanların ürəyi bizim kimi yansın. Allah insanları məhv edən həkimlərə lənət etsin. Sonradan internetdə bir yaşlı qadını da şikəst etdiyini oxuduq. Yenə o sağ qaldı, biz anamızı bu cəlladların əlinə verdik. Anamın ölümünə səbəb olan həkimi ömür boyu lənətləyəcəyik”.
 
 
Məsələ ilə bağlı sözügedən əməliyyatı icra edən həkim travmatoloq Emil Kazım ilə əlaqə saxladıq. Həkim bu deyilənləri qətiyyətlə inkar etdi.
 
O, xəstəni ağır vəziyyətdə, az şansla, ailəsinin təkidi ilə əməliyyata aldığını bildirdi. Bildirdi ki, bu kimi xəstələrdə belə ağır əməliyyatlarda ürəyin dayanması və tromboemboliya ola bilər:
“Mən ailəyə öncədən izah etdim ki, bu xəstə çox ağırdır, 80-ə yaxın yaşı var. Şans 30-35 faizdir. Amma mən bu vaxta kimi yüzlərlə bu yaşda xəstə əməliyyat etmişəm. O demək deyil ki, onlar hamısı ölür və ölməlidir. Xeyr. Belə xəstələri əməliyyat etməsək, yataq xəstəsi olurlar, sonra yataq yaraları açılır. Xəstəni həyati göstərişlə əməliyyata aldıq.
Xəstənin qızları guya xəstəxananın şəraiti və qulluq baxımdan narazılıq etdilər. Mən hətta təklif etdim, götürün hara istəyirsiz aparın. Dedilər, yox, biz sizə görə gəlmişik, aparmırıq. O “pampers” məsələsini yalan deyirlər, elə bir şey olmamışdı. Sadəcə, sistemdən xəstənin üzərinə bir az məhlul axmışdı, onu əllərində şüar etdilər.
Əməliyyat isə normal başladı, əla da keçirdi, sona yaxın bir tromb atım verdi. Xəstəyə dərhal anestezioloq-reanimatoloq tərəfindən hər cür yardım göstərildi, o vəziyyətdən çıxarıldı. Reanimasiyada ikinci tromb atımı olub, yenə müdaxilə edilib. Saat 18:00-19:00 arası üçüncü atım oldu və xəstəni xilas etmək mümkün olmayıb.
Bu yaşda xəstədə 2 dəfə ürək dayanmasından sonra onu həyata qaytarmaq qeyri-mümkündür.
Reanimatoloq hər bir müdaxiləni edib. O ki, qaldı ödənişə. Onlar təkcə 900 AZN xəstəxana məsrəflərini ödəyib və qaçıb gediblər. Əməliyyatın məsrəfi, xüsusən endoprotezin pulu mənim üzərimdə qalıb, onu ödəməyiblər. Sonradan gəlib 900 manatı geri istədilər, klinika pulu qaytarmadı, çünki həqiqətən xəstənin məsrəfləri var idi, reanimasiya xərcləri yaranmışdı.
Məndən isə pul istəyə bilməzdilər, çünki hələ mənə bu əməliyyatdan ödəniş olmayıb. Mən də xəstə rəhmətə getdi deyə, çox üzərlərinə getmədim”.
Həkim qeyd edib ki, xəstə yaxınlarının şikayətləri əsassızdır, klinika pulu qaytarmadığı üçün həkimdən sadəcə qisas alıb, onun reputasiyasına xələl gətirmək fikrinə düşüblər:
“Məni həkimlər başa düşür ki, 100 xəstə içində 1% tromboemboliya səbəbindən ölüm faizi normaldır. Nəsə olacaq deyib, heç kimi əməliyyat etməsək, deməli, o 200 insan yataq xəstəsi olmalıydı? Sadəcə insanlar öyrəşib uğurlu əməliyyatda həkim barədə məlumat vermir, bildirmir, amma xəstə ölən kimi dərhal şikayət edir, həkimləri ləkələyirlər”.