Aqrar sahədə kooperasiyanın formalaşmasında vergi siyasətinin rolu – LAYİHƏ

4

Aqrar sahə milli iqtisadiyyatın mühüm tərkib hissələrindən biri kimi ölkənin ərzaq təminatı və təhlükəsizliyinin ödənilməsində və regionların sosial-iqtisadi inkişafında olduqca böyük əhəmiyyətə malikdir. Bu baxımdan da, aqrar sahədə mövcud potensial imkanlardan səmərəli şəkildə istifadə olunması, aqrar təyinatlı təbii-iqtisadi resurs ehtiyatlarının tam və səmərəli şəkildə təsərrüfat dövriyyəsinə cəlb olunması xüsusi aktuallıq kəsb edir. İqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, aqrar sahədə də birgə məqsədlərin həyata keçirilməsi, daha uğurlu nəticələrin əldə olunması ən mükəmməl səviyyədə öz həllini iştirakçıların səmərəli əməkdaşlığına və ayrı-ayrı təsərrüfat subyektlərinin resurslarının könüllü  birləşdirilməsinə əsaslanan kooperasiya əlaqələrinin qurulması ilə tapır. Ona görə ki, kooperasiyaya əsaslanan iqtisadi inteqrasiya və əlaqələr aqrar sahədə məhsul istehsalı, tədarükü, emalı, saxlanması və istehlakçılara çatdırılması istiqamətində iqtisadi fəaliyyətin, sahədaxili bölmələrin bir-birinə yaxınlaşması, uzlaşdırılması, həmçinin bir-birinə istehsal və iqtisadi cəhətdən uyğunlaşması prosesidir.

Beynəlxalq təcrübə və strateji yol xəritəsi

Beynəlxalq iqtisadi inteqrasiya proseslərində fəal iştirak edən Azərbaycan dövləti  tərəfindən son illərdə kooperasiyanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, son illər aqrar sahənin tənzimlənməsi istiqamətində dövlət tərəfindən qəbul edilən bütün sənədlərdə kooperasiya münasibətlərinin inkişafı əsas prioritetlərdən hesab edilir. Belə ki, Azərbaycan prezidenti tərəfindən 2016-cı il 6 dekabr tarixli Fərmanla təsdiq edilmiş “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığına təsir edən amillər əsasında yol xəritəsinin əsas prioritetləri müəyyənləşdirilib. Bu prioritetlərin də 2.3. bəndi “Kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı” adlanır. Müvafiq prioritetə əsasən kənd təsərrüfatı sahəsində kooperasiyanın inkişafı istiqamətində dövlət dəstəyi mexanizmlərinin tətbiqini nəzərdə tutan təkliflərin hazırlanması (misal üçün, müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalının genişləndirilməsi məqsədilə emal müəssisələrinin stimullaşdırılması (güzəştli kreditlər yolu ilə və s.), kənd təsərrüfatı kooperativlərinin inkişaf etdirilməsi üçün xüsusi qrant proqramlarının hazırlanması və həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının sahəvi və regional assosiasiyalarının institusional potensialının gücləndirilməsi məqsədilə qrant proqramlarının həyata keçirilməsi, müxtəlif növ dövlət dəstəyi layihələrinin istehsalçı birlikləri vasitəsi ilə həyata keçirilməsi və s.) aidiyyatı dövlət strukturlarına tapşırılıb. Digər tərəfdən son illərdə bu istiqamətdə müəyyən naliyyətlərin əldə edilməsinə baxmayaraq kooperasiyalaşma prosesinə mənfi təsir göstərən bir neçə problem müvcuddur ki, bu problemlərdən də biri regionlarda kooperasiya və inteqrasiya əlaqələrinin bazar münasibətlərinin tələblərinə uyğunlaşdırılmamasıdır. Bu problemin yaranmasına, təsərrüfat subyektləri arasında səmərəli əlaqələrin qurulmasına mənfi təsir göstərən əsas amil isə bu sahədə tətbiq olunan vergi azadolmaları, gömrük rüsumları, bank kreditləri və sığorta kimi mövcud maliyyə resurslarından aqrar sektorda kooperasiya əlaqələrinin inkişafı istiqamətində səmərəli istifadənin hələ də təmin edilməməsidir. Kooperasiya əlaqələri aqrar sektorun inkişafının əsası kimi özəl təsərrüfat subyektlərinin inkişafına əsaslanan bazar münasibətləri bir sıra özünəməxsus xüsusiyyətlərlə səciyyələnir. Davamlı inkişaf yolunu qəbul edən ölkələrdə mülkiyyətin çoxnövlülüyü və səmərəli iqtisadi əlaqələrin formalaşması kooperasiya münasibətlərinin yaranmasını zəruri edir. Başqa sözlə desək, istər bazar münasibətləri, davamlı inkişaf tələbləri kooperasiya münasibətlərinin formalaşdırılmasını zəruri edir. Hazırki iqtisadi şəraitdə insanların dünya görüşündə kooperasiya-qarşıya qoyulmuş birgə məqsədləri həyata keçirmək üçün iştirakçıların könüllü birləşməsi kimi qəbul edilir. Digər tərəfdən, iqtisadi ədəbiyyatlarda hər hansı iqtisadi fəaliyyət sahəsində insanların könüllülük əsasında baş verən əməkdaşlığı kooperasiya anlayışı ilə ifadə olunur.

İFA və kooperasiyanın inkişaf yolları

İqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, aqrar sahədə də birgə məqsədlərin həyata keçirilməsi, daha uğurlu nəticələrin əldə olunması ən mükəmməl səviyyədə öz həllini iştirakçıların səmərəli əməkdaşlığına və ayrı-ayrı təsərrüfat subyektlərinin resurslarının könüllü birləşdirilməsinə əsaslanan kooperasiya əlaqələrinin qurulması ilə tapır. Ona görə ki, kooperasiyaya əsaslanan iqtisadi inteqrasiya və əlaqələr aqrar sahədə məhsul istehsalı, tədarükü, emalı, saxlanması və istehlakçılara çatdırılması istiqamətində iqtisadi fəaliyyətin, sahədaxili bölmələrin bir-birinə yaxınlaşması, uzlaşdırılması, həmçinin bir-birinə istehsal və iqtisadi cəhətdən uyğunlaşması prosesidir. Ən əsası isə, bütün bunlar ayrı-ayrı subyektlərə torpaq, texnika və s.-dən birgə istifadəyə imkan verir ki, bu da nəticə etibarı ilə daha səmərəlidir. Aqrar sahədə kooperasiya əlaqələrinin formalaşdırılması zəruri bir prosesə çevrilmişdir. Bir sıra beynəlxalq təşkilatlar (BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu – İFA, Dünya Ərzaq Proqramı – WFP) tərəfindən də aqrar kooperativlərin kənd təsərrüfatının inkişafındakı rolu müsbət qiymətləndirilir. Bu təşkilatların 2012-ci ilin “Beynəlxalq kooperativlər ili” elan olunmasilə bağlı birgə hesabatında qeyd edilir ki, kənd təsərrüfatı kooperativlərinin kiçik aqrar istehsalçıların və sosial qrup hesab edilən gənclər və qadınların fəaliyyətinə dəstək istiqamətində mühim rolu vardır. Kooperativlər kiçik kənd təsərrüfatı məhsulları istehsalçılarına əhəmiyyətli dəstək olmaqla, onların müxtəlif növ xidmətlərə, resurslara, texnika və texnologiyalara, kreditlərə və tədarük mərkəzlərinə çıxış imkanlarını artırırlar. Baxmayaraq ki, dünyada koopertivlər inkişaf etmişdir və ümumi istehsal həcmində böyük paya malikdir, qlobal iqtisadi məkana sürətlə inteqrasiya olunan Azərbaycanda kooperasiya qurumlarının payı ümumi həcmdə kifayət qədər deyildir. Azərbaycanda kənd təsərrüfatı kooperasiyası ilə bağlı statistik hesabatlar bu sahədə vəziyyətin qənaətbəxş səviyyədə olmadığını əyani göstərir. Rəsmi statistik məlumatlara baxsaq ölkədə kooperativ mülkiyyətə əsaslanan kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci illə müqaisədə, 2015-ci ildə xeyli aşağı düşüb. Eyni zamanda, kənd təsərrüfatı kooperativlərinin fəaliyyətləri ilə bağlı müvafiq göstəricilər (istehsal, satış, işçi sayı) bazarda hiss olunacaq səviyyəyə çatmamışdır. Bununla yanaşı, xüsusilə aqrar sektorda kooperativlərin inkişaf potensialları və iqtisadi inkişaf templəri çox güclüdür.

Kooperasiyanın formalaşmasında büdcə-vergi siyasətinin rolu

Aqrar sahədə kooperativ münasibətlərin formalaşması bır sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Kooperasiya münasibətlərinin formalaşmasında dövlətin tənzimləyici funksiyası da ciddi əhəmiyyət kəsb edir. Təbii ki, burada tənzimləmə dedikdə, münasibətlərin cərəyan etdiyi sahədə dövlət tənzimlənməsi nəzərdə tutulur. Başqa sözlə desək, digər sahələrdə olduğu kimi aqrar sahədə də kooperasiya əlaqələrinin inkişafı, müvafiq olaraq dövlətin aqrar siyasətindən, bu sahədə həyata keçirilən tənzimləmədən çox asılıdır. Araşdırmalardan və inkişaf etmiş ölkələrin təcrübəsindən görünür ki, milli aqrar iqtisadiyyatın tənzimlənməsində dövlətin prioritet məqsədi aqrar bölmənin inkişafına hərtərəfli yardım etməkdən, kənd təsərrüfatı əmtəə istehsalçılarını daxili və xarici mənbələrdən formalaşan təhlükələrdən etibarlı şəkildə müdafiə etməkdən və yekun olaraq ölkə əhalisini ərzaq məhsulları ilə etibarlı və davamlı təmin etməkdən ibarətdir. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativlərinə kəndin mövcudluğunun başlıca şərti kimi baxılır və bu məqsədlə də dövlətin tənzimləmə mexanizmləri tətbiq edilir. Bu cür tənzimləmə ilk novbədə aqrar kooperativlərə hökumətin birbaşa büdcə dəstəyi vasitəsi ilə həyata kecirilir. Budcə dəstəyinin əsasən 3 forması tətbiq edilir:

1.Yüksək xərclərin (yanacağın, toxumun və s.) kompensasiyası.

2.Kənd təsərrüfatı məhsullarının istehsalına və satışına birbaşa dəstək (məsələn, subsidiyaların verilməsi).

3.Kooperativlər üçün vergi azadolmaları və kredit güzəştləri.

Ərzaq təhlükəsizliyi və bolluq düsturu

Bu ölkələrdə dövlət tərəfindən aqrar sahədə kooperasiyanın dinamik və səmərəli inkişafına yönəldilmiş tədbirlər son nəticədə əhalinin ərzaq məhsullarına olan təlabatının ödənilməsində mühim rol oynayır. Azərbaycanda da ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatını ödəmək üçün daxili istehsalı inkişaf etdirmək əsas problem kimi həmişə əsas prioritetlər sırasında olmuşdur. Problemin uğurlu həlli isə dünya təcrübəsində olduğu kimi, aqrar təsərrüfat subyektləri arasında səmərəli və dinamik kooperasiya əlaqələrinin qurulmasını tələb edir. Bununla yanaşı, tədqiqatlar belə fikir söyləməyə əsas verir ki, milli və regional proqramların hazırlanması və həyata keçirilməsi yolu ilə kooperativ mülkiyyətə dövlət dəstəyi gücləndirilə bilər. Bunun üçün isə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
a) kooperativ müəssisələrinin bütün növləri üzrə infrastrukturun formalaşdırılması;
b) kooperativlər tərəfindən öz üzvlərinə müvafiq istehsal vasitələrini alınarkən, bütün kənd təsərrüfatı əmtəə istehsalçıları üçün qüvvədə olan dotasiya və kompensasiyaların onlara da şamil edilməsi;

c) kooperativ təsərrüfat subyektlərinə müvafiq avadanlığın və texnikanın lizinq yolu ilə alınması üçün ilkin ödənişlərin aparılmasında güzəştlər edilməsi;

d) aqrotexservis, məhsulun tədarükü, emalı, saxlanması və satışı üzrə.

kooperativlərin inkişafı üçün güzəştli dövlət investisiya kreditlərinin ayrılması.

Dünya praktikasına söykənən araşdırmalar göstərir ki, aqrar sahədə kooperativ fəaliyyətin dövlət tənzimlənməsinin ən zəruri prinsiplərindən biri onun inkişafına dövlət yardımlarının göstərilməsi, bu fəaliyyətin  ubsidiyalaşdırılmasıdır. Bu isə kənd təsərrüfatı məhsullarının qiymətləri ilə istehsal vasitələrinin qiymətləri arasında paritetin saxlanılması, kənd təsərrüfatı sahəsində azad rəqabət mühitinin formalaşdırılmasına yönəldilmiş səmərəli antiinhisar tənzimlənməsi, bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin, o cümlədən istehsal və emal kooperativlərinin müasir texnika və texnologiyaya olan tələbatını təmin etmək, onlara investisiya və innovasiya cəhətdən yardımın göstərilməsi, yerli əmtəə istehsalçılarının xarici bazarların zərərli təsirlərindən qorunması məqsədi ilə iqtisadi yardım xarakterli stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və s. amillərlə əlaqədardır.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.