Arif Qasımov qanunsuz yollarla yığdığı sərvəti gizlətməyə çalışır – Nizaminin icra başçısı oğlunun yarım milyonluq avtomobillərini necə “yoxa” çıxarıb…

16 May, 2020, 10:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

Dövlət Təhlükəsizlik Xidmətinin icra hakimiyyətlərində, eləcə də rüşvət və korrupsiya bataqlığında boğulan digər dövlət idarələrində başlatdığı “əməliyyatlar serialı” davam etməkdədir. Xatırladaq ki, Ağstafa və Neftçala rayonlarından start verilən əməliyyatlar Biləsuvar, İmişli rayonlarının icra başçılarının, o cümlədən digər vəzifəli şəxslərin həbsi ilə davam etdirildi. Bunun ardınca isə Mədəniyyət Nazirliyində əməliyyat keçirildi və nazir müavinləri, yüksək səlahiyyətli şəxslər həbsə atıldı. Təbii ki, bu əməliyyatlar son deyil, əksinə, bu prosesin hələ başlanğıc nöqtəsində olduğu iddia edilir.

Xatırladaq ki, DTX hələ Ağstafa və Neftçalda əməliyyat həyata keçirəndə, etibarlı qaynaqlardan “Hürriyyət”ə daxil olan informasiyalar əsasında, Azərbaycanda daha bir neçə icra başçısının həbs olunacağı haqda məlumat vermişdik. Hətta müxtəlif rayonlarla yanaşı, paytaxtda da bəzi icra başçılarının vəzifələrindən azad olunacağı, bunlar arasında həbs təhlükəsi yüksək olanların mövcudluğu haqda da dəyərli oxucularımızı bilgiləndirmişdik.

Mötəbər mənbəyə istinadən onu da qeyd etmişdik ki, işdən çıxarılacaq icra başçılarından biri də Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. Məlumata əsasən, icra başçıların prezidentin “qara siyahı”sına düşməsinə əsas səbəb, korrupsiya və rüşvətxorluqla məşğul olmaları ilə yanaşı, onların 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ölkə rəhbərliyinin iradəsinə qarşı çıxması və bəzi hallarda rəhbərliyə yalan məlumat verməsidir. O cümlədən Arif Qasımovun seçki zamanı prezidentin tapşırıqlarına məhəl qoymadığı, bu prosesdən şəxsi və qrup maraqlarını təmin etmək üçün yararlandığı vurğulanırdı.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, həqiqətən də başçıları həbs olunan 4 rayonun hər birində parlament seçkiləri total saxtakarlıq şəraitində keçirilib. Hətta, məsələn, İmişli rayonunda seçkinin nəticəsinin bir neçə dəfə müxtəlif namizədlərin xeyrinə dəyişməsi oxucularımızın xatirindədir. Hansı ki, bu da, seçki prosesinə məhz kənardan müdaxilə nəticəsində baş vermişdi. Şübhəsiz, bu müdaxilə də, pfrezidentin iradəsinə zidd olmaqla yanaşı, icra başçılarının birbaşa iştirakı, yəni onlaru bu vəziyə təyin etdirən məmurların verdiyi tapşırıq əsasında həyata keçirilmişdi…

Mənbənin sözlərinə görə, paytaxt Bakıda keçiriləcək əməliyyatlar zamanı biz, cəmiyyət olaraq, daha dəhşətli faktların şahidi ola bilərik. Söhbət ondan gedir ki, Bakı rayonlarının başçıları rayonlara nisbətən daha çox rüşvət və korrupsiya bataqlığına batıb. Bu səbəbdən də, onların qanunsuz yollarla topladığı sərvətin həcminin həbs olunan icra başçılarının mal varlığından dəfələrlə, hətta on dəfələrlə artıq olduğu iddia edilir.

Üstəlik, bu icra başçıları da növbədənkənar parlament seçkilərində prezident İlham Əliyevin başlatdığı islahat xəttinə qarşı çıxaraq, kütləvi saxtakarlığa yol verib. Bu sahədə, xüsusilə Nizami rayonun icra başçısı Arif Qasımovun adı “qara hərflərlə” qeyd olunur. Mənbə deyir ki, A.Qasımov sırf şəxsi maraqları naminə SOCAR prezidenti Rövnəq Abdullayevin xalası qızı Sədaqət Vəliyevanı deputat seçdirmək üçün bütün qanunsuz yollardan istifadə edib. Hətta ölkə rəhbərliyinə də yalan məlumat verib ki, guya, Nizami rayonunda S.Vəliyevanın reytinqi digər namizədlərin hər birindən yüksəkdir. Halbuki, Sədaqət Vəliyeva seçicilərlə üz-üzə gəlməkdən çəkinərək, bir dəfə də onlarla görüşə cəhd etmədi. Bununla belə, icra başçısı bütün inzibati resursları səfərbər edərək, eləcə də seçkilərin total saxtalaşdırılmasına göstəriş verərək S.Vəliyevanı deputat seçdirdi…

Mənbə deyir ki, hansı qruplaşmanın üzvü və hansı məmura bağlı olmasından asılı olmayaraq, qanunsuz fəaliyyətlə məşğul olan icra başçıları tezliklə qanun qarşısında bir-bir cavab verməli olacaqlar. Onun sözlərinə görə, bu məsələdə prezidentin orataya ciddi iradə qoyduğunu bütün icra başçıları da yaxşı bilir. Bu səbəbdən də, onlar son zamanlar illərdir yığdıqları var-dövləti müxtəlif yollarla gizlətməyə, bununla guya, indiyə kimi “təmiz” işlədiklərini göstərməyə çalışırlar. Halbuki, hakimiyyət orqanlarında hər bir icra başçısı, eləcə də məmur haqqında  yetərli bilgi olduğu şübhəsizdir. Bu baxımdan, həç bir icra başçısının, eləcə də digər vəzifəli şəxsin öz qanunsuz əməllərinə görə qanun qarşısında cavab verəcəyi istisnasızdır.

Məlumata görə, Nizaminin icra başçısı Arif Qasımov öz sərvətini gizlədən başçılardan biridir. Məsələn, onun oğlunun adına olan, ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobili (dövlət nömrə nişanının yalnız “9” rəqəmlərindən ibarət olduğu bildirilir – müəl.) başqa şəxsin adına keçirdiyi haqda bilgilər var. Təbii ki, təkcə avtomobillər deyil, milyonlarla dollar dəyəri olan digər obyektlərin də müxtəlif şəxslərin adına rəsmiləşdirildiyi bildirilir. Bu haqda məlumat verən mənbə yaxın günlərdə A.Qasımovun gizlətdiyi və başqasının adına keçirdiyi bütün əmlaklarının siyahısını redaksiyamıza təqdim edəcəyini vurğuladı.

Xatırladaq ki, bir müddət əvvəl Nizaminin icra başçısının ölkədən qaçmağa hazırlaşdığı bildirilirdi. Belə ki, keçmiş icra başçısı, jurnalist Fərməz Novruzoğlu özünün “Feysbuk” səhifəsində yazırdı: “Bilirəm ki, DTK səhifəmi izləyir. Olsun, bu, onların işidi… Sayğıdəyər DTK, işverənlik kimi çıxmasın, gözünüzü dörd açın: Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğlu ölkədən qaçmağa hazırlaşır”.

F.Novruzoğılu daha sonra DTX-ya müraciət edərək, “Heyifdi o kasetlərə, nə qədər əziyyət çəkmisiniz. Biz izləyiciləri bu tamaşadan məhrum etməyin!”,– deyə əlavə edirdi.

“Hürriyyət”

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93