“Artıq Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlamaq lazımdır” – POLİTOLOQ

3

Ötən gecə paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiyanı bəziləri başqa istiqamətə yönəlməyə cəhd göstərib. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kiminsə sifarişi ilə puç edib.

“Həmin təxribatda hansı qüvvələrin marağının olmasını demək çətindi.”

Bunu Hurriyyet.org-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, dünən gecə baş vermiş aksiyada bir qurup insanın təxribata əl atdığını bildirib:

“Dünənki aksiyada gənclər öz fikirlərini bildirdilər. Çox fərəhləndirici başlamışdılar. Mən özüm də 1980-cı illərin sonunda tələbə hərəkatının üzvü olmuşam və küçə yürüşlərində iştirak etmişəm. Gənclik illərindən bilirəm ki, yürüşdə 2-3 nəfər təxribatçının olması kifayətdir ki, yürüşün məqsədi və istiqamətlərini dəyişdirməyə çalışsın. Dünən gecə də belə bir qurup təxribata əl atdı. Buna baxmayaraq düşünürəm ki, təxribatı nəzərə almasaq yürüşdə gənclər öz məqsədinə çatdı. Cəmiyyət müharibə tələblərini səsləndirdi. Həmin təxribatda hansı qüvvələrin marağının olmasını demək çətindi. Ola bilsin ki, orda olan bir-iki təxribatçının şüarları əsasında bu formalaşıbdır. Məndə olan məlumata görə, artıq insanlar məqsədinə çatandan sonra dağılışırmışlar. Sadecə orda bir qurup insan qalıb ki, təxribata əl atsın. Bu məsələnin daha çox şişirdilməsinin tərəfdarı deyiləm. Çalışmaq lazımdır ki, gələcəkdə belə hallar baş verməsin”.

Politoloq, Tovuzda baş verən hadisələrə də münasibətini bildirib. O, Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlamağın lazım olduğunu qeyd edib:

“Düşünürəm ki, Tovuzda olan hadisələri bitirib, Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlamaq lazımdır. Əlimizə də hazırda fürsət düşüb. Fikir verin, Tovuz istiqamətində ermənilərin bütün mövqeyini darmadağın edirik. Ermənilər aqressiv şəkildə Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatından onları müdafiə etməyini gözləyirlər. Həqiqətən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət sərhədinə təminat verilir. Amma Ermənistan işğalçı dövlət olduğuna görə, bu təminatı verə bilmir və buna görə də narahatdır. Əlimizə məqam düşüb, bütün istiqaməti Dağlıq Qarabağda anti-terror əməliyyatlarına yönəltmək lazımdır. Elə bir əməliyyat olmalıdır ki, ermənilər masa arxasında oturub, mərhələli həll planını qəbul etsin. Əslində 2016-cı ildə olan döyüşlərin də məqsədi bu idi. Uğurlar qazansaq da, müəyyən ölkələrin təhdidləriylə üzləşdik. Bu dəfə həmin səhvləri təkrar etməməliyik və prosesi artıq yekunlaşdırmalıyıq”.

Hurriyyet.org