Atatürk Azərbaycanı “satıb”?

25

Son dönəmlərdə bir sıra tarixçi alimlərimizin yarımçıq və tərəfli yanaşmaları ucbatından “ATATÜRK AZƏRBAYCANA XƏYANƏT ETDİMİ?” sualını cavablandırmağa çalışan, ancaq tarixi dəyərləndirmədən daha çox dar bucaqdan suçlamalardan ibarət fikirlər toplum arasında qismən də olsa özünə yer edə bilmişdir. Qəribə burasıdır ki, özünü yurdsevər, millətçi (türkçü) adlandıran bəzi ziyalılarımız da bu cür təməlsiz bir suçlamanın iştirakçısına çevrilmişdir.

Öncəliklə onu bildirək ki, hər hansı bir tarixi olayı dəyərləndirmək fikrinə düşən kəs olaya gətirən tarixi sürəci zəncirvari izləməli, vaxt və yer çərçivəsini düzgün bəlirləməli, həmçinin olayı formalaşdıran səbəblər toplusunu mənzərədən qaçırmamalıdır. Əgər bu şərtlərə əməl edilsəydi, indi heç kəs nə Mustafa Kamal paşanı, nə N.Nərimanovu, nə də Azərbaycan Xalq Cümhuriyəti öncüllərini… əsas məsələlərdə suçlamazdı…

Mustafa Kamal paşaya yönəlik “Azərbaycanı satdı” suçlamasına aydınlıq gətirmək üçün XI Qırmızı ordunun Azərbaycana yeridiyi 28 aprel 1920-ci il tarixinə qədər Atatürk Türkiyəsinin hansı durumda olduğunu diqqətə çatdırmaq gərəkdir.

Birinci Dünya Savaşından yenilmiş olaraq çıxan Osmanlı İmperatorluğu 30 oktyabr 1918-ci ildə təslimçi Mondros (Mudros) Barışını imzaladıqdan sonra yavaş-yavaş ölkə işğala məruz qalaraq bu iflas Sevr Anlaşması (10 avqust 1920) ilə təsdiqlənməyə doğru gedirdi: qalib Müttəfiq Dövlətlərin dəstəyi ilə yunan ordusu Türkiyənin batısını, fransız ordusu güneyini, ingilis ordusunun silahlı saldırmasından sonra isə onların kölgəsində ermənilər Doğu Anadolunu tutmuşdular, başqa sözlə, Ankara və onun çevrəsi ilə bərabər ölkənin bir qisim quru hissəsindən başqa hər yan işğal olunmuşdu.

KİLİKYA-ÇUXUROVA cəbhəsində durum:

İndiki Suriya ərazilərinə (o vaxtlar Osmanlı tabeçiliyində olan) köçürülmüş yüz minlərlə erməni Mudros Atəşkəsindən sonra öz əski yaşayış yerlərinə dönməyə başlamışdı.

Fransız ordusu mundirində Kilikiyada soyqırım törədərək savaşa qatılan ermənilər “Erməni Kilikiya Dövləti” yaratmaq niyyəti güdməyə başlamışdılar.  Bu məqsədlə onlar Seyhan və Ceyhan çayları arasında yerləşən bütün ərazini “muxtar” elan etdilər. Bu gülünc əməliyyatın təşəbbüsçüsü vaxtilə Sasun üsyanının təşkilatçısı olmuş, veteran-terrorçu Mixran Damacyan idi. Fransızlar onu yerinə oturtmaq istədikdə, o, niyyətində israr edərək, 5 avqust 1920-ci il tarixində bu ərazilərdə “Kilikiya Müstəqil Erməni Dövləti”ni elan etdi. Mixran Damacyan bir qrup fanat terrorçu soydaşı ilə Adanada Hakimiyyət Sarayını ələ aldı və sonra özünü “Fransız protektoratlığı (himayəsi) altında erməni hökmdarı” adlandırdı. İşə müdaxilə edən fransız komandan Damacyan və onun “hökumət”indən bu məzhəkəyə son qoymalarını qətiyyətlə tələb etdi. Çünki Fransanın müvəqqəti qələbəsini ermənilər mənimsəmək istəyirdilər. Məzhəkə qəti tələblərdən sonra yığışdırıldı. Ancaq fransızlar Kilikiyada erməni dövlətçiliyi məcarasının qarşısını tam ala bilmədilər

Bölgədə Fransa tərəfindən yaxşı silahlandırılmış ermənilərlə türklər arasında savaş sürməkdəydi. Nəhayət 1921-ci il dekabrın 1-də türklər Aralıq dənizi sahillərinə çataraq bu ərazilərdə öz suverenliklərini bərpa etdilər. Güney cəbhəsində müşkül həll olunsa da, Batı cəbhəsində savaş davam edirdi

BATI CƏBHƏSİNDƏKİ OLAYLAR: YUNAN-ERMƏNİ HÜCUMU

Ermənilərin köçürülməsi İstanbul və İzmir ermənilərinə şamil edilməmişdi. 1919-cu ilin yazında yunanların qərbdən qəfil hücumu zamanı  baş verən hadisələr göstərdi ki, İzmir erməniləri də köçürülsəydi daha məqsədəuyğun olardı. Çünki yunan hücumlarının ilk günlərində ermənilər türklərə qarşı qəddarlıqları ilə seçilirdilər. Vaşinqtondakı Konqres Kitabxanasında saxlanan Bristol Komissiyasının məruzəsində Müttəfiq Qüvvələrin zabitlərinin gözü qarşısında ermənilərin İstanbul və İzmir arasında yerləşən ərazilərdə, o cümlədən, Yalova və Gemlik ətrafında türklərə qarşı vəhşilikləri ifadə olunub. Bütün bu bölgə türklərdən “təmizlənmişdi” və yunan-erməni ağalığına meydan verən bir əraziyə dönüşdürülmüşdü. Sonralar Lozan Konfransında türk elçiləri bu hadisələri xatırlatmış, göstərilən faktlara heç kəsin etiraz etməyə cürəti çatmamışdır.

Yunanlar ən yeni silahlarla silahlanmış, Müttəfiq Dövlətlərdən güclü maddi dəstək alaraq türk qüvvələri üzərinə hücuma keçmiş, tezliklə yeni başkənd Ankara yaxınlığında yerləşən Aymanı məntəqəsinə çatmışdı. Hökumət təslim şərtini rədd edərək müvəqqəti olaraq Sivasa köçmüşdü… Nəhayət türklər Ankara divarlarından əks-hücuma başlayaraq düşmənin mövqelərinə doğru irəliləməyə başladılar. 12 günlük (21.08. – 02.09.1921.) döyüşlərdə türklər düşməni qərbə tərəf əhəmiyyətli məsafədə geri atmağa nail oldular.

13 iyun 1921-ci ildə yunan kralı Konstantin Anadoludakı qanlı müharibəni şəxsən izləmək üçün bölgəyə gəlmişdi…

2 sentyabr 1922-ci ildə Əskişəhər, bir həftə sonra Manisa türk qüvvələri tərəfindən geri qaytarıldı. Yunanlar geri çəkilərkən Manisa və İzmiri yandırmışdılar. İzmirdə 25000 tikili –şəhərin yarısı yanaraq yararsız hala düşmüşdü. Nəhayət 11 oktyabrda Müdanyada türklərin yunanlar üzərində qələbəsini təsbit edən sülh müqaviləsi imzalandı…

22 noyabrda isə Lozan danışıqları başladı…

DOĞU ANADOLUNUN VƏ CƏNUBİ-QƏRBİ QAFQAZIN QURTULUŞU

1920-ci ilin başlanğıcında «erməni məsələsi» daha təhlükəli həddə çatmışdı. Münaqişə dövlətləri türklər üçün erməni və gürcülərdən ibarət bir Qafqaz səddi yaratmışdılar. Məqsədləri Türk Ordusunu ağır qış şərtləri altında silahlarıyla birgə qarın altına gömmək və Osmanlı hökumətinə istədikləri anlaşmanı qəbul etdirmək idi.

Məbuslar Məclisi yeni toplamışdı. Mustafa Kamal paşa Qarabəkir paşanın azərilər və dağıstanlılarla anlaşaraq, bu səddi yıxmaq üçün həmən hərəkətə keçməsini istədi. Bir tərəfdən də işğalçı İngilis Ordusunun bölgədəki komandanı Ravlinson da belə bir hərəkat üçün Kazım Qarabəkir Paşanı təşviq etməkdəydi. Türk Ordusunu növbəti bir intihar dalğasına salmamaq üçün Kazım Qarabəkir paşa ilk baharın gəlişini gözləməyi qərara aldı və bu qərarını Mustafa Kamal paşaya çatdırdı.

23 aprel 1920-ci ildə Böyük Millət Məclisinin açılmasından sonra Qarabəkir paşa hərakat üçün zamanın yetişdiyi qənaətinə gəlmişdi… ancaq dövlət hələ qəti qərara gələ bilmirdi…

Nəhayət, Kazım Qarabəkir paşa özü təşəbbüsü qullanaraq, 12 iyun 1920-ci il tarixində 15-ci Qolordunu hərəkətə keçirdi. 14 iyunda Bakanlar Kurulu qərarıyla “Şərq Cəbhəsi” quruldu və onun komandanlığına Kazım Qarabəkir paşa təyin edildi.  (Rus qaynaqlarında 9 iyunda Kazım Qarabəkir paşanın komandanlığı altında Türk Ordusu Naxçıvana doğru hərəkət etdiyi də bildirilir.)

22 iyun tarixində Ankaradan “Hərəkat yapılmayacaqdır” deyə əmr gəldi. Səbəb də bu idi ki, Rusiyadan „Savaşa səbəbiyyət verməyin. Ermənilərlə sizi anlaşdıracağız” məzmunlu bir məktub gəlmişdi. Mustafa Kamal paşa hər ehtimala görə öncə barış variantını sınamaq istəyirdi. Ancaq nə Qərbə, nə Rusiyaya güvənməyən Kazım Qarabəkir paşa qurtuluşu millətin öz gücündə görürdü.

Doğu hərəkatı dayandırıldı. Rusiyaya bir heyət göndərildi, nəticə hasil olmadı. Ordu bütün yayı gərəksiz yerə gözlədildi. Başqa bir tərəfdən də ermənilər Sevr Andlaşmasını Münaqişə Dövlətləriylə birlikdə imzaladıqdan sonra daha təcavüzkar mövqe sərgiləməkdəydi.

Nəhayət, 20 oktyabrda Bakanlar Kurulundan hərəkata keçmək haqda əmr çıxdı.

Kazım Qarabəkir paşa 9-cu və 12-ci Tümənləri dərhal Sarıqamış istiqamətində hərəkətə keçirdi. 30 oktyabrda Qars geri alındı. Erməni hissələri dağınıq halda Gümrü səmtinə doğru, daha sonra İrəvanın 6 km-liyinə qədər qaçdılar. Beləliklə, dekabrın 2-də Gümrüdə barışıq imzalanaraq, nəticədə Ermənistan Türkiyənin satellitinə (yəni əlaltısına, tərəfdarına –X.İ.) çevrilirdi…

Məsələ tamamlanmamışdı-daha sonra Qarabəkir Paşanın qüvvələri işğal altında olan Ərdəhan, Artvin, Ahalkələk, Ahıska və Batumu da ildırımsürətli saldırmalarla geri qaytardı.

Nəhayət, 1921-ci il martın 16-da Sovet Rusiyası ilə Türkiyə arasında müqavilə imzalandı: Qars vilayəti və bəzi başqa rayonlar Türkiyənin yuridiksiyasında qaldı və Sovet Rusiyasının tələbi ilə Türk Ordusu Aleksandropolu (Gümrü –X.İ.) və Naxçıvan vilayətini tərk etdi.

13 oktyabr 1921-ci ildə Qarsda Türkiyə və Zaqafqaziya Respublikaları arasında sülh müqaviləsi imzalandı.

Göründüyü kimi, tarixi hadisələrə bütöv, gerçək mənzərəsi ilə,  zəruri zaman aralığından və məkan çərçivəsində baxıldıqda, aydın olur ki, Sovet Rusiyasının 1920-ci ilin aprelin 28-də Azərbaycanı işğal etdiyi durumda Türkiyə özü üç tərəfdən bir neçə dövlətin birgə işğalına məruz qalmış, dövlətçiliyi də tam iflas mərhələsindəydi. Özəlliklə də, Doğu Anadolunun işğalı sayəsində Azərbaycanın başkəndi ilə Osmanlını təqribən 1000 km-lik məsafə ayırırdı. Bu məsafəni işğal edə-edə gəlib rus ordusunu qarşısna çıxmaq mümkün deyildi. O səbəbdən ki, Atatürk özü heç Qarsa gələ bilmirdi, Azərbaycanı necə xilas edə bilərdi?! – Qars, İqdır, Ərdahan, Artvin, Kağızmanın da daxil olduğu Doğu Anadolu hələ 1920-ci ilin payızında azad ediləcəkdi hərbi əməliyyatlarla… Elə o dönəmdə də Türk ordusu Kazım Qarabəkir paşanın birlikləri tərəfindən Naxçıvanı 2-ci dəfə xilas edə bildi…

Deməli, Atatürkün Azərbaycana əsl münasisibətini bilmək üçün Qars müqaviləsinə və orada Naxçıvanın statusuna diqqət yetirmək gərəkdir. Bu, Türk ordusunun bir bölüyünün Qars müqaviləsi imzalananadək Naxçıvanda saxlanılması sayəsində mümkün olmuşdu…

Atatürkü ittiham etmək istəyənlərin bəhanəsi onun TBMM Rəisi olaraq Leninə ünvanladığı məktubla bağlıdır ki, orada Türkiyənin İmperiyalist Hökumətlər əleyhinə Sovet Rusiyasının 26 Aprel 1920-ci il hərəkatını dəstəklədiyi bildirilir və Türkiyəni 3 tərəfdən işğalla mühasirəyə alan İngiltərə və onun imperiyalist müttəfiqlərinin Türkiyə-Rusiya arasındakı Qafqaz – Doğu Anadolu bölgəsindən sıxışdırılıb çıxarılması haqda təkliflər yer alır. Burada Azərbaycanın sovetləşməsinə qeyri-iradi razılıq da bildirilir, ancaq nəzərə aldıqda ki, bu məktub aprelin 26-da yazılsa da, Leninə iyunun 3-də çatıb, deməli Rusiya Atatürkün razılığına görə yox, öncədən özünün planlaşdırdığı strategiyaya görə qərar verib. Əks halda Lenin Atatürkün məktubuna qədər gözləməli, hərəkatı başlatmamalı idi. Başqa sözlə, Atatürk qarşısını ala bilməyəcəyi bir soruna qarşı gec tarixlə, olay olduqdan sonra formal razılıq göstərib, ancaq bu formallıqdan, ölkəsi üçün arxa cəbhə sayılan Qafqazdakı Qərb imperializmini təmizləmək, həm də Doğu Anadoludakı əsgəri hərəkatı həyata keçirmək üçün Lenindən əsgəri hərəkat və maddi təminat əldə edərək, özü Türkiyənin doğusundan erməni-İngilis qüvvələrini süpürüb atmış, Naxçıvanı da azad edərək, Türkiyə və Azərbaycan üçün optimal çözüm sayıla biləcək Qars müqaviləsinə nail olmuşdur. I Dünya Savaşından sonra öz ölkəsini üçdə iki hissə işğal olunmuş şəkildə, o sıradan Yer kürəsinin şah damarları sayılan Aralıq və Qara dənizlər arasındakı boğazların itirildiyi bir şəraitdə təhvil alan bir Baş Komandandan bundan artıq nəsə ummaq ədalətsizlikdən başqa bir şey deyildir!!!

Xaqani İsmayıl, yazıçı-tarixi araşdırmaçı