Avropa Birliyindən Türkiyəyə sanksiya hədəsi – qardaş ölkənin iqtisadiyyatını nə gözləyir?

28

Avropa Birliyi (AB) Türkiyəni sanksiyalarla hədələyib. Bu barədə qurumun diplomatiya rəhbəri Jozep Borrel açıqlama verib. “Avropa Birliyində Türkiyənin addımları məyusluq doğurur. Ona görə, Şura qanunsuz qazma işlərinə görə Kipr hakimiyyətinin təklif etdiyi şəxsləri sanksiya siyahısına salmağı düşünür”.

O, Ankaranın Şərqi Aralıq dənizində Kipr və Yunanıstanla mübahisəli ərazidə qazma işləri aparmağı dayandırmayacağı təqdirdə 24 sentyabrda Avropa Birliyinin sammitində ona qarşı sanksiya tətbiq olunacağını vurğulayıb.

AB açıq şəkildə Şərqi Aralıq dənizindəki gərginlik aradan qalxmasa, yəni qardaş ölkə öz maraqlarından geri çəkilməsə, təzyiqlərə əl atacağını bəyan edir. Görünən odur ki, rəsmi Ankara geri çəkilməyəcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son açıqlamaları bunu deməyə əsas verir.  Çavuşoğlu deyib ki, Yunanıstanın mövqeyi ortada olduğu halda Afinanı dəstəkləmək AB-ni zəiflədir: “Bu gərginliyin AB və üzv ölkələrin bəzilərinin dəstəyinə baxmayaraq Yunanıstana faydası olmayacaq. AB-nin sanksiya dilini biz qəbul etmirik və doğru saymırıq. AB problemin deyil, həllin bir parçası olmalıdır”.

Bu sanksiyaların Türkiyə iqtisadiyyatına hansı təsirlərinin ola biləcəyi yönündə müxtəlif fikirlərə rast gəlirik. Bu istiqamətdə əsas suallardan biri də AB-nin rəsmi Ankaradan nə istəməsidir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov AB-nin Türkiyə ilə hesablaşacağını düşünür: “Şərqi Aralıq Dənizində münaqişəni Türkiyə yaratmayıb. Türkiyə sadəcə olaraq onun maraqları çərçivəsində olan sərhədlərdə Yunanıstan, İsrail və Yunan Kipri tərəfindən qaz yataqlarının işlənməsi və boru kəmərinin çəkilməsi işlərində bir tərəf kimi iştirakının təmin olunmasını istəyib, lakin buna rədd cavabı alıb. Bu gün Türkiyə bölgənin ən böyük güc sahibidir. Belə bir ölkənin qulağının dibində bu işləri görüb, onu görməzdən gəlməyin nəticəsi də bu cür olmalı idi. Türkiyə Liviyanın qanuni hökuməti ilə müvafiq müqavilə imzaladıqdan sonra Şərqi Aralıq Dənizi hövzəsində qaz yataqlarının qazıntısı işlərinə başladı. Liviya hökuməti ilə bağlanmış müqavilə Türkiyəyə bu addımı atmağa hüquqi əsas verir.

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək”

Fikrət Yusifov: “Türkiyəni bununla qorxutmaq mümkün olmayacaq”

Təbii ki, bütün bunlar və bütövlükdə güclü Türkiyə Avropa Birliyində və onun Türkiyəni heç vaxt sevməmiş Fransa kimi ölkələrində qıcıq yaradır. Ancaq Türkiyə bu addımla həmçinin ona qarşı zamanında edilmiş haqsızlıqların cavabını da vermiş olur. Türkiyə sərhədlərinin həndəvərində olan və zamanında Türkiyəyə aid olmuş bu adalar haqq-ədalət naminə Türkiyəyə aid olmalıdır. O ki qaldı AB-nin sanksiya hədələrinə, Türkiyəni bununla nə qorxutmaq, nə də çəkindirmək mümkün olacaq. Avropa Birliyinə daxil olan ölkələr bölgədə Türkiyə ilə hesablaşmaq zorunda qalacaqlar. Türkiyə Yunanıstan deyil”.

Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq

Elçin Mirzəbəyli: “Beynəlxalq hüquq Türkiyənin tərəfindədir”

Politoloq Elçin Mirzəbəyli: “Türkiyənin Şərqi Aralıq dənizindəki maraqlarından geri çəkilməsi mümkün deyil və beynəlxalq hüquq Türkiyənin tərəfindədir. Eyni zamanda, Avropa İttifaqının açıq və qapalı su hövzələrində zonaların müəyyənləşdirilməsi ilə bağlı səlahiyyəti yoxdur. Avropa Məhkəməsinin Sloveniya ilə Xorvatıstan arasında yaranmış oxşar problemlə bağlı qərarı var, bu qərarda Aİ-nin ərazi sularını, yaxud iqtisadi zonaları müəyyənləşdirmək kimi bir səlahiyyətinin olmadığı vurğulanır. Açıq və qapalı su hövzələri ilə bağlı problemlər BMT-nin 1982-ci ildə qəbul edilmiş Dəniz Hüququ haqqında Konvensiyası ilə tənzimlənir, Yunanıstanın iddiaları ilə yox. Avropa İttifaqının Türkiyəni sankisyalarla hədələməsi isə Yunanıstanla həmrəylik nümayiş etdirilməsi xarakteri daşıyır və siyasi təzyiq motivlidir. Amma belə bir qərarın qəbul ediləcəyi inandırıcı deyil. Avropa İttifaqında söz sahibi olan dövlətlər Yunanıstan kimi dotasiya ilə yaşayan, xərci borcunu ödəməyən bir ölkəyə görə Türkiyə ilə münasibətlərini dalana dirəməzlər. Şübhəsiz ki, onlar da beynəlxalq hüququn Türkiyənin tərəfində olduğunu bilirlər. Qənaətimə görə, NATO baş katibinin dialoq cəhdləri nəticə verəcək. Əks təqdirdə yaranmış vəziyyət NATO-nun özünü parçalanma təhlükəsi qarşısında qoya bilər ki, bu da ilk növbədə Avropa İttifaqının özü üçün ciddi problemlər yarada bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Türkiyə Avropa İttifaqının enerji təhlükəsizliyində də çox önəmli rolu olan bir dövlətdir. Bu baxımdan da münasibətləri kəskinləşdirə biləcək addımların atılacağı az inandırıcı görünür. Yunanıstanın təxribatçı hərəkətləri də, Avropa İttifaqının deyil, əks qütbün, vaxtilə Avropa İttifaqının enerji ilə təchizatında inhisarçı kimi çıxış edən ölkələrin maraqlarına xidmət edir. Bu baxımdan da Avropa İttifaqının strateji hədəflərinin müəyyənləşdirilməsində müstəsna rol oynayan ölkələrin daha soyuqqanlı davranacağını düşünürəm”.

“Yeni Müsavat”