Avropa Sosial Xartiyası və Azərbaycanda hüquqi normalar – LAYİHƏ

4

II Yazı

Azərbaycanda yoxsulluğun azaldılması strategiyasının əsas məqsədi investisiya siyasətini təşviq etməklə infrastrukturu inkişaf etdirmək və genişləndirmək, sosial sferanın bütün seqmentlərini müasir səviyyəyə qaldırmaqla əhalinin əksəriyyəti üçün layiqli həyat tərzi təmin etməkdir. Bu strateji vəzifənin həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Beləliklə də ölkəmizdə sosial dövlət siyasətinin bir sıra qanunverici əsasları gündəmə gətirildi.
Sosial ədalət konsepsiyasına bağlı önə sürülən bir çox qanunlar həm də Avropa Xartiyasının insan faktoruna söykənən hüquqi əsasları ilə tam şəkildə uzlaşdırıldı. Demək olar ki, Azərbaycan MDB üzrə bu sahədə ən öndə gedən dövlətlərdən biri kimi tanındı. Bu sahədə ilk dəfə olaraq yerli kadrların hazırlanması və onların beynəlxalq təcrübəyə əsaslanaraq quruculuq işlərinə cəlb olunması da xüsusi qeyd olunmalıdır.

Sağlamlıq və sahəsində reformlar

Son illərdə əhalinin sağlamlığının bazar iqtisadiyyatı şəraitində mühafizəsi üçün hüquqi-normativ bazanın yaradılması həyata keçirilir. Azərbaycan Respublikasında “Əhalinin sağlamlığının qorunması haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, əhalinin sağlamlığının qorunmasının aktual problemlərinə aid çoxsaylı normativ aktlar və milli proqramlar qəbul olunmuşdur, səhiyyə sistemində bəzi ixtisaslaşdırılmış tibbi xidmət növləri ödənişli əsaslarla təşkil olunmuş və səhiyyənin inkişaf etdirilməsi üçün xeyli digər işlər görülmüşdür.

Özəl səhiyyə sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası prezidentinin 1997-ci il 27 yanvar tarixli Fərmanı əsasında səhiyyə sistemində sahibkarlıq fəaliyyəti inkişaf etdirilmiş, əczaçılıq, tibbi və qeyri ənənəvi tibbi fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə (lisenziya) verilməsi sistemi tətbiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart 760 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında səhiyyə səhəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılmış və Komissiyanın 1999-cu il 25 sentyabr tarixli iclasında “Səhiyyə sisteminin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlara dair Baş Konsepsiya” qəbul edilmişdir.

Azərbaycanda səhiyyədə mərhələlərlə sahənin restrukturizasiyasını və hazırda tibbi yardımın təşkili və göstərilməsi üzrə islahatlar üzərində iş aparılır. Yalnız son illərdə 50-yə yaxın tibb müəssisəsi təsərrüfat hesabına və özünümaliyyələşdirməyə keçmişlər.

Əhaliyə pullu tibbi xidmətin göstərilməsi də fəal surətdə inkişaf edir. 1994-cü ildə tibbi pullu xidmət 536,2 milyon manat təşkil edirdisə, 2001-ci ildə 16 milyard manat səviyyəsinə qalxmış və ya 30 dəfə artmışdır.

Eyni zamanda əhalinin çox hissəsini təşkil edən – uşaqlar, qaçqın və məcburi köçkünlər, əlillər, pensiyaçılar və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər əhali kateqoriyaları tibb xidmətlərindən istifadəsinə görə ödənişdən azad olunmuşlar.

Təhsil sistemində yeni baxışlar

Sovet dövründə ümumi təhsilə və biliyə yiyələnmənin mümkünlüyü, bu səbəbdən hazırda əhalinin təhsilə münasibəti, ona üstünlük verən psixoloji istiqamətlənmənin formalaşması bu sahədə ənənələrin qorunub saxlanmasına imkan vermişdir. Belə ki, 2000-ci ildə 15 və daha yuxarı yaşlı əhali arasında təhsil səviyyəsi 98,8 faiz (kişilər arasında – 99,5 faiz, qadınlar arasında – 98,2 faiz), 2001-ci ildə isə bu göstərici 90,8 faiz təşkil etmişdir. Bununla yanaşı, orta və orta ixtisas təhsili ilə əhalinin 63,4 faizi, ali təhsillə – 10,8 faizi əhatə olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarına dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququ təmin edir. Lakin Azərbaycanda keçid dövrü və hərbi münaqişə təhsil sisteminə də öz mənfi təsirini göstərmişdir. Bu sistemdə yaranmış əsas problemlər təhsilin maliyyələşdirilməsi, müəllimlərin və şagirdlərin sayında yaranmış disproporsiyalarla bağlıdır.

Mövcud problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli Sərəncamına əsasən təhsil sistemində islahatlar üzrə Dövlət Komissiyası yaradılmış, 1999-cu il 15 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində islahat proqramı təsdiq edilmişdir.

Təhsil sisteminin islahatlar strategiyasında ölkədə bu sahə ilə bağlı genişmiqyaslı dəyişikliklər nəzərdə tutulur. Bu da BMT, UNISEF, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq təsisatların yardımı və bilavasitə iştirakı sayəsində aparılır.

Təhsil sistemi sosial infrastrukturun mühüm bir hissəsi kimi aparılan iqtisadi islahatların təsirinə məruz qalmasına baxmayaraq, qismən pullu xidmətlər göstərir. 1992-ci il 16 dekabr tarixdə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda fasiləsiz tədris sistemi praktikasını tətbiq etməklə yanaşı, qismən pullu təhsil almaq imkanı nəzərdə tutulur. Sistemin təkmiliəşdirilməsi məqsədi ilə “Təhsil haqqında” yeni qanun layihəsi hazırlanmış və Milli Məclisə təqdim olunmuşdur.

Ölkədə aparılan islahatlar nəticəsində dövlət və özəl təhsil sektorlarında hazırda 31 dövlət və 15 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Son illərdə özəl ali məktəblərdə təhsil alanların sayının artması müşahidə olunmasına baxmayaraq, dövlət sektorunun payı hələ də çoxluq təşkil edir.

Dövlət büdcəsinin xərclərində təhsil xərcləri 2000-ci ildə 909 milyard manat və ya 26 faiz təşkil etmişdir. Xüsusi çəki baxımından bu göstərici 2001-ci ildə saxlanılmış, lakin dövlət büdcəsi xərclərinin keçən ilin müvafiq dövrü ilə müqayisədə artması ilə əlaqədar təhsil xərclərində də artım proqnozlaşdırılmış və bunun müqabilində icra 22 milyard manat artaraq 931 milyard manat olmuşdur. 2002-ci ilin büdcəsində təhsilə nəzərdə tutulan vəsaitlərin payı müvafiq olaraq, 2000-ci ilin proqnoz göstəricilərinə nisbətən 13 faiz, 2001-ci ilə nisbətən isə 7 faiz artaraq 1082 milyard manat müəyyənləşdirilmişdir ki, bu da Ümumi Daxili Məhsulun 4,2 faizi deməkdir.

Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində təhsil sisteminin infrastrukturuna böyük ziyan dəymişdir. İşğal olunmuş ərazidə 616 ümumtəhsil orta məktəbi, 243 məktəbəqədər müəssisə, 11 texniki peşə məktəbi, 4 orta ixtisas təhsili müəssisəsi, bir ali təhsil müəssisəsi dağıdılıb məhv edilmişdir. Yalnız təhsil sisteminə 1 mlrd. 500 milyon ABŞ dolları həcmində ziyan dəymişdir. İşğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin şagird və tələbə kontingenti üçün təhsil imkanları məhdudlaşmışdır. Nəticədə ölkənin digər məktəbləri əlavə şagird qəbulu məcburiyətində qalmış, bir neçə məktəb və uşaq bağçası binalarında isə qaçqın və məcburi köçkünlər məskunlaşdırılmışdır.

Avropa Xartiyasının normaları əsasında qanunvericilik bazası

Ölkədə sosial yönümlü bazar iqtisadiyyatının yaradılması məqsədilə və əhalinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar 1993-cü ilin iyun ayından etibarən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı 30-dan artıq qanun qəbul olunmuş, müvafiq fərman və sərəncamlar imzalanmışdır.

Sosial sahədə qəbul olunmuş hər bir qanun inkişaf etmiş ölkələrin təcrübəsinə və beynəlxalq normalara əsaslanır. Eyni zamanda, ümumxalq referendumu yolu ilə 1995-ci ildə qəbul olunmuş Azərbaycanın ilk demokratik Konstitusiyasında əsas insan hüquq və azadlıqları təsbit olunmuş, hər bir vətəndaşa geniş əmək və sosial hüquqlar verilmiş, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulluq, iş yeri seçmək, nikah, əmək, təhsil, istirahət, sağlamlığın qorunması, birləşmək, azad sahibkarlıq hüququ verilmişdir.

Azərbaycan Respublikasının sosial qanunvericiliyi əsasən beynəlxalq hüquq normalarına, o cümlədən Avropa Sosial Xartiyasının normalarına uyğundur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.