“Azərbaycan həmsədrlərin dəyişdirilməsinə çalışmalıdır”

33

Elçin Mirzəbəyli: “Minsk Qrupu həmsədrləri onlara verilən mandatdan irəli gələn vəzifələrin icrası ilə məşğul olmayıblar, fəaliyyətsizlik göstəriblər”

Xaqani Cəfərli: “Yaxşı olar ki, Fransanın yerinə Böyük Britaniyanın vasitəçiliyinin təmin olunması istiqamətində işlər aparılsın”

Bugünlərdə “Əl-Cəzirə”yə müsahibə verən ölkə başçısı İlham Əliyev Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə toxunub. Belə ki, “Rusiya ABŞ və Fransa ilə birlikdə vasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib” deyən prezident prosesdə kifayət qədər yüksək səviyyədə koordinasiyanın olduğunu qeyd edib: “Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir. Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk Qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”.

“Qarabağ münaqişəsinin həllində də Astana formatı həlledici ola bilər”

Məsələyə təxminən, eyni mövqedən yanaşan türkiyəli politoloq Mehmet Perinçek isə modern.az-a açıqlamasında bildirib ki, Ermənistanın son təxribatları Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll edilə bilməməsindən qaynaqlanır. Onun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun cəhdlərinin artıq bir nəticə verməyəcəyi hər kəsə məlumdur. Bu səbəbdən də politoloq hesab edir ki, bundan sonra Cənubi Qafqazın sülh və əmin-amanlığı, eləcə də Azərbaycanın ərazi bütövlüyü Minsk Qrupuna həvalə edilə bilməz. Perinçekin fikrincə, indiki məqamda Türkiyə, Rusiya və İran arasındakı Astana danışıqları önəmli rol oynamaqdadır: “Ankara, Moskva və Tehran bir araya gəldikdə Qərb dövlətlərini dövriyyədən çıxarıb özləri problemin həllində önəmli rol oynaya bilirlər. Bunu Suriya münaqişəsinin həlli istiqamətində bu üçlüyün atdığı addımlardan və əldə olunan müsbət nəticələrdən də görmək mümkündür. Astana formatının bu mənada bütün bölgə münaqişələrinin, problemlərinin həllində önəmli rol oynaya biləcəyini düşünmək olar. Hətta Qarabağ münaqişəsinin həllində də Astana formatı həlledici ola bilər”. Politoloq onu da əlavə edib ki, münaqişəsinin ədalətli həllində ən ideal format da məhz budur.

“Makronun son absurd bəyanatlarından sonra ATƏT də, onun Minsk Qrupu da ölkəmizdə ən urvatsız, ən əhəmiyyətsiz, bəzən isə mahiyyətinə görə işğalçıyla bərabər tutulan bir missiya kimi qəbul edilir”

“Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi ekspert Elçin Mirzəbəyli də Minsk Qrupununu həmsədrlərinə Azərbaycanda bu üçlüyün nüfuz müvəkkillərindən başqa bir kimsənin etimad göstərmədiyini qeyd edib: “Xüsusilə də Fransa prezidenti Emmanuel Makronun son absurd bəyanatlarından sonra ATƏT də, onun Minsk Qrupu da ölkəmizdə ən urvatsız, ən əhəmiyyətsiz, bəzən isə mahiyyətinə görə işğalçıyla bərabər tutulan bir missiya kimi qəbul edilir. Əslində bu münasibət Azərbaycanın ictimai rəyində uzun illərdir ki, formalaşıb və Azərbaycan vətəndaşları bu illər ərzində ATƏT-in Minsk Qrupuna deyil, Azərbaycan hökumətinin ölkənin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunması, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişınin sülh danışıqlarıyla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə etimad bəsləyiblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə isə Azərbaycanda heç vaxt etimad olmayıb”.

“Bəs Minsk Qrupunun həmsədrləri bu illər ərzində status-kvonun qorunub saxlanılmasına xidmət edən boş və mənasız vasitəçilik missiyalarından başqa nə edə bilərdilər və bunu etməyiblər?” sualını cavablandıran siyasi ekspert bildirib ki, həmsədrlərin 15 bənddən ibarət mandatının yalnız 11-ci bəndində münaqişənin real həllinə müəyyən qədər təsir göstərə biləcək mexanizmlər yer alıb: “Mandatın təsdiqləndiyi 25 il ərzində isə bu bəndin yerinə yetirilməsi istiqamətində heç bir prinsipial addım atılmayıb və hətta buna cəhd də edilməyib. Beləliklə, ATƏT-in himayəsi altında Minsk konfransı (Minsk Qrupu) həmsədrlərinin mandatının 11-ci bəndində deyilir: “- ATƏT-in fəaliyyətdə olan sədri ilə məsləhətləşmələrdən sonra Minsk prosesinin gedişi, yerlərdəki vəziyyətin bütün aspektləri, müvafiq qətnamələrin yerinə yetirilməsi, həmçinin bu məqsədlə ATƏT-lə BMT arasındakı əməkdaşlığın vəziyyəti barədə BMT Təhlükəsizlik Şurası sədrinin məlumatlandırılması; – Zəruri olduğu təqdirdə və fəaliyyətdə olan sədrlə məsləhətləşmələrdən sonra, münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qəbul edə biləcəyi yeni qətnamələrlə bağlı mülahizə və təkliflərin BMT TŞ-yə təqdim edilməsi”. Göründüyü kimi, həmsədrlər mandatlarına uyğun olaraq, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz və tam azad edilməsi ilə bağlı müvafiq qətnamələrin yerinə yetirilməsinin vəziyyəti, işğalçının davranışları ilə bağlı BMT Təhlükəsizlik Şurasını məlumatlandırmalı, münaqişənin həllinə təsir göstərə biləcək yeni qətnamələrin qəbul edilməsi üçün BMT TŞ-yə mülahizə və təkliflərini təqdim etməliydilər. Bu isə o deməkdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək istəməyən Ermənistanın sülhə məcbur edilməsi, işğalçıya qarşı diplomatik, maliyyə və nəhayət, hərbi sanksiyaların tətbiqi üçün Minsk Qrupunun həmsədrləri təşəbbüsdə bulunmalı, öz təkliflərini BMT Təhlükəsizlik Şurasına təqdim etməliydilər. Amma etməyiblər. Yəni Minsk Qrupunun həmsədrləri ATƏT tərəfindən onlara verilən mandatdan irəli gələn vəzifələrin icrası ilə məşğul olmayıblar, fəaliyyətsizlik göstəriblər və təbii ki, belə olduğu təqdirdə onların fəaliyyətinə xitam verilməlidir”. Siyasi ekspertin fikrincə, Minsk Qrupunun həmsədrlərinin fəaliyyətlərinə xitam veriməsinin mexanizmləri bir o qədər də mürəkkəb deyil: “Yəni Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi müstəsna səlahiyyətlərə və veto hüququna sahib deyillər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunduqları kimi eyni qaydada da azad edilə bilərlər”.

“Biz elə vasitəçi tapmalıyıq ki, onlar həm regionda marağı olan, həm də burada sülhün yaranmasında maraqlı olan dövlətlər olsun”

Politoloq Xaqani Cəfərli isə “Hürriyyət”ə açıqlamasında bildirdi ki, bu cür münaqişələr iki formatda həll olunur: “Belə ki, münaqişə üzrə BMT-nin hansısa bir xüsusi təmsilçisi təyin olunur və onun hazırladığı hesabata əsasən müəyyən qərarlar verilir, ya da ATƏT formatında həll olunur. Minsk Qrupu isə ATƏT-in missiyası çərçivəsində yaradılıb. Bu səbəbdən də hesab edirəm ki, bunu dəyişmək gərək deyil. Sadəcə olaraq, Minsk Qrupunun tərkibi dəyişməlidir. Çünki bildiyiniz kimi, həmsədrlərdən biri bitərəfliyini itirib və açıq-aşkar münaqişə tərəflərindən birinin tərəfindən çıxış edir. Ona görə də bu format dəyişməlidir. Fikrimcə, Azərbaycan Fransanın Böyük Britaniya və ya Almaniya ilə əvəzlənməsinə çalışmalıdır. Çünki bu hər iki dövlət bitərəfliyi ilə seçilir. Yaxşı olar ki, Minsk Qrupunda Fransanın yerinə Böyük Britaniya olsun. Çünki o, həm də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Odur ki, Azərbaycan diplomatiyası bu istiqamətdən fəaliyyət göstərsə daha doğru olar”.

Politoloq hesab edir ki, Minsk Qrupunun yerinə hər hansısa qrumun yaradılması işləri çıxılmaz nöqtəyə apara bilər: “Çünki Minsk Qrupunun müəyyən qədər istiqamətləri də məlumdur. Bundan başqa, münaqişə ilə bağlı kifayət qədər məlumatlıdır. Dünyada da əsasən bu format tanınır. Ona görə də fikrimcə, Azərbaycan Minsk Qrupunda həmsədrlərin dəyişdirilməsinə çalışmalıdır. Hesab edirəm ki, ondan imtina edib, hansısa başqa bir qrumun yaradılmasına çalışmaq, effektli olmaz. Bildiyiniz kimi, Minsk Qrupunda təmsil olunan dövlətlər regionda və dünyada söz sahibi olan ölkələrdir. Bu səbəbdən də yaxşı olar ki, Fransanın yerinə Böyük Britaniyanın vasitəçiliyinin təmin olunması istiqamətində işlər aparılsın. Həmçinin, Minsk Qrupunun öz üzərinə daha çox öhdəliklər götürməsinə nail olmaq lazımdır. Odur ki, hazırda ən optimal yol budur. Məlumdur ki, bütün böyük dövlətlərin öz maraqları var. Onlar hakim rolunda deyil, vasitəçi rolunda çıxış edirlər. Bu halda, yəni vasitəçi rolunda çıxış edərkən onlar həm də öz maraqlarını təmin etməyə çalışırlar. Ona görə də biz elə vasitəçi tapmalıyıq ki, onlar həm regionda marağı olan, həm də burada sülhün yaranmasında maraqlı olan dövlətlər olsun. Əks halda, məsələ bir qədər də qəlizləşə bilər”.

Türkiyənin vasitəçilik missiyasında iştirakına gəlincə, Xaqani Cəfərli bildirdi ki, qardaş ölkə Minsk Qrupunun üzvlərindən biridir: “Sadəcə olaraq, Türkiyənin də həmsədr olmasına Ermənistan razı olmayacaq. Hətta Rusiya da Türkiyənin Minsk Qrupunun həmsədrliyinə razı olmaz. Odur ki, formatı daha da effektli etmək üzərində fəaliyyət göstərilsə daha doğru olar. Təbii ki, Türkiyə özünün mümkün diplomatik gücüylə Azərbaycana dəstək verəcək. Amma bir çox faktorlara görə Türkiyənin üzərinə daha çox yük qoyulması sonda həm bizim, həm də Türkiyənin əleyhinə işləyə bilər. Bu baxımdan, çox ciddi konfiqurasiyalar qurmağa, ciddi dəyişikliklər etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, Minsk Qrupunun fəallaşması üçün Fransanın həmsədrliyindən imtina edib, onun yerinə Böyük Britaniyanın təmsil olunmasına nail olmaq lazımdır. Bununla yanaşı, münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində ədalətli həlli məqsədiylə həmsədrlər qarşısında konkret vaxt qoymaq lazımdır”.

Vazeh BƏHRAMOĞLU