Azərbaycan hər an genişmiqyaslı hərbi əməliyyata başlaya bilər

54

Məhəmməd Əsədullazadə: “Rusiya Azərbaycan və Türkiyənin Qarabağla bağlı siyasətindən narahatdır və ona görə də Ermənistanı durmadan silahlandırır”

Ramil Məmmədli: “Münaqişə aktiv hərbi əməliyyatlar fazasına keçərsə, Azərbaycanın müttəfiqləri olan Türkiyə və Pakistan, o cümlədən Ermənistanın açıq müttəfiqi Rusiya prosesdə birbaşa deyil, dolayısıyla iştirak edə bilər”

“Azərbaycanda hər hansı bir ölkənin hərbi bazasının dislokasiya olunması zərərli tendensiyadır”

“Analiz etdikdə demək olar ki, Rusiyanın 1990-cı illərin əvvəllərindəki kimi hərbi əməliyyatlarda aktiv şəkildə iştirak edəcəyi görünmür. Əlbəttə, Moskva müəyyən təlimatçılarla münaqişədə Ermənistan tərəfinə dəstək verəcək. Buna da hibrid müharibə deyilir. Türkiyə və Pakistanın da Azərbaycanla bağlı eyni addımı atacağı görünür…”

Bugünlərdə mətbuatda yer alan informasiyaya görə, Rusiya İranın Norduz keçid məntəqəsindən işğalçı ölkə Ermənistana yenidən silah göndərib. Bu barədə İran mediasına istinadən yayılan məlumatda deyilir ki, Gürcüstan sərhədi bağlayıb, amma İran işğalçı ölkə üçün sərhədi açıb. Bu səbəbdən də Rusiya vasitəsilə göndərilən silah-sursat Ermənistana İranın vasitəçiliyi ilə çatdırılır. Qeyd edək ki, sözügedən xəbərdən bir müddət sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məsələ ilə bağlı açıqlama yayıb və deyilənlər təkzib olunub: “Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyil”.

Bunun ardınca, İranın ölkəmizə yeni təyin edilən səfiri Seyid Abbas Musəvi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyir. Səfirin onu da əlavə edib ki, İran münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazırdır. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə də söxügedən məsələyə toxunub və qeyd edib ki, İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istiqamətində heç bir sərhəd tanımır. İranın elə bu məqsədlə yüksək səviyyəli diplomatını səfir olaraq Azərbaycana göndərdiyini vurğulayan Xətibzadə İran, Türkiyə və Azərbaycan arasında üçtərəfli görüşün təşkil olunması ilə əlaqədar müzakirələrin aparıldığını da bildirib.

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, açıq şəkildə işğalçı Ermənistana dəstək nümayiş etdirir

Yeri gəlmişkən, “Sputik Ermənistan” nəşrinin yaydığı məlumata görə, bugünlərdə Ermənistan Rusiya hərbçiləri ilə birgə təlimlərə başlayıb. Qeyd olunur ki, Rusiyanın İrəvandakı “Erebuni” hava hərbi bazasının əməliyyat-taktiki aviasiya pilotları Ermənistan Müdafiə Nazirliyinin Su-25 və Su-30SM ekipajları ilə birlikdə təyyarələrin şərti olaraq alternativ aerodroma yenidən yerləşdirilməsini həyata keçiriblər: “Yüksəklikdə yerləşən Alagöz poliqonunda saatda 900 km sürətlə MiG-29 qırıcılarının pilotları süni düşmənin zirehli maşınlarını təqlid edən yerdəki hədəfləri məhv etmək üçün xüsusi uçuş tapşırıqları yerinə yetiriblər, hücumdan və döyüş təyyarələrindən yayınmaq üçün manevrlər ediblər. Ermənistan üzərindəki səmadakı hava döyüşündən sonra pilotlar Gümrüdəki aerodroma eniblər”.

Təlimlərə Cənub Hərbi Dairəsinin 1000 hərbçisi, qırıcı, ordu və pilotsuz təyyarələr də daxil olmaqla, 300-ə yaxın xüsusi texnika cəlb olunub.

Pilotsuz uçuş aparatları isə manevr və süni düşmənin mövqelərinin atəşə tutulması zamanı birləşmələrin hərəkətlərini izləyəcək. Bundan başqa, təlim zamanı hərbi qulluqçular gündüz və gecə nəqliyyat vasitələrini, zirehli maşınları idarə etmək, atıcı silahlardan, qumbaraatanlardan atəş açmaq, piyadaların döyüş maşınlarının silahlandırılması, tanklar, topçu və zenit raketləri üçün sınaq təlimləri yerinə yetirəcək. Məhz bu faktın özü bir daha təsdiqləyir ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, açıq şəkildə işğalçı Ermənistana dəstək nümayiş etdirir və bununla da qərəzli olduğunu bir daha təsdiqləyir.

Azərbaycan və Türkiyənin birgə təlimləri Rusiya ilə onun fortpostuna verilən cavabdır

Onu da nəzərinizə çatdıraq ki, Ermənistanın Rusiya ilə birgə təlimlərinə cavab olaraq, Naxçıvanda Azərbaycan və qardaş Türkiyənin quru qoşunları, o cümlədən hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib. Bununla bağlı ordu.az-da yer alan informasiyaya görə, Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay birgə təlimin Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrildiyini vurğulayıb: “Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu”.

General həmçinin, qeyd edib ki, müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil: “Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır”.

“Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri, regionda artan siyasi-hərbi üstünlüyü Tehranı da Azərbaycan əleyhinə yer almağa sövq edib”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, İranın Rusiyadan göndərilən hərbi yüklərin Ermənistana hava yolu ilə daşınmasını reallaşdırmaqla regionda işğalın davamlı olmasına şərait yaratdığını deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Tehran həmçinin, bu hərbi yüklərin daşınmasında bilavasitə iştirak edir: “Rusiya yüngül silahları hava nəqliyyatı, ağır hərbi nəqliyyat və zirehli texnikaları Xəzər dənizi və İran ərazisindən daşıyır. Rusiyanın Ermənistana İl 76 hərbi nəqliyyat təyyarəsi ilə göndərdiyi silah-sursatın daşınması davam edir. Xəzər dənizi vasitəsilə İrana, oradan da Ermənistana zirehli texnika və hərbi nəqliyyat vasitələri daşıyır. Gürcüstan tərəfinin Rusiyanın onun ərazisindən hərbi yüklərin daşınmasına icazə vermədiyi üçün Rusiya İran ərazisindən bunu reallaşdırır.

Göründüyü kimi, İran birbaşa Ermənistanın silahlanmasında iştirak edir, bu daşımaları öz nəqliyyat vasitələri ilə təmin edir.

İranın Rusiya ilə birgə Azərbaycana qarşı Ermənistanı silahlandırması, Tovuz hadisələrindən sonra daha da intensivləşib və burada Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri, regionda artan siyasi-hərbi üstünlüyü Tehranı da Azərbaycan əleyhinə yer almağa sövq edib. İran bilməlidir ki, regionda Türkiyənin fəaliyyəti Azərbaycanı bu kimi təxribatlardan, xüsusilə Ermənistanın Rusiyanın təhriki ilə baş verə biləcək qarşıdurmadan müdafiə etməkdir. İran bunları bilərək, özünün regional təhlükəsizliyinə heç bir təhdid olmasına baxmayaraq, Azərbaycan əleyhinə Ermənistan-Rusiya tamdemində yer alır”.

Politoloq hesab edir ki, İranın bu siyasəti birbaşa Azərbaycana qarşı düşmənçilikdir və dostluq, qonşuluq prinsiplərinin tapdanmasıdır: “Azərbaycan dəfələrlə qeyd edib ki, İrana qarşı ölkə ərazisindən istifadəyə icazə verməyəcək. Rəsmi Bakı İrana qarşı iqtisadi, siyasi və kəşfiyyat layihələrində yer almayacağını İran rəsmilərinin diqqətinə çatdırıb. Amma İran Azərbaycana qarşı öz ərazisindən hərbi təcavüzün davam etməsinə icazə verir və birbaşa öz nəqliyyat vasitələri ilə silahların daşınmasını həyata keçirir. Rusiya Azərbaycan və Türkiyənin Qarabağla bağlı siyasətindən narahatdır və ona görə də Ermənistanı durmadan silahlandırır. İran da burada yer alıb.

Düzdür, İran səfirliyi açıqlama yayaraq belə bir faktın olmadığını, bunu yazanların iki ölkə arasında əməkdaşlığa zərbə vurduğunu qeyd edib. İran səfirliyinə bildirmək istəyirəm ki, ortada şəkillər var və işğalçıya silah daşımaqla bu əməkdaşlığa zərbəni siz vurusuz. Bir neçə ay bundan əvvəl İrandan Qarabağa benzin daşınması video ilə üzə çıxdı. İran tərəfi real video görüntünü təkzib etdi. Göründüyü kimi, İran Azərbaycana qarşı işğalçıya dəstək verir. Buradakı səfirlik isə bizi ittiham edir. İttiham edilən tərəf varsa, o da İrandır”.

“Həm Azərbaycan, həm də Ermənistan tərəfi artıq anlayır ki, hərbi əməliyyatlar olmadan münaqişə həll olunmayacaq”

Mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə bildirdi ki, qoşunların təmas xəttində, yəni Azərbaycanla Ermənistan arasında hərbi vəziyyət olduqca gərgindir: “Demək olar ki, hər gün cəbhənin müəyyən istiqamətlərində atəşkəs rejimi pozulur. Təbii ki, mövcud vəziyyət Ermənistana sərf edir və buna görə də gərginliyi bu formada saxlamağa çalışır. Tovuz döyüşlərindən sonra Goranboyda Ermənistanın kəşfiyyat bölməsi tərəfindən bunabənzər hücum əməliyyatının baş verməsi məhz bundan qaynaqlanır.

Onu da qeyd etməliyəm ki, bu gərginlik Ermənistanın danışıqlardan yayınmasına hesablanıb. Çünki Ermənistanın mövcud hakimiyyəti bu yolla sülh danışıqlarının unutdurulmasına çalışır. Görünən odur ki, Azərbaycan tərəfi də artıq praktiki olaraq danışıqlardan imtina edib. Belə ki, rəsmi Bakı Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasının tələb edir və bundan sonra danışıqlara başlanılmasını istəyir. Bu baxımdan, mövcud vəziyyətdə genişmiqyaslı hərbi əməliyyatların başlanmamasına bir səbəb də qalmayıb.

Yəni artıq sülh danışıqları üçün bir forma yoxdur. 30 ilə yaxındır ki, aparılan danışıqlarda eyni vəziyyət hökm sürür. Bu səbəbdən də Azərbaycan bu formada danışıqların aparılmasını istəmir. Ona görə də həm Azərbaycan, həm də Ermənistan tərəfi artıq anlayır ki, hərbi əməliyyatlar olmadan münaqişə həll olunmayacaq”. Ermənistanın gücünü nümayiş etdirmək məqsədiylə davamlı olaraq Rusiya ilə hərbi təlimlər keçirdiyini vurğulayan Ramil Məmmədlinin sözlərinə görə, İrəvan bu yolla Moskva ilə müttəfiq olduğunu açıq şəkildə bəyan etməyə çalışır: “Halbuki, Nikol Paşinyan hakimiyyətə gələndə Serj Sarkisyan və Robert Koçaryan iqtidarını Rusiyaya xidmət etməkdə ittiham edirdi. Lakin indi Paşinyan özü Kremlə onlardan daha artıq xidmət göstərir”.

“Açıq demək lazımdır ki, Rusiya və Türkiyə Qarabağda üz-üzə gəlmək istəməyəcək”

Hərbi-siyasi icmalçı bu qənaətdədir ki, münaqişə aktiv hərbi əməliyyatlar fazasına keçərsə, bu zaman Azərbaycanın müttəfiqləri olan Türkiyə və Pakistan, o cümlədən Ermənistanın açıq müttəfiqi Rusiya prosesdə birbaşa deyil, dolayısıyla iştirak edə bilər: “Analiz etdikdə demək olar ki, Rusiyanın 1990-cı illərin əvvəllərindəki kimi hərbi əməliyyatlarda aktiv şəkildə iştirak edəcəyi görünmür. Əlbəttə, Moskva müəyyən təlimatçılarla münaqişədə Ermənistan tərəfinə dəstək verəcək. Buna da hibrid müharibə deyilir. Türkiyə və Pakistanın da Azərbaycanla bağlı eyni addımı atacağı görünür. Çünki Türkiyənin açıq şəkildə Azərbaycan ordusu ilə çiyin-çiyinə hərbi əməliyyatlara qatılacağına inanmıram. Əslində, Türkiyənin tərəf olaraq Rusiya ilə qarşılaşması Azərbaycanın da xeyrinə olmaz.

Amma Azərbaycan ordusunun döyüş bacarığının gücləndirilməsi, daha da təkmilləşdirilməsi baxımından, Türkiyə ilə davamlı təlimlərin bu formada keçirilməsi uyğundur.

Yəni, açıq demək lazımdır ki, Rusiya və Türkiyə Qarabağda üz-üzə gəlmək istəməyəcək. Təəssüf edirəm, bəzən yanıdığımız ictimai, siyasi şəxslər çox pafoslu fikirlər səsləndirirlər ki, Türkiyə ordusu gələcək və bizim üçün torpaqlarımızı azad edəcək. İndi 1918-ci il deyil. Yəni hazırda bu cür addım atmaq mümkün deyil. O zaman şərait və şərtlər tamam fərqli idi. Eyni zamanda, Rusiya da həmin formada Ermənistan üçün döyüşən deyil. Odur ki, əgər münaqişə aktiv hərbi əməliyyatlar fazasına keçərsə, burda biz döyüşəcəyik. Belə ki, ordumuz öz döyüş bacarığını artıq açıq meydanda göstərə biləcək”.

“Mətbuatda da tez-tez belə fikirlər səsləndirilir ki, Türkiyə ordusunun hərbi bazasının Azərbaycanda yerləşdirilməsinin əleyhinə çıxış edənlər Rusiyaya xidmət edən adamlardır. Təbii ki, bu sözü o məqsədlə deyən adamlar da var, amma…”

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi bazasının dislokasiya olunması ilə bağlı məsələyə gəlincə, ekspert hesab edir ki, bu, ölkənin hərbi-siyasi və siyasi manevr imkanları məhdudlaşdıra bilər: “Azərbaycanda hər hansı bir ölkənin hərbi bazasının dislokasiya olunması, yerləşdirilməsi zərərli tendensiyadır. Ola bilər ki, bu fikirlərimə görə, məni qınasınlar. Çünki mətbuatda da tez-tez belə fikirlər səsləndirilir ki, Türkiyə ordusunun hərbi bazasının Azərbaycanda yerləşdirilməsinin əleyhinə çıxış edənlər Rusiyaya xidmət edən adamlardır. Təbii ki, o məqsədlə bu sözü deyən adamlar da var. Amma mən başqa cür düşünürəm və təpədən dırnağacan Vətənimə, millətimə bağlı adamam. Bu səbəbdən də mənim üçün Azərbaycanın maraqları hər şeydən daha üstündür. Bu gün ola bilər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında yaxşı, mehriban, səmimi dostluq münasibətləri var.

Amma illər keçəcək və Türkiyədə hakimiyyətə gələcək şəxsin Azərbaycana hansı formada baxacağına heç kim zəmanət verə bilməz. Necə ki, Turqut Özalla Süleyman Dəmirəl dönəmində Azərbaycana hərbi yardımla bağlı ikili fikirlər vardı və biz 1992-93-cü illərdə onun əziyyətini çəkdik, eyni tipli adamlar yenidən Yetkiyədə hakimiyyətə gələ bilərlər. Bu zaman isə artıq Azərbaycanın siyasi manevr imkanları məhdudlaşdırıla bilər. Yəni ərazisində digər dövlətin hərbi bazası olan ölkənin hərbi-siyasi və siyasi manevr imkanları məhdudlaşdırılır. Məsələn, Ermənistan cəmiyyəti nə qədər də Qərbpərəst olsa da, açıq şəkildə Qərblə inteqrasiya edə, iri layihələr həyata keçirə bilmirlər. Çünki Rusiyanın hərbi bazası orda mövcuddur.

Bu baxımdan, Azərbaycanın müstəqilliyini məhdudlaşdıra biləcək istənilən addım yolverilməzdir. Digər tərəfdən, bu, ölkəmizin beynəlxalq imicinə də mənfi təsir göstərə bilər”. Azərbaycanla Türkiyə arasında 1994-cü ilin fevral ayında hərbi və təhlükəsizliklə bağlı strateji sazişin imzalandığını qeyd edən hərbi-siyasi icmalçı bildirdi ki, 1921-ci il Qars müqaviləsində yer alan müddəalar da həmin sazişə əlavə olunub: “Bundan başqa, prezident İlham Əliyev və parlament 2010-cu ildə yenidən həmin müqaviləni təsdiqləyib. Ümumiyyətlə, bizim ikitərəfli çox ciddi hərbi, hərbi sənaye sahəsində əməkdaşlığımız mövcuddur, ordularımız davamlı təlimlər keçirir.

Odur ki, hər iki ölkənin ordusunun hərbi qulluqçuları bir-biri ilə rahat şəkildə döyüş meydanında hərbi əməliyyat apara bilər. Hazırda Naxçıvanda Türkiyə və Azərbaycan ordusunun birgə hərbi təlimləri davam edir. Yəni bu mənada, iki ölkə arasında münasibətlərin bu formada, qardaşlıq səviyyəsində qalmasını istəyiriksə, o zaman hər ölkənin ordusu öz ərazisində xidmət aparsa daha yaxşı olar”.

Vazeh BƏHRAMOĞLU