Azərbaycan ikinci cəbhəni açmalıdır – Artıq bu hüququmuz doğmuşdur

37

Rəsmi Bakı Gəncə, Xızı, Naftalan və Mingəçevir kimi yaşayış massivlərinin Ermənistan ərazisindən atılan raketlər tərəfindən vurulduğunu iddia etsə də, İrəvan bunu yalanlamağa çalışır.

Ciddi fakt qarşısında qalan ermənilər bu hücumların məsuliyyətini qondarma “DQR”-nin “prezidenti” Araik Harutyunyanın üzərinə qoymaq istəyir və ölkələrarası savaşın günahını boyunlarından atırlar. Məqsəd aydındır: Azərbaycanı cavab atəşi məcburiyyətində qoyaraq, Rusiyanı bu proseslərə cəlb etmək. Bunun üçünsə hücumun özləri tərəfindən başlanmadığını sübuta yetirməlidirlər. Azərbaycana raket zərbəsinin məsuliyyətinin Araik Harutyunyan tərəfindən üstlənməsi də onlara ilk baxışda bu haqqı qazandırır.

Təsadüfi deyil ki, bu “səmimi etiraf”dan sonra İrəvan rəsmiləri rəsmi Bakını “boş-boş” dezinformasiya yaymağa və əlində fakt varsa ortaya qoymağa çağırırdılar. Azərbaycan Müdafiə Nazirliyi də İrəvanın bu “xahiş”ini yerinə yetirib. Nazirlik həmin hücumun peyk görüntülərini ortaya qoymaqla faktiki Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladığını təsdiqləyib. Artıq Azərbaycan ordusunun ölkə vətəndaşlarının həyati təhlükəsizliyini əsas gətirib üzərimizə raket yağdıran erməni bazalarını nəzarət altına almaq hüququ doğmaqdadır. Savaşı başladan tərəfin Ermənistan olması Rusiyanın KTMT Nizamnaməsinə istinad edərək müttəfiqinə hərbi yardım göstərməsinə də imkan vermir. Azərbaycan bu faktları dünya birliyinin diqqətinə təqdim etməli və öz üzərinə düşən vəzifəni həyata keçirməlidir.

Təqdim olunan video-faktda da təsdiqləndiyi kimi, düşmənin Azərbaycanı Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisindəki hərbi bazalarından atəşə tutması və İrandan Dağlıq Qarabağa hərbi sursatların daşınması faktları təcavüzkar qonşumuza qarşı ikinci cəbhə açmağımızı şərtləndirir.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatını və video-faktını təqdim edirik.

Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

Ovqat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.

“Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.

Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir.

Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir”, nazirlikdən bildirilib.

Raketlərin Ermənistan ərazisindən buraxıldığını təsdiq edən video təqdim olunur.