Azərbaycan neftinin ucuzlaşması makroiqtisadi göstəricilərimiz üçün təhlükə yaradırmı?

17

Rəşad Həsənov: “Bazarda qiymətə təsir göstərən əsas faktor ABŞ-da neft ehtiyyatlarının artması, OPEK formatı çərçivəsində razılaşdırılmış gündəlik hasilatın azaldılmasıyla bağlı qərarın başa çatmasıdır”

Pərviz Heydərov: “Neftin bazar qiymətində Azərbaycanı çox pis vəziyyətə sala biləcək enişi gözləmirəm”

Ötən həftə ərzində dünya bazarında “Azeri Light” (CIF) markalı neftin orta qiyməti 1,82 ABŞ dolları və ya 4,31 faiz azalıb. Maraqlıdır, görəsən neftin qiymətinin dünya bazarında getdikcə ucuzlaşması dövlət büdcəmiz və makroiqtisadi göstəricilərimiz üçün təhlükə yaradırmı? Özü də indiki həssas məqamda. Belə ki, sosial istiqamətdə maliyyələşdirmə xeyli dərəcədə genişləndirilib, cari ildə əlavə addımlar atmaq nəzərdə tutulur, üstəlik, 2020-ci ilin dövlət büdcəsi indiyədək olmayan qədər böyük həcmdədir. Gəlirlərin əsasını neftin satışından əldə olunan pullar təşkil etdiyindən, nələrsə yarımçıq saxlanıla və yaxud qayçılana bilərmi?

Mövzuyla bağlı müraciət etdiyimiz iqtisadçı-ekspert Rəşad Həsənov “Hürriyyət”ə açıqlamasında neftin ucuzlaşmasının səbəbini Səudiyyə Ərəbistanının Şərq ölkələrinə daha ucuz qiymətə neft təklifinə başlamasıyla əlaqləndirdi: “Faktiki olaraq, dünya bazarında Azərbaycan nefti deyəndə, “Brend” markalı neftin qiyməti də ucuzlaşır. Trendə uyğun olaraq, Azərbaycan neftinin qiyməti də ucuzlaşmaqdadır. Azərbaycan neftin qiymətinin formalaşmasında heç bir rol oynaya bilmir.

Çünki bazarda ən kiçik təchizatlardan biridir. Hazırda bazarda qiymətə təsir göstərən əsas faktor ABŞ-da neft ehtiyyatlarının artması, qazılan quyuların sayında artım müşahidə olunması və OPEK formatı çərçivəsində razılaşdırılmış gündəlik hasilatın azaldılmasıyla bağlı qərarın başa çatmasıdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının Şərq ölkələrinə daha ucuz qiymətə neft təklifinə başlaması da ciddi faktorlardandır”.

Onun sözlərinə görə, pandemiyayla əlaqədar, ikinci dalğa ehtimallarının daha da güclənməsi kimi məsələlər də neftin ucuzlaşmasının əsas səbəblərindəndir: “İkinci dalğanın olacağı təqdirdə həm qlobal iqtisadiyyatla, həm də enerji resurslarına tələbatla bağlı proqnozlar daha dərinləşdirilir. Bu şərtlər daxilində bazar iştirakçıları qərarlar qəbul edir. Proses böyük ehtimalla, müəyyən qədər davam edəcək. Qiymətin növbəti üç ay üçün 40 dolların üzərində olacağını demək olar. Sadəcə, müəyyən dövrlərdə, ola bilsin ki, 35 dollara qədər ucuzlaşsın. Bundan sonra yenidən bahalaşaraq, 45 dollar ətrafında müəyyən bir dinamika nümayiş etdirsin. Növbəti aylarda isə aylıq orta qiymət 40 dollar üzərində olacağı gözlənilir”.

Digər iqtisaçı ekspert Pərviz Heydərov isə Azərbaycan neftinin ucuzlaşmasının davam edəcəyi təqdirdə, ölkə iqtisadiyyatına kəskin təsirlərinin olacağını və makroiqtisadi göstəricilərin sıradan çıxmaqla müşahidə ediləcəyini qeyd etdi: “Bu, dünya bazarında gedən proseslərlə əlaqədardır.

Yəni ki, bu il ərzində bu sahədə cərəyan edən proseslərə diqqət etsək, qiymətlərin aprel ayının əvvəlində aşağı düşdüyünü müşahidə etdik. Hansı ki, həmin qiymət səviyyəsi uzun müddət davam etsəydi, Azərbaycan kimi dövlətlərin iqtisadiyyatına kəskin təsirləri ola bilərdi. Hətta, makroiqtisadi göstəricilər sıradan çıxa bilərdi. Ümumidaxili məhsul istehsalında da azalma müşahidə oluna bilərdi. Yaxşı ki, aprel ayının əvvəlində neftin qiyməti 20 dollar səviyyəsində qalmadı. Bunun da səbəbləri var idi. Səudiyyə Ərəbistanı ilə Rusiya arasında anlaşılmazlıqlar yaranmışdı. Onlar bir daha aprel ayının əvvəlində bir araya gəldi. Nəticədə hasilatın azaldılmasıyla bağlı ortaq razılaşma əldə etdilər. May ayında isə qiymət 30 dollardan yuxarı oldu. Bu da bizi baş verəcək iqtisadi təhlükələrdən sığortaladı. Amma neftin bazar qiymətinin hansı səviyyəyə düşə biləcəyi məsələsinə gəldik də isə onun qabaqcadan proqnozunu vermək mümkün deyil. Bununla artıq neçənci dəfədir ki, OPEK ölkələri başçıları bildirir ki, neftin qiymətinin kəskin enməsinə məhz neft ölkələri yol verməyəcək. Bu səbəbdən, neftin bazar qiymətində Azərbaycanı çox pis vəziyyətə sala biləcək qiymət enişini gözləmirəm”.

Yeri gəlmişkən, maliyyə naziri Samir Şərifov çıxışlarının birində təşvişə ehtiyac olmadığını bildirib. Belə ki, “Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq”,- deyə, nazir vurğulayıb.

YƏHYA