“Azərbaycan öz torpaqlarını təkbaşına azad edəcək” – FAZİL MUSTAFA

11

“Türkiyə-Azərbaycan təlimlərinin bu qədər şişirdilməsi və başqa ölkələrin mətbuatında xüsusi bir təhlükə başlığı altında göstərilməsi tamamilə yanlışdır”.

Bunu Hurriyyet.org-a Böyük Qurtuluş Partiasının sədri, Millət vəkili Fazil Mustafa bildirib. O, Pakistanla da belə bir təlimlər keçirillməsiylə bağlı təklifin verildiyini qeyd edib: “Türk ordusunun Naxçıvanda olan təlimləri üçüncü ölkəyə qarşı yönənəlməyən və ənənəvi Azərbaycanla bağlanan hərbi əməkdaşlıq haqqında olan müqaviləyə əsaslanan təlimlərdir. Bu baxımdan, təlimlərin bu qədər şişirdilməsi və başqa ölkələrin mətbuatında xüsusi bir təhlükə başlığı altında göstərilməsi tamamilə yanlışdır. Eyni zamanda, Türkiyənin Naxçıvanla özəl bir münasibəti var. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə təminat verən ölkələrdən biridir. Bu baxımdan da Azərbaycan hakimiyyətinin Naxçıvanla bağlı münasibətləri əlahiddə münasibətdir. Bunun qorunması da tarixi zərurətdir. Bu cür təlimlərlə bağlı Azərbaycanın özü də Türkiyədə iştirak edib. Bu da ənənəvi təlimlərdən biridir və davam edəcək. Hətta biz təklif eləmişik ki, Pakistanla da belə bir təlimlər keçirilsin. Bunun da hər hansısa bir şəkildə başqa ölkələrə yönəlik təhdid və yaxud da narahatlıq doğuracaq bir istiqaməti yoxdur. Bu təlimlərin davamlı bir proses olduğunu qeyd etmək istəyirəm”.

Bəs Naxçıvanda keçirilən Türkiyə-Azərbaycan təlimləri Ermənistana hansısa formada bir xəbərdarlıq ola bilərmi?

Millət vəkili Azərbaycanın öz torpaqlarını təkbaşına azad edəcəyini və Azərbaycanın öz ordusu olduğunu qeyd edib: “Xeyr, bunun Ermənistana heç bir aidiyyatı yoxdur. Təbii ki, Türkiyənin Azərbaycana dəstək verməsi mənəvi cəhətdən bizim üçün çox önəmlidir. Azərbaycan öz torpaqlarını Türkiyə ilə birlikdə azad etməyəcək. Azərbaycanın öz ordusu var. Özü torpaqlarını azad edəcək. Türkiyənin dəstəyini də yüksək qiymətləndiririk. Təcrübə və hərbi-təlim baxımından Azərbaycana dəstəyi danılmazdır. Cəmiyyətdə yanlış fikir yaranıb ki, sanki, Türkiyə ordusu bizim əvəzimizdən döyüşməyə gəlib. Biz əvəzimizdən heç kim döyüşməyəcək və belə bir fikri də yaymaq doğru deyil. Özümüz torpağımız üçün döyüşüb qaytaracayıq. Cəmiyyətdə sanki, bizi “qorxağıq”, “gücümüz” çatmır kimi fikirlər formalaşır. Təbii ki, gücümüz də var, özümüz problemimizi həll edəcəyik. Qardaş ölkənin də öz problemləri var. Onlar da öz problemləriylə məşğuldur. Türkiyənin mənəvi dəstəyi də yüksəkdir”.

Hurriyyet.org