Azərbaycan və Türk diaspor təşkilatlarının vahid konsepsiyası

11

Etiraf etmək gərəkdir ki, 2007-ci ilə qədər Avropa və dünyanın digər dövlətlərində türk və Azərbaycan diaspor təşkilatlarının vahid konsepsiya ilə ortaq fəaliyyətləri pərakəndə xarakter daşımışdır. 8 mart 2007-ci il tarixdə ilk dəfə olaraq Bakıda “Park INN” mehmanxanasında “Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu” keçirildi. Bu forumda demək olar ki, ABŞ, Kanada, Avstraliya, Almaniya, Belçika, Hollandiya, Fransa, Avstriya, Finlandiya, Polşa, İsveç, İsveçrə, İngiltərə, Norveç, İrlandiya, Danimarka, Macarstan, Çex və digər dpvlətlərdən çoxsaylı diaspor təşkilatlarının rəhbərləri maraqlı təkliflərlə çıxış etdilər. Bir çox konsepsiya ilə çıxışlar gündəmə gətirdilər.

Türk-Azərbaycan diaspor təşkilatlarının forumunun strateji hədəfləri

Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda dünyanın 48 ölkəsindən ümumilikdə 513 nəfər iştirak edib. Onlardan 173 nəfəri Azərbaycan, 150-dən çoxu türk diaspor təşkilatlarının rəhbərləri olubdur. Foruma eyni zamanda xarici ölkələrdən 170-dək qonaq dəvət olunmuşdur.
Amerika Türk Dərnəkləri Federasiyası, Avropa Azərbaycanlıları Konqresi, Amerika-Azərbaycan Cəmiyyəti, Amerika Türk Assosiasiyaları Assambleyası, “Vəhdət” Azərbaycan Cəmiyyəti (Litva), Makedoniya Türk İcması, Kanada Azərbaycanlıları Federasiyası, Lüksemburq-Azərbaycan Cəmiyyəti, Hyüston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Macar-Azərbaycan Dostluq Cəmiyyəti, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyəti, İsveç-Türkmən İnsan Haqları Federasiyası, Balkan Türkləri Cəmiyyəti, Türk Avropa Mərkəzi Şurası, Ukrayna Azərbaycanlıları Konqresi və digər təşkilatlar bir çox strateji xarakterli məsələləri gündəmə gətirdilər. Beləliklə tarixdə ilk dəfə olaraq, Azərbaycan və türk diaspor təşkilatlarının vahid konsepsiya ilə addım atması istiqamətində qərarlar qəbul edildi.

Bu forumda bir millət, iki dövlət olan Azərbaycan və Türk xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə söykənən qardaşlığı əsrlərin ağır sınaqlarından uğurla çıxaraq, müasir dövrümüzdə yeni ictimai-siyasi əhəmiyyət kəsb etməkdədir. Dostluq, qarşılıqlı əməkdaşlıq üzərində köklənən bu münasibətlərin fəlsəfəsi öz mənbəyini qədim, bəşər sivilizasiyasına layiqli töhfələr verən vahid və təkrarolunmaz etno-mədəni xəzinədən götürüdüklərini elan etdilər:
˗ Azərbaycan xalqının və türk xalqının ortaq mədəniyyətə, tarixə, vahid etnik mənşəyə malik olduğunu;
˗ Xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik qardaşlıq ənənələrinin mövcudluğunu;
˗ Müasir şəraitdə Azərbaycan xalqının və türk xalqının ortaq milli maraqlarını, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərini;
˗ Qloballaşma prosesi kontekstində türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi zərurətini;
˗ Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi aktlardan irəli gələn öhdəlikləri;
˗ Regionun ictimai-siyasi və iqtisadi həyatında Azərbaycan Respublikasının və Türkiyə Respublikasının aparıcı rolunu;
˗ Regionda sülh və təhlükəsizliyə qarşı yönəldilmiş təhdidlərə qarşı birgə mübarizənin vacibliyini;
˗ Azərbaycan və Türkiyə dövlətlərinin strateji inkişafında oxşar prioritet istiqamətləri;
˗ Dövlətlərimizin və xalqlarımızın qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətlərini;
˗ Dünyada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər kontekstində xarici ölkələrdəki Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın inkişafının vacibliyini;
˗ 2006-cı ilin mart ayında Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuş Azərbaycan və Türk diaspor təşkilatlarına müraciətdən irəli gələn vəzifələri;
˗ 2006-cı il iyun ayının 7-də Türkiyə Respublikasının Antalya şəhərində imzalanmış «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nın hazırlanmasına dair Razılıq Protokolunun müddəalarını əsas rəsmi hüquqi sənəd kimi qəbul etdilər.

Ortaq maraqlar və hədəflərin təməli necə qoyuldu?

Ortaq maraqlar naminə gələcəkdə də birgə fəaliyyətin genişləndirilməsi zərurətini nəzərə alaraq, 2006-cı ilin iyun ayının 7-də Türkiyənin Antalya şəhərində yaradılmış İşçi qrupun təqdim etdiyi layihə əsasında «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nı bəyənir və təsdiq edirlər.
1. Qloballaşma şəraitində ortaq strateji mənafelər və onların təminatı zamanın çətin imtahanlarında möhkəmlənən qardaşlıq telləri XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında münasibətlərin məzmununu müəyyənləşdirərək, hər iki xalqın istiqlaliyyətə qovuşmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqı 1918-ci ildə onun azadlıq mücadiləsinə qoşularaq canlarından keçmiş yüzlərlə türk şəhidinin xatirəsini daim uca tutur və fədakarlığını böyük ehtiramla yad edir. Eyni zamanda, 1915-ci il Çanaqqala döyüşlərində iştirak etmiş azərbaycanlı könüllülərin göstərdiyi şücaət də türk xalqının yaddaşında silinməz iz buraxmışdır. XX əsrin sonlarında dünyada gedən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasındakı münasibətlər yeni məzmun kəsb etməyə başlamışdır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını alqışlayan ilk dövlət də məhz Türkiyə Respublikası olmuşdur. Müstəqilliyin möhkəmləndirilməsi və iqtisadi gücünün artırılması və beynəlxalq aləmlə siyasi əlaqələrin qurulması üçün etibarlı tərafdaşların dəstəyinə böyük ehtiyac duyulurdu və Azərbaycan ən çətin günlərində belə bir dəstəyi Türkiyədən almışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında münasibətlər daha uğurla inkişaf etməyə başlamışdır. Tarixi yaxınlığa, din və dil birliyinə əsaslanan əlaqələr eyni zamanda müasir siyasi və iqtisadi reallıqlar nəzərə alınmaqla möhkəmlənməkdədir. Azərbaycan və Türkiyə yalnız etnik, mədəni, mənəvi deyil, həm də siyasi və iqtisadi baxımdan etibarlı

müttəfiqdirlər. Regionu əhatə edən mühüm layihələrdə bu iki dövlətin birgə iştirak etməsi, eyni zamanda, beynəlxalq müstəvidə əlaqələrin gücləndirilməsi Bakı ilə Ankara arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu söyləməyə əsas verir. Əlbəttə, bu əlaqələr birdən-birə yaranmamışdır. Azərbaycan-Türkiyə

münasibətlərinin bugünkü səviyyəsi hər iki qardaş xalqın tarixi mənafelərini və siyasi iradəsini ifadə edir. Qarşılıqlı milli maraqlar, ortaq iqtisadi layihələrin perspektivləri, bir sıra sahələrdə birgə fəaliyyət zərurəti Azərbaycan və Türkiyəni ayrılmaz tarixi və strateji müttəfiqlərə çevirmişdir. Azərbaycan mərhum president Heydər Əliyevin «Biz bir millət, iki dövlətik!» və ulu öndər Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!» kəlamları dövlətlərimiz arasında münasibətlərin

mahiyyətini özündə əks etdirir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətindəki haqlı mübarizəsini keçmişdə olduğu kimi gələcəkdə də dəstəkləməyə davam edəcəkdir.

 

Forumun strateji gələcək hədəflərinin nəticələri

Məşhur 2007-ci il Forumundan sonra, hər il “Xocalı Faciəsi”nin dünyada tanıdılması,
“31 Mart Azərbaycanlıların Soyqırım Günü” və ermənilər tərəfindən xalqımıza qarşı digər törədilmiş soyqırımlar və Azərbaycan Respublikasının tarixi ərazilərinin işğalı, ermənilərin törətdikləri digər qanunsuz fəaliyyətləri Azərbaycan və türk diasporları vahid komanda şəklində dünyanın diqqətinə çatdırdılar. Bəşəriyyətin inkişaf etmiş ölkələrinin xalqları ilə ötən illər ərzində zəruri tədbirləri həyata keçirdilər. İnkişaf etmiş dövlətlərin prezidentlərinə, parlamentlərinə, universitetlərinə, siyasi partiyalarına və  beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərinin çatdıılmasında çox böyük uğurlar əldə olundu. 1990-2007-ci illərdən fərqli olaraq, 2007-2020-ci illər arasında demək olar ki, beynəlxalq Azərbaycanın xeyrinə çox böyük dəyişikliklər olubdur. Bunun əsas səbəblərindən biri də Türkiyə və Azərbaycan dövlətlərinin diaspor məsələsində milli hədəfləri uzlaşdırmaq, ortaq maraqlar çərçivəsində hərəkət etmək, həm də ancaq və ancaq həqiqəti dünyaya çatdırmaq olmuşdur. Xüsusilə BMT, Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq qurumların qərargahları qarşısında ötən illərdə keçirilən çoxsaylı aksiyalar demək olar ki, artıq özünün effektiv təsirlərini göstərməkdədir. Bu addımlar eyni zamanda Avropanın ən mərkəzi şəhərlərində keçirilən aksiyalar həm də yerli cəmiyyətlərin maarifləndirilməsi baxımından müstəsna rol oynamışdır.
12 iyul 2020-ci il tarixdə Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonuna qarşı yeni hərbi təcavüzü siyasətinin iflasa uğraması məhz 2007-ci ildən məqsədli şəkildə ortaya qoyulan konseptual yanaşım sayəsində mümkün oldu. Bu prosesin daha da inkişaf etdirilməsi üçün son günlər Azərbaycan-Türkiyə münasibətlərinin hərbi-strateji baxımdan süərtlə irəliləməsi yönündə imzalanan bir sıra sənədlər artıq Ermənistanın işğalçılıq siyasətinin yaxın müddətdə tamamilə iflasa uğraması üçün atılacaq mühüm addımlardan biridir.

“Hürriyyət”