“Azərbaycanda “beşinci kolon” krematik dövrünü yaşayır” – PARTİYA SƏDRİ

21 May, 2020, 14:09
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bədrəddin Quliyev: “Ölkəmizdə xarici qüvvələrin maraqlarına xidmət edən qüvvələrin meydan sulamasına qətiyyən imkan vermək olmaz”

“Türk Dövlətləri Birliyi çərçivəsində mövqelərimizi gücləndirə bilsək, bu işğal siyasətinə də son qoyulacaq…”

“Azərbaycanı ilk gündən dövlət olaraq “həzm” edə bilməyən Tehran rejimi beynəlxalq birlik tərəfindən blokadaya alınıb. Dünyada baş verən iqtisadi böhranların sayəsində Rusiya daxili gücünü qorumaq üçün baş sındırır…”

Son aylar Azərbaycanda baş verən proseslərdə “beşinci kalon” mövzusu həm iqtidar, həm də müxlaifət düşərgəsində ən çox müzakirə mövzularından birinə çevrilib. Bu həqiqəti dilə gətirmək nə qədər cəsarət tələb etsə də, çoxları “beşinci kalon”u təmsil edənlərin kimlərdən ibarət olması, ölkəmizə qarşı apardıqları siyasət çamurunun nə qədər iyrənc olması barəsində detalları ilə danışmağın qarşılığında sadəcə “dumanlı” şəkildə bəzi eyhamları vurmaqdan kənara çıxmırlar. O da bəllidir ki, “beşinci kalon”u təmsil edənlərin güclər xarici dövlətlərin maraqları çərçivəsində hərəkət edərək Azərbaycanı bir ölkə olaraq diz çökdürmək missiyasını daşıyırlar. Bu barədə uzun müddətdir həyəcan təbili çalan və ədliyyə nazirliyində yenicə qeydiyyata alınmış CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyevin fikirlərini öyrənməyə çalışdıq.

– Bədrəddin bəy, əvvəla partiyanızın ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınması münasibətilə sizi təbrik edirik. Deyəsən, bu məsələdə çox uzun yol keçdiniz.şş

– Bizim partiya on il bundan öncə yaradılıb. Təsis qurultayımıza ölkənin bütün siyasi tablosunu təmsil edən partiyaları dəvət etmişdik. Biz partiyamızın nizamnaməsi və məranaməsini bütün siyasi partiyalara və vətəndaş cəmiyyəti təşkilatlarına təqdim etdik. Partiyamızın başlıca məqsədi milli dövlət quruculuğunda hər kəsin vətəndaş mövqeyini ortaya qoymasından ibarətdir. Yəni, iki yüz illik fasilədən sonra, bu dəfə dövlətçiliyimizə sahib çıxmaq, tarixi ərazilərimizi işğaldan azad etmək, regional və beynəlxalq miqyasda Azərbaycanın demokratik ənənələrinə uyğun şəkildə inkişafının düsturunu hüquqi müstəvidə həll etməyi bir hədəf olaraq görürük.

– Bəs partiyanızın qeydiyyata alınmasında nə kimi problemlər yaşadınız?

– Bu gün prezident səviyyəsində elan edilən, dövlətimizin inkişafına mane olan, adı çəkilən həmin “beşinci kalon” Azərbaycan dövlətçiliyinə qarşı olduğu üçün, ölkəmizi canı qədər sevən, bu yolda şüurlu həyatını sərf edən insanların, siyasi və ictimai təşkilatların fəaliyyətinə mane olan şəbəkənin çöküşü, iflası tarixi zərurət kimi meydana gəlməkdədir. Bizlər bundan qürur duyuruq. “Beşinci kalon” təfəkkürünə qarşı biz 1988-cu ildən mübarizə aparırıq. Bu istiqamətdə təbliğatlar aparmışıq. Partiyamızı yaradanda antidövlət siyasətinin yanında yer alanlara qarşı mübarizə aparıcağımızı əqidə dostlarımızla elan etdik. Ona görə də indi “beşinci kalon”nun iflasa uğraması, milli dövlət siyasətini uzun illərdir müdafiə edənlər üçün yaşıl işıq yanıbdır. Bu işğın sayəsində partiyamız qeydiyyata alındı.

– İqtidarda olan “beşinci kolon” təfəkkürünə malik məmurlar faktiki olaraq küncə sıxışdırılıb. Hətta onların uzun illərdir tutduqları müxtəlif ranqlı vəzifələrdən uzaqlaşdırılır. Bəs müxalifətdə olan, açıq və dolayı yolla “beşinci kolon” missiyasını həyata keçirən güclərin aqibəti necə olacaq?

– Bu məsələdə süni şəkildə özlərini Azərbaycanın milli demokratik qüvvələrinin ana və beyin mərkəzi adlandıran “Milli Şura”nın video görüntülü tədbirlərini seyr etdik. Açığını deyim ki, bu, bizi çox üzdü. Çünki, orada təmsil olunan siyasi palitranın nəyə  xidmət etdiyi, onların arxa baxçasının nədən ibarət olması dövlətçiliyimiz üçün çox təhlükəli məqamlarla müşahidə olunur. Çünki, bu qurumda Qərb, Rusiya, İran və başqa xarici dövlətlərin siyasi- ideoloji baxımdan təsiri altında olanlar üstünlük təşkil edirlər. Ölkəmizdə xarici qüvvələrin maraqları, onları qrant layihələri və sair şərtləri ilə təmsil edən qüvvələrin meydan sulamasına qətiyyən imkan vermək olmaz. Əxlaq hər şeydən üstün olmalıdır. Siyasi əxlaq sadəcə bir fərdin və ya təşkilatın deyil, həm də cəmiyyətin ali dəyərinə çevrilməlidir. Biz bunu “Milli Şura”nın video toplantısında görmədik.

– Son günlər Milli Şuradan qopmalar başlayıb. Bunu nə ilə izah edərdiniz? 

– Uzun illərdir hakimiyyətdə müxtəlif vəzifələri məngirləşmiş və “beşinci kalon”a aid olan məmurların bu gün tutduqları vəzifələrdən uzaqlaşdırılması ilə paralel olaraq, onların müxalifətdə yerləşdirdikləri kadrları da məcburi şəkildə istefa vermək zorunda qalıblar. Çünki, vəzifədə olan və “beşinci kolon”a aid məmurlar artıq onlara maliyyə dəstəyi verə bilmirlər.

– Sizin fikrinizcə, bütün bunlar ölkəmizdə öz müsbət həllini tapacaqmı?

– Unutmaq olmaz ki, beynəlxalq güclərin maraqları çərçivəsində Azərbaycana qarşı təsir imkanları əldə etmiş çevrələrin fəlaiyyət dairəsi artıq daralmağa başlayıb. Çünki, yeni dünya düzənində artıq milli dövlətlər modeli daha çox cəlbedici, həm də siyasi və iqtisadi baxımdan dəyərli sayılır. Bu, dövlətlərin daxili və ya xarici avtoritarizmi ilə deyil, inkişafla bağlı yeni düsturudur. Faktiki olaraq, hansı dövlətdə “beşinci kolon”a bağlı güclər varsa, onlar sadəcə siyasi mənada deyil, eyni zamanda terrorizm, süni şəkildə idarəolunan silahlı münaqişələr, narkotik maddələrin tranziti, insan orqanları üzrə transplatasiya və silah alveri, etnik və dini müstəvidə münaqişələri yaratmaqla öz hakimiyyətlərini qorumaq kimi proseslər də mövcuddur. Buna misal olaraq adını İran İslam Respublikası qoymuş Tehran rejimini göstərmək olar. Bu rejim Yaxın Şərqdə Suriya, İraq, Oman, Yəmən, Əfqanıstan, Pakistan, Tacikstan, Livan və başqa ölkələrdə özünə bağlı “beşinci kalon” siyasətini qurub. Onları din və məzhəb pərdəsi altında idarə etməklə etnik, dini məzhəb münaqişələrinə cəlb edib. Beləliklə, narkotik maddələrin, silahların və digər vasitələrin tranziti sayəsində ildə milyardlarla dollar qazanc əldə edir. Ona görə də həmin ölkələrdə diktatura rejimləri hökm sürür. 1939-1975-ci illərdə “beşinci kalon” ideyası ilə diktator Fransisko Franko İspaniyanı idarə edib. Milli dövlət siyasəti harada varsa, “beşinci kolon” siyasətinə orada yer yoxdur.

– Bəs ölkəmizdə nədən bu prosesə indi start verilib?

– Unutmaq olmaz ki, bəzən hansısa problemin həlli üçün illər tələb olunur. Bu gün Azərbaycanda nəsillərin dəyişməsi prosesi başlayıb. 1991-ci ildən üz bu yana neçə nəsillər dəyişib. Onların çoxu müstəqil dövlət düşüncəsi mühitində yetişiblər. Yəni başqa bir dövlətin metropoliyasının içində formalaşmayıblar. Psixoloji baxımdan bu, Azərbaycanın sərvəti deməkdir. Ona görə də bizim partiyamız gənclərə və xüsusilə yeni nəslə üstünlük verir. Hakimiyyətdəki nəsillərin dəyişməsi prosesi təbii olaraq, müxalifətin də redaktə olunmasına böyük ehtiyac yaradıb.

– Sizin fikrinizcə, müxalifətin yenilənməsi necə baş verəcək?

– 1918-ci ildə müstəqil Azərbaycan dövlətini ilk gündən devirmək üçün Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Qəzənfər Musabəyov, Səməd Ağamalıoğlu, Qasım İsmayılov, Mirbəşir Qasımov kimiləri Bolşevik Rusiyasının əlaltısı kimi milli xəyanət yolunu tutmuşdular. Onlar “Milli Şura” yaradaraq Azərbaycanı “Muğan”, “Bakı”, “Car”, “Şirvan” və sair adlar altında cırtdan dövlətlərə bölmək istəyirdilər. Onlar Qarabağ, İrəvan, Naxçıvan, Gəncəbasar və Borçalıda ermənilərin soyqırım siyasətinə həm siyasi, həm də silahlı yardımlar edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin məğlub olmasının əsas səbəblərindən biri də budur. Bu gün onların mənəvi varisləri olan güclər həmin missiyanı həyata keçirmək istəyirlər. Ona görə də müxalifət milli dövlət konsepsiyasına əsaslanaraq proqramlarını və konsepsiyalarını ortaya qoymalıdır. Bu dövlətin inkişaf düsturu sadəcə iqtidarın üzərinə atılmamalıdır. Bizlər də bu prosesə qatılaraq, proqramlarımızı irəli süməliyik. Sədri olduğumuz  CXP-nin konsepsiyası Türk Dövlətləri ailəsi çərçivəsində Azərbaycanın inkişafı yoludur. İngiltərə, ABŞ, Kanada, Avstraliya və Yeni Zenlandiya mahiyyətcə ingilislərə məxsus dövlətlərdir. Müxətlif qütblərdə yerləşsələr də, bu dövlətlərin xarakteri ingilis dəyəri ilə uzlaşıbdır. Almaniya “Transilvaniya” modeli çərçivəsində dünyanın güc mərkəzlərindən biridir. Fransanın “Franko” dövlət modeli ilə dünya gücünə çevrilmişdir. Türk Dövlətləri heç bir xalqın və dövlətin ərazisini işğal etmədən özlərinin təbii coğrafiyasına malikdirlər. Bu ailəyə üzv dövlətlərin bir araya gəlməsi, iç, regional və beynəlxalq məsələlərdə üzləşdikləri bütün problemlərin həlli deməkdir. Ona görə də “beşinci kplon”u təmsil edənlərə qarşı milli qınaqla yanaşı, həm də ictimai-siyasi baxımdan xəyanətlərinin mahiyyətini cəmiyyətə aşılamalıyıq.

– Daha nə kimi təklifləriniz var?  

–Unutmaq olmaz ki, indi Azərbaycan tamamilə fərqli məcrada inkişaf edir. Artıq bizə qarşı istənilən xarici təsir vasitələri istədiklərini həyata keçirə bilmirlər. Öncələr İrəvan, Göyçə, Dağ Borçalı, Zəngəzur, Dərələyəz və başqa ərazilərimizi işğal etmək və ilhaq siyasətini rəsmiləşdirmək kimi siyasətlər yürüdülürdüsə, bu gün Azərbaycan xalqı və dövləti bu antimilli siyasətə qarşı birgə mübarizə aparırlar. Qarabağ 29 ildir işğal altında olsa da, ona beynəlxalq miqyasda rəsmi status veriıməsi havadan asılı qalıb. Türk Dövlətləri Birliyi çərçivəsində mövqelərimizi gücləndirə bilsək, bu işğal siyasətinə də son qoyulacaq. Onsuz da Azərbaycanı ilk gündən dövlət olaraq “həzm” edə bilməyən Tehran rejimi beynəlxalq birlik tərəfindən blokadaya alınıb. Dünyada baş verən iqtisadi böhranların sayəsində Rusiya daxili gücünü qorumaq üçün baş sındırır. Avropa Birliyi, Avropa Şurası, eləcə də BMT kimi beynəlxalq təşkilatlar istənilən səviyyədə söz sahibinə çevrilə bilmirlər. Dünyanın özü böhranların aradan qaldırılmasının optimal yollarını arayır. Bizim yeganə nicatımız milli dövlət dəyərləri çərçivəsində problemlərimizi hamılıqla bir yerdə həll etməkdən keçir.

Söhbətləşdi: RƏŞAD, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93