Azərbaycanda daha 122 nəfər koronavirusa yoluxdu

10

Dünən son vaxtlarda ilk dəfə olaraq ölüm halı qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, dünən COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 42 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 091 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 180 min 271 test aparılıb. Dünənki test sayı isə 3 551-dir.

Daha 52 şagirddə koronavirus aşkarlanıb

Bu arada, Təhsil Nazirliyi də orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, 2 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 52 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 15-dir.

Daha 10 məktəb də distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə 10 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

“Epidemik vəziyyət gərginləşməkdədir”

Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artan tendensiyada davam edərək epidemik vəziyyəti gərginləşdirməkdədir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.

Koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərlə epidemik vəziyyətin gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü olaraq qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci il 12 oktyabr tarixindən başlayaraq bir ay müddətində həyata keçiriləcəkdir.

Ölkəmizə gətirilən Abbott Biologicals şirkəti tərəfindən Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. ÜDS təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Bu peyvəndin dozallanmasında və aseptik şəraitdə vurulmasında ən uyğun qablaşdırmadır. 6 aydan başlayaraq uşaqlara da vurula bilər.

Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.

Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçiriləcək.

KƏNAN