Azərbaycanda köhnə avtomobillər necə yenilənə bilər?

9

Ekspert hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmağı təklif edir

Bu gün Azərbaycanda avtomobil parkının təqribən 55-60 faizini köhnə avtomobillər, yəni istismar müddəti 15 il və ondan çox olan avtomobilər təşkil edir. Bunu “Trend”ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, köhnə avtomobillər qəzaya uğrayan zaman da daha çox insan ölümünə səbəb olur: “Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir”.

Ekspert bildirib ki, bu baxımdan Azərbaycanda ömrünü başa vurmuş köhnə avtomobillərin yeniləri ilə əvəz edilməsi üçün hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq əhəmiyyətli rol oynaya bilər.

Onun sözlərinə görə, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti ən azı 40 faiz ucuzlaşar: “Düzdür elektrik avtomobilləri ilə bağlı ciddi gömrük güzəştləri var. Ancaq yaxşı olardi ki, gömrük ödənişləri müəyyən müddət ləğv edilsin. Hazırda elektrik avtomobillərə aksiz vergisi və əlavə dəyər vergisi tətbiq olunmur, amma 15 faizlik gömrük rüsumu tətbiq olunur. Ancaq yaxşı olardı ki, heç o da olmasın. Belə olan halda həmin avtomobillərin ölkəyə idxalı daha geniş vüsət alar”.

Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid və elektrik avtomobillər daha faydalıdır: “Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid və elektrik avtomobillər isə ekoloji baxımdan çox faydalıdır. Hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir”.