Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq strategiyası – LAYİHƏ

0

Müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında, Şərqlə Qərb arasında, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda yerləşən və zəngin enerji ehtiyatlarına malik Azərbaycan Respublikasının sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir.

Hərbi sistemin müasir standartları

Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir. Həmçinin, beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir.

a) Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri:

b) Region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq;

c) Avro-Atlantik strukturlarla əməkdaşlıq;

d) Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənayesi kompleksləri ilə əməkdaşlıq.

Beynəlxalq hərbi əməkdaşlığın məqsədi və strateji hədəflər

Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və tapşırıqları Azərbaycan Respublikasının milli maraqları, onun müdafiə və xarici siyasəti ilə müəyyən olunur.

Beynəlxalq hərbi əməkdaşlığın məqsədləri:

1) Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət əsasında Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərində davam edən münaqişənin sülh yolu ilə həllinə töhfə verilməsi;

2) Müdafiə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması;

3) Xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqənin möhkəmləndirilməsi;

4) Beynəlxalq və regional təhlükəsizliyə töhfə verilməsi;

5) Döyüş qabiliyyətinin inkişaf etdirilməsi və tərəfdaş xarici dövlətlərin Silahlı Qüvvələri ilə qarşılıqlı uzlaşmanın təmin edilməsi;

6) Beynəlxalq aləmdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-siyasi mövqeyinin gücləndirilməsinə töhfə verilməsi.

Beynəlxalq hərbi əməkdaşlığın tapşırıqları:

7) Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və sərhədlərinin toxunulmazlığının təmin olunması üzrə xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların dəstəyinə nail olunmasında iştirak etmək;

8) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafına, milli, beynəlxalq və regional təhlükəsizliyə töhfə verilməsi məqsədilə xarici dövlətlərin hərbi qurumları ilə və beynəlxalq təşkilatlarla müdafiə məsələləri üzrə bütün zəruri istiqamətlərdə və sahələrdə əməkdaşlıq etmək və onu inkişaf etdirmək;

9) Xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən elmi-tədqiqat işlərində iştirak etmək;

10) “Avropada Adi Silahlı Qüvvələr haqqında” 1990-cı il Müqaviləsi və “Etimadın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri üzrə danışıqlar haqqında” 2011-ci il Vyana Sənədinə əsasən inspeksiya fəaliyyətlərində iştirak etmək;

11) Böhranların və silahlı münaqişələrin qarşısının alınması, idarə olunması, həll olunması, nəticələrinin aradan qaldırılması və nizamlanmasında habelə sülhməramlı əməliyyatların həyata keçirilməsində dünya birliyi və beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıqda iştirak etmək;

11) Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı əks təsir səylərinin əlaqələndirilməsində iştirak etmək.

Beynəlxalq hərbi təlimlərdə iştirak və milli maraqlar

Azərbaycan Ordusunun şəxsi heyəti 2017-ci il ərzində regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edib:

“Platin Qartalı” təlimi – Rumıniya;

“Qafqaz Qartalı” təlimi – Gürcüstan;

“Platin Aslan” təlimi – Bolqarıstan;

“Çevik Ruh” təlimi – Gürcüstan;

“Dözümlü Döyüşçü” təlimi – Almaniya;

“TurAz Qartalı” təlimi – Azərbaycan;

“REGEX-2017” təlimi – İordaniya;

“Əbədilik-2017” təlimi – Gürcüstan.

Geosiyasi proseslərdə Azərbaycanın hərbi məqsədləri

Dünyada geosiyasi oyunların çox sürətlə cərəyan etdiyi müasir dövrdə beynəlxalq müstəvidə yeni güc mərkəzlərinin yaranması dövlətlərarası əlaqələrin, xüsusilə hərbi əlaqələrin inkişafını labüd edir. Qloballaşan dünyanın ən həssas nöqtələrindən birində yerləşən Azərbaycan üçün ölkənin ərazi bütövlüyünü qoruyan ordunun formalaşdırılması, daim yüksək səviyyədə saxlanılması, torpaqların işğaldan azad edilməsi üçün hərbi əməliyyatlara hazır olması, yüksək hərbi texnika ilə təchiz edilməsi və ən əsası hərbi əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi günün tələbi kimi ortaya çıxır. Hazırda Azərbaycan dövləti yerləşdiyi regionun geostrateji və geosiyasi üstünlüklərindən faydalı şəkildə bəhrələnmək, milli maraqlarını maksimum səmərəli realizə etmək üçün beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Bu əməkdaşlıq ordumuzun müasir hərbi standartları mənimsəməsinə, modern yenilikləri tətbiq etməsinə şərait yaradır. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, hərbi təcavüzün genişlənməsi dövlətimizin xarici siyasət fəaliyyətində mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkir. Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasəti, o cümlədən beynəlxalq hərbi əməkdaşlığı tələb edir. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələr ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Müdafiə Nazirliyi hərbi, hərbi-siyasi, hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli, üçtərəfli və çoxtərəfli formatda beynəlxalq hərbi əməkdaşlığı həyata keçirərkən Hərbi Doktrinanı və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası”nı əsas götürür, əməkdaşlığın əsas prinsiplərini, istiqamətlərini, həyata keçirilmə formalarını və hərbi əməkdaşlığın inkişafının perspektiv yollarını müəyyənləşdirir.

Üfüqi və şaquli planların gerçəkliyi

Bütün bu amilləri nəzərə alaraq Müdafiə Nazirliyinin rəhbərliyi beynəlxalq əməkdaşlıq üçün ölkəmizdə yaradılmış münbit şəraitdən bəhrələnərək ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda dünya dövlətlərinin müvafiq qurumları ilə, çoxsaylı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaradıb. Bu əlaqələr daim inkişaf edir və öz bəhrəsini verir. Respublikamız həm NATO ölkələri, həm də Rusiya ilə sıx hərbi əməkdaşlığa malikdir. Hazırda qeyri-rəsmi formada NATO standartları adlandırılan yüksək dünya standartlarının ordumuzda tətbiq edilməsi, eyni zamanda hərbçilərimizin beynəlxalq tədbirlərdə və təlimlərdə iştirakı vacib məsələlərdəndir. Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Azərbaycanın müharibə vəziyyətində olduğundan bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasdadır və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb edir. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır. Müdafiə Nazirliyi beynəlxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadə nəticəsində Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını, müasir hərbi texnika və silahlarla təchizi məsələsində region və digər dövlətlərlə münasibətləri prioritet məsələ kimi diqqətdə saxlayır, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir.

NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Açıq və səmimi xarakter daşıyan əlaqələr sayəsində ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus və əməkdaşlığın gələcək inkişafına xidmət edəcək sistemli yanaşma mövcuddur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.