Azərbayacan iqtisadi böhrana neçə ay davam gətirə bilər? – EKSPERTDƏN AÇIQLAMA

6 Aprel, 2020, 14:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Natiq Cəfərli: “Azərbaycanın təqribən 28 ay ayaqda qalma imkanı var”

“Təhlükəsizlik yastığına çox ehtiyatla yanaşmaq lazımdır”

Mart ayından etibarən koronavirus pandemiyasının yayılmasının qarşını almaq məqsədilə ölkədə bəzi sahələr üzrə iş yerlərinin bağlanması,  xüsusilə də turizm, iaşə, xidmət sektorunun tamamilə fəaliyyətini dayandırması, eyni zamanda neft qiymətlərinin düşməsi ölkə iqtisadiyyatına ciddi ziyan vurdu. Virus isə hələ dünyada, eləcə də dünyanın bir parçası olan ölkəmizdə sürətlə yayılmaqdadır. Virusun  məhv edilməsi ilə bağlı dünya alimləri araşdırmalar aparsa da, hələ ki, onu məhv edəcək vaksin tapılmayıb. Bu isə o deməkdir ki, dünyada, eləcə də ölkəmizdə karantin tədbirləri davam edəcək. Karantin tədbirlərinin davam edəcəyi təqdirdə isə ölkə iqtisadiyyatına dəyən ziyanın artması mütləqdir. Görəsən, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına hələ nə qədər zərər vuracağı gözlənilir? Və ölkənin valyuta ehtiyatı mövcud iqtisadi böharana neçə ay davam gətirə bilər?

“Bəzi sahələri çıxmaq şərtilə Azərbaycan iqtisadiyyatı durma nöqtəsinə gəlib”

“Hürriyyət” in sualına cavab olaraq REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli dedi ki, bunu indidən hesablamaq çox çətindir: “Çünki ən azından bir müddətdən sonra rəsmi rəqəmlər, göstəricilər açıqlanmalıdır ki, ona uyğun müəyyən  maddələrin qurulmasına və hesabalamaların aparılmasına imkan olsun. Ən azından xarici ticarət dövriyyəsi ilə bağlı məlumatlar açıqlanmalıdır. Xidmət, turizim sahəsində olan vəziyyətlə bağlı ilkin məlumatlar açıqlanmalıdır. Yəni rəqəmsal, həcm olaraq hesablamaq üçün ilkin məlumatlara ehtiyac var. Amma indidən artıq demək mümkündür ki, bəzi sahələri çıxmaq şərtilə Azərbaycan iqtisadiyyatı durma nöqtəsinə gəlib. Əsasən də xidmət, ictimai iaşə, turizm, loqistikanın bir çox sahələri və buna bağlı sahələrdə 100 minlərlə insanın çalışdığını nəzərə alsaq təbii ki, Azərbaycan iqtisadiyyatına çox böyük ziyan dəyəcəyini, ümumi daxili məhsulun kifayət qədər ciddi zərər görəcəyini və azalacağını indidən söyləmək olar. Çünki Azərbaycan iqtisadiyyatı ikitərəfəli basqı altındadır, həm koronavirusla bağlı karantin tədbirlərinin gücləndirilməsindən doğan iqtisadiyyatın durma nöqtəsinə gəlməsi, üstəgəl neft qiymətlərinin də aşağı düşməsi iki istiqamətdən Azərbaycan iqtisadiyyatına, bütün makroiqtisadi göstərcilərə çox ciddi mənfi təsir göstərir”.

 “Bu il Azərbaycanda ümumi daxili məhsulun mənfi göstərici ilə başa çatması ehtimalı çox yüksəkdir”

İqtisadçının sözlərinə görə, Azərbaycan iqtisadiyyatına nə qədər ziyan dəyməsi virusun nə qədər davam etməsindən də asılı olacaq: “Amma ən azından mart, aprel ayında mənfi göstərici olacağı artıq qaçılmazdır. Yəni mart, aprel aylarında ümumi daxili məhsulun ən azı 3-4% civarında azalması ehtimalı çox yüksəkdir. Amma həm də bunun bərpa olunacağına güman azdır. Çünki inşallah, əgər hətta aprel ayının sonunda, may ayının əvvəllərində bütün problemlər həll olunsa, iqtisadiyyat yavaş-yavaş açılsa, bunun çarxlarının dönməsi, insanların yenidən köhnə vərdişlərinə və davranış qaydalarına, istehlak prinsiplərinə qayıtması xeyli zaman alacaq. Məsələn, bu ili turizmlə bağlı itirilmiş il kimi qeyd etmək olar. Hətta virus təhlükəsi yaxın 2 ayda bitsə belə, insanlarda psixoloji basqı var, uzun zaman səyahətlərdən vaz keçəcəklər. Bu il demək olar ki, turizim sektoru heç bir gəlir əldə etməyəcək. Buna görə də ziyanın nə qədər olması virusun uzun çəkməsindən daha çox asılıdır. Amma bu il mart, aprel aylarında ümumi daxili məhsulun azalmasının sürətlənməsi baş verəcək. Hətta gələcəkdə daha çox neft qiymətələrinə bağlı olacaq. Çünki bizim ümumi daxili məhsulun formalaşmasında neftin kifayət qədər böyük birbaşa və dolayı rolu var. Neft qiymətlərinin bərpa olunması isə daha uzun çəkə bilər. Ona görə, may ayından sonra da ümumi daxili məhsulda növbəti azalmalar görə bilərik. Yəni bu il Azərbaycanda ümumi daxili məhsulun mənfi göstərici ilə başa çatması ehtimalı çox yüksəkdir”.

“Təqribən bizə hər il 21 milyard dollar lazımdır”

Azərbaycanın kifayət qədər təhlükəsizlik yastığı olduğunu qeyd edən Cəfərli nəzərə çatdırdı ki, Neft Fondunun və Mərkəzi Bankın 51 milyard dollara yaxın ehtiyatları var: “Bu vəsait kifayət qədər geniş bir zaman kəsimində Azərbaycanın dövlət olaraq ayaqda qalmasına yardımçı ola bilər. Məsələn, biz hər il 14 milyard dollarlıq idxal edirik və bu büdcə xərclərinin də təqribən Neft Fondundan 6-7 milyard dolları xərclənir. Umumlikdə təqribən 20 milyard dollarlıq bizim həm büdcə, həm də idxalla bağlı xərclərimiz olur. Bunun üzərinə götürdüyümüz kreditlərlə də bağlı ödənişləri gəlsək, 1 milyard dollara yaxın da həmin ödənişlərdir. Yəni təqribən bizə hər il 21 milyard dollar lazımdır. Bu hesabla  təhlükəsizlik yastığına söykənərək təqribən 28 aya qədər Azərbaycanın ayaqda qalma imkanı var. Amma bu, o demək deyil ki,  təhlükəsizlik yastığını həmən xərcləmək lazımdır. Bu da ciddi problemdir. Çünki  təhlükəsizlik yastığı həm Azərbaycanın kredit reytinqinə təsir edən ciddi amillərdən biridir, Bizim valyuta ehtiyatlarımız olmasa, kreditə çıxış imkanlarımız da olmayacaq. İkincisi də post-böhran dövründə vəsaitə ehtiyac yaranacaq ki, iqtisadiyyata çoxlu həcmdə investisiyalar qoyulsun, iqtisadiyyatın rıçaqları dönməyə başlasın. Yəni ölkə olaraq biz bütün ehtiyatlarımızı bir neçə aya, hətta bir neçə ilə yeyib qurtarsaq, sonradan iqtisadiyyata əlavə stimul vermək üçün vəsaitimiz də qalmayacaq, kredit imkanlarına çıxışlar da məhdudlaşacaq. Ona görə də təhlükəsizlik yastığına da çox ehtiyatla yanaşmaq lazımdır. Yəni bu, o  demək deyil ki, bu vəsaitin hamısı bizim nəsilin payına düşür. Əslində, Neft Fondu gələcək nəsillərə şans tanımaq üçün yaradılmışdı ki, indiki səhvləri, problemləri gələcək nəsillər o Fond hesabına həll edə bilsin. Bizim onların da o şansını əllərindən almağa ixtiyarımız yoxdur”.

“İqtisadiyyatda atılan addımların effekti  Azərbaycanda tək iqtisadi proseslərdən asılı deyil”

“Azərbaycan iqtisadiyyatına dəyən ziyanı azaltmaq üçün hökumət düzgün iqtisadi siyasət yürüdürmü” sualını ekspert belə cavablandırdı: “Əslində, müəyyən addımlar atılmağa cəhdlər göstərilir. Son günlər açıqlanan tədbirlər planı ilə də bağlı görünən odur ki, müəyyən istiqamətlər var. O istiqamətlər üzrə müəyyən addımlar atılmağa cəhd göstərilir. Problem ondan ibarətdir ki, iqtisadiyyatda atılan addımların effekti  Azərbaycanda tək iqtisadi proseslərdən asılı deyil, Azərbaycanda idarəetmə, onun fəlsəfəsi, yanaşması dəyişməlidir. Yəni yerli idarəetmə modelləri, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının iqtisadiyyata münasibəti dəyişməlidir, iqtisadi oyunçularla əlaqələrinə, münasibətlərinə yenidən baxılmalıdır. Məhkəmələr daha tez və ədalətli qərarlar verməlidir. Bunların hamısı kompleks şəkildə olmalıdır ki, iqtisadiyyatda atılan addımlar effekt versin. Bu gün Azərbaycanda hökumət hətta iqtisadiyyatda pozitiv addımlar atsa belə, bu, idarəetmədən və məhkəmə hakimiyyətindən doğan problemlərə görə effekt verməyəcək. Bir də Azərbaycan kimi ölkələrin gələcəkdə daha çox investisiyaya ehtiyacı yaranacaq. Görünən budur ki, dünyada koronavirusla bağlı çoxlu həcmdə pullar dövriyyə buraxıldı. Yəni mərkəzi banklar, dövlətlər tərəfindən ümumilikdə dünya üzrə 12 trilyon dollar vəsait dünya iqtisadiyyatı, ölkələrin ayaqda qalması və iqtisadi münasibətlərin dayanıqlılığının artırılması üçün istifadə olunacaq. Azərbaycanın da buradan pay alması və xarici investorlar üçün daha cəlbedici olmasına ehtiyac var. Obrazlı desək, trilyonlarla dünyaya səpələnmiş vəsait, kredit imkanlarının Azərbaycana da gəlməsi üçün daha çevik islahatlara ehtiyac var ki, investorlar üçün cəlbedici olsun, onlar ölkəmizə gəlsin. Bunun üçün dediyim kimi, idarəetmə, məhkəmə ilə bağlı problemlər həll olunmaldır. Eyni zamanda beynəlxalq öhdəliklərlə bağlı problemlər həll olunmalıdır. Yəni Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmalıdır. Azərbaycan Avropa Birliyi ilə sazişi tezliklə imzalamaqla bağlı (çünki orada ticarət və iqtisadiyyat bölümü çox önəmlidir) caba göstərməlidir, bu yolda addımlar atmalıdır ki, investorlar üçün cəbedici hala gəlsin”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93