Salam, xoş gəlmisiniz.

Azərbaycan-NATO münasibətlərinin inkişaf prosesi - II HİSSƏ

2020-02-13 13:50:00

Azərbaycan-NATO münasibətlərinin inkişaf prosesi - II HİSSƏ

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycan-nato_munasibetlerinin_inkisaf_prosesi)

Azərbaycan-NATO münasibətlərini şərtləndirən başqa bir amil, Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunun siyasi mühit radikal milliyyətçiliyə, dini fundamentalizmə, başqa sözlə siyasi münaqişələrə açıq olması idi. Qərb isə öz növbəsində Avropa təhlükəsizliyi konteksində bu bölgədə baş verə biləcək hər hansı bir qarşıdurma və münaqişənin Avropa təhlükəsizliyinə də təsir edəcəyi yanaşmasından çıxış edərək, regionda siyasi sabitliyin təmin olunmasından tərəf çıxış edirdi. NATO-nun təşəbbüsü ilə yaradılan ŞAƏŞ-i bu missiyanı daşıyan bir struktur olaraq da qiymətləndirə bilərik. Bu baxımdan Azərbaycan və Qərbin maraqları da kəsişir. Avropada sülhün və sabitliyin qorunmasına nəzarət edən NATO, Qafqaz bölgəsini Avropa təhlükəsizlik sistemi üçün vacib bölgələrdən biri kimi qiymətləndirirdi. Qafqazda sabitlik təmin olunmayana qədər Avropada təhlükəsizliyə nail oluna bilinməzdi. NATO üçün Azərbaycanın, Gürcüstanın və Ermənistanın əhlükəsizliyi önəmli idi. NATO, regionda sabitliyin və iqtisadi investisiyaların təmin olunması üçün üzvlərinin mənafelərinin qorunması vəzifəsini icra edə bilərdi.

NATO və Azərbaycan arasında ilkin münasibətlərin formalaşması

Soyuq Müharibədən sonrakı dövrdə təşkilatın genişlənmə siyasəti çərçivəsində ön plana çıxmışdır. Bu dövrdə NATO, yalnız müdafiə təşkilatı olaraq qalmamış, siyasi sahələrdə həm üzv ölkələr arasındakı əlaqələri tənzimləməyə davam etmiş, həm də namizəd ölkələrin Qərbə inteqrasiyasını təmin edəcək siyasət yeritməyə çalışmışdır. Bu istiqamətdə hazırlanan ən vacib proqramlardan biri Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramıdır. ŞAƏŞ-in ilk üzvləri o tarixdə NATO üzvü olan on altı ölkə, Varşava Paktının keçmiş üzvləri (Bolqarıstan, Çexoslovakiya, Polşa, Macarıstan, Rumıniya), Rusiya Federasiyası və Estoniya, Litva və Latviyadır. 1992-ci il martın 10-da Sovetlər İttifaqından ayrılan Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna ilə 5 iyun 1992-ci ildə Albaniya və Gürcüstan ŞAƏŞ-ə üzv olmuşdurlar. ŞAƏŞ-in yaradılması NATO-nun yeni təhlükəsizlik mühitinə uyğunlaşdırılması prosesində ilk atılan addımlardan biridir. ŞAƏŞ, NATO ilə Orta və Şərqi Avropa ölkələri arasında bir məsləhətləşmə forumu yaratma ehtiyacının məhsuludur. ŞAƏŞ vasitəsilə Roma Sammitində nəzərdə tutulan dialoq və əməkdaşlığın inkişaf etdirilməsi üçün də əhəmiyyətli bir addım atılmışdır. NATO üzvü olan və olmayan ölkələr arasında qarşılıqlı ziyarətlər həyata keçirilmiş, xüsusilə təhsil mövzusunda əməkdaşlıq aparılmış və məsləhət proqramları yaradılmışdır. 1992-ci ilin fevral ayında Azərbaycanın Baş naziri Həsən Həsənovun Belçikaya səfəri zamanı, NATO-nun baş katibi Manfred Wörner və üzv ölkələrin nümayəndələri ilə görüşməsi müstəqilliyini yenidən qazanmış bir ölkənin, istiqamətlərini müəyyənləşdirməyə çalışdığı xarici siyasətində vacib məsələlərdən biri idi. Bu, Azərbaycanın beynəlxalq aləmdə tanınması və eyni zamanda Qarabağla bağlı faktları dünyaya çatdırmaq baxımından vacib idi. Səfər zamanı M. Wörnerin “NATO, Qarabağ münaqişəsinin sülh yolları ilə və ATƏM çərçivəsində həllindən yanadır” ifadəsi MDB xaricində problemin həll edilməsini istəyən Azərbaycan üçün müsbət hal idi.

Beynəlxalq inteqrasiya və Azərbaycanın təhlükəsizlik qarantı Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi müddətdə, 1992-ci ilin May ayında NATO bəyanat yayımlamışdır. Qarabağ probleminin müharibə yolu ilə həllinin mümkünsüzlüyü, Azərbaycan və ya hər hansı bir dövlətin ərazi bütövlüyünə istiqamətlənmiş hər cür hücumun beynəlxalq hüquq və ATƏM-in prinsiplərinin pozulmasına yol açdığını, problemin beynəlxalq hüquq, xüsusilə ATƏM-in Helsinki Yekun Aktı prinsipləri çərçivəsində keçiriləcək görüşlərlə aradan qaldırıla biləcəyi ifadə edilmiş və bəyanatın bu hissəsində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına işarə edilməklə işğala məruz qalan tərəf açıq şəkildə göstərilmişdir. Burada əhəmiyyətli olan nöqtə, bu tarixdən sonra NATO ilə birlikdə, digər beynəlxalq təşkilatların Qarabağla əlaqədar bəyanatlarının hamısında işğalçı ilə işğala məruz qalan tərəflər ayırd edilmədən məsuliyyətin hər iki tərəfə də yüklənmiş olunmasıdır.NATO-nun problemlə əlaqədar bitərəf hərəkət etməsində, Rusiya ilə münasibətlərin təsiri, Qarabağla bağlı həqiqətlərin beynəlxalq mühitdə bilinməməsi, İttifaq üzvü olan Fransa və Yunanıstan kimi ölkələrdə Erməni diasporunun lobbiçilik fəaliyyətlərinin əhəmiyyəti böyük idi. Bunlara baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin hərbi yolla pozulmasının qəbul edilməz olduğunun NATO tərəfindən ifadə edilməsi və problemin ATƏM çərçivəsində həllinə çağırış etməsi, dövrün şərtləri nəzərə alındığında, əhəmiyyətli bir hadisə idi.

18 Dekabr 1992-ci ildə ŞAƏŞ çərçivəsində yaradılan “Avropanın Təhlükəsizliyi və Şərqdə Münaqişələrin Aradan Qaldırılma Yolları” mövzusunda konfransında Azərbaycan rəsmiləri Qarabağ hadisələrinin qarşıdurma deyil, torpaq işğalı məqsədiylə Ermənistanın başlatdığı, elan edilməmiş bir müharibə olaraq xarakterizə edilməsi lazım olduğunu bildirmiş və öz fikirlərini sübut edən dəlilləri konfrans iştirakçılarına təqdim etmişdir. Konfransda yayımlanan bəyanatda Qarabağ probleminə toxunulmuş, tərəflərə silahlı qarşıdurmanı dayandıraraq danışıqlara başlamalarının zəruri olduğu ifadə edilmişdir. ŞAƏŞ-in 1993-cü il 7 Dekabr konfransı zamanı Azərbaycanda vəziyyət daha da pisləşmişdi. Qısa bir müddətdə Qarabağ xaricində yeddi rayonun da Ermənistan tərəfindən işğalı və bunun nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın vəziyyətinə düşməsi, BMT-nin nəticəsiz qalmış dörd qətnaməsi ( 822 saylı Qətnamə -30 aprel 1993; 853 saylı Qətnamə - 29 iyul 1993; 874 saylı qətnamə - 14 oktyabr 1993; 884 saylı Qətnamə - 11 noyabr 1993) və tərəflər arasındakı dialoqun kəsilməsi, təcili olaraq lazımlı tədbirlərin görülməsini zəruri edirdi. Bu məzmunda Azərbaycan Xarici işlər naziri Həsən Həsənov Qarabağda Ermənistanın hərbi əməliyyatlarının genişlənməsi ilə əlaqədar geniş məlumat verərək, Ermənistanın bu “cəsarəti” BMT və ATƏM-in qeyri-sərt mövqeyindən və təcavüzkarın elan edilməməsindən aldığını bildirmişdir. Bu dövrdə Ermənistanın, Avropa Adi Silahı Qüvvələr haqqında Müqavilə (AASQM) çərçivəsində işğal edilmiş Azərbaycan bölgələrində lazımlı işlərə veto qoyması da diqqətləri çəkən bir nöqtə idi. Ermənistanın bu mövqeyi hərbi texnologiyanın Ermənistan qeydiyyatlı olmasının ortaya çıxmasından narahatlıq etməsiylə ilə izah edilə bilər. H. Həsənov bu mövzuya da toxunaraq Avropada təhlükəsizliyin təmin edilə bilməsi üçün bəzi nöqtələrə diqqət edilməsi lazım olduğunu ifadə etmişdir. Belə ki, qərarlar alınarkən tətbiq olunan yekdillik sisteminin təcavüzkar dövlətlərin işinə gəldiyini və regional qarşıdurmaların təhlükəsizliyin təmin edilməsi və qorunmasını təhdid edəcəyini vurğulamış, eyni zamanda alınan qərarların tətbiq mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatların sülhü qoruma fəaliyyətlərinin genişləndirilməsi zəruriliyi üzərində dayanmışdır. Lakin bu təkliflərə bağlı olaraq Azərbaycanın etdiyi təkliflər yenə də “yekdillik” prinsipi təmin edilə bilmədiyi üçün qəbul edilməmişdir. Etdiyi təkliflərin Ermənistanın “yekdillik” prinsipindən faydalanaraq geri çevrilməsindən narahatlıq duyan Azərbaycan nümayəndə heyəti NATO-nun baş katibi M.Wörnerə öz etirazlarını bildirmiş, Wörner də Azərbaycanın bu mövzudakı fikirlərini üzv dövlətlərə çatdıracağını ifadə etmişdir.

SNT çərçivəsində əməkdaşlığın inkişafı

NATO ilə ŞAƏŞ üzvləri arasındakı əməkdaşlığı təşkilati formaya çevirmək məqsədi ilə hazırlanan SNT proqramı, 1993-cü ilin Oktyabr ayında Almaniyada keçirilən NATO Müdafiə Nazirləri Konfransında ABŞ Müdafiə Naziri Les Aspin tərəfindən irəli sürülmüşdür. Brüssel Sammitində yayımlanan NATO-nun SNTyə üzv olmaq üçün ölkələrə etdiyi çağırış mətnində, bu proqramın, NATO və fərdi tərəfdaş ölkələr arasında ikitərəfli əməkdaşlıq mühiti yaratmağı hədəflədiyi açıqlanmışdır. SNT Çərçivə Sənədini imzalayan hər bir dövlət, demokratik cəmiyyətləri qorumaq məqsədilə, beynəlxalq hüquq prinsiplərinə riayət etmək, BMT Nizamnaməsi çərçivəsində öhdəlikləri yerinə yetirmək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə (ÜİHB), Helsinki Yekun Aktına və beynəlxalq tərksilah bəyannamələrinə uyğun hərəkət etmək kimi geniş əhatəli siyasi öhdəliklər götürürlər. NATO-nun bu sənədi imzalayan dövlətlərin üzərin qoyduğu ən əhəmiyyətli öhdəlik isə, səkkizinci maddədə göstərilir. Şimali Atlantika sazişinin dördüncü maddəsini xatırladan bu maddəyə görə, ortaq dövlətlərdən hər hansı birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə istiqamətli birbaşa bir təhdid yarandığı təqdirdə, NATO-ya müraciət edə biləcəkdir. Nəhayət, Azərbaycanın SNT-yə üzvlüyü qərarlaşdırılmış və 10 May 1994-cü ildə Brüsseldə SNT proqramının Çərçivə Sənədi Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanmışdır. Burada nəzər yetirilməli olan başlıca məsələ, SNT-yə üzvlük müzakirələri ilə MDB Parlamentlərarası Şurası çərçivəsində Qarabağ probleminin həllini məqsəd qoyan, lakin məzmun etibarilə Azərbaycanın maraqlarına zidd olan Bişkek sazişinin imzalanmasını Azərbaycan nümayəndə heyətinin qəbul etməməsi eyni dövrə bərabər gəlmişdir. Iki əhəmiyyətli hadisənin eyni tarixə bərabər gəlmiş olması bir təsadüf nəticəsində olsa da, hər iki hadisə Azərbaycanın öz maraqlarını müdafiə etdiyinin və müstəqilliyinin məhdudlaşdırılmasına icazə verilməyəcəyinin bir göstəricisi olmuşdur. Bir müddət sonra imzalanması düşünülən Bişkek sazişinin məzmunu Azərbaycanın narahatlıqları nəzərə alınaraq dəyişdirilmiş və Azərbaycanla Ermənistan arasında danışıqların başlanması məqsədilə qarşıdurmaların dayandırılması mövzusunda Atəşkəs müqaviləsi imzalanmışdır. Bu saziş 12 May 1994 tarixində qüvvəyə minmişdir. Azərbaycanın istər Rusiya, istərsə də SNT Proqramı ilə əlaqədar atdığı addımların nə ilə nəticələnəcəyini və bundan sonra proqrama istiqamətli mövqelərini ifadə etmək məqsədiylə gözləmə mövqeyində olan bəzi keçmiş SSRİ dövlətləri, və istərsə də Ermənistandan fərqli bir şəkildə, Çərçivə Sənədinin imzalaması əhəmiyyətli bir addım idi. Irəlidəki dövrdə ATƏM-in rolunun artması və Qarabağ probleminin həllində ağırlığını hiss etdirməsində bu addım əhəmiyyətli ola bilərdi. Bu cəhdlə Azərbaycan, NATO ilə bir çox sahədə əməkdaşlığı artırma imkanına qovuşmuş və Azərbaycan Qərblə olan münasibətlərini daha konkret bir əməkdaşlığa çevirmişdi.

(ardı var)

“Hürriyyət”

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93