Azərbaycan Dövlət Pedaqoji Kollecində birinci yerin təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Kollecində birinci yerin təqdimatı keçirilib

İsrail İsrafilov: “100 yaşlı kollecimiz müasirləşənin, təkmilləşmənin önündə ola bilirsə, bu böyük uğurdur”

Mektebgushesi.az internet portalının təhsilimizin müasirləşməsinə dəstək kampaniyası sırasından növbəti virtual sorğusunun qaliblərinin mükafatlandırması ilə bağlı təqdimat mərasimi keçirilib. Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə birinci yerin mükafatının təqdimat mərasimi bir çox yaddaqalan məqamlarla müşayiət olundu.

Ölkəmizdə təhsilin zaman-zaman inkişaf yolu haqqında təfsilatlı məlumatlarla zəngin təqdimat mərasimini Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dossent İsrail İsrafilov açdı. O, tədbir iştirakçılarını salamladıqdan sonra sorğuda bütün kollektivin, o cümlədən artıq 100 yaşını haqlamaqda olan kollecin çoxsaylı məzun və təəssübkeşlərinin bu qədər coşqu və səmimiyyətlə iştirakından məmuniyyət hissi ilə söz açdı: “43 kollec arasında bu “yay imtahan sessiyasının şəffaf keçirilməsi” sorğusunun qalibi olmaq bizim həyata keçirdiyimiz islahatlara verilən dəyərdir. 100 yaşlı kollecimiz bu gün də öz əhəmiyyətini bu şəkildə qoruya və müasirləşmənin, təkmilləşmənin önündə ola bilirsə, bu təbii ki, bizlərdən ötrü böyük bir uğurdur. Üstəlik Mektebgushesi.az internet portalının keçirdiyi virtual sorğularda ikinci dəfə önə çıxmağımızı kollektivin səmimiyyəti və keyfiyyətli təhsil konsepsiyası üzərində ciddi-cəhdlə çalışmasının məntiqi nəticəsi hesab edirəm”.

Kollecin direktoru kollektivə minnətdarlıq hissini bir daha ünvanladıqdan sonra təqdimat mərasiminin moderatorluğunu Mektebgushesi.az saytının əməkdaşlarına həvalə etdi. Portalın baş redaktor müavini Nəzirməmməd Zöhrablı bu sorğuların yaranması, bu ideyanın ortaya atılmasının saytın öz işini müasir əsaslarla qurması və bu yolla ölkəmizdə aparılan Təhsil Strategiyasına kollektivin xüsusi töhfələr vermək istəyindən qaynaqnandığını söylədi.

Sorğunun təşkili, gedişiatı və nəticələr barədə təfsilatlı məlumatlarla tədbir iştirakçılarını Mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzaahir Məmmədli tanış etdi. Bildirdi ki, bir İP-dən yalnız bir dəfə səs verməyin mümkün olduğu bu sorğu çox gərgin bir şəraitdə davam edib və sonuclanıb. Nəticələrin xüsusilə sonuncu günlərdə bir-birini sürətlə əvəz etməsi əlahiddə olaraq məhz indiki – ali və orta ixtisas təhsil müəssisələrinin abituriyentlər tərəfindən seçim anında sorğuya böyük marağın olduğunun real göstəricisi idi: Ümumilikdə sorğuda 19.608 nəfər iştirak edib və ilk üclüyü qazananlar 6629 səslə Pedaqoji kollec birinci, 5.766 səslə Şirvan Dövlət Humanitar Kolleci ikinci, 3.772 səslə 1 saylı Baki Tibb Kolleci” üçüncü yerlərə sahibləndilər”. M.Məmmədli sonra yenə də passivlik göstərən kolleclərin hələ də qaldığından, sanki ölkədə aparılan islahatların onlara heç bir dəxli olmadığından söz açaraq bir daha bu kollektivi təbrik etməklə sözünü yekunlaşdırdı.

Təhsil eksperti, fizika elmləri doktoru, professor Şahlar Əsgərov tədbir iştirakçılarının ağsaqqalı qismində müvafiq plaketi kollecin direktori İsrail İsrafilova təqdim etdikdən sonra bu böyük uğura imza atdıqlarına görə bütün kollektivi təbrik etdi. Professor geniş nitq söyləyərək təhsilin insan həyatında önəmini canlandıran bir sıra misallar gətirdi. Böyük fikir adamlarından iqtibas edilmiş həmin aforizmlərdən birini sizlərə də çatdırmaq istəyirik: “Əgər bir illik plan qurursansa taxıl ək, on illik plan qurursansa bağ sal, yüz illik plan qurursansa təhsil yarat”.

Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət xanım da təmsil etdiyi rayonun ərazisində fəaliyyət göstərən kollecin bu uğuruna xüsusilə sevindiklərindən indi onlarla bir arada olduğunu dilə gətirdi və onlara gələcəkdə də bu göstəriciləri qoruyub saxlamağı tövsiyə etdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Eldar Aslanov pedaqoji universitetin nəzdində fəaliyyət göstərən kollecin sorğuda qalib olmasının onlar üçün ikiqat sevinc hissi olduğunu qeyd etdi. Eldar müəllim bu sorğunun da daxil olduğu konteksdə təhsil və medianın iş birliyinin təhsilimizin inkişafında müstəsna əhəmiyyət kəsb edəcəyini söylədi və təhsilin inkişafını “ziyanın qaranlıqları aydınlaşdıracağı” fikri ilə izah etdi.

Təhsil eksperti, həmçinin bu virtual sorğuların ideya müəlliflərindən olan Nadir İsrafilov da təbriklərə qoşularaq kollektivə gələcək işlərində uğurlar dilədi.

Tədbirdə iştirak edən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, kollecin imtahanlarında İctimai Nəzarət Şurasının üzvü Əliməmməd Nuriyev öz çıxışında təhsilin xalqın, dövlətin həyatında, inkişafında əhəmiyyətindən söz açdı, bu qələbə münasibətilə kollektivi təbrik edərək qazanılan yüksək nəticənin həm də kollecin yaranmasının 100 illiyinə ilkin hədiyyə olduğunu xüsusilə qeyd etdi.

Sonda söz Kollecin tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədovaya verildi. Məhbubə xanım sorğuda fəal iştirak etmiş kollektiv üzvlərinə və təqdimat mərasiminə təşrif buyurmuş qonaqlara öz təşəkkürlərini bildirərək çalışdığı müəssisədəki yeniliklərdən söz açdı. Bildirdi ki, onlar ölkə rəhbərliyinin elan etdiyi Təhsil Strategiyasına uyğun öz işlərini qurublar və bu işləri sonadək aparmaqda israrlıdırlar.