Salam, xoş gəlmisiniz.

"Azərbaycan ordusu və siyasəti Rusiyanın nəzarəti altındadır" – SƏRDAR CƏLALOĞLU

2020-03-25 17:37:00

"Ona görə də, nə cür əlverişli fürsət yaranırsa-yaransın, inanmıram ki, Azərbaycan tərəfi torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ciddi addımlar ata bilər"

"İlham Əliyevin müxalifətlə başladığı dialoq siyasəti kifayət qədər inkişaf edərsə və ciddi, ardıcıl xarakter alarsa, onda xalqın dəstəyi ilə "5-ci kalon"a qarşı effektli mübazirə aparmaq mümkün olacaq"

"Növbədənkənar parlament seçkiləri göstərdi ki, Azərbaycanı Rusiyanın təsirindən xilas etmək istiqamətində atılan addımlar heç də effektli olmadı"

“Bu gün Azərbaycan nəhayət, Ermənistanla təkbətək qalıb”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, hazırda torpaqlarımızı işğaldan azad etmək üçün əlverişli zəmin yaranıb. Onun fikrincə, bu gün Azərbaycan nəhayət, Ermənistanla təkbətək qalıb: "Axır ki, tək qaldıq - Ermənistan, Azərbaycan və koronavirus. Bir həftə öncə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, regionda yeganə dəstək strukturuna rəhbərlik edən Kasprşik özünü prosesdən kənarlaşdırdı. KTMT, NATO, AB və MDB ölkələri sərhədləri bağlayıb, bütün ünsiyyətləri bir-biri ilə dayandırdı". Keçmiş nazir qeyd edib ki, ABŞ-ın maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər: "Nə demək istəyirəm? Cavab sadədir. Pandemiyadan əvvəlki bildiyimiz beynəlxalq münasibətlər sistemi çökdü. Böhran bitdikdən sonra hər şeyin əvvəlki kimi olacağına inam yoxdur. Buna görə reallıq odur ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətə təsir edən iki oyunçu var: Ermənistan və Azərbaycan. Düşünürəm ki, bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər: Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?"

Sabiq nazirin çıxışından belə aydın olur ki, hazırda cəbhə xəttində vəziyyətin bir qədər gərginləşməsi, koronavirusun Ermənistan iqtisadiyyatına öldürücü zərbə vurması və düşmən ölkənin dörd tərəfdən blokadaya alınması, eyni zamanda beynəlxalq güclərin, Minsk Qrupunun həmsədr ölkələrinin barışının pandemiya ilə mübarizəyə qarışması Azərbaycana işğal altında olan torpaqlarını azad etmək üçün əlverişli şərait yaradır. Odur ki, bu və digər bir sıra mühüm mövzulara dair sualları cavablandırması üçün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

"İndiki şərtlər daxilində, yəni bütün ölkələrin başının öz daxili işlərinə qarışdığı, sərhədlərin bağlandığı, gediş-gəlişin məhdudlaşdırıldığı bir vaxtda Azərbaycan üstünlük əldə etmiş olacaq"

- Sərdar bəy, Ermənistan silahlı bölmələrinin cəbhə xəttində təxribat törədərək vəziyyəti gərginləşdirməsi nəyə hesablanıb? Sizcə, bugünlərdə Goranboy istiqamətində yaşanan insident ikinci "aprel savaşı"na səbəb ola bilərmi?

- Ermənistanın Qarabağla bağlı taktikası ondan ibarətdir ki, mümkün qədər işğalçılıq siyasətini davam etdirsin, status-kvonu saxlasın. Yəni hazırda hərbi əməliyyatların aktivləşməsi Ermənistanın maraqlarına uyğun deyil. Məhz bu səbəbdən də gərək Azərbaycan yaranmış vəziyyətdən istifadə edib ərazilərimizi işğaldan azad etsin. Bu baxımdan, Ermənistanın atəşkəsi pozmaqla ikinci "aprel savaşı"na başlayacağı heç də inandırıcı deyil. Çünki Azərbaycanın 20 faiz ərazisini işğal edib, orda məskunlaşma işləri aparır. Buna görə də erməni tərəfi əlində olan torpaqları itirməmək üçün hərbi əməliyyatların aktivləşməsinə getməz.

- Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan mövcud durumdan yararlanaraq bir, ya iki həftədən sonra Ermənistan qarşısında "Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?", deyə sual qoya bilər. Necə düşünürsünüz, belə bir ehtimal var?

- Əvvəla, Azərbaycan işğal altındakı torpaqların azad edilməsində fürsətçilik prinsipini əsas götürməməlidir. Belə ki, planlı şəkildə öz ərazilərini işğaldan azad etmək üçün ardıcıl iş aparmalıdır. Ona görə də yaranmış fürsətdən guya istifadə edib əraziləri azad etmək tamamilə yanlış bir fikirdir. Hesab edirəm ki, Azərbaycan ardıcıl olaraq planlı şəkildə əraziləri azad etməlidir. Təbii ki, indiki şərtlər daxilində, yəni bütün ölkələrin başının öz daxili işlərinə qarışdığı, sərhədlərin bağlandığı, gediş-gəlişin məhdudlaşdırıldığı bir vaxtda Azərbaycan üstünlük əldə etmiş olacaq. Odur ki, Ermənistanın atəşkəs rejimini pozmasına bir neçə qat artıq cavab verilməlidir. Amma çox təəssüf ki, Azərbaycan ordusu və siyasəti hələlik Rusiyanın nəzarəti altındadır. Ona görə də nə cür əlverişli fürsət yaranırsa yaransın, inanmıram ki, Azərbaycan tərəfi torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ciddi addımlar ata bilər.

"İstər orduda, istərsə də idarəetmə sistemində "5-ci kalon"a məxsus insanların hakimiyyətdən kənarlaşdırılması olduqca vacibdir"

- Rusiyanın boyunduruğundan çıxmaqdan, Kremlin təsirində olan siyasiləri və ya hərbçiləri neytrallaşdırmaqdan ötrü hansı addımlar atılmalıdır?

- Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri göstərdi ki, Azərbaycanı Rusiyanın təsirindən xilas etmək istiqamətində atılan addımlar heç də effektli olmadı. Əgər parlament seçkiləri həqiqətəndə demokratik keçirilsəydi və nəticədə Milli Məclisə milli, o cümlədən Avropayönümlü qüvvələr düşsəydilər, o zaman təbii ki, vəziyyət dəyişərdi. Bildiyiniz kimi, Vladimir Jirinovski növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlamasında deyib ki, postsovet ölkələrindən yalnız Azərbaycan Avropanın qarşısında duruş gətirib. Bu, onu göstərir ki, Azərbaycanda hələ də Rusiyapərəst qüvvələr kifayət qədər güclüdür. Ölkə prezidenti İlham Əliyevin son çıxışında "5-ci kalon"la bağlı verdiyi bəyanat da bunu bir daha göstərir. Təbii ki, istər orduda, istərsə də idarəetmə sistemində "5-ci kalon"a məxsus insanların hakimiyyətdən kənarlaşdırılması olduqca vacibdir. Lakin burda başqa bir problem də var ki, bu qüvvələr digər qüvvələrlə qohumluq və biznes əlaqələrindədir. Odur ki, bir tərəfdən dövlət müstəqilliyi "5-ci kalon"un nümayəndələrinin təcrid edilməsini tələb edirsə, digər tərəfdən şəxsi maraqlar və qohumluq əlaqələri bu məsələdə problemlər yaradır. Ona görə də düşünürəm ki, Azərbaycanın Rusiyanın təsirindən xilas olması üçün iqtidar özü təklikdə effektli siyasət həyata keçirə bilməyəcək.

"Növbədənkənar parlament seçkilərində uduzulan mövqe digər sahələrdə kompensasiya edilməlidir"

- Bu gün iqtidarın müxalifətlə münasibətlərinə yenidən baxmağa, ümumi maraqlara xidmət edən əməkdaşlıq modeli müəyyənləşdirməyə meyilli olduğu görünür. Belə ki, Prezident Administrasiyasının siyasi partiyalarla və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müxalifət partiyaları sədrləri ilə danışıqlara başlaması bunun sübutu kimi dəyərləndirilə bilər. Necə düşünürsünüz, iqtidar-müxalifət dialoqu xalqın mənafeyi naminə ciddi nəticələr əldə olunmasına gətirib çıxa bilər?

- Hesab edirəm ki, burda həm müxalifətin yaranmış vəziyyəti düzgün dəyərləndirməsi, həm də ölkə başçısının özünün başlatdığı siyasətə daxildə olan müqaviməti dəf etməsi üçün gərəkli olan tədbirləri həyata keçirməsi lazımdır. Düşünürəm ki, İlham Əliyevin müxalifətlə başladığı dialoq siyasəti kifayət qədər inkişaf edərsə və ciddi, ardıcıl xarakter alarsa, onda xalqın dəstəyi ilə "5-ci kalon"a qarşı effektli mübazirə aparmaq mümkün olacaq. Bunun üçün həm də ölkəmizin müstəqilliyi və suverenliyində maraqlı olan xarici dövlətlərin Azərbaycan hakimiyyətinə lazım olan dəstəyi vacibdir. Ona görə də bu məsələdə hər şey yalnız iqtidardan asılı deyil. Yəni müxalifətlə yanaşı, qardaş Türkiyə və Avropanın da mütləq bu prosesdə aktiv şəkildə iştirakı mühüm əhəmiyyət kəsb edir. Əgər Rusiya Vladimir Jirinovskinin dediyi kimi, Qərbpərəst qüvvələrin parlamentə buraxılmasının qarşısını aldısa və bununla da Qərbə "Biz Azərbaycanı öz təsirimizdə saxlayırıq" mesajını verdisə, o zaman Avropa öz növbəsində, Azərbaycandakı Qərbyönümlü qüvvələrə ciddi dəstək verməlidir. Bununla yanaşı, növbədənkənar parlament seçkilərində uduzulan mövqe digər sahələrdə kompensasiya edilməlidir. Məsələn, bu gün icra başçılarının təyinatında, o cümlədən hökumətin təşkil olunmasında Qərbyönümlü qüvvələrin hakimiyyətə gətirilməsi olduqca vacibdir. Artıq demək olar ki, növbədənkənar parlament seçkiləri fiaskoya uğradı. Yəni prezidentin nəzərdə tutduğu şəkildə seçkilər keçirilmədi, cəmiyyətin gözləntilərinə uyğun nəticələrə gətirib çıxartmadı. Ona görə də bunu digər icra strukturlarında, hüquq-mühafizə orqanlarında kompensasiya etmək olar. Lakin hər şey dövlət başçısının seçdiyi kursa nə dərəcədə sədaqətli olacağı, həmin iqtidar-müxalifət dialoqunun nə dərəcədə ardıcıl olacağı ilə bağlıdır. Yoxsa, əgər bu addımlar epizodik və ya reklam xarakterli olaraq, seçkidən sonrakı vəziyyəti nisbətən yumşaltmaq məqsədi ilə atılıbsa, onda Azərbaycandakı vəziyyət ağırlaşmaqda davam edəcək.

"Yeni dövrdə Azərbaycanın lehinə uyğun vəziyyət yaranarsa, hakimiyyət bundan müvəffəqiyyətlə istifadə etməlidir"

- Sərdar bəy, Tofiq Zülfüqarov bu qənaətdədir ki, hazırda koronavirus səbəbindən beynəlxalq münasibətlər sistemi çöküb və böhran bitdikdən sonra hər şeyin əvvəlki kimi olacağına inam yoxdur. Sizcə, koronavirus təhlükəsi sovuşduqdan sonra beynəlxalq münasibətlər sistemi yenilənəcək, yoxsa əvvəlki axarı ilə davam edəcək?

- Bugünlərdə açıqlamalarımın birində məhz bu mövzuya toxunmuşam və dünyada böhrandan çıxmağın 4 yolu - inqilab, islahat, emosional şok və dəyərlərin fundamental dəyişməsi ilə bağlı fikirlərimi elan etmişəm. İndiki halda bəşəriyyət çox ciddi psixoloji şokdan keçir. Belə ki, koronavirusun geniş şəkildə yayılması və bunun insanlığın mövcudluğunu təhdid altına alması faktiki olaraq bütün dünyada psixoloji şok yaradıb. Təbii ki, bu şokdan çıxdıqdan sonra insanlar şokdan əvvəlkindən fərqli düşünəcək, öz maraqlarını fərqli formada təmin etməyə çalışacaqlar və bununla da dünyada münasibətlər sistemi fərqli qurulacaq. Məhz bundan istifadə edib bəhrələnmək lazımdır. Düzdür, yeni dövrün mütləq şəkildə Azərbaycanın xeyrinə olacağını dəqiq deyə bilmərəm, şey prosesin gedişatından asılır. Lakin ola bilər ki, Azərbaycanın lehinə uyğun vəziyyət yaransın. Bu halda, Azərbaycan hakimiyyəti bundan müvəffəqiyyətlə istifadə etməlidir. Yox, əgər əksinə şərtlər bizim əleyhimizə formalaşarsa, o zaman daha ciddi səy göstərib nəticələri minimuma endirmək lazımdır.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93