AZƏRBAYCANDA “BEŞİNCİ KALONNA”NIN FƏALİYYƏTİ… – Və yaxud xalqımızı “Novruzəli” gözündə görənlər – II HİSSƏ

7

Xarici irticanın “beçinci kalonna”sı bizim satqın, bir orden, ya da fəxri ad almaq xatirinə ailəsini də hərraca çıxarmağa hazır olan nakəslər idi…

Prezidentin son çıxışlarında üç-dörd dəfə “beşinci kalonna” sözünü işlətməsi çoxunun diqqətini çəkib. Bir müddət bundan əvvəl bizim savadları qıcqırmış “jurnalistlər” bu sözü “beşinci sütun” kimi yazırdılar. Neçə dəfə məsələni izah etdimsə məhəl qoyan olmadı.

…1939-cu ildə İspaniyada vətəndaş müharibəsi sona çatmaq üzrə idi. General Frankonun başçılığı altındakı ordu kommunistlərin, digər solçu qüvvələrin müdafiə etdiyi Madridi mühasirəyə alır. Qızğın döyüşlər gedir… Bir gün qərargahda hücum planı çəkilərkən Franko qələmi ilə xəritənin üzərinə “beşinci kalonna” sözünü yazır. Zabitlərdən biri təəccüblə soruşur: – Axı, biz cəmi dörd kalonna ilə hücuma gedirik, bu beşincisi haradan çıxdı?

Franko cavab verir: – Beşinci kalonna bizim Madridin özündə olan tərəfdarlarımızdır, onlar artıq əllərindən gələni ediblər.

Bu doğrudan da belə idi, Franko tərəfdarları Madridi müdafiə edənlər arasında elə nifaqlar salıb, elə təxribatlar törətmişdilər ki, daha mübarizə aparmaq qeyri-mümkün idi.

Franko qələbə çaldı və düz qırx il İspaniyanın hakimi mütləqi oldu.

…1939-cu ildən ta bu vaxta qədər elə qələm sahibi, elə siyasətçi yoxdur ki, ölkə daxilində düşmənin xeyrinə təxribat törədən, xalqı yolundan azdıran qüvvələrdən danışanda “beşinci kalonna” sözünü işlətməsin.

(Əvvəli  bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycanda-besinci-kalonnanin-fealiyyeti-ve-yaxud-xalqimizi-novruzeli-gozunde-gorenler/)

Yuxarıda ərz etdim ki, bizdə hürriyyətin dəyər-qiymətini başa düşən, bir vətəndaş kimi vətəni, dövləti qarşısında məsuliyyətini dərk edən xalq, ziyalı yox, biokütlə var.

Son vaxtlar az qala gündə bir məmur işdfən çıxarılır. Oğurladıqları talan-tarac etdikləri sərvətlər yüz milyonlarla ölçülür. O zinakar qalmayıb ki, xaricdə özünə mal-mülk almasın. Bəli, rəhmətlik Sirus düz deyirdi, ölkədə simasız quldurlar ağalıq edir. Əksəriyyətinin də varidatı, taladığı pullar xarici banklardadır. Və o xarici bankların əsl sahibləri, nə əmr etsələr bizim biqeyrətlər də “Baş üstə!” deyib yerinə yetirəcəklər. Desələr ki, sabah on-on beş milyon qoyub xalqın içinə məxlətə salın, ya da Bakının küçələrini doldurmuş marqinalları muzdla ayağa qaldırın, dinməz-söyləməz əmrə müntəzir duracaqlar.

İndi işdən rüsvayçılıqla qovulanların dişləri bağırsaqlarını kəsir. Revanş odunda yananların da yəqin ki, sayı artır. Məqamdır, bax, məhz belə əsnada illər boyu qorxu-hürkü bilmədən dövləti nüfuzdan salmış, özünü vəzifədə olarkən əsl tiran kimi aparmış “beşinci kalonnanın” üzvləri xarici ölkələrdə sərvətlərini saxlayanlarla əsl xəyanət alyansı yaradıb Prezidentə, üsul-idarəyə qarşı hərəkətə keçəcəklər. Ola bilsin ki, bu proses başlayıb…

Bizim iqtidarın ən zəif cinahı ideoloji sahədir. Dövlətimizə qənim kəsilənlər hücumlarını məhz bu cinahdan başladılar və səhv də etmədilər. Əvvəlcə bizim pulgirlərin səyi-zəhməti nəticəsində çox ölkələrdən it kimi qovulmuş onlarla düşmən sekta, təriqət, missioner qrupu respublikada qeydiyyatdan keçərək açıq işə başladılar. Bunlara “Düz” deyən tapılmadı, dollar bütün qapıları açdı.

QMİ-nin dövlətçiliyə sadiq xadimlərinin hamısının ağızları möhürləndi, heç ötən əsrin otuzuncu illərində  görünməmiş qadağalar bərpa olundu.

Bu  son illərdə dəfələrlə yazdım ki, a kişilər, müharibə aparan ölkədə “Yəhova şahidləri” adlanan sektaya, açıqdan-açığa “Biz şiələri qıracayıq!” deyən vəhabilərə meydan vermək əsl milli xəyanətdir, səsimi eşitməzliyə vurdular. Düşük, ən primitiv zövqü oxşayan, bayağı verilişlərin artması, bütün camaatın elit fahişə və “mavi” kimi tanıdığı məxluqların ekranlardan açıqdan açığa reklam edilməsi sübut etdi ki, özəl kanallar “beşinci kalonnanın” əsl başçıları tərəfindən satın alınıb.

Partokrat Ramiz Mehdiyevin eqidası altında olan ideoloji aparatda çalışanlar millətin mənəvi cəhətdən tam deqredasiyaya uğraması üçün əllərindən gələni etdilər. Üzdə olmayan, çoxunun yaxşı tanımadığı ruspərəst, yaxşı qazancın yolunu tapmış gədə-güdə Ramiz ağanın onlara verdiyi imtiyaz və ixtiyardan məstkam oldu. Onun nə vecinə ki, axşamlar harın əbləhlərin bicbalaları itlərini şəhidlər xiyabanında gəzdirirlər?!

Ramiz Mehdiyev milyarder Ağalarovun “gül balasına” çatdıra bilməzdi ki, ay filan, filan şüdə, az qala hər on-on beş gündən bir cəbhədən evlərə qana qərq olmuş şəhid nəşi gəlir, sənə kim ixtiyar verib ki, Rusiyanın bütün estrada lotularını bura gətirib tökürsən?  Bakı dədənin eyş-işrət poliqonudur? Mədəniyyət nazirliyində baş verənlərdən onun xəbəri yox idi? Məhz Ramiz Mehdiyevin tabeliyində olan nakəslərin təqdimatı sayəsində mədəniyyətimizin, estradanın üz qarası sayılanlara fəxri adlar verildi. Başını qaşımağa vaxt tapa bilməyən Prezidentdə imkan vardı ki, hər axşam işini gücünü bir yana atıb telekanallarda baş verən əxlaqsızlığa baxaydı? Araqarışıqdan istifadə edənlər də fürsəti əldən verməyiblər.

Qardaşı xristianlığı qəbul edib, pastor kimi dinimizə, imanımıza qarşı mübarizə aparan Fatma Abdullazadənin üzərinə gedib əməllərini faş edən nə bir millət vəkili tapıldı, nə bir qələm sahibi.

Bütün rejimlərə yarayan anarların, elçinlərin səsləri də çıxmadı. Mən həmişə deyinirdim ki, niyə bizim rəssamlar bu illər ərzində ortaya bir sanballı əsər qoymayıblar. Miskvada sərgi təşkil olunanda insanlar günlərlə növbəyə durur.

Otuz ildir məmləkət od içindədir bizim fırça ustaları isə batal janrda bir tablo da çəkməyiblər.

Sağ olsun Ənvər Börüsoy, kişinin oğlu qorxmadan, çəkinmədən Əbülfəz Qarayevin şərəfsiz əməllərini açıb göstərdi. Mən heç vaxt inana bilmərəm ki, Ramiz Mehdiyevin sərgi salonlarının pul dağarcığına döndərilməsindən, rəssamların acınacaqlı vəziyyətindən bixəbər olsun. Rəzalətə baxın, ağır hərbi məğlubiyyətə düçar olmuş ölkədə bir abırlı hərbi plakat da gözə dəymir.

Təyin olunmuş “millət vəkillərindən” bir-ikisini sorğu-suala tutun, əgər onların biri üç-dörd fırça, tisə ustasının adlarını doğru-dürüst çəkib, əsərlərindən bir neçəsi barədə söz desə, adımı dəyişərəm.

Seyidov cənablarının “Yeni Müsavat” qəzetinin bu ilki 67-ci sayında çap olunmuş müsahibəsinə qayıdıram. Yenə də təkrar edirəm, biz Mirzə Cəlil rəhmətliyin personajı Novruzəli deyilik. Mən hələ indiyə qədər bir dəfə görmədim ki, yağ-bal içində neynim demədən yaşayan, villa, malikanə sahibi bir “millət vəkili” xalqı xəcil etmiş olaylardan beş-altı kəlmə deyib hökumətdən haqq-hesab tələb eləsin. Səməd ağa, gah imicdən dəm vurursunuz, gah da beynəlxalq aləmin guya erməniləri adam yerinə qaymamaqlarından. Xeyli xub!

Vaxtilə Namiq Abbasov həmin Milli məclisdə ermənilərin 700 azərbaycanlı qız-gəlinini əsir-yesir aparıb xarici ölkələrə satmalarından danışdı. Daha sonra ingilis mənbələrinə isnad edən Rövşən Novruzoğlu və “Zerkalo” qəzeti Sanasar kəndində onlarla körpə uşağın donora döndərilib qətlə yetirilməsi barədə həyəcanlı xəbərləri yaydılar. Qatil erməni həkiminin adı da çap olunmuşdu.

Ziyafətlərdə, bahalı toylarda oturacağı iki yüz manatdan başlamıç beş yüz manata qədər olan stullarda oturub ən ləziz təamları tıxayan “qeyrətli” deputatlar və şəxsən siz Seyidov cənabları bircə dəfə də olsun cariyə kimi satılmış qızların taleyi ilə maraqlanmısınız?  Sanasar kəndindəki uşaq qəbiristanlığında nə qədər günahsız körpənin olduğunu bilirsiniz?

(Ardı var)

Firuz Haşımov