“Azərbaycanda hələ də FETÖ-nün izləri qalmaqdadır” – NATİQ MİRİ

1

“Rusiyaya “5-ci kolon”luq edən Azərbaycan məmurları “FETÖ”nün ölkəmizdə yayılmasına da stimul verirdilər”

“Bu şəbəkə təkcə Prezident Aparatı kimi ali icra hakimiyyətində deyil, hüquq-mühafizə orqanlarında, məhkəmə institutlarında, eyni zamanda ən strateji struktur olan ordunun özündə belə, ən strateji vəzifələri tutmaqdadırlar və bu da Azərbaycan dövlətçiliyi üçün hələ də böyük təhlükələr vəd edir”

2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi qardaş ölkənin dövlətçilik tarixində ən ciddi hadisələrdən biri sayılır. Hadisədən 4 il keçməsinə baxmayaraq, hələ də baş verənlər yaddaşlarda təzələnir.

Qeyd edək ki, həmin vaxt özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup çevrilişçi Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və dövlət telekanalı olan TRT-də yayımlanan bildirişdə ordunun idarəçiliyinin ələ alındığı, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi.

Xatırladaq ki, bu proseslər çərçivəsində ilk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. Dövlət telekanalınını ardınca Doğan Media Mərkəzi də ələ keçirildi və AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Onu da nəzərə çatdıraq ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Bununla yanaşı, 3 min nəfərə yaxın hərbçi həbs olundu. Bunların içərisində 34 general, yüzlərlə zabit və sıravi hərbçi olmaqla yanaşı, hakim və prokurorlar da vardı.

Maraqlıdır ki, Türkiyə dövlətçiliyinə ciddi zərbə vuran bu hadisənin qardaş ölkədə, eləcə də regionda təsirləri hələ də qalırmı? “Hurriyyət”in bu və digər suallarına cavab almaq məqsədi ilə Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri ilə söhbətləşdik:

– 15 iyul çevriliş cəhdi Türkiyədə yeni bir dönəmi başlatdı. Doğrudur, bu çevriliş cəhdi yenidən Türkiyəni öz “məcrasına” qaytarmaq idi. Yəni sözə baxan, çox rahatlıqla idarə olunan, çox sürətli hərbi və iqtisadi cəhətdən inkişafa meylli olmayan və daha böyük geosiyasi iddialarla çıxış etməyən Türkiyəni yenidən öz məcrasına qaytarmaq istəyi idi. Yəni bu saydıqlarımı məcraya yönəltmək istəyirdilər. Hansı ki, bilirsiniz, son 10-20 ildə Türkiyənin çox böyük hədəfləri var. Türkiyə demək olar ki, regional liderdən artıq qlobal səviyyədə lider, güclü bir oyunçuya çevrilib. Yəni bu gün dünyanın mərkəzində – Avrasiyada, eyni zamanda ən strateji bölgə olan Aralıq dənizində heç bir proses Türkiyənin iştirakı olmadan həll edilə bilmir. Bu, təbii ki, Türkiyəni sevməyən qüvvələri çox ciddi şəkildə narahat edirdi. Bu qüvvələr heç də uzaqda deyil. Bu qüvvələr, bildiyiniz kimi, Türkiyənin “strateji” müttəfiqləridir. Bunların başında Amerika Birləşmiş Ştatları və NATO üzrə Türkiyənin müttəfiqləri gəlir…

–  Hansı ki, məlum çevriliş cəhdinində bəzi müttəfiqlərin də əli vardı…

– Bəli. Çox maraqlıdır ki, 15 iyul çevriliş cəhdini təşkil edən qüvvələrin arxasında dayanan güc də məhz Amerika Birləşmiş Ştatları idi. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi bu prosesi ciddi şəkildə idarə edir və nəzarət altından saxlayırdı. Doğrudur, icraçılar din pərdəsi adı altında gizlənən, əslində, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin idarə etdiyi bir qruplaşma idi və bu qruplaşmanın adı bütün dünyaya bəllidir. Düşünürəm ki, həmin qruplaşma bu gün Türkiyədə terror təşkilatı kimi qəbul edilir. Yəni  söhbət FETÖ-dən, Fətullah Gülənin rəhbərlik etdiyi bir təşkilatdan gedir ki, bu təşkilat da təkcə Türkiyədə deyil. Demək olar ki, dünyanın əksər bölgələrində Mərkəzi Kəşfiyyat İdarəsinin maraqlarını ifadə edən fəaliyyətlə məşğuldur. Eyni zamanda bu, təkcə Türkiyədə deyil, Azərbaycanda da ciddi şəkildə fəaliyyətdə olub və düşünürəm ki, bu gününün özündə də fəaliyyətdədir. Çox maraqlıdır ki, Azərbaycanda fəaliyyət göstərən FETÖ qruplaşmasına rəhbərlik edənlər də bu günə qədər Prezident Aparatında ən məsul vəzifələrdə olmuş  şəxslərdir. Məhz buna görə FETÖ Azərbaycanda güclü idi.

– Sizcə, bu təşkilat hələ də Azərbaycanda mövcuddur?

– Düşünürəm ki, hələ də FETÖ-nün çox ciddi şəkildə izləri qalmaqdadır. Doğrudur, son zamanlar Prezident Aparatından bu məsul şəxslər uzaqlaşdırılsa da, amma hələ də idarəetmə strukturlarında, hüquq mühafizə orqanlarında, eyni zamanda yeni təyin olunmuş parlamentdə belə, bunların ünsürləri fəaliyyət başındadırlar. Yəni bu faktın özü də göstərir ki, Azərbaycanda rəhbərlik etmiş məmurlar hakimiyyətdəki vəzifələrini itirmiş olsalar belə, hələ də bu prosesin içindədirlər və bu prosesə də rəhbərlik etməyə davam edirlər.

– Natiq bəy, hazırda Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğu bir ərəfədə FETÖ tərəfdarlarının ölkəmizdə fəaliyyətinə tam sədd qoyulmurdu və indi də qoyulmur?

– Ona görə, sədd qoyulmurdu ki, Azərbaycan hakimiyyəti monolit bir siyasi qüvvədən ibarət deyil. Azərbaycan hakimiyyəti qarşı-qarşıya duran və səhnənin arxasında daima mübarizə aparan hər səviyyədə – iqtisadi, maliyyə, siyasi, hətta hüquqi səviyyədə daima mübarizə aparan iki güclü hakimiyyət şəbəkəsindən ibarətdir ki, bu şəbəkələr də zaman-zaman bir-birilərinin qapısına “doqquzluq qol” vurmaqla məşğul idi. Bu səbəbdən, Azərbaycanın durumu bügünkü acınacaqlı vəziyyətdədir. Ona görə də, bu gün güclü havadarları siyasi hakimiyyətdə olduğu üçün hakimiyyətin digər siyasi şəbəkəsi FETÖ-nü birmənalı olaraq zərərsizləşdirməyə gücü çatmır. Və bu proses təkcə FETÖ ilə bağlı deyil. Bilirsiniz ki, hakimiyyətdən uzaqlaşdırılan həmin şəbəkə Rusiyanın dəstəklədiyi ciddi siyasi şəbəkədir. Bu şəbəkə təkcə siyasi hakimiyyətdə deyil… Yəni Prezident Aparatı kimi ali icra hakimiyyətində deyil, hüquq-mühafizə orqanlarında, məhkəmə institutlarında, eyni zamanda ən strateji struktur olan ordunun özündə belə, ən strateji vəzifələri tutmaqdadırlar və bu da Azərbaycan dövlətçiliyi üçün hələ də böyük təhlükələr vəd edir. Çox maraqlıdır ki, nədənsə bu rus şəbəkəsini Azərbaycandakı indiki siyas hakimiyyət dağıtmağa gücü yetmir. Problem buradadır.

– Nə üçün gücü yetməsin? Əsas səbəb nədir, sizcə?

– Səbəb Rusiya xofudur. İndiki hakimiyyət bütün zamanlarda Rusiyadan qorxub və bu qorxu, xof hələ də Azərbaycan hakimiyyətinin boynundan “Demokl” qılıncı kimi asılmaqdadır. Əks təqdirdə Azərbaycanın bel sütunu olan Müdafiə Nazirliyi və təhlükəsizlik orqanlarında bu qədər Rusiya şəbəkəsinə xidmət edən insanlar hələ də ən strateji postları tuta bilməzdilər. Əgər Rusiya xofu yoxdursa, Azərbaycanın indiki güclü və qüdrətli ordusu niyə Qarabağın bir kəndini belə, azad etmək imkanına malik deyil? Söhbət siyasi iradədən gedir. Hərbi gücü buna yetərlidir, ancaq siyasi iradə yoxdur. Niyə? Çünki Rusiyadan qorxurlar. Məhz Rusiyadan qorxduqları üçün Azərbaycandakı Rusiya şəbəkəsinin başında duran şəxslər müəyyən mənada postdan uzaqlaşdırılsa da, əksər strukturlarda Rusiyayönlü məmurlar hələ də hakimiyyətdə vəzifələrdə qalmaqda davam edirlər. Niyə bu insanlar zərərsizləşdirilmir? Niyə rus kəşfiyyat agenturası zərərsizləşdirilmir? Mədəniyyət ocaqları, media qurumları adı altında Azərbaycanda Rusiya kəşfiyyat qurumları fing atır, tuğyan edir.  Bütün bu prosesin qarşısını Azərbaycan niyə ala bilmir? Ona görə ki, Rusiyadan qorxurlar və bu qorxu durduqca, bu problemləri nəinki həll edə bilməyəcəklər, eyni zamanda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon da işğalda qalmaqda davam edəcək.

– Azərbaycanda olan FETÖ tərəfdarlarını Rusiya ilə əlaqələndirdiniz. Maraqlıdır, FETÖ-nün Rusiya ilə nə əlaqəsi var? Digər tərəfdən, əgər bu təşkilatın Rusiya ilə əlaqəsi varsa, hazırda Türkiyə və Rusiya rəhbərliyi arasında da yaxşı münasibətlər var…

– Mən FETÖ-nü Rusiya ilə əlaqələndirmədim. Mən dedim ki, FETÖ-nün Azərbaycanda inkişaf etməsinin və bütün strukturlara yayılmasının əsas dəstəyi məhz hakimiyyətin içində olan Rusiyayönlü qruplaşmadır. Bu, o demək deyil ki, bu, Rusiyanın sifarişi ilə olub. Bildiyiniz kimi, FETÖ-nün izləri belə, Rusiyada tamamilə zərərsizləşdirildi. Çünki Rusiyanın prezidenti məhz mərkəzi kəşfiyyat orqanından gəldiyi üçün FETÖ-nü çox rahatlıqla hesablaya bildi və bunun Rusiyanın istənilən strukturlarına sızmasının qarşısını aldı. Demək olar ki, FETÖ izini Rusiyadan sildi. Ancaq Rusiyayönlü “5-ci kolon”un başında duran şəxslər, hansı ki, Azərbaycan hakimiyyətində böyük vəzifələr tuturdular, bunlar təkcə Rusiyaya xidmət etmirdilər, eyni zamanda özlərinin bir çox maraqlarını təmin etmək üçün FETÖ-dən istifadə edirdilər. Təbii ki, bunun müqablində FETÖ-dən həmin şəxslərə böyük məbləğlərdə maliyyələr verilirdi. Bu, elə-belə baş verməyib. Yəni bir tərəfdən Rusiyaya “5-ci kolon”luq edən Azərbaycan məmurları FETÖ-nün Azərbaycanda yayılmasına da bilavasitə stimul verirdilər və onları müdafiə edirdilər. Bunların adları bəllidir və bütün Azərbaycan cəmiyəti bunu çox rahatlıqla bilir. Bu, o demək deyil ki, Rusiyayönlü, Rusiyaya xidmət edən Azərbaycan hakimiyyətindəki adamlar FETÖ-nü müdafiə edə bilməzlər. Belə bir anlayış yoxdur. Onlar Rusiyanın istədiklərini Azərbaycanda etməklə bərabər, özlərinin də bir çox maraqlarını məhz FETÖ vasitəsilə Azərbaycanda təmin edirdilər və düşünürəm ki, bu proses zəif də olsa, hələ də Azərbaycanda davam edir.

Şamo EMİN, Hurriyyet.org