Azərbaycanda könüllülər hərəkatı və beynəlxalq təcrübə – LAYİHƏ

23 May, 2020, 13:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Dünya tarixində müasir anlamda “könüllü fəaliyyət” anlayışı ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranmışdır. Bu anlayış könüllü hərbiçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxmışdır. 1881-ci ildə ABŞ-da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Qurumunun yaranmasına səbəb olmuşdur. Rusiyada XIX əsrdə könüllülük prinsipləri ilə çalışan müəllim və həkimləri də örnək göstərmək olar. 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratmışdır. Burada yaralılara könüllülər ilkin tibbi yardım göstərmişdilər. Xeyriyyə qurumları içərisində 1863-ci ildə İsveçrədə yaranmış Beynəlxalq Qırmızı Xaç Komitəsini misal göstərmək olar.

Beynəlxalq humanitar siyasətin Azərbaycanda təzahürü

Beynəlxalq humanitar qurumlar öz mandatları çərçivəsində bir çox könüllülük proqramları elan etmişdilər. Bunlardan ən tanınmışı Birləşmiş Millətlər Könüllüləri proqramıdır. Bu proqram BMT-nin sülh və inkişafa nail olmaq uğrunda bütün dünyanı əhatə edən könüllülük fəaliyyətidir. Ali və ya orta ixtisas təhsilli olmaq, minumum 25 yaş həddinə çatmaq, minumum iki il müvafiq sahədə təcrübə, ingilis, fransız, ispan dillərindən ən azı birində sərbəst danışmaq, könüllülük fəaliyyətinin prinsip və dəyərlərinə sadiq olmaq, çətin yaşam səbəblərinə tab gətirmək, güclü təşkilatçılıq və insanlarla işləmək vərdişlərinə nail olmaq, multikultural şəraitdə işləmək təcübəsi BMT könüllüsü olmaq üçün əsas tələblər hesab olunur. 1985-ci ildə BMT Baş Assambleyası dekabr ayının 5-ni Beynəlxalq İqtisadi və Sosial İnkişaf Naminə Könüllülər günü və ya qısaca olaraq Beynəlxalq Könüllülər Günü kimi qeyd etmək təklifi ilə çıxış etmişdir. Könüllülər öz istedad, zaman və enerjilərini cəmiyyətə heç bir təmənna gözləmədən bəxş edirlər. XX əsrin ikinci yarısından başlayaraq könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.

Azərbaycanda da könüllülük ənənəsi çox zəngindir. XIX əsrin sonu XX əsrin əvvəlləri bir sıra xeyriyyə cəmiyyətləri çox uğurlu fəaliyyət göstərmiş, insanları başqalarının xeyrinə işlərə cəlb etmişlər. Humanitar sahədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildə yaranmışdır. Həmin ilin mart ayının 10-da Azərbaycan Xalq Cumhuriyyətinin Müdafiə naziri general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaiti ayrılmışdır.
İkinci dünya müharibəsi illərində yaralı əsgərlərə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, bütövlükdə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq bir çox şəfqət bacıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan “Florens Naytinqeyl” medalı ilə təltif edilmişdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olmuşdur. Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq prezident İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-nun “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Hazırda bu qurumun 20000-ə yaxın könüllüsü vardır. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın humanist ənənəsindən qaynaqlanır. Bu hadisələrdə həkimlərin və tibb bacılarının təmənnasız yardımı ilə onlarla yaralının həyatını qurtarmaq mümkün olmuşdu.

XXI əsrdə könüllülər hərəkatının coğrafiyasının genişlənməsi

Bu prosesə insanları könüllü cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilirdi. Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlamış, 1998-2000-ci illərdə bu proqramın nəticəsində güclü könüllü komandası yaradılmış və könüllülük prinsipinin geniş auditoriyaya təbliğatına start verilmişdir. XXI əsrin əvvələrindən ölkəmizin neft gəlirləri ilə müşayiət olunan yeni dövrü başlamışdır. Bu dövrdə prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi olmuşdur.
Qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, könüllüyün mühüm önəm daşıması danılmazdır. Ölkəmizdə Könüllülük hərəkatı ASAN xidmət mərkəzlərində başlamış və çox geniş yayılmışdır. Könüllülük insansevərlik, vətənsevərlik, əməksevərlik göstəricisidir. Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaqdır.
Könüllülük fərqli düşüncələrə bərabər sayğı bəsləməkdir. Könüllülük cəmiyyəti yaxşılığa doğru dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Könüllü xidmət ictimai həyatda iştirak, həyat bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə inteqrasiya, təhsilin inkişaf etdirilməsi, fərdlərin inkişafına fayda vermək baxımından əhəmiyyətlidir. Könüllülük fəaliyyəti yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində insanlara özlərini inkişaf etdirməyə yardımçı olur. Könüllülük fəaliyyəti şəffaflığı, operativliyi, məsuliyyəti, mənəvi zənginliyi təmin edir, gülərüz və səbirli olmağı aşılayır.
Qeyd olunur ki, könüllülərin cəlb olunması işçi çatışmazlığını aradan qaldırmaq məqsədi güdmür. Onları cəmiyyətlə, insanlarla qarşılaşdırmaq, əmək vərdişləri aşılamaq, iş təcrübəsinə yiyələndirmək kimi məsələlər əsas məqsəd olmalıdır. Könüllülük bu gün ayrıca bir sahə kimi formalaşmış və bu sahənin öyrənilməsi, mənimsənilməsi üçün dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza yaradılmışdır. Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsi ilə bağlı “Könüllülük fəaliyyəti” haqqında 2009-cu il 9 iyun tarixli Qanununun mühüm rolu vardır. Qanuna görə könüllü fəaliyyət – Azərbaycanın   qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan prezidentinin “2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli Sərəncamı da çox böyük önəm daşıyır.

Könüllülər hərəkatı və vətəndaş cəmiyyəti

Bu gün könüllülər Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında, o cümlədən aparatında səmərəli fəaliyyət göstərirlər. Könüllülərlə bağlı atılan uğurlu addımlardan biri də “Ədliyyə könüllüləri” İctimai Birliyinin yaradılması və fəaliyyətə başlaması olmuşdur.

Könüllülük hərəkatının inkişafında, arzuolunan məqsədlərə çatılmasında bələdiyyələr də öz töhfələrini verə bilərlər. Bələdiyyələr “Könüllülük fəaliyyəti” haqqında Qanunun tələblərini, Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq öz fəaliyətlərində könüllülərdən istifadə etməklə yerli özünüidarəetmə sahəsində könüllülük institutunun inkişafına təkan verməyə çalışmalıdırlar. Bələdiyyələrə könüllüləri cəlb etməklə gələcəkdə yerli özünüidarəetmə orqanları üçün potensial işçi qüvvəsinin yaranmasına kömək etmək olar.

Yerli özünüidarəetmə orqanlarına könüllülərin cəlb olunması məqsədi ilə Bələdiyyələrlə İş Mərkəzi tərəfindən ayrıca tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilmiş, bələdiyyələrə könüllülük işinin məqsəd və vəzifələri bir daha izah olunaraq onlara bu mühüm sahəyə diqqətin artırılması tövsiyə olunmuşdur.

“Könüllülər ili”nə töhfəsi: “Könüllünün öz/əl kitabı” nəşr olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. “Könüllülər ili”nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və “KOB könülllüləri”nin təşəbbüsü ilə “Könüllünün öz/əl kitabı” nəşr edilib.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, fəaliyyətlərinə könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb. 13 min tirajla nəşr olunmuş “Könüllünün öz/əl kitabı” könüllülüyün tarixi, bu sahədə beynəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir. Gənclərin və könüllülərin gələcək fərdi və biznes yönümlü inkişafında, o cümlədən karyera planlamasında əhəmiyyətli vasitələrdən olacaq “Könüllünün öz/əl kitabı” 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz olaraq paylanılacaqdır. Kitabda eyni zamanda beynəlxalq təcrübə, eləcə də Azərbaycanın son illərdə könüllülər hərəkatının əldə etdiyi uğurlar və təcrübələr yer alıbdır.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93