“Azərbaycanda struktur dəyişiklikləri həyata keçirilməlidir” – ƏHMƏD ORUC

23 May, 2020, 12:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Ölkənin idarə edilməsi ilə bağlı köklü islahatlara ehtiyac var”

“Rüşvət almadan ölkəni idarə etməyin mümkünlüyü üçün şərait yaradılmalıdır”

“Beynəlxalq güclər, düşmənlərimiz Azərbaycanda xalqın iradəsindən doğan, millətin problemlərini həll edə biləcək hakimiyyətin qurulmasına imkan vermir”

“Milli Şuranın bir sədri Moskvada, digəri isə ABŞ-dadır, onlar pul verilərsə, Azərbaycan hakimiyyətinə qarşı həmin ölkələrin maraqlarının təmin olunmasında iştirak etməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər”

Azadlıq Partiyasının sədri Əhməd Orucla son günlər cərəyan edən proseslər, iqtidar-müxalifət dialoqu, korrupsiya ilə mübarizə istiqamətində görülən işlər, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələrinin də təmsil olunmasıyla əlaqədar irəli sürülən təklif, orduya ictimai nəzarətin bərpası və digər mühüm mövzularla bağlı söhbətləşdik.

“Mənə elə gəlir ki, Prezident Administrasiyası artıq “filan partiyalar qatılmadı”, “filankəslər xaricdən idarə olunur” və s. kimi bəhanələrlə ölkədə niyə milli birliyin olmadığı fikrini əsaslandırmağa meyllidir”

– Əhməd bəy, son zamanlar ölkənin ictimai-siyasi, eləcə də sosial-iqtisadi həyatında cərəyan edən bir sıra proseslərdən sonra belə bir fikir səsləndirilir ki, yaxın müddətdə Azərbaycanda yeni siyasi konfiqurasiya yarana bilər. Siz bu barədə nə düşünürsünüz?

– Qeyd edim ki, Prezident Administrasiyasının ay yarım öncəki düşüncə tərzinə, yanaşmasına, sərgilədiyi mövqeyə əsasən elə fikirlər söyləmək olardı ki, Azərbaycanda nəsə yeni proseslər baş verir, normal ölkələrdə olduğu kimi, siyasi partiyalar arasında sivil münasibətlərin formalaşmasına əsas var. Ancaq sonrakı mərhələdə bunun davamı gəlmədi. Yəni bu davranışın daha çox görüntü xarakteri daşıdığı üzə çıxdı, hansısa partiyaların prosesə qatılmamasını bəhanə edərək, Prezident Administrasiyası tədricən mövzudan yayındı. Ona görə də hesab edirəm ki, indiki dövrdə əvvəlki görüntüdən fərqli bir situasiya ortaya çıxmaqdadır, bu da sabahla bağlı nikbin fikirlərə əsas vermir. Mənə elə gəlir ki, Prezident Administrasiyası artıq “filan partiyalar qatılmadı”, “filankəslər xaricdən idarə olunur” və s. kimi bəhanələrlə ölkədə niyə milli birliyin olmadığı fikrini əsaslandırmağa meyllidir. Açığı, ona görə bir o qədər də nikbin deyiləm ki, pandemiyadan sonra ölkədə yeni siyasi durum yarana bilər.

“Belə bir fikir də var ki, həbs olunanların hamısı buyaxınlarda hakimiyyətdən kənarlaşdırılan çox yüksək ranqlı məmurların təyin etdiyi, onların müdafiə etdiyi şəxslərdir”

– Hazırda ölkədə korrupsiya ilə mübarizə istiqamətində görülən işləri, rayon icra başçılarının, o cümlədən digər yüksək çinli məmurların həbsini necə qiymətləndirirsiniz? Başladılan antikorrupsiya əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsinə zərurət varmı?

– Açığı, ictimai rəydə bu məsələyə həddən artıq müsbət yanaşma var. Cəmiyyət hakimiyyət dairələri tərəfindən o qədər incidilib ki, artıq istənilən yüksək çinli məmurun həbsi cəmiyyətdə pozitiv enerji doğurur, insanlar bunu alqışlayırlar. Ancaq belə bir fikir də var ki, həbs olunanların hamısı buyaxınlarda hakimiyyətdən kənarlaşdırılan çox yüksək ranqlı məmurların təyin etdiyi, onların müdafiə etdiyi şəxslərdir. Yəni prinsipcə ayrı-ayrı rüşvətxor məmurların həbsi rüşvətin qarşısını almağa kifayət deyil. Rüşvətin qarşısının alınması üçün mütləq ölkəni idarə edənlərin özləri rüşvət almamalıdır.

İkincisi, rüşvət almadan ölkəni idarə etməyin mümkünlüyü üçün şərait yaradılmalıdır. Bu gün Azərbaycanda nazirliklər, icra hakimiyyəti strukturları hazər rüşvət mexanizmləridirlər. İcra hakimlərinin demək olar ki, rüşvət almaqdan başqa heç bir funksiyası yoxdur. Onlar uzun illərdir bu işlə məşğuldurlar. Ona görə də mən reallaşan həbsləri cinayəti olan şəxslərin cəzalandırılması kimi qiymətləndirirəm. Təbii, buna müsbət yanaşıram ki, hər bir cinayətkar cəzalanmalıdır. Hamı bilməlidir ki, millətin, dövlətin, sərvətlərini talayıb insanlara qarşı haqsızlıq, ədalətsizlik etməyin bir sonu olacaq. Ancaq eyni vaxtda, bu addımları yetərli hesab etmirəm. Hesab edirəm ki, həm struktur dəyişiklikləri, həm də ölkənin idarə edilməsi ilə bağlı daha köklü islahatlara ehtiyac var. Fikrimcə, icra hakimiyyətləri strukturları bütövlükdə ləğv olunmalı, bələdiyyələrə yeni səlahiyyətlər verilməli və dünyanın sivil ölkələrində olduğu kimi müasir struktura keçilməlidir.

– Həbs edilən icra başçılarının təqdimatını verən şəxslər barəsində də ölçü götürülməlidirmi?

– Bu gün dövlət idarəçiliyində olan istənilən şəxsə cəza verilsə, bunun əsası var. Çünki onların hamısı başdan-ayağa rüşvət və korrupsiyanın içindədir. Fikrimcə, ölkənin rüşvət və korrupsiyasız idarə olunması üçün mövcud sistem yaramır. Odur ki, mütləq sistem dəyişməli, ortada başqa yanaşma olmalıdır.

– Sizə elə gəlmir ki, müxalifət düşərgəsi başladılan antikorrupsiya tədbirlərinə lazımı dəstəyi verərsə, o zaman bu, görülən işlərin daha effektli aparılmasına təkan verə bilər?

– İlk öncə qeyd edim ki, mən başladılan prosesi antikorrupsiya siyasəti hesab etmirəm. Çünki korrupsiyanın baş verməməsi üçün ölkədə idarəetmə sistemi dəyişməlidir. Hesab edirəm ki, bu gün rüşvət və korrupsiyaya qatılmadan ölkəni idarə edə biləcək çevik, yüksək təyinatlı və yüksək maaşlı bir struktur qurulmalıdır. Ona görə də mən 5-6 rüşvətxor məmurun həbsini antikorrupsiya siyasəti hesab etmirəm. Bu, ictimai rəyi aldatmaqdır, yalançı görüntüdür.

“Hesab etmirəm ki, Azərbaycanda 2-3 və ya 5 partiyanın prosesə qatılmaması milli faciədir”

– Əhməd bəy, iqtidarla müxalifət arasında normal siyasi dialoq mühitinin formalaşdırılması üçün hansı addımlar atılmalıdır?

– 2014-cü ildə də bu proses başlamışdı, sonra hakimiyyət seçkini saxtalaşdırmaq lazım gəldiyinə görə müxalifətlə məsafələşdi, dialoqdan çəkindi. İndi də dialoqun baş tutmaması hakimiyyətin mövqeyindən asılıdır. Hakimiyyət indiyə qədər həmişə müxalifətə kəskin düşmənçilik münasibətində olub. Müxaliftin bir kəsimi isə ya öz şəxsi baxışlarından, ya da onları dəstəkləyən qüvvələrin tələbindən dialoqa qatılmaq istəmir. Düşünürəm ki, əgər hakimiyyət səmimidirsə, həqiqətən ölkədə milli barış, bütün qüvvələrin milli problemlərin həllində dəstəyini istəyirsə, onda dialoq davam etdirilməlidir. Hesab etmirəm ki, Azərbaycanda 2-3 və ya 5 partiyanın prosesə qatılmaması milli faciədir. Zaman gələr, istəsələr qatılarlar. Fikrimcə, əgər dialoqda məsələlər doğru qoyularsa, millətin maraqlarına uyğun addımlar atılarsa, bu, millət tərəfindən dərhal dəstəklənəcək və o zaman dialoqdan kənarda qalanlar da prosesə qatılmağa yol axtaracaq. Ona görə də prosesin davam edib-etməməsi birmənalı şəkildə hakimiyyətin bu məsələdə nə dərəcədə səmimi olmasından asılıdır.

– Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılmasından danışarkən, “Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı” deyib. Sizcə, bunu iqtidarın müxalifətlə yaxınlaşmaq, münasibətləri yenidən qurmaq, eyni zamanda dialoqun baş tutması istiqamətində atdığı addım kimi dəyərləndirmək olar?

– Prinsipcə, ictimai nəzarət baxımından, cəmiyyətin hakimiyyətdən birbaşa asılı olmayan təbəqələrinin də bu cür komissiyalarda iştirakının tərəfdarıyam. Hesab edirəm ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılarkən orada həm ictimaiyyət nümayəndələrinin, həm də müxalifətdə olan siyasi partiyaların təmsilçilərinin iştirakı hakimiyyətin idarə olunmasında aşkarlığa kömək edə bilər. Bu baxımdan, sözügedən təklifi pozitiv qiymətləndirirəm. Lakin bunun iqtidar müxalifət dialoqunun baş tutması üçün atılmış addımlardan biri olduğunu düşünmürəm. Çünki dialoq ölkədəki siyasi qüvvələrin mövcud olan ən köklü problemlərlə bağlı konkret məsələlər ətrafında müzakirələri və ortaq qərarlar qəbul olunması, bunun da reallaşması üçün güclərini səfərbər etməsidir.

– Azərbaycan hökumətinin Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana düzənlənən “andiçmə mərasimi”nə reaksiyası sizi qane edir?

– Açığı, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasəti məni qətiyyən qane etmir. Bu hakimiyyət Dağlıq Qarabağ problemini həll edə biləcək gücdə, qüdrətdə deyil. Əgər geridə qoyduğumuz 28 il ərzində etməli olduqlarımızı etsəydik, o zaman Şuşada belə bir hadisə yaşanmazdı. Birdən-birə kimlərinsə populizm xatirinə “Şuşanı vur!” deyə qışqırması da çox əcaib səslənir. Bəlkə də həmin adamların əksəriyyətinin heç barıt qoxusundan xəbərləri yoxdur. Bəlkə də ömründə bir dəfə də olsun, tək lülə tüfəng belə, çiyinlərində gəzdirməyiblər. Hesab edirəm ki, işğal altındakı torpaqlarımızı azad etməyimiz üçün indikindən fərqli bir hakimiyyətə, milli hökumətə ehtiyac var. Çünki mövcud hakimiyyət Qarabağ münaqişəsini həll edəcək gücdə deyil, yalnız görüntü yaratmaq istəyirlər. İndiki generalların paqonları günbəgün böyüyür, daha parıltılı, gözəgəlimli olur. Ancaq bu, generallarımızın, hərbçilərimizin üzərində olan borcu qətiyyən azaltmır. Ümumiyyətlə, mən ordumuzun ayrı-ayrı şəxslər tərəfindən təhqir olunmasının əleyhinəyəm. Çünki ordudakı sıravi və zabit heyəti ləyaqətli insanlardır. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, onlar hər an Vətən uğrunda canlarını da verməyə hazırdırlar. Lakin bəzi siyasilərin ağına-bozuna baxmadan yersiz ifadələr işlədirlər. Bunlar doğru deyil. Əgər onların Azərbaycan, türk əsgərinin qeyrətinə şübhələri varsa, nahaq bu ölkədə yaşayırlar. Getsinlər, hansı milləti qeyrətli hesab edirlərsə, onların ölkəsində yaşasınlar. Təəssüf ki, biz ermənilərlə münasibətdə daxildən uduzdurulmuş bir millətik. Beynəlxalq güclər də, düşmənlərimiz də Azərbaycanda xalqın iradəsindən doğan, millətin problemlərini həll edə biləcək hakimiyyətin qurulmasına imkan vermir. Onların gücü o qədər böyükdür ki, Azərbaycan daxilində “5-ci kalon”lar saxlayırlar. Onların hər biri ölkədə ictimai fikri çaşdırmaqla məşğuldur. Bu səbəbdən də hesab edirəm ki, bugünlərdə Şuşada yaşananların bir daha baş verməməsi üçün mütləq fərqli bir hakimiyyət komandasına, fərqli düşüncəyə sahib olmalıyıq. Yəni torpaqlarımız uğrunda döyüşə bilən, öz millətimizdən olan bir ordu, hakimiyyət ortada olmalıdır. İndikilərin kimə xidmət etdikləri bəlli deyil. Çoxunun da Moskvanın təsis etdiyi orden və medallar üçün hər əskikliyə hazır olduqları göz qabağındadır.

– Söhbət ordudan düşmüşkən, necə düşünürsünüz, orduya ictimai nəzarət məsələsinə yenidən baxılmalı və bu prosesdə mətbuatın, cəmiyyətin bütün təbəqələrini əhatə edən şəxslərin, təşkilatların iştirakı təmin olunmalıdırmı?

– Orduya ictimai nəzarət orduya ayrılan vəsaitlərin xərclənməsi, o cümlədən hərbi qulluqçular, şəxsi heyət arasında münasibətlərin normal olması ilə bağlıdır. Dünyanın bütün dövlətlərində dinc dövrdə orduda hansı proseslərin getdiyini cəmiyyətə çatdırmaq üçün bu cür nəzarət komissiyalarından istifadə olunur. Təbii ki, döyüş, müharibə vəziyyəti olduqda bu nəzarət komissiyalarının fəaliyyətinə ehtiyac qalmır, ordu müharibə qaydaları ilə idarə olunur. Düşünürəm ki, bizdə problem ictimai nəzarətdən daha çox ordunun rəhbərliyi ilə bağlıdır.

– Bildiyiniz kimi, Milli Şuranın Koordinasiya Mərkəzinin bir neçə gün öncə “Zoom”la keçirilən iclasında ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət sərgilənib, daha dəqiq desəm, Müsavat, həmçinin Respublikaçı Alternativ Partiyasının (REAL) fəaliyyətinə dair xoşagəlməz ifadələr, o cümlədən cinsi azlıqlarla bağlı kəskin fikirlər səsləndirilib. Sözgedən videonun yayılmasından sonra isə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı və hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib. Baş verənlərə münasibətinizi bilmək maraqlı olardı.

– Baş verənlər bir məsələni göstərdi ki, faktiki olaraq Milli Şuranın rəhbərliyinin söykəndiyi, maliyyələşdirildiyi dairələr cinsi azlıqlarla bağlı dairələrdir. Buna görə də Milli Şura daxilində kimlərinsə cinsi azlıqlarla bağlı kəskin ifadələr işlətməsi şuranın üzvlərinin kənarlaşdırılmasına, istefasına səbəb oldu. Bu, onu göstərir ki, Cəmil Həsənlinin ABŞ-da məskunlaşması, orda müdafiə olunması cinsi azlıqların təmsilçilərinin, ən azı aktiv iştirakı ilə baş verib. Mən Milli Şura yarandığı vaxtda – 2013-cü ildə bu qurumun milli olmadığı qənaətindəydim. Çünki Milli Şura Rusiyadakı “Milyarderlər ittifaqı”nın yarandığı təşkilat idi. Bu səbəbdən də mən Milli Şuranın fəaliyyətinin davam etdirilməsini milli maraqlarımıza uyğun saymamışam. Önəmli bir məqama diqqət yetirmək lazımdır ki, Milli Şuranın bir sədri Moskvada, digəri isə ABŞ-dadır. Onlar pul verilərsə, Azərbaycan hakimiyyətinə qarşı həmin ölkələrin maraqlarının təmin olunmasında iştirak etməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93