Azərbaycanda bazar mexanizmlərinin işləməsi və beynəlxalq təcrübə

6

Azərbaycan hökumətinin neftdənkənar bölmənin inkişafının sürətləndirməsi üzrə atdığı addımlar qısa müddət ərzində qlobal böhranın təsirlərinin qarşısını almağa imkan verəcək. Əvvəlki illərdə yaradılmış maliyyə yastığı beynəlxalq təşkilatlara müraciət etmədən makroiqtisadi sabitliyi dəstəkləməyə imkan yaradır. Amma digər tərəfdən, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankının və başqa qurumların texniki və konsultativ yardımı ölkə hökumətinə dəstək verə bilər.

Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional missiyası da bu prosesdə yaxından iştirak edir.

Qlobal instututlar və Azərbaycanla münasibətlər

BMK Dünya Bankı qrupunun üzvüdür və iri qlobal inkişaf institutudur, öz fəaliyyətini inkişaf etməkdə olan bazarların özəl sektoruna yönəldir. Xüsusilə insanların  yoxsulluqdan xilas olmaq və həyatın yaxşılaşdırılması istiqamətində yardım etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün özəl bölmənin inkişafına yönəltməyi strateji hədəflərdən biri sayır. Özəl bölmə iqtisadi artım üçün önəmli amildir. Dünyada iş yerlərinin 90%-i özəl sektor tərəfindən yaradılır. Özəl bölmənin inkişafını sərmayələşdirən BMK mövcud məsələləri həll etməyə yardım edir. Elə bu yaxınlarda baş vermiş hadisələr Azərbaycanın qarşısında yeni məsələlər qoydu və ölkə üçün yeni problemlər yaratdı. Neftin qiymətinin aşağı düşməsindən iqtisadiyyat və milli valyuta ciddi təzyiq altına düşdü. Neftin qiymətinin yetərincə aşağı olduğu indiki şəraitdə özəl sektorun potensialını açmaq çox vacibdir. 2015-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 80%-dən çoxu özəl bölmənin payına düşüb. Bununla belə, yerli sərmayələrin yalnız 40%-i özəl bölmədən daxil olub ki, bunun da yarısı neft bölməsinə yönəldilib. Ölkə ixracatının 90%-ə qədəri karbohidrogenlərin payına düşüb, ölkəyə təmiz xarici sərmayəaxınında neft sektorunun payı 65%-dən çox olub. Ölkə neftdənkənar özəl sektorun şaxələndirilməsinə əsaslanan başqa artım modelinə keçməyə başladı. Bu məqsədə çatmaq üçün özəl və dövlət bölmələrinin rolu balanslı olması barəsində bir sıra ciddi addımlar atılmışdır. Özəl sektor artımın əsas təkanverici gücünə çevrilməsi üçün dövlət sektoru isə artımın vasitəçisi rolunu oynamağa başlamışdır:

– Özəl sərmayələri sıxışdıran dövlət kapital yatırımlarının payının azaldılmasına imkan verən vergi-büdcə konsolidasiyası;

– Gömrük prosedurlarının sadələşdirilməsi və elektron hökumətin servis mərkəzlərinin genişləndirilməsi, bu, korporativ sektorun böyük şəffaflğına və biznesin gerçəkləşdirilməsi xərclərinin azaldılmasına imkan yaradır;

– Dövlət tikinti tenderlərində yaxşılaşdırma var, gözlənilir ki, bu, daha rəqabətli mühitin yaranmasına səbəb olacaq, kiçik və orta müəssisələrin imkanlarını artıracaq;

– İqtisadiyyatın şaxələndirilməsi, o cümlədən, neft sektorundan kənd təsərrüfatı və turizm kimi qeyri-ənənəvi sektorlara keçid üzrə səylər;

– Ümumdünya Ticarət Təşkilatına daxil olmaq barədə danışıqların fəallaşması, bu, əslində, özlüyündə müsbət hadisədir, çünki gözlənilir ki, ticarətin liberallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə yardım edəcək.

Bütün bunlar həm də hökumətin infrastrukturunun yaxşılaşması və insan kapitalının keyfiyyətinin yüksəlməsi məsələlərinə daimi diqqət yetirməsini önə çəkmişdir.

Rəqabət mühitinin yaradılması və biznesin yeni inkişaf hədəfləri

Azərbaycan üçün rəqabət mühitinin yaxşılaşdırılmasına yönəlmiş struktur islahatlarının davamı və bu sahədə inkişaf tempini aşağı salmamaq önəmlidir.

– Dünya Bankı qrupu tərəfindən tərtib edilən «Biznesin həyata keçirilməsi» (DoingBusiness) hesabatında Azərbaycan 189 ölkə arasında 63-cü yeri tutur.

– Azərbaycan biznes-mühitin yaxşılaşdırılması istiqamətində müəyyən proqres əldə edib və bu «Biznesin gerçəkləşdirilməsi» hesabatında da əks olunub. 2016-cı il üçün tərtib edilmiş hesabatda ölkə dünyanın 169 iqtisadiyyatı arasında 63-cü yeri tutur. Daha geniş kontekstdə isə həmin hesabata görə, Azərbaycan 2015-16-cı illərdə dünyanın bu istiqamətdə normativ-hüquqi islahatlar həyata keçirmiş 24 ölkəsindən biridir. Reytinqlər Azərbaycanın başqa ölkələrlə müqayisəsi üçün faydalı alətdir. Ancaq yaxşı tənzimləmə də önəmlidir. Sərhədə qədər məsafənin qiymətləndirilməsi (distancetofrontier, DTF) yeni effektiv tənzimləmə göstəricisidir. Bu göstərici dünyanın ən yaxşı tənzimləmə təcrübələri ilə müqayisədə ölkənin mövqeyini göstərir.

2016-cı il üçün tərtib edilmiş «Biznesin həyata keçirilməsi» hesabatında ölkəmizin DTFüzrə qiyməti 67,8% olub, bu isə dünyanın ən yaxşı təcrübələrindən, ən azı, 32 bənd üzrə geridəqalma deməkdir. Azərbaycan müəssisələrinin qeydiyyatı (97,75%), mülkiyyətin qeydiyyatı (82,55%) və vergi (83,77%) kriteriyaları üzrə yaxşı nəticə göstərib. Azərbaycanın biznes mühitinin səviyyəsinin dünyanın ən yaxşı iqtisadiyyatlarının səviyyəsinə qalxması üçün hökumətin islahat proqramları bu tənzimləmə cəhətlərinə yönəlməlidir. Onu da qeyd etmək lazımdır ki, «Biznesin həyata keçirilməsi» heç də işgüzar mühitin bütün cəhətlərini əhatə eləmir; məsələn, xarici sərmayə ilə bağlı normativlər bura daxil deyil. Bu sıraya, makroiqtisadi sabitlik və işçi qüvvəsinin səriştə kriteriyası da daxildir. Buna görə də dünya üzrə uğurlu islahatçılar «Biznesin həyata keçirilməsi» göstəricilərindən kənara çıxan islahatları dəstəkləyirlər, işgüzar mühitin çox cəhətlərini əhatə edən dərin və genişmiqyaslı islahatlar tətbiq edirlər. Kompleks islahatlar güclü siyasi iradə və özəl bölmənin artımına bütöv yanaşma tələb edir.

Sərmayəçilərin xarici ölkəyə vəsait yatırması qərarı verməsinə təsir edər bir neçə əsas amil var: siyasi və iqtisadi sabitlik, bazarların həcmi, mülkiyyət hüququnun qorunması, əlverişli iş mühiti, iqtisadi infrastrukturun keyfiyyəti, ixtisaslı və ya ucuz iş qüvvəsi imkanları. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi gələcəkdə vacib önəm daşıyacaq. Azərbaycan birbaşa xarici sərmayələrin səviyyəsini əsas götürən şaxələndirmə prinsipləri əsasında öz siyasətini dəyişməyə başlayıb. Buna daha səmərəli sərmayələşdirmə üçün nəzərdə tutulan üstünlüklərin yaradılması yolu ilə bir sıra islahatlar hesabına nail olmaq mümkündür. Bu islahatlar sərmayələr üçün siyasətin, normativ-hüquqi və institusional bazanın yaxşılaşdırılmasına yönəldilibdir.

Birbaşa xarici sərmayələrin önəmi yalnız cəlb edilən kapitalın həcmi ilə deyil, daha vacibi, produktiv biliklərin həcmi ilə ölçülür. Bu biliklər yerli müəssisələrə qlobal iqtisadiyyata qoşulmaq imkanı yaradır.

Şaxələndirmə beynəlmiləlləşmə deməkdir. Azərbaycan müəssisələrinin beynəlxalq iqtisadiyyat müstəvisində dəstəklənməsi məqsədi ilə öz biliklərini, standartlarını, institutlarını və əlaqələndirmə mexanizmlərini yeniləşdirməyə başlayıb. Azərbaycan daxili bazarının həcminin kiçik olmasını nəzərə alaraq, ölkənin Avropa və Asiya bazarlarına qoşulma səviyyəsini yaxşılaşdırmalıdır. Bu, nəqliyyat əlaqələrinin genişləndirilməsi, azad ticarət və sərmayələr haqqında ikitərəfli və çoxtərəfli sazişlər şəbəkəsi vasitəsilə həyata keçirir.

Yeni rəqabətqabiliyyətli sektorların inkişafı yolu

Milli forumun yaradılması bu istiqamətdə arzuolunan addımlardan biridir. Çünki bu, dövlət və özəl sektor təmsilçilərinə öz aralarında mütəmadi olaraq şaxələndirmənin yüksəldilməsinə və sərmayələrin stimullaşdırılmasına yönəlmiş əlaqələr qurmaqda, müzakirələr etməkdə və yeni təşəbbüslərdə yardım edir. Beyənlxalq maliyyə institutları və inkişaf agentlikləri də formalaşmaqda olan bazarlara və inkişaf etməkdə olan ölkələrə birbaşa xarici sərmayələrin cəlbi məsələsində böyük rol oynayırlar.

Birbaşa xarici sərmayələr sahəsində layihələrə birgə sərmayələrə əlavə olaraq, BMK da Dünya Bankı qrupunun üzvü kimi hökumətlərə geniş spektrdə məsləhət xidmətləri təqdim edir.

Aşağı neft qiymətləri şəraitində neft bölməsinə əsaslanmaq dayanıqlı addım deyil və hazırda Azərbaycan daha əlverişsiz bir mühitdə nəzərəçarpacaq inkişafını qorumaq məsələsi ilə üzləşib. Gözlənilir ki, neftin qiymətinin azalması elə də qısamüddətli olmayacaq və ortamüddətli perspektivdə ölkə dövlət və özəl bölmələrinin rolunu balanslaşdırmalıdır. Hökumət bu istiqamətdə irəliləyir və əlbəttə, gələcəkdə də böyük işlər görülməsi üçün zəruri addımlar atılır. Şaxələndirmə üzrə səylər Azərbaycana yeni iqtisadi artım mənbələri yaratmaqda yardımçı olacaq; məsələn, iri mis hasilatçısı olan Çilidə özəl sektorun xeyrinə aparılmış genişmiqyaslı islahatlar iqtisadiyyatın aqrobiznes, turizm, beynəlxalq daşımalar, həmçinin loqistik xidmətlər sektorlarında da rəqabət qabiliyyətini təmin edir. Ona görə ki, Azərbaycan zəngin təbii qaynaqlara malik ölkədir. İndiki böhrandan əvvəl, son iyirmi il ərzində ölkə nəzərəçarpacaq səviyyədə iqtisadi artım nümayiş etdirib. Ölkəmiz neft gəlirlərini ehtiyatla istifadə edib: sosial transfertlərin həcmini, infrastruktura sərmayələri və ehtiyat yığımının səviyyəsini artırıb. Nətiəcədə, ölkə yoxsulluq miqyasının azalması və inkişaf səviyyəsinin artırılması baxımından önəmli tərəqqi əldə edib. Həyat səviyyəsinin yüksəlməsi orta sinfin önəmli səviyyədə genişlənməsi ilə müşayiət olunub.

Kimya və neft sənayesinin inkişafı iqtisadiyyatın bu sektorunda dəyər yaradılması zənciri üzrə yuxarıya doğru irəliləmək üçün əlavə güclər yaradır. Azərbaycanın Avropa və Asiya arasındakı yolların kəsişməsində olan strateji coğrafi yerləşməsi turizmin, nəqliyyat dəhlizlərinin və logistik xidmətlərin inkişafı üçün əlverişli şərait yaradır. Əlverişli iqlim və torpağın keyfiyyəti ölkənin bir sıra rayonlarında aqrar-sənaye kompleksinin inkişafı üçün gözəl imkanlar vəd edir. Neftin aşağı qiyməti və milli valyutanın daha rəqabətqabiliyyətli məzənnəsi çox sayda başqa sahələrin inkişafı üçün imkanlar yaradır. Bu sahələrin potensialını açmaq üçün diqqəti konkret sektorlara yönəltmədən özəl sektorun bütün istiqamətlər üzrə artımı üçün əlverişli şərait yaratmaq həyati vacib məsələdir. Yerli brendlərə maraq səviyyəsi ixrac bazarlarına çıxışla bağlı uğurlarla səciyyələnir. İqtisadiyyatın neftdənkənar bölməsində istehsal edilən məhsulların ixracatdakı payı inkişaf etdirilməkdədir. Bu da öz növbəsində qeyri-neft sektorunun yüksək sivvədə inkişafına yeni təkan deməkdir. Beləliklə bazar rəqabətində davamlılıq məsuliyyətinin artması sayəsində  ölkəmizin yeni üfüqlərə doğru irəliləməsi üçün iqtisadi gücünün inkişafına təkan veriləməsinə doğru atılan uğurlu addımlara yol açır.  

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.