Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrinin inkişafı

1

(Əvvəli ötən saylarımızda)

2017-ci ilin fevral ayında “Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanmışdır.

Qeyd edildiyi kimi, 2019-cu ildə imzalanan “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə bərabər BMT-nin Əhali Fondu da iştirak edir.
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondu arasında 2019-cu ildə imzalanmış “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində də fəal əməkdaşlıq həyata keçirilir.

Əmək haqları və beynəlxalq qanunlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında əməkdaşlıq ölkəmizdə “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində mühüm rol oynayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı, “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb və icra olunub. Həmçinin son illərdə UNİCEF-in təklif və tövsiyələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya da hazırlanıb.

Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə «Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı», “Pensiya və Sosial Təminat Layihəsi”, “Sosial Müdafiənin İnkişafı Layihəsi” icra olunub. Əməkdaşlıqda növbəti addım kimi, Dünya Bankının nəzərdə tuttulan “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsinə, işsiz şəxslərin özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məhsuldar məşğulluğa çıxış imkanlarının yaradılmasına dəstək məqsədi daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqı ilə də Avropa Qonşuluq Siyasəti çərçivəsində daim inkişaf edən əməkdaşlıq əlaqələrinə malikdir. Hələ ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir. 2004-cü ildən etibarən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilmişdir.
Ötən dövrdə aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahələrinin, əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya və sosial xidmət sistemlərinin inkişaf etdirilməsinə, son illərdə pensiya təminatı sistemində islahatın həyata keçirilməsinə dəstək məqsədli Tvinninq layihələri icra olunmuşdur.

Sosial siyasətdə beynəlxalq təcrübənin yeri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan Azərbaycan Respublikası 2002-ci ildə bu təşkilatın “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Ümumiyyətlə, ölkəmiz indiyədək Avropa Şurasının insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etmişdir ki, onların böyük qismi məhz sosial hüquqlarla bağlıdır.
Həmçinin Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində də bu təşkilatla əməkdaşlıq həyata keçirilib.

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq əlaqələri daim güclənir. BSTA dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən, ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır.
Assosiasiya həmçinin üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə tədbirləri həyata keçirir. BSTA-nın 2016-cı ildə keçirilən Dünya Sosial Təminat Forumunda isə sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin geniş tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, Azərbaycan ikinci dəfə BSTA-nın büro üzvü və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bu Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir.

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisi kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) növbəti Avropa Regional Sosial Təminat Forumu 2019-cu ilin may ayında Bakı şəhərində keçirilib. Ölkəmizin uğurla ev sahibliyi etdiyi, üç gün davam edən Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron texnologiyaların geniş tətbiqinə əsaslanan, habelə mühüm sosial–iqtisadi önəm kəsb edən layihələrinə beynəlxalq səviyyədə verilən yüksək qiymət verilir. Bunun daha bir təzahürü kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem, əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələri uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.

Həmçinin, 2019-cu ildə Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası, MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının XXXII iclası da keçirilib.

2019-cu ildə Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair müvafiq istiqamətlər üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişləri və Anlaşma Memorandumları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb.

Toplumun tədrici inkişaf prosesində gözləntiləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsi sahəsində də mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulur və nazirliyin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri daim genişlənir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının və Əmək Müfəttişliklərinin Regional Alyansının üzvüdür.

BMT tərəfindən də Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqi təşviq olunur. Həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib.
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2017 Mükafatları” müsabiqəsində “Çempion layihə”dən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələlərinin aparılması istiqamətində işlər davam etdirilir.

“Hürriyyət”