Azərbaycanın Milli Təhlükəsizliyinin təminatı və regional münasibətlər

3

I yazı

Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması başa düşülür. Ölkə qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizliyin obyektləri insan – onun hüquq və azadlıqları, cəmiyyət – onun maddi və mənəvi dəyərləri, dövlət – onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyüdür.
Milli təhlükəsizliyin subyektləri isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı sistemi (MTTS) ölkə Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələrin və digər dövlət orqanlarının məcmusudur. Bu qüvvələr və dövlət orqanları milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar. MTTS vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün şərait yaradır.

Milli Təhlükəsizliyin Təminatının basilica məqsədləri:

– İnsanın təhlükəsizliyi – insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi;

– Cəmiyyətin təhlükəsizliyi – Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması;

– Dövlətin təhlükəsizliyi – Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunmasıdır.

MTTS-in əsas vəzifələri – milli təhlükəsizliyə təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması; həmin təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi; milli təhlükəsizliyi təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi; milli təhlükəsizliyə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks tədbirlər kompleksinin həyata keçirilməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması; ölkənin beynəlxalq öhdəliklərinə müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin olunmasında iştirakdır. MTTS-in hüquqi əsasını
Azərbaycan Respublikası Konstitusiyası (1995),
«Milli təhlükəsizlik haqqında" (2004),
"Kəşfiyyat və əks-kəşfiyyat haqqında" (2004),
"Dövlət sirri haqqında" (2004),
"Fövqəladə vəziyyət haqqında" (2004),
"Hərbi vəziyyət haqqında" (1994),
"Müdafiə haqqında" (1993),
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" (1991),
"Mülki müdafiə haqqında" (1997),
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" (2001), "Terrorçuluğa qarşı mübarizə haqqında" (1999),
"Yanğın təhlükəsizliyi haqqında" (1997) və s.

Hüquqi normativlər və demokratik düzən

Azərbaycan Respublikası qanunları, digər normativ-hüquqi aktları, habelə respublikanın tərəfdar çıxdığı dünyada sülhün və beynəlxalq təhlükəsizliyin qorunması sahəsində dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq müqavilələr təşkil edir. MTTS-in fəaliyyətini tənzimləyəcək Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinasının və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli sərəncamı ilə işçi qrup yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində milli təhlükəsizliyin təminatının aşağıdakı əsas prinsipləri təsbit olunmuşdur:

– Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edilməsi;

– Milli təhlükəsizliyin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;

– Milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;

– Milli təhlükəsizliyin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;

– Beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;

– İnsan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Azərbaycan Respublikasının milli maraqları. Milli təhlükəsizlik haqqında qanunvericilikdə ölkənin milli maraqları və onların sahəvi strukturu da əksini tapmışdır. Qanunvericiliyə görə respublikanın milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. İqtisadi sahədə əsas milli maraqlar iqtisadi potensialın artırılması; bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi; iqtisadi sabitliyin təmin olunması; iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması; təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi; regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsidir. Sosial sahədə əsas milli maraqlar Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir. Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir.

Hər bir təhdidin qarşısının alınması strategiyası

Milli təhlükəsizliyə təhdidlər. Ölkə qanunvericiliyində milli təhlükəsizliyə təhdidlərin də anlayışı, növləri və təsnifatı verilmişdir. Belə ki, milli təhlükəsizliyə təhdidlər – Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. Təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur. Mənbələrindən asılı olaraq isə onlar xarici və daxili təhdidlərdən ibarətdir. Milli təhlükəsizliyə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. Məsələn, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə siyasi sahədə əsas təhdidlər ölkənin dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər; ictimai-siyasi sabitliyin pozulması; insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər; dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi; milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması; ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması; qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi; xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin respublikaya qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti; digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə və s.-dir.

Dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloji asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması; iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı; ölkənin dünya iqtisadiyyatından təcrid olunması; təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi; investisiya aktivliyinin zəifləməsi və s. milli təhlükəsizliyə iqtisadi sahədə əsas təhdidlər, Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi; digər ölkələr tərəfindən respublikanın hərbi konfliktlərə, regional münaqişələrə cəlb edilməsi; xarici ölkələrin Azərbaycan ilə sərhədlərinin yaxınlılıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması; ölkəmiz ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi; Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət; dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq və s. isə hərbi sahədə əsas təhdidlərdir.

“Hürriyyət”