Salam, xoş gəlmisiniz.

““Azəriqaz” kimi bir qurumu olan iqtidara müxalifət lazım deyil” - MİRVARİ QƏHRƏMANLIDAN SENSASİON AÇIQLAMALAR

2018-04-17 12:27:15

““Azəriqaz” kimi bir qurumu olan iqtidara müxalifət lazım deyil” - MİRVARİ QƏHRƏMANLIDAN SENSASİON AÇIQLAMALAR

““Azəriqaz” indiyədək qaz itkisini müxtəlif üsullarla ört-basdır etməyə çalışsa da, hələ də cəzalandırılmayıb"

"Azərbaycan əhalisinin qazla tam təmin olunmaması, ölkədə narazılığın yaranması məqsədiylə aparılan bir siyasətdir"

“Bu gün təkcə "Azəriqaz"da deyil, Dövlət Neft Şirkətinin nəzdindəki digər strukturkarda da problemlər var”

Ötən həftənin cümə günündən etibarən Bakı və Abşeron yarımadasında təbii qazın verilişində ciddi problemlər yaşanıb. Belə ki, son 2-3 gün ərzində havaların yaz yox, məhz qış fəslinə xas olan soyuqlarla müşayət olunmasına baxmayaraq, paytaxtın bir sıra rayonlarında mənzillərə verilən mavi yanacağın təzyiqi həddindən artıq aşağı düşüb. Məsələn, Bilgəh qəsəbəsi, Səməd Vurğun küçəsində, Ramana qəsəbəsində, Abşeron rayonu, Masazır qəsəbəsində, Sabunçu, Xəzər, Nizami, Yasamal, Suraxanı və Xətai rayonlarında yaşayan sakinlərin sözlərinə görə, ötən həftənin cümə günündən etibarən evlərinə qaz verilməyib.

"Küçəmizin adını dəyişib Şaumyan qoysaq, görəsən bizə qaz verərlər?"

Qeyd edək ki, ölkənin hər bir şəhər, rayon, kənd və qəsəbəsini fasiləsiz mavi yanacaqla təmin etməyə borclu olan "Azəriqaz" İstehsalat Birliyi sözügedən problemin sosial şəbəkələrdə yayılmasına, daha doğrusu Bilgəh qəsəbəsi, Səməd Vurğun küçəsinin sakinlərinin "facebook"da "Küçəmizin adını dəyişib Şaumyan qoysaq, görəsən bizə qaz verərlər?" adlı kampaniyaya başlamasına qədər heç nə olmamış kimi sükut içində idi. Lakin vətəndaşların bu problemi sosial şəbəkələr vasitəsiylə müvafiq qurumlara çatdırmalarından, eyni zamanda kampaniyanın geniş vüsət almasından sonra "Azəriqaz" rəhbərliyi əl-ayağa düşdü və tez-tələsik açıqlama yaydı.

Beləliklə, əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirən "Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə "Azəriqaz"ın balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib. O, qeyd edib ki, fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb: "Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub. Bu iki gün arasında fərq isə 2 milyon 856 kubmetr olub. Hal-hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazilərdə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmin üçün işlər görülür".

““Azəriqaz”dan deyilənlər doğrudursa...”

Gördüyünüz kimi, "Azəriqaz" yetkilisi aprelin 15-də əhaliyə, aprelin 14-ü ilə müqayisədə 2 milyon 856 kubmetr artıq qaz verildiyini iddia edir. Əgər bu deyilənlər doğrudursa, o zaman Bilgəh qəsəbəsi, Səməd Vurğun küçəsində, Ramana qəsəbəsində, Abşeron rayonu, Masazır qəsəbəsində, Sabunçu, Xəzər, Nizami, Yasamal, Suraxanı və Xətai rayonlarında yaşayan sakinlər nədən qazsız qalıb? Dəyəri 400 min 171 manat 20 (400171,2 AZN) qəpik olan 2 milyon 856 kubmetr qaz hara, kimə verilib? Bu sualı cavablandırmaq "Azəriqaz"ın, əgər hər hansı yeyinti faktı varsa, o zaman müvafiq tədbir görmək aidiyyatı qurumların işi olsa da, ekspertlərə istinadən deyə bilərik ki, əhaliyə verilən təbii qazın təzyiqinin aşağı olması, yaxud tez-tez kəsilməsi ixracla bağlıdır. Yəni abonentlərdən kəsilən qaz anbarlara vurulur və ixraca yönəldilir. Bu isə sonda kimlərinsə cibinin dolmasına, soyuq havada əhalini qazsız qoymaq hesabına milyonlarla manat vəsaitin şəxsi büdcələrə axmasına gətirib çıxarır.

"Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirir ki, aprelin 14-də ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr (20 qəpikdən hesabladıqda dəyəri 3 milyon 200 min 164 manat 40 qəpik edir-red.) olub. Nəzərə alsaq ki, mavi yanacağın böyük bir hissəsi, təxminən yarısı Bakının payına düşür və qeyd olunan gün paytaxtda qaz olmayıb, o zaman dəyəri 1 milyon 600 min manat olan 8 milyon kubmetrlik qaz, o cümlədən dəyəri 400 min 171 manat 20 qəpik olan 2 milyon 856 kubmetr qaz kimlərinsə marağının təmin olunmasına sərf olunub. Ümid edirik ki, hüquq-mühafizə orqanları, o cümlədən digər müvafiq qurumlar məsələ ilə bağlı geniş yoxlama təşkil edəcək, əgər hər hansı korrupsiya faktı aşkarlanarsa lazımı tədbirlər görməkdən çəkinməyəcək.

Ermənilər SOCAR prezidenti, eləcə də "Azəriqaz" rəhbərliyi üçün azərbaycanlılardan daha dəyərlidir?

Onu da nəzərinizə çatdıraq ki, Ramana qəsəbəsinə verilən təbii qazın tərkibində boş hava mavi yanacaqdan dəfələrlə çox olduğundan, sakinlər adi bir çaydanı ən yaxşı halda saat yarıma qaynatmağa məcbur olublar. Həmçinin, məsələnin maraqlı tərəfi ondadır ki, prezident seçkilərindən dərhal sonra belə bir addımın atılmasını artıq təxribat hesab edənlər də heç də az deyil. Bununla bağlı verilən məlumatlarda deyilir ki, seçkidən dərhal sonra Bakının böyük bir hissəsində mavi yanacağın verilişinin dayandırılmasında əsas məqsəd vətəndaşlarda nifrət yaratmaq, insanları hakimiyyətə qarşı qaldırmaqdır. İddia edilir ki, Rusiyapərəst qüvvələr seçkilərdəki uğursuz nəticələrin acığını məhz bu yolla çıxır.

Söz yox ki, bütün bunlar, yəni əhalinin bir neçə gün qazsız qalması SOCAR-ın (Dövlət Neft Şirkəti) nəzdində fəaliyyət göstərən "Azəriqaz"ın və onun rəhbərliyinin yarıtmaz fəaliyyətindən xəbər verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, təxminən bir il öncə mətbuatda "Ernst and Young" beynəlxalq audit şirkətinin "Azəriqaz" İstehsalat Birliyində apardığı auditin nəticələrinə dair 511 səhifəlik sənəd yayımlanmışdı. Həmin sənəddə isə "Azəriqaz"da hökm sürən korrupsiya, intizamsızlıq və təsərrüfatsızlıq, ildə 700 milyon kubmetr qazın itkiyə getməsi və satınalmalar zamanı qiymətlərin şişirdilməsi, bir-birini təkrarlayan vəzifələrin və ştatların mövcudluğu, təmir-tikinti işləri zamanı keyfiyyətsiz materiallardan istifadə və xidmət haqlarının dəfələrlə şişirdilməsi kimi olduqca ciddi pozuntulardan bəhs edilirdi.

Bu arada, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə yaxınlığı ilə seçilən Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz"da hökm sürən özbaşınalıqlara misal olaraq, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini ilə İstehsalat Birliyi arasında yaşanan məhkəmə çəkişməsini göstərmək olar. Belə ki, adıçəkilən kəndin sakinləri "Azəriqaz"ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının məlumatına görə, məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmənin qərarı ilə kənd sakinləri - Əbülfət Həsən oğlu Qurbanovun adına yazılmış 950.40 manat cərimə, 91.21 manat sayğac dəyəri, müharibə veteranı, mərhum Məcid Qurbanovun həyat yoldaşının adına yazılmış 475.20 manat cərimə, 91.21 manat sayğac dəyəri əsassız hesab edilib. Mirvari Qəhrəmanlı hesab edir ki, yalnız bir kənddə bu qədər sakinin aldadılması digər bölgələrdə də abonentlərə saxta borc və cərimələr yazılmasından şübhələnməyə əsas verir. Bütün bu qeyd olunan faktlar onu deməyə əsas verir ki, "Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik" deyən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ermənilərə pulsuz qaz verdiyi halda, hansısa maraqlar naminə Azərbaycanın paytaxtında əhalini soyuq günlərdə mavi yanacaqsız qoyur. Görəsən, ermənilər SOCAR prezidenti, eləcə də "Azəriqaz" rəhbərliyi üçün azərbaycanlılardan daha dəyərlidir?..

“"Azəriqaz" qanun qarşısında cavab verməlidir"

“Məmurların malik olduqları sərvət ağlagəlməz dərəcədə böyükdür” - MİRVARİ QƏHRƏMANLI

Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı ötən həftənin cümə günündən etibarən Xətai rayonunda qazın təzyiqinin həddindən artıq az olması səbəbindən evlərdə kombilərin işləmədiyini, əhalinin soyuqdan əziyyət çəkdiyini bildirdi: "Ümumiyyətlə, son günlər eyni hal Bakının bir çox rayonlarında yaşanıb və bununla bağlı informasiyalar sosial şəbəkələrdə də yayılıb. Bildiyiniz kimi, "Azəriqaz" İstehsalat Birliyi adından da göründüyü kimi istehsalçı, vətəndaş isə istehlakçıdır. Və tərəflər arasında müvafiq müqavilə bağlanır. Hər iki tərəfin imzaladığı həmin müqaviləyə əsasən, "Azəriqaz" istehsalçı olaraq öz abonenti qarşısında öhdəlik götürür ki, onu 24 saat fasiləsiz, standartlara uyğun təzyiqlə qazla təmin etməlidir. Müqavilə şərtini yerinə yetirməyən tərəf isə buna görə məsuliyyət daşıyır. Əhalinin səhvi ondadır ki, bu vaxta kimi yığışıb "Azəriqaz"ı məhkəməyə verməyib. Halbuki qurum üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə qanun qarşısında cavab verməlidir".

Qaz itkisi ilə bağlı məlumat verən Mirvari Qəhrəmanlının sözlərinə görə, təkcə bu ilin mart ayında Bakı üzrə 29 faiz itki olub: "2018-ci ilin mart ayında "Azəriqaz" İstehsalat Birliyində 111.683.345 m.3 (dəyəri 22 milyon 336 min 669 manat-red.) qaz itkisi olub. Məsələn, Bakı Regional Xidmət sahələrində 74,958,908 m3, Regionlar üzrə Xidmət sahələrində isə 36,724,437 m3 qaz itkisi olub. Məhz həmin itkilərin qarşısını almaq üçün bunlar min cür oyundan çıxırlar. "Azəriqaz" indiyədək heç bir broylerin, hər hansı bir parnikin, vəzifəli şəxslərə aid olan heç bir şirkət və ya başqa istehsalat sahəsinin qazını kəsməyib. "Azəriqaz" indiyədək qaz itkisini müxtəlif üsullarla ört-basdır etməyə çalışsa da, hələ də cəzalandırılmayıb".

Qeyd olunan halları nəzərə alaraq, "Azəriqaz"ın SOCAR-ın tərkibindən çıxarılmasının vacibliyini vurğulayan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri hesab edir ki, İstehsalat Birliyi müstəqil və obyektiv, şəffaf fəaliyyət göstərən quruma çevrilməlidir: "Eyni zamanda, həm SOCAR, həm də "Azəriqaz"dakı qohum-əqrabalar işdən kənarlaşdırılmalıdır".

“"Azəriqaz" əhali tərəfindən kütləvi surətdə məhkəməyə verilməlidir"

Bu arada, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini ilə "Azəriqaz" İstehsalat Birliyi arasında yaşanan məhkəmə çəkişməsini xatırladan Mirvari Qəhrəmanlı birdirdi ki, məhkəmə qərarına rəğmən, əhalinin sualları cavabsız qaldı: "2017-ci ilin dekabrın 16-da mənə dəqiq məlumat gəldi ki, "Azəriqaz" sıfırlamanı yanvarın 10-na kimi uzadacaq. Bildiyiniz kimi, ötən ilin dekabrın 20-də Tarif Şurası litim təyin olunması ilə bağlı qərar qəbul etdi. Yəni hər bir ailə üçün 170 kubmetr limit verildi. Əgər həmin limiti keçərsə, onda qazın hər kubmetri üçün 2 qat - 20 qəpik ödəniş etməli idi. Bu, əsasən mexaniki sayğaclara aiddir. Həmin vaxt bu barədə əhaliyə məlumat verdim və xahiş etdim ki, dekabrın 31-də qaz sayğaclarının göstəricilərini yazsınlar. Sonda dediyim faktlar öz təsdiqini tapdı. Yanvarın 10-na kimi mexaniki sayğaclarda sıfırlama əməliyyatı getdi və həmin 10 gün ərzində əhalinin işlətdiyi qaz yanvar ayına deyil, ötən ilin dekabrına yazıldı. Nəticədə əhali tərəfindən 2 qat ödəniş oldu. Bu, "Azəriqaz"ın 2017-ci ildə itirdiyi qazın əhalinin cibinə girərək, onların hesabına itkini bağlaması əməliyyatı oldu. Bir qədər əvvəl də dediyim kimi, təkcə bu ilin mart ayında "Azəriqaz" İstehsalat Birliyində 111.683.345 m.3 qaz itkisi olub. "Azəriqaz" bu itkini ört-basdır etmək üçün müxtəlif üsullara baş vurur. Nə vaxt soruşursan deyirlər ki, 325 mm-lik qaz xəttində təmir gedir. Həmin təmir gedən ərazini öyrənmək üçün bir neçə dəfə cəhd etsəm də alınmayıb. Dəqiq ərazi deyən yoxdur. Düşünürəm ki, əhaliyə qarşı olunan ədalətsizlik, vətəndaşları qazsız qoymaq xalqın cibinə girməkdir. Bu səbəbdən də "Azəriqaz" əhali tərəfindən kütləvi surətdə məhkəməyə verilməlidir".

SOCAR-ın nəzdində fəaliyyət göstərən idarələrdən yalnız "Azəriqaz"ın məhkəmələrə təzyiq göstərmədiyini deyən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbərinin fikrincə, abonentlər istehlakçı olaraq haqlarını müdafiə etməlidirlər: "Məncə, qazın verilməməsi barədə sosial şəbəkədə məlumat verməklə yanaşı, "Azəriqaz"ı məhkəməyə də verməlidirlər. Çünki qurum müqavilədə üzərinə düşən öhdəliyə əməl etmədiyindən "Azəriqaz"ı məhkəməyə vermək istehlakçıların hüququdur".

"Xaçmaza gedən yollardakı parniklərin, Mərdəkanda və Novxanıda broylerlərin qazını dayandırsalar adamın dədəsini yandırarlar"

"Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə dair açıqlamasına toxunan Mirvari Qəhrəmanlı qeyd etdi ki, aprelin 15-də əhaliyə, aprelin 14-ü ilə müqayisədə verilən 2 milyon 856 kubmetr artıq qazı əhalidə yox, qeyri-əhalidə, parniklərdə, vəzifəli şəxslərin obyektlərində axtarmaq lazımdır: "Kərbalayev aqranondur, onun bu işlərdən bir o qədər də başı çıxmaz. Qoy, "Azəriqaz" həmin artıq yazdığı qazı əhalidə yox, qeyri-əhalidə axtarsınlar. Xaçmaza gedən yollarda parniklər, Mərdəkanda və Novxanıda broylerlər var. Onların qazla təchizatı bir dəfə də olsun dayanmayıb. Dayansa, adamın dədəsini yandırarlar. Bu səbəbdən də Kərbalayevin dedikləri absurtdur. Əhali tərəfindən qazın istifadəsi soyuqların düşməsi ilə çoxalıb. Lakin Bakının bütün rayonlarında qazın təchizatı dayanmamışdı. Bu günlərdə bir sıra rayonlara qar yağıb. Həmin rayonların əhalisi də qazdan çox istifadə edib. Kərbalayev isə malı-mala qatıb. Ölkədə qaz təchizatının çox təşkil olunması o demək deyil ki, sən əhalini qazla təmin etməməlisən. Camaatın evində xəstəsi, yaşlısı, körpəsi var. "Azəriqaz" rəhbərliyi bu günlər ərzində insanlara həm maddi, həm də mənəvi ziyan vurub. Bu isə onu təsdiq edir ki, "Azəriqaz" Azərbaycan əhalisi qarşısında öz səlahiyyətlərini yerinə yetirmir. Ümumiyyətlə, indiyədək bu qurumda neçə dəfə audit yoxlaması gedibsə, hamısında "Azəriqaz"da qaz itkilərinin çox olması, sərfiyyatın düzgün hesablanmaması, elektron sayğacların alınmasında qeyri-şəffaflığın olması və digər neqativ hallar aşlarlanıb. Təəssüflər olsun ki, istər Hesablama Palatasının, istərsə də audit yoxlamasından sonra hələ də Əkbər Hacıyev və onun komandası haqqında heç bir ölçü götürülməyib. Problemin kökü məhz bundan ibarətdir".

"Rövnəq Abdullayev heç bir qurumu nəzarətdə saxlamaq iqtidarında deyil"

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə gəlincə, Mirvari Qəhrəmanlı hesab edir ki, o, heç bir qurumu nəzarətdə saxlamaq iqtidarında deyil: "Çünki biz monitorinqdə, qiymətləndirmələr apardıqda bu qənaətə gəlirik. Bu gün təkcə "Azəriqaz"da deyil, Dövlət Neft Şirkətinin nəzdindəki digər strukturkarda da problemlər var. Bu yaxınlarda Rövnəq Abdullayev çıxışı zamanı dedi ki, biz Gürcüstan ərazisini 96 faiz qazla təmin edəcəyik. Gürcü həmkarlarım isə bunun siyasi gediş olduğunu bildirdilər. Azərbaycanda kifayət qədər qaz ehtiyatı var. Neft ehtiyatı da yetərincə idi. Lakin düzgün çıxarılma aparılmadığından hasilatda laydan laya sıçrayış getdi. Bu gün Azərbaycan bütün Avropanı qazla təmin etmək fikrindədir. Bu gün isə ölkəmizdə qazla təchizat məsələsi istənilən səviyyədə deyil. Bununla da Azərbaycan uşağına konfet verməyib, konfeti qonağa saxlayan qonaqpərvər ev yiyəsinə bənzəyir. Düşünürəm ki, Azərbaycan əhalisinin qazla tam təmin olunmaması, ölkədə narazılığın yaranması məqsədiylə aparılan bir siyasətdir. Yəni "Azəriqaz" kimi bir qurumu olan Azərbaycan iqtidarına müxalifət lazım deyil".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93