AZƏRBAYCANDA SEÇKİLƏR TOTAL SAXTALAŞDIRILDI

11 Fevral, 2020, 7:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Həsrət Rüstəmov: “Ölkə hansı istiqamətəsə dönməyəcək, heç bir islahat aparılmayacaq”

Nazim Bəydəmirli: “2010/15-ci ildə olan seçkilərdən daha biabırçı bir seçkinin şahidi olduq”

Əli Əliyev: “Prezident Əliyev bir daha sübut etdi ki, onun heç bir islahat aparmaq niyyəti yoxdur”

Elşad Musayev: “Azərbaycan hakimiyyəti mahiyyət etibarilə demokratik hakimiyyət deyil”

Natiq Cəfərli: “Seçkilərin nəticələrini ləğv etmək Azərbaycan üçün yeni nəfəsə çevrilə bilər”

9 fevrala növbədənkənar parlament seçkiləri təyin olunanda insanlar ümid edirdilər ki, parlament seçkiləri şəffaf, ədalətli keçiriləcək, parlamentə xalqın sözünü deyə biləcək millət vəkilləri seçiləcək. Ancaq təəssüf ki, gözləntilər özünü doğrultmadı. Seçkilər köhnə qayda ilə yenə saxta keçirildi.  Əslində, seçkilərin demokratik keçəcəyi ilə bağlı ölkə rəhbərliyi səviyyəsində yüksək tribunlarda vədlər verilmişdi, ancaq göründüyü kimi, bu vədlərə əməl olunmadı. Görəsən, seçkilərin şəffaf, ədalətli keçəcəyi ilə  bağlı vədlər verildiyi halda, bəs niyə saxta keçirildi və bunun arxasındakı niyyət, məqsəd nədir?

Картинки по запросу "Həsrət Rüstəmov"

“Hürriyyət”in sualını cavablandıran seçkilərin nəticələrini qəbul etməyən Azərbaycan Demokrat Partiyasının sədr müavin Həsrət Rüstəmov dedi ki, bunu seçkilərin demokratik keçəcəyi ilə bağlı vəd vermiş rəsmi şəxslər izah etməlidir: “Xüsusilə də prezidentin bir neçə dəfə bu seçkilərin Azərbaycanda nəzərdə tutulan islahatların dönüş nöqtəsi olacağını vəd etməsi, insanlara bu seçkilərin yüksək şəkildə azad, ədalətli və qanuni keçirilməsi ilə bağlı verdiyi vədlər yalan çıxdı. Seçki komissiyaları, yerli icra qurumları, bələdiyyələr hamısı demək olar ki, prezidentin bu sözününü həyata keçməməsi üçün var gücləri ilə çalışdılar. İndi bunun dəyərini yəqin ki, prezident və onun komandası verməlidir ki, bu, seçki qurumları niyə belə işlədi? Əks təqdirdə belə anlaşılacaq ki, həqiqətən bu vədlər insanları aldatmağa yönəlmişdi, çoxlu namizədlərin seçkiyə qatılmasını təmin etmək və dünyanın gözünə kül üfürmək üçün idi.  Necə ki, xarici müşahidəçilərin və çoxlu namizədlərin qatılmasını seçkinin  əsas üstünlüyü kimi təqdim edirlər. Təbii ki, seçkilərin bu cür total saxtalaşdırılması Azərbaycanda demokratiyaya olan ümidləri  daha da öldürdü, Azərbaycan xalqının iradəsinin, əzminin qırılmasına səbəb oldu, siyasətə marağı azaltdı. Bunun həddindən artıq çoxlu neqativ tərəfləri də var. Təəssüf ki, Azərbaycanda demokratiya bir neçə addım da bu seçki ilə geri getdi. Elə hesab edirəm ki, Azərbaycan xalqı demokratik seçki ilə bağlı arzularını hələ yenə də ürəyində dəfn etməli olacaq”.

“Heç bir dəyişiklikdən, islahatdan söhbət gedə bilməz”

H. Rüstəmovun sözlərinə görə, ölkədə heç bir islahatdan söhbət gedə bilməz: “Dediyim kimi, prezident deyirdi ki, islahatların dönüş nöqtəsi parlament seçkiləri olacaq. Bu parlament seçkiləri göstərdi ki, ölkə hansı istiqamətəsə dönməyəcək, heç bir islahat aparılmayacaq. Ölkə elə bu seçki komissiyalarının və elan etdikləri deputatların köhnə, kif basmış, demokratiyadan zəhləsi gedən, azadlıqdan, aşkarlıqdan qaçan insanların yenidən parlament hakimiyyətinin təsdiq olunmasına yönəlib. Ona görə də təbii ki, heç bir dəyişiklikdən, islahatdan söhbət gedə bilməz”.

“Hökumət seçicilərin əvəzindən artıq səs verməyə alışıb”

Картинки по запросу "Nazim Bəydəmirli"

104 saylı Tovuz-Gədəbəy seçki dairəsində seçkilərin nəticələrini qəbul etməyən müstəqil namizəd Nazim Bəydəmirli isə bildirdi ki, hökumət seçicilərin əvəzindən artıq səs verməyə alışıb və bu alışqanlığı tez bir zamanda yaddan çıxartmaq istəmir: “Biz bu seçki kampaniyasına qoşulduqda gördük insanlar ümidlə baxırlar. Nəinki namizədlərdə, hətta yerlərdə bir ümid yaranmışdı. Müxtəlif deputatların açıqlamaları,  gündəmə gəlmələri, “quşburaxmaları” parlamenti çox nüfuzdan salmışdı və hamı düşünürdü ki, yəqin yeni bir başlanğıc, niyyət var”.

“Növbəti dəfə hakimiyyət nümayəndlərinə xalqın inamı sarsıldı”

Bəydəmirli qeyd etdi ki, islahat aparılması qanunvericilik hakimiyyətindən başlayır: “Hakmiyyətlə xalqın arasında olan bu uçurumun aradan qaldırılmasına ehtiyac  var. Bu baxımdan, təmsilçilklə bağlı daha münasib, xalqın arasında etimadı çox olan insanların hakimiyyətlə xalq arasında bir körpü rolunu oynayacağı qənaəti var idi. Çox təəssüf  edirəm ki, biz bir namizəd olaraq qatıldıqda bu gözləntiləri gözəyirdik, ancaq prosesin həm təbliğat-təşviqat kampaniyasında, həm də seçki günü bunun əksini gördük. Milli Şuranın sədri professor Cəmil Həsənlinin siyahısı ilə deputat elan olunan şəxslərin üst-üstə düşməsi bir daha onu sübut edir ki, əvvəlcədən planlaşdırılan insanlar mandatla təmin olunurlar. hakimiyyət bundan dərs çıxaracaq, çıxarmayacaq bilmirəm, ancaq növbəti dəfə hakimiyyət nümayəndlərinə xalqın inamı sarsıldı və bunun gələcəyi heç də yaxşı görünmür”.

“Mən islahatın hədəfə çatacağına da inanmıram”

Bəydəmirlinin fikrincə, bu cür saxta seçkilərlə islahat aparmaq qeyri-mümkündür: “Mən hesab edirəm ki, bu seçki şousu, əslində, insanların mənfi emosiyalarını bir neçə ay, (yəni seçki başlayana qədər, seçkidən sonra da bu müzakirələrin bir neçə ay davam edəcəyini nəzərə alıb) buraxması üçün qurulmuş bir niyyət, kampaniya idi. Bir sahədə islahat aparmaqla ümumi iqtisadiyyatda, ümumi ictimai fikirdə dəyişiklik etmək mümkün deyil. İnsanlar artıq belə şeylərə inanmırlar və mən islahatın nə dərəcədə müsbət olmağını indidən deyə bilərəm ki, qeyri-mümkündür. Çünki dediyim kimi, nə qədər ki, tərifnamə, yaltaqlıq var, nüfuzu olmayan şəxslər hakimiyyəti təmsil edəcəklər, hakimiyyət adından danışacaqlar (hakimiyyət qollarının istənilən birində olmağından asılı olmayaraq, bu deputat da, məmur da, məhkəmə hakimiyyətinin nümayəndəsi də ola bilər)insanlar artıq bu səmimiyyətə inanmırlar və mən islahatın hədəfə çatacağına da inanmıram. Əslində, islahat yoxdur. Kadr adı ilə müxtəlif yerdəyişmələr var. Həmin kadrlar da öz komandasına yığdıqları insanları  müxtəlif əvvəlki iş yerlərindən transfer edirlər, dostları, tanışları, qohumları, arvad qohumlarını və digər bu tipli adamlardan komanda formalaşdırırlar. Bu halda da dövlət idarəçiliyindən söhbət gedə bilməz. Yəni Azərbaycanda regionçuluq, qohumbazlıq, yerliçilik və korrupsiya, rüşvət halları kadr islahatlarında da davam edir. Sonuncu bu seçki də bir daha sübut etdi ki, 2010/15-ci ildə olan seçkilərdən daha biabırçı bir seçkinin biz şahidi olduq”.

“Xalqın malını, büdcənin pulunu mənimsəməsələr, yaşaya bilmirlər”

Картинки по запросу "Əli Əliyev"

Seçkilərə qatılan, seçkinin nəticəsinə etirazını bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə dedi ki, bu hakimiyyət başqa cür davrana bilmir: “Saxta keçilməyən seçkilər nəticəsində xalqının, millətinin mənafeyini qoruyan insanlar bu halda parlament  tənsilçiliyini əldə edə bilərdilər. Onlar hakimiyyətin korrupsioner idarəçilik üsuluna etiraz  edə, hakimiyyəti ifşa edə bilərdilər. Ona görə hakimiyyətin iki yolu var: Bu korrupsiyanı davam etdirmək və keçmiş cinayətləri ört-basdır etmək üçün seçkiləri saxtalaşdırmaq. Digər yol isə ölkədə normal seçki keçirib, bu vərdişlərə son vermək. Hakimiyyət bunların birincisini seçir. Çünki bunlar adətkar olublar, xalqın malını, büdcənin pulunu mənimsəməsələr, yaşaya bilmirlər, mümkün deyil”.

“Hər il deyirlər ki, biz Qarabağa qayıdacağıq”

Ə. Əliyev bildirdi ki, bu islahatla, seçki daban-dabana zidd məsələdir: “Bu, bir daha göstərir ki, hakimiyyətin əməli ilə sözü bir-birinə ziddiyyət  təşkil edir. Çünki uzun müddətli vərdişkardırlar. Hər il deyirlər ki, biz Qarabağa qayıdacağıq. 26 ildir deyir, Qarabağa qayıdırıq. Qayıtmışıq Qarabağa? Bunların dövründə onu etmək mümkün deyil”.

“Zamanında bu seçkiləri guya, Ramiz Mehdiyev belə keçirirdi…”

“Mən bütün hallarda ölkədə vəziyyətin qarışmasını istəməyən tərəfəm. Yenə də o fikirdəyəm ki, ölkədə proseslər qanun çərçivəsində inkişaf etməlidir. Mənim fikrimcə, bu saxta kampaniya bir daha sübut edir ki, ölkədə hakimiyyətin dəyişiklik aparmaq niyyəti yoxdur. Bu kampaniyanın özü bu hakimiyyətin bünövrəsindən yeni böyük bir daşın düşməsi kimi xarakteriza olunmalıdır və mən hesab edirəm ki, bu, sonun başlanğıcıdır. Bu kampaniya ilə prezident Əliyev bir daha sübut etdi ki, onun heç bir islahat aparmaq, ölkəni  siyasi baxımdan mədəniləşdirmək, ölkədə normal, müstəqil seçki keçirmək niyyəti yoxdur. Zamanında bu seçkiləri guya, Ramiz Mehdiyev belə keçirirdi. İndi Ramiz Mehdiyev yoxdur. Bilmək olmur, ya seçkilər həmişə indiki hakimiyyət tərəfindən saxtalaşdırılıb, ya da ki, bu seçkiləri də Ramiz müəllim keçirib. Anlamaq olmur ki, hansı daha düzdür. Bütün hallarda əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi”,-deyə partiya sədri  vurğuladı.

“Demokratik üsulları bunlar həzm edə bilmir”

Картинки по запросу "Elşad Musayev:"

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, Azərbaycan hakimiyyəti yalnız saxta yolla hakimiyyəti formalaşdırır: “Yəni  bunların demokratik seçki keçirmək niyyəti yoxdur. Bu, ondan görünürdü ki, o köhnə özünü buraxan deputatların yenidən namizədliklərini verdilər və israrla onların təbliğatı ilə məşğul oldular. Seçki niyə belə keçdi? Bunların qavradığı mexanizm budur. Azərbaycan hakimiyyəti mahiyyət etibarilə demokratik hakimiyyət deyil. Demokratik üsulları bunlar həzm edə bilmir. Bunların üsulları qaba, zorakı üsullardır. Bu dəfə fərq ondan ibarət oldu ki, əvvəl heç olmasa bu saxtakarlığı gizli edirdilər, xalq açıq-aşkar görmürdü. İndi artıq xalqın gözü qarşısında etdilər, bunlar faktiki olaraq Azərbaycan xalqının mənafeyinə, iradəsinə tüpürdülər. Yəni meydan oxudular, dedilər ki, siz heç kimsiniz. Bunlar Azərbaycan xalqını quldan da aşağı gördüklərini sübut etdilər. Ona görə, başqa bir şey gözləmək də mümkünsüzdür. Amma adətən sual verirlər ki, siz niyə iştirak edirsiniz? Mən də deyirəm ki, biz siyasi təşkilatlar olaraq Azərbaycanda hakimiyyətin formalaşmasının seçkilər yolu ilə olduğunu qəbul etdiyimiz üçün bu yola gedirik və gec-tez arxamıza xalqın gücünü alıb, bunu reallaşdıracağıq. Nə qədər ki, Azərbaycanın siyasi qüvvələri ilə Azərbaycan xalqının iradəsi birləşməyib, ona  qədər Azərbaycan hakimiyyəti bu zorakı üsulla seçkiləri həyata keçirəcək. Dünya bu mərhələdən keçib, biz də bu mərhələdə keçirik. Eyni zamanda dünyaya da nümayiş etdiririk ki, Azərbaycanın müxalif siyasi qüvvələri çox dinc, demokratik yolla Azərbaycanda hakimiyyəti dəyişmək istəyir, hakimiyyət də zorakı yolla bu hakimiyyəti vermək istəmir və Azərbaycan xalqı əvəzinə özü hakimiyyətin mənbəyi rolunu oynayır”.

“Atılan addımlar göstərir ki, burada islahatdan filandan söhbət getmir”

Musayev qeyd etdi ki, hakimiyyətin dediyi islahat sadəcə imitasiyadır, bu, islahat deyil: “Bir köhnə rüşvəxtxoru çıxardıb, onun əvəzinə yeni iş bilməyən hansısa bir adamı qoymaq islahat deyil. İslahatın olması üçün köklü islahatlara gedilir. Ölkədə hakimiyyət bölgüsü, seçki qanunvericiliyi yenidən formalaşır. İlk növbədə, demokratik seçkilər keçirilir. Demokratik seçkilər keçirilməsi üçün iradə ortaya qoyulur. Bu iradə də ortada yoxdur. Atılan addımlar göstərir ki, burada islahatdan filandan söhbət getmir. Eyni zamanda islahat nağılına inanan müəyyən bir qisim var idi. Həqiqətən insanların bir qismi inanırdı ki, ölkədə prezident islahat kursu elan edib, islahat  olacaq. Bir neçə cavan kadrlar vəzifəyə gətirilmişdi. Bununla bağlı da illüziyalar heçə endirildi. Yeri gəlmişkən, o kadrların gətirilməsi də Qərbin təzyiqi nəticəsində olmuşdu. Yəni Qərb ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanda bu hakimiyyətdən müəyyən qədər gəncləşmə siyasətni tələb edirdi. Hakimiyyət də onu öz bildiyi kimi etdi. Bu mərhələdə yenə də biz iri güclərin, beynəlxalq təşkilatların, Qərbin lazımi reaksiyasını hələlik görmürük. Təəssüflər olsun ki, qardaş Türkiyə ənənəvi olaraq saxta seçkilərə bir don geyindirdi. Bu qardaşlıq deyil, bu qardaşın kürəyinə vurulan xəncərdir. Təəssüflər olsun ki, Türkiyə hakimiyyəti tərəfindən Azərbaycan xalqına növbəti belə bir münasibət göstərildi”.

“Ölkədə müəyyən dəyişiklik olmalıdır”

 Musayev vurğuladı ki, bu seçkilər insanların inamını qırdı: “Faktiki olaraq yuxarılar köhnə qayda ilə idarə edə bilmir, aşağılar da köhnə qayda ilə yaşamaq istəmir. Ölkədə müəyyən dəyişiklik olmalıdır. Bu hakimiyyət o dəyişikliyə getmir. Biz dinc, demokratik dəyişiklik təklif edirik, hakimiyyət buna getmir. Mən dəfələrlə dedim, hakimiyyətin içində olan müəyyən qədər ağılsız, gərginlik sevən adamlar Azərbaycan xalqını da, hakimiyyətini də qarşıdurmaya sürükləyir. İndi neftin qiyməti də yavaş-yavaş aşağı düşür. Neftin qiyməti aşağı düşəndə o saxtakarlıq edən müəllimlərin maaşı, pensionerlərin pensiyası verilməlidir. Digər vəzifələr də var, bunlar yerinə yetirilməlidir. Görək, onda necə olacaq”.

“Seçki institutuna  tamamilə inam məhv olan ölkələrin hamısında sonda xaos olur”

Картинки по запросу "Natiq Cəfərli"

 Seçkilərin nəticələrinə etiraz edən REAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, əslində, Azərbaycan ciddi bir fürsət itirdi: “Azərbaycan hakimiyyəti də ciddi bir fürsət itirdi. Çünki Azərbaycanın yenilənməsi, yeni bir bir imic qazanması, Azərbaycanda yeni başlanğıcın təməlinin qoyulması üçün bu seçkilər çox önəmli idi. Seçkiyə qoşulan siyasi partiyalar, müstəqil namizədlər çalışırdılar ki, əhalinin seçkiyə olan inamını bərpa etsinlər. Çünki seçki institutuna  tamamilə inam məhv olan ölkələrin hamısında sonda xaos olur. Çünki seçki institutu olmayan yerdə həmişə xaotik vəziyyətin yaranması üçün təməl yaranır. Amma çox təəssüf ki, bu fürsətdən Azərbaycan hökuməti istifadə etmədi. Səbəblərini bilmirəm, yəni özləri izah etsələr, daha yaxşı olar. Amma mənə elə gəlir ki, bu seçkilərdə insanların seçki institutuna olan inamı tamamilə darmadağın oldu. Bu isə gələcəkdə Azərbaycanda ciddi böhranlı vəziyyətlərin yaranmasına səbəb olar. Əslində, seçkilərdə tək saxtakarlıq problemi deyil, əhalinin də seçkilərə marağının çox aşağı olması, hətta hava şəraitinə görə seçkilərə getməyən insanların olması bütün bunlar vətəndaşların ümumilikdə seçkilərlə bağlı aşağı gözləntiləri olduğunu üzə çıxartdı ki, bu da heç bir ölkə üçün yaxşı heç nə vəd etmir. Seçki institutu çox vacib institutdur, onun tamamilə sıradan çıxması hakim olanda bu zaman bu tipli ölkələrin hamısında digər proseslərin, ya “saray çevrilişlərinin”, ya da xaotik vəziyyətlərin yaranmasının şahidi oluruq. Çox təəssüf ki, dünən Azərbaycan xalqı, hökumət olaraq yeni bir səhifə açmaq şansını qaçırdı”.

“Parlamentin buraxılmasının mənasını heç kim bu günə qədər anlamadı”

Cəfərli nəzərə çatdırdı ki, Azərbaycanda bu günə qədər də islahat yox idi: “Sadəcə, kadr dəyişikliyi var. Biz bunu dəfərlərlə bəyan etmişdik.  İslahat sözü sistemə, qanunverciliyə, Konstitusiyaya, oyun qaydalarına, ölkədəki vəziyyətin dəyişməsinə aiddir. Çox təəssüf ki, hələ biz bunu görmürük. Bəli, bəzi kadr dəyişiklikləri oldu. Bu cəmiyyətdə müəyyən ümidlər yaratdı ki, yeni kadrların iş başına gəlməsi kifayət qədər ciddi dəyişikliklərə də qapı açacaq və bunun da qanunvericilik ayağı işlək və peşəkar parlament olmalıdır. İşlək və peşəkar parlament  qanunvericilik təşəbbüsləri ilə çıxış edərək ölkədəki islahatların aparılmasına zəmin yarada bilər. Çox təəssüf ki, bu baş vermədi və demək olar ki, parlamentin buraxılmasının mənasını da heç kim bu günə qədər anlamadı”.

 “Daxildəki çəkişmələrin səbəbləri nədirsə, özləri öz daxilində həll etsinlər”

Cəfərlinin fikrincə, ciddi bir analizə ehtiyac var: “Mənə elə gəlir ki, əgər sistem daxilində qarşıdurma və yaxud oyunlar gedirsə, hakimiyyətin özü öz daxilində bu suallara cavab axtarmalıdır ki, seçkiləri bu qədər sobataj edən kimlər oldu? Seçkilərdə bu qədər insanların ümidlərini qıran hansı komanda və şəxslər oldu? Təbii ki, ən yaxşı araşdırma o ola bilərdi ki, araşdırmanı öz daxillərində aparıb günahkarları cəzalandırardılar. Seçkilərin nəticələrini ləğv etmək Azərbaycan üçün bir yeni nəfəsə çevrilə bilər. Əgər bu addım atılacaqsa, bu fürsət yenidən doğa bilər. Yox, əgər daxildəki çəkişmələrin nəticəsidirsə, yenə də bunun acısını xalq, vətəndaşlar çəkəcək. Daxildəki çəkişmələrin səbəbləri nədirsə, özləri öz daxilində həll etsinlər. Yəni bunun bədəlini xalq ödəməli olmasın”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93