Bakı və Ankaranın “əzələ” nümayişi: Ermənistan üçün gerisayım başlayıb

7

Rusiya və Türkiyənin problemin dinc həlli yolunda birgə addımlar atmasının zamanı çatıb; politoloq: “Yaxın vaxtlarda bir neçə ətraf rayonun geri alınması xəbərini eşidə bilərik…”

İyulun 29-dan başlayan və avqustun 10-dək davam edəcək Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir. Paytaxt Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax bölgələrini əhatə edən budəfəki hərbi manevrlər daha genişmiqyaslı olması və Türkiyə tərəfdən daha böyük sayda şəxsi heyətin və müasir döyüş sistemlərinin cəlb olunması ilə fərqlənir.

Xəbər verildiyi kimi, Türkiyə ordusu bu təlimlərdə iştirak etmək üçün bəzi məlumatlara görə, 11 minlik canlı qüvvə, çoxsaylı zirehli texnika və reaktiv yaylım atəşi sistemləri, habelə hücum vertolyotları göndərib. Hərbi manevrlər qabaqcadan planlaşdırılsa da, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsindən az sonraya təsadüf edir.

Məlum olduğu kimi, Türkiyə hərbi-siyasi rəhbərliyi Ermənistanın təcavüzkar addımlarına cavab olaraq birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edib. Qardaş ölkə bu təlimlərlə bir daha mesaj vermiş olur ki, hərbi əməliyyatlar başlasa Azərbaycanın tərəfində döyüşməyə hazırdır…

Qeyd edildiyi kimi, təlimlər planı olsa da, düşmən tərəfdə ciddi təşviş yaradıb. Belə bir ortaq güc nümayişi sərhədin Tovuz istiqamətində təxribata əl atan işğalçı ölkəyə apaydın bir mesajdır ki, gələn dəfə hərbi avantüraya gedəndə iki dəfə fikirləşməli olacaq. Bu xüsusda Azərbaycan və Türkiyənin budəfəki “əzələ nümayişi” Ermənistana, bəlkə də, sonuncu xəbərdarlıqdır ki, nə qədər gec deyil, sərhəd təxribatlarına son qoysun və ərazilərimizdən işğalçı qüvvələrini çıxarsın.

*ABŞ Bəhreynə 19 ədəd “F-16” qırıcı təyyarəsi satacaq – www.din.az****

Bu arada ortaq təlimlərin ermənilərin yuxusunu əməlli-başlı qaçırdığı haqda xəbərlər gəlməkdədir. Məsələn, Ermənistan mediasında və sosial şəbəkələrdə Türkiyəyə məxsus F-16 qırıcılarının Naxçıvanda “İrəvana zərbə endirmək”lə bağlı təlim keçdikləri barədə sensasion xəbərlər şimşək effekti verib. Musavat.com erməni mediasına istinadən bildirir ki, erməni əhalinin təşvişi Ermənistan Müdafiə Nazirliyini rəsmi təkzib verməyə vadar edib.

Nazirliyin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Türk qırıcılarının Naxçıvanın 56 km-liyində yerləşən İrəvan şəhərinə hava zərbələri endirməklə bağlı təlimlər keçirdiyi barədə məlumatlar həqiqətə uyğun deyil. Ş.Stepanyan bu barədə məlumatların “şişirdildiyini” deyərək, əhalini sakitləşdirməyə çalışıb.

İstənilən halda, fakt ortadadır: açıq-aşkar görünür ki, təcavüzkar tərəf Tovuz təxribatına əl atdıqdan sonra Türkiyə və Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax şəhərləri ərazisində keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən qorxuya düşüb.

“Amma qorxunun əcələ köməyi yoxdur” buyurub aqillər. Xofu, səksəkəni aradan qaldırmağın yolu isə çoxdan bəlli: işğalçı hərbi birləşmələrin yad torpaqlardan qeyd-şərtsiz və tezliklə çıxarılması. İrəvan bunu xoşluqla edərsə, o zaman Qarabağa ölümə göndərilən xeyli erməni gəncinin həyatını xilas etmiş olar. Əks təqdirdə işğalçıları gəldikləri yerə kimi Azərbaycan Ordusu qovmalı olacaq. Ermənistan üçün gerisayım artıq başlayıb

Zaur Məmmədov: “Prezidentlərin razılaşması təsadüfi deyil”

Zaur Məmmədov

“Yaxın vaxtlarda bir neçə ətraf rayonun ordumuz tərəfindən geri alınması xəbərini eşidə bilərik”. Belə bir sensasion proqnozu politoloq Zaur Məmmədov deyib.

Ekspert Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında ölkəmizdə keçirilən hərbi təlimlərə diqqət çəkərək deyib: “Ankaranın Suriya və Liviyanın ardından Azərbaycandakı fəallığı, o cümlədən ölkələrimiz arasında keçirilən irimiqyaslı hərbi təlimlər Rusiya və İranı da rəsmi Bakının maraqlarına biganə yanaşmamağa gətirib çıxaracaq. Bu təlimlərdə Türkiyə ən müasir silahlarını bizim hərbçilərlə bölüşdü. Təbii ki, son zamanlar Ermənistanın ən çox arxalandığı ”SU-30″a qarşı”F-16″ların Azərbaycana gətirilməsi İrəvan üçün gözdağı olan silahlardan biridir. Qeyd etməliyəm ki, “F-16″ rus ”SU-30″larından müqayisə olunmayacaq qədər güclüdür. Yeri gəlmişkən, hazırda Moskva Ankaranın bu bölgədəki maraqlarını nəzərə almaya bilməz. Bu baxımdan, yaxın vaxtlarda bir neçə ətraf rayonun ordumuz tərəfindən alınması xəbərini eşidə bilərik”, – deyə politoloq qeyd edib.

“İkinci Dünya müharibəsindən sonra Türkiyənin bu qədər aktivliyini görən olmamışdı”.

Bu sözləri isə erməni mediasına açıqlamasında “Qarabağ qəhrəmanı” kimi tanınan general Ter-Tadevosyan deyib (Axar.az). O, Türkiyə-Azərbaycan təlimlərinin Tovuz hadisələrindən dərhal sonra başlamasını təsadüf hesab etmədiyini bildirib: “Tavuşdakı (Tovuz rayonu ilə sərhəd erməni rayonu – red.) son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərdi. Biz Rusiyanı tənqid edirik, amma pis odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz haqda danışmırıq. Rusiyanın həmişə bizim taleyimizdə müsbət rol oynadığını deyə bilmərəm, amma bizim başqa dostumuz yoxdur. Deyəsən, Ermənistan tək qalıb”.

O bildirib ki, indi çox çətin bir dövrdür və Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər. Tadevosyan guya Tovuzda baş verən təxribatın Azərbaycan tərəfindən edildiyini, bunun “Rusiyanı, KTMT-ni, eləcə də Ermənistan silahlı qüvvələrini yoxlamaq məqsədi daşıdığını” iddia edib. O, Rusiya və KTMT-nin “yoxlamadan çıxmamasından” məyusluğunu bildirib.

Ancaq enində-sonunda Dağlıq Qarabağ konfliktinin həlli qaçılmaz olacaq. Çünki münaqişə getdikcə daha çox güc mərkəzinin maraqlarına təhdid yaradır. Öncəliklə də Rusiyanın. Rusiya isə nəhayət, üzünü tarixi gerçəyə tutmalı, problemin həllinə real töhfə verməlidir. Bunu ən əvvəl elə onun öz maraqları diktə edir.

“Dağlıq Qarabağ münaqişəsi tarixən, XIX əsrdə Çar Rusiyasının bölgədə apardığı məskunlaşma siyasəti ilə əlaqəlidir və Sovet İttifaqının dağılması prosesi ilə ortaya çıxıb”.

Musavat.com-un məlumatına görə, bunu rusdilli Vesti.az xəbər agentliyinə açıqlamasında türkiyəli tarixçi-alim, Moskva Dövlət Universitetinin aspirantı Burak Kolot deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik ocaqları yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ məsələsindən yayındırmağa çalışır.

“Qarabağ münaqişəsini müxtəlif cəhətlərdən öyrənərkən görürük ki, Ermənistan özünün beynəlxalq hüquqa zidd hərəkətləri ilə diqqəti problemin siyasi həllinə yönəlik addımlardan yayındırmağa səy edir. Əslində Tovuzdakı insidentə məhz bu səbəbdən Ermənistanın təxribatı kimi baxmalıyıq, çünki sözügedən bölgənin Dağlıq Qarabağda davam edən münaqişə ilə heç bir coğrafi əlaqəsi yoxdur”, – deyə o qeyd edib.

Sərhəddəki toqquşmadan sonrakı vəziyyətlə bağlı regional oyunçuların mövqeyindən danışan Burak Kolot deyir ki, nə Rusiya, nə də beynəlxalq strukturlar müharibədə maraqlı deyil: “Üstəlik, regional şərait müharibə üçün əlverişsizdir. Ermənistan-Azərbaycan probleminin həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupu son insidentlə bağlı atəşkəsin pozulmasını pisləyib, Moskvanın özü isə təcili vasitəçilik təklif edib. Öz növbəsində ABŞ müxtəlif daxili və xarici maraqlar səbəbindən Ukrayna və Gürcüstanda olduğu kimi, Ermənistan-Azərbaycan düşmənçiliyində tərəfi tutub ruslarla qarşıdurmaya girmək istəməz. Bu iki böyük gücdən başqa, Türkiyə münaqişə tərəflərindən birinə yaxın olan yeganə oyunçudur”.

Münaqişənin tarixi mənşəyindən söz açan tarixçi bunun Sovet İttifaqının dağılması prosesi ilə əlaqəli problemlər üzündən yarandığını diqqətə çatdırıb. Bildirib ki, ümumiyyətlə, münaqişə Çar Rusiyasının Cənubi Qafqaz bölgəsində hələ XIX əsrdə yürütdüyü köçürmə siyasəti ilə birbaşa bağlıdır.

“Rusiya Qarabağda yeni idarə olunan demoqrafik nizam yaratmağı planlaşdırırdı və bu işdə uğur qazana bildi. Belə ki, XIX əsrin sonunadək biz Qarabağda erməni əhalisinin sayının 35%-dən 50%-ə qədər artmasını müşahidə edirik. Rusiyanın 20-ci əsrdə də intensiv şəkildə davam edən köçürmə siyasəti sayəsində ermənilər Dağlıq Qarabağın ümumi əhalisinin yarıdan çoxunu təşkil etdilər. Bununla da Ermənistan əraziyə iddia etməyə və bölgədə yaşayan ermənilərin köməyi ilə 1992-ci ildə işğala başladı. Beynəlxalq hüquqa zidd olan bu işğal Azərbaycanın ərazi bütövlüyünü pozaraq iki il davam etdi və 1994-cü ildə atəşkəs sazişi imzalandı. Ermənistanın bu müddətdə apardığı etnik təmizləmə və qətliam siyasəti nəticəsində 1 milyondan çox Azərbaycan türkü bölgədən köçməyə məcbur edildi, minlərlə insan öldü. Hazırda işğalı davam edən bu bölgə Azərbaycan torpaqlarının 1/5 hissəsinə bərabərdir və zəngin faydalı qazıntı yataqlarına, geniş kənd təsərrüfatı və meşə sahələrinə malikdir. Bütün bunlarla yanaşı, ərazi ”Böyük Ermənistan” xülyası üçün strateji mövqeyə malikdir”, – deyə tarixçi-alim ardınca vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ məsələsində Minsk Qrupundan asılı olmayaraq, istər müharibədən sonrakı dönəmdə, istərsə də müharibə dövründə özünü unutmağa qoymayan mühüm bir faktor mövcuddur: “Bu da Rusiyanın regiondakı çəkisidir. Rusiya Ermənistana həm nəzarət edilməli məkan kimi baxır, həm də onu özünün Qafqaz strategiyası və geostrateji təhlükəsizlik paradiqması çərçivəsində saxlayır. Eyni şəkildə ruslar Azərbaycanı Qərbin Qafqazın təhlükəsizliyi nöqteyi-nəzərindən itirə bilmədiyi strateji tərəfdaş kimi qəbul edirlər”.

Rusiyanın hazırkı mövqeyinə toxunan tarixçi hesab edir ki, Moskva gərginliyin artmasına imkan verə bilər, lakin müharibəyə imkan verməyəcək. “Bundan başqa, Moskva hər iki tərəfə silah satmaq naminə də buna getməz. Müharibə olacağı təqdirdə NATO Gürcüstan və Ukraynada olduğu kimi, Cənubi Qafqaza yeni giriş kanalları əldə edəcək. Türkiyə isə Liviyada olduğu kimi, bahalı müharibələri özü üçün əlverişli fürsətlərə çevirə biləcəyini göstərdi. Ruslar bunu indi çox yaxşı görürlər”, – deyə o sonda əlavə edib.

Bir şeyi artıq dəqiqliklə söyləmək olar ki, Qarabağ konflikti ətrafında situasiya olduqca həssas bir mərhələyə girib və öncəliklə Rusiya və Türkiyənin problemin dinc həlli yolunda real, birgə addımlar atmasının zamanı çatıb…/musavat.com/