Bakıda aviabilet almaq üçün izdiham – VİDEO

0

Sabah Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkəti Bakıdan İstanbula çarter reysi təşkil edəcək.

Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bu reysə bilet satışı paytaxtın Xətai rayonunda, Xocalı prospekti, 37 ünvanında izdihama səbəb olub.

THY-nin ofisi bu ünvanda yerləşir və bu gün səhər saatlarından bilet almaq üçün ofisin qarşısına onlarla insan yığışıb.

Vətəndaşların sözlərinə görə, səhər saat 09:00-dan bilet almaq üçün bura gəlsələr də, satış sistemində problem yarandığı üçün gözləməyə məcbur olublar: “Ofisdən bizə gözləməyi deyiblər”.

Bir qədər sonra bilet satışına başlanılsa da, məlum olub ki, çarter reysləri ilə yalnız Türkiyə vətəndaşları gedə biləcək, çünki məqsəd onların təxliyə edilməsidir. Bu isə bilet almaq istəyən Azərbaycan vətəndaşlarının narazılığına səbəb olub.

“Report” məsələ ilə bağlı THY ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, çarter reyslərinə bilet satılarkən, ilk növbədə, Türkiyə vətəndaşlarına üstünlük verilir. Əgər təyyarələrdə yer qalarsa, Türkiyədə yaşamaq icazəsi olan Azərbaycan vətəndaşlarına bilet satıla bilər. Amma bu zaman da üstünlük əsasən ailəli şəxslərə, Türkiyəyə müalicə üçün getmək istəyənlərə verilir.