Salam, xoş gəlmisiniz.

Bakıda müğənnilər küçədə oxudu, 12 manat qazandı - GİZLİ ÇƏKİLİŞ - VİDEO/FOTO

2018-07-02 11:06:32

Bakıda müğənnilər küçədə oxudu, 12 manat qazandı - GİZLİ ÇƏKİLİŞ - VİDEO/FOTO

Dünyanın müxtəlif ölkələrində xalqa açıq ərazilərdə, parklarda, yeraltı keçidlərdə, metro ətraflarında küçə musiqiçilərinə rast gəlmək mümkündür. Əsrlər öncə yaranan bu sənətin sahibləri qida, içki, pul qarşılığında insanlara pulsuz konsert verir. Josephine Baker, Bon Jovi, Tracy Chapman kimi tanınmışlar karyeralarına küçədə başlayıb.

Son illər Azərbaycanda, xüsusilə də Bakıda sözügedən sənət sahiblərinə rast gəlmək olur. Onlar ya həvəskar olduqları, ya da pul qazanmaq üçün bu yolu seçiblər.

Musavat.com-un reportyor qrupu olaraq gənc müğənni, “O səs Türkiyə”də ifa etdiyi “La la la” mahnısı ilə məşhurlaşan və Ebru Gündəşin komandasında yarışan Mərdan Kazımovla birlikdə bir saatlıq küçə musiqiçisi olduq və onların yaşadıqları ilə tanış olmağa çalışdıq. İlk seçdiyimiz məkan “Molokan” bağı kimi məşhur olan Xaqani bağı oldu. İllər öncə küçə musiqiçisi kimi fəaliyyət göstərən Mərdan özümüzə uyğun yer seçə-seçə xatirələrini danışır:

“Pul qazanmaq məqsədi ilə deyil, həvəskar olduğumuz üçün dostlarımızla parklarda mahnı oxuyurduq. O qrupumuzdan yaxşı musiqiçilər çıxdı. Əvvəllər insanların reaksiyası çox yaxşı idi, hətta televiziyalardan gəlib bizi çəkirdilər. pul qazanmırdıq, əylənirdik. İndi uşaqlar pul qazanır. Keçidlərdə səs çox yaxşıdır, səs yayılır. Açıq havada görək necə olacaq?”.

Özümüzə məkan seçirdik ki, iki musiqiçinin də gitara və skripkada ifa etdiyinin şahidi olduq. Öncə yaxınlaşıb, onlara vəziyyəti başa saldıq. Bir növ icazə aldıq, hətta bizə qoşulmalarını da təklif etdik. Bəylərdən biri razı olmasa da, digəri bizə qoşuldu. Ard-arda 5 mahnı səsləndirdik. İnsanlar gülümsəyərək keçir, bəzən ayaq saxlayıb qulaq asırdı. Bir qadın isə uşaqlarının bizə qoşulmasını təklif etdi. Skripkada Kənan Vaqifoğlu ifa etdi, Mərdan oxudu, biz oynadıq. Onu da qeyd edim ki, çəkiliş gizli aparılırdı. Burada insanların bizə reaksiyası gözlədiyimiz qədər isti olmadı. Qabımıza pul atmadılar.

İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün “Tarqovi” adlanan mərkəzi küçəyə yollandıq. Nizami küçəsində isə hər şey gözlədiyimizdən fərqli oldu. Biz oxumağa başlamışdıq ki, öncə bir qrup gənc bizə qoşuldu, sonra ərəb və iranlı turistlər ayaq saxladı. Bir də gördük ki, ətrafımızda xeyli insan var. Artıq qutumuza pul qoyanlar da vardı. Küçə musiqiçilərinə əsas maraqla qarşılayanlar ərəb turistlər idi, onlar telefonla çəkiliş edir, hətta bizimlə foto da çəkdirdilər.

Azərbaycanda “Çoban” kimi məşhurlaşan Pərvin Səfərov da təsadüfən oradan keçirdi. O da ayaq saxlayıb, öz ifaları ilə bizə qoşuldu. Digər məkandan fərqli olaraq, mərkəzi küçədə maraq daha çox idi. Burada dinləyənlər musiqiçilərin əməyini də qiymətləndirdi. Yarım saatlıq fəaliyyətimiz nəticəsində 12 manat topladıq, onu da aramızda bölərək işimizə yekun vurduq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru