“Bakıdakı erməni kilsəsi soyqırım muzeyinə çevrilməlidir” – Sərdar Cəlaloğlu: “Əgər erməni kilsəsi erməniləri insan kimi tərbiyə etsəydi, bu qədər vəhşiliklər törətməzdilər”

19

“Allah bizə başqa dinlərin məbədlərini dağıtmağı, onların inanclarını təhqir etməyi qadağan edir”

“Görünür, bu erməni kilsəsinin erməniləri insan kimi tərbiyə etməyə gücü çatmadı”

“Bizim öz xalqımıza düşməninin kim olduğunu bildirmək və onu ən azı düşmənə nifrət, özünümüdafiə ruhunda tərbiyə etmək üçün bu soyqırım muzeyi vacibdir”

“Sizə kim deyir ki, sizə aid olan abidəyə sahib çıxmayın? Sadəcə, bizim mədəniyyət nazirinin başı qumarbazlığa, əyyaşlığa, Azərbaycanın mədəniyyət nümunələrini satmağa, alver etməyə qarışmışdı…”

Ermənilərlə qonşu olmaq ərazi bütövlüyümüzü təhdid altına qoyduğu kimi, tariximizə, mədəniyyətimizə də təhdid təşkil edir. Düşmən şimal qonşumuz Rusiyanın köməyi ilə ələ keçirdiyi ərazilərimizdə özünükiləşdirdiyi abidələrimizə, tariximizə qarşı törətdiyi mədəni qətliamlara biz Bakıda qoruyub saxladığımız erməni kilsəsi ilə “qarşılıq veririk”. Yenə də sevindirici haldır ki, Türkiyədə Aya Sofyanın məscidə çevrilməsindən sonra Bakıda yerləşən erməni kilsəsinin statusu ilə bağlı da müxtəlif fikirlər səslənir. Məsələn, belə təkliflər var ki, indiyə qədər qorunub saxlanılan bu kilsə artıq erməni cinayətlərini əks etdirən muzeyə çevrilməlidir.

Bu barədə Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

– Son günlər Bakının mərkəzində yerləşən erməni kilsəsinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım muzeyinə və yaxud kitabxanaya çevrilməsi təklif olunur. İlk olaraq bu haqda sizin fikirlərinizi bilmək istərdik.

– Əvvəla onu deyim ki, dini konfessiyanın bəzi nümayəndələrinin bizə münasibətindən asılı olmayaraq, dini obyektlərə çox böyük hörmət etməliyik. Qurani-Kərimdə də Allah-təala buyurur ki, “siz onların dini obyektlərini, kilsələrini, monastrlarıını dağıdarsınızsa, onlar da sizin məscidlərinizi, təkyələrinizi, mədrəsələrinizi dağıdarlar”. Bu baxımdan biz əslində islam dininə, islam dininin tələblərinə görə başqa dinlərin ibadətgahlarına, idollarına toxunmamalıyıq, təhqir etməməliyik. Bu baxımdan Bakıdakı erməni kilsəsini də dağıtmaq düzgün deyil. Bu kilsə şəhərin mərkəzindədir, görkəmli yerdədir, illərdir istifadəsiz qalıb. Bu mənada onu muzeyə çevirmək olar, bilirsiniz ki, Ayasofiya da məscidə çevrildi. Ən yaxşısı, siz dediyiniz kimi, ermənilərin genosid siyasətini əks etdirən bir yerə çevirmək daha yaxşı olar. Çünki, görünür, bu erməni kilsəsinin erməniləri insan kimi tərbiyə etməyə gücü çatmadı. Əgər erməni kilsəsi erməniləri insan kimi tərbiyə etsəydi, bu qədər vəhşiliklər törətməzdilər.

Bu baxımdan, əslində, ermənilərin öz kilsələrindən nə qədər uzaq olduğunu, kilsənin onlarda bir tərbiyə sistemi modeli olmadığını nümayiş etdirmək üçün bu kilsəni çox yüksək səviyyədə təmir etmək, saxlamaq lazımdır. Təbii ki, onun da içində ermənilərin təkcə bizə qarşı yox, bəşəriyyətə qarşı törətdiyi cinayətlər, məsələn, vaxtilə ASALA-nın türk səfirlərinə və başqa xalqlara qarşı apardığı terror hərəkətləri ilə bağlı muzeyə çevirmək lazımdır. Bizim Demokratik Cümhuriyyətin liderlərinin bir çoxunu ermənilər məhv edib. Eləcə də sovet dönəmində repressiya dövründə məhz erməni millətindən olan prokurorlar, müstəntiqlər Azərbaycan ziyalılarını kütləvi şəkildə məhv edib, qırgın törədiblər. O cümlədən 18 mart qırğını, 31 mart qırğını, yeni dövrdə Xocalı qırgını – bütün bunların hamısını çox gözəl, əyani şəkildə dünya ictimaiyyətinə çatdırmaq üçün mən də elə hesab edirəm ki, erməni kilsəsini bir muzeyə çevirmək, xüsusən də soyqırım muzeyinə çevirmək daha yaxşı olar. İnsanlar gəlsinlər, bizim onların məbədinə olan münasibətimizi görsünlər, onların da bizim insanlarımıza olan vəhşiliklərini görsünlər.

– Sizcə, bizim bu hərəkətimiz ermənilərin beynəlxalq ictimaiyyətdə haqqımızda yaydığı qeyri-dəqiq fikirlərə təsir göstərə bilərmi?

-Təbii ki, bizim məqsədimiz beynəlxalq ictimaiyyətin haqqımızda olan rəyini dəyişdirmək deyil. Biz həqiqəti ifadə etməliyik və təbii ki, kim həqiqət arxasınca gedəcək, onlar da onu qəbul edəcək. Zorla heç kəsə həqiqəti qəbul etdirə bilməzsiniz. Məşhur biz söz var: “Yatmış insanı oyandırmaq olar. Ozünü yuxuluğa vurmuş insanı oyandırmaq olmaz”. O xalqlar, o insanlar ki, təəssübkeşlik prinsipi ilə həqiqətə göz yumub, erməniləri müdafiə edirlər və yaxud Azərbaycan xalqına düşmənçilik nöqteyi-nəzərindən erməninin yanında durusa, yaxud da ermənilərlə eyni-ortaq maraqları varsa, biz istəsək də onların erməniyə qarşı münasibətini dəyişdirə bilmərik. Rusun erməniyə qarşı münasibətini necə dəyişdirə bilərsiniz? Uzun illərdir ki, ermənilər rusun əlində bir alətə çevrilib və rusun bir çox ciddi dünyəvi-geosiyasi maraqlarına, eləcə də regional maraqlarına xidmət edib. Hətta baxın Ermənistanda bir rus məktəbi yoxdur, ermənilər rusca danışmırlar. Zaman-zaman ruslara qarşı etirazlar edirlər. Hər cür şıltaqlıqlar edirlər. Ruslar yenə də ermənilərin yanındadırlar. Azərbaycanda yüzlərlə rus məktəbi var, əhalimizin müəyyən bir kəsimi rus dilində danışmağa üstünlük verir, rus mədəniyyətini mənimsəyən kəsim, kifayət qədər qarışıq ailələr var, amma Rusiyanın bizə düşmənçilik münasibəti dəyişmir. Burada yadıma Cəmaləddin Əfqaninin bir fikri düşür. O deyir ki, “biz bütün məscidləri söksək, axırıncı minarədən azan səsini qadağan etsək, Quranı yığışdırsaq, yenə də xristian dünyası bizi müsəlman kimi qəbul edəcək”. Yəni ermənilərə, ermənilərin tərəfdarlarına nə qədər yaxşılıq etsək də, onlar bizə qarşı düşmənçilikdən imtina etməyəcəklər. Amma, buna baxmayaraq, bizim öz xalqımıza düşmənin kim olduğunu bildirmək və onu ən azı düşmənə nifrət-özünü müdafiə ruhunda tərbiyə etmək üçün bu soyqırım muzeyi vacibdir. Baxın, əksər ermənilər sovet dönəmində belə, bizə qarşı düşmənçilik ruhu tərbiyə ediblər, hətta o vaxt Kommunist Partiyasının Mərkəzi Komitəsi Ermənistanda milli tərbiyə işlərini düzgün aparmadığına görə, Dəmirçiyana töhmət verdi. Yəni onlar əvvəlcədən öz uşaqlarını bizə qarşı düşmən ruhunda böyüdüb. Biz də ən azı düşmən ruhunda böyütmək yox, amma ermənilərin bizə düşmən olduğunu sübut edən faktlar qoymalıyıq ki, unutqan olmasınlar. Biz kommunist dövründə unutduq. Mart qırğınını unutduq, gəldik Xocalı soyqırımı ilə üzləşdik. Bu nəsil də unudarsa 50 ildən, 30 ildən sonra başqa bir soyqırımla üzləşəcəyik. Ona görə də biz bu soyqırım muzeyi ilə bizim çox pis bir düşmənimiz olduğunu zaman-zaman gələcək nəsillərimizə xatırlatmalıyıq.

– Bunun üçün ilk növbədə dövlət səviyyəsində işlər aparılması lazım deyilmi?

-Təbii ki, bunu dövlət etməlidir. Düşmənə qarşı yalnız odlu silahla mübarizə aparmazlar. Sözlə də mübarizə aparmaq lazımdır. İncəsənətlə, diplomatiya ilə mübarizə aparmaq lazımdır. Yəni mübarizənin üsul və vasitələrini o qədər rəngarəng seçmək lazımdır ki, ayrı-ayrı sosial qruplar orada iştirak etsin. Bəzi adamlar əsərə baxıb təsirlənir, bəzi adamlar musiqiyə qulaq asıb təsirlənir, başa düşür-anlayır, bəzi adamlar bədii əsəri oxuyub anlayır. Biz gərək əlimizdə olan bütün vasitələrdən həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və ən vacibi öz gənc nəslimizi düzgün tərbiyə etmək üçün istifadə edək. Bunun üçün dövlət siyasəti olmalıdır. Dövlət əlində olan bütün imkanlardan istifadə edib, öz xalqına və dünyaya düşmənin kim olduğunu açıq və net şəkildə çatdırmağı bacarmalıdır.

-Ermənilər işğal altında olan bölgələrdə Azərbaycnın bütün maddi-mədəni abidələrini məhv edib, bir çox abidələri özününkiləşdirib. Bütün bunlara rəğmən, bizim Bakının mərkəzindəki erməni kilsəsini kilsə kimi qoruyub saxlamağımız nə qədər məntiqlidir?

-Kilsə bütün xrisianlığın məbədidir, yalnız ermənilərə aid deyil ki. Məscid təkcə Azərbaycan türklərinin deyil ki, bütün müsəlmanların məscididir, Allahın evidir. İstəyir Afrikada olsun, istəyir Amerikada olsun, istəyir Azərbaycanda olsun. Məscid məsciddir. Azərbaycandakı məscidlərin Afrikadakı məscidlərdən nə fərqi var. Biz buna fərq qoya bilmərik ki. Eləcə də kilsələr də xristianlar üçün Allahın evidir. Yəni oradakı erməni təriqətinin nümayəndələrinin kilsəsidi deyə, biz onu Allahın evi statusundan çıxarda bilmərik. Çünki dünyada ermənilərdən də fərqli xristianlar var. Onların bir çoxu da ermənilərdən qat-qat yaxşı insanlardır. Bu baxımdan Allah bizə başqa dinlərin məbədlərini dağıtmağı, onların inanclarını təhqir etməyi qadağan edir. Siyasətlə inanc məsələsini bir-birinə qatmamalıyıq. Mədəniyyətlə siyasəti bir-birinə qatmamalıyıq. Ermənilər bunları edirlər. Abidələri dağıdırlar. Amma Həzrət Əlinin bir sözü var, deyir “sən düşmənin silahını götürürsənsə, bil ki, artıq döyüşü uduzmusan”. Düşmən ən yaxşı istifadə edəcəyi silahı götürür. Ona görə biz ermənilərin etdiyi əməlləri etməməliyik, əksinə özümüz tamamilə ermənilərin bizə qarşı vəhşiliklərini onların ağlına gəlməyən üsul və vasitələrdən istifadə edərək onları ifşa etməliyik. Rusun əlində bir alət olduqlarını bütün dünyaya göstərməliyik.

-Bildiyimiz kimi, bu günə qədər YUNESKO da daxil olmaqla heç bir beynəlxalq təşkilat ermənilərin Qarabağda və digər işğal olunmuş rayonlarımızda törətdikləri vandalizm aktına münasibət bildirməyib. Sizcə, bu, uğurlu xarici siyasət apara bilməməyimizin nəticəsidir, yoxsa…

-Yox, bu gün Suriyada min illk tarixə malik olan, YUNESKO-nun da siyahısında olan minlərlə tarixi abidələr dağıdılıb. Əməvilər dövrünün bütün məscidləri, karvansaralar, məqbərələr dağıdıldı. Əfqanıstanda Buddanın heykəli dağıdıldı. Eləcə də dünyanın bir çox yerlərində, məsələn İraqda məscidlər dağıdılıb. YUNESKO hansına səs çıxardı?

-Ola bilərmi, burada xristian-müsəlman faktoru rol oynamış olsun?

-Əlbəttə, bu gün bütövlükdə dünya nizamı özünün iflas dövrünü yaşayır. İstər siyasi sahədə, istər mədəni əməkdaşlıq sahəsində. YUNESKO-nun qərarları da o qədər təsirli deyil. Dünya mədəniyyətinə əvvəlki kimi nəzarət edə bilmir. Hətta siyahıya alıb, qoruma altına aldığı abidələrin qorunması ilə bağlı lazımi dəstəyi verə bilmir. Bilirsiniz, YUNESKO ümumdünya irsi kimi siyahıya aldığı abidələrin qorunmasına cavabdehlik daşıyır. Suriyadakı abidələrin hamısı dağıdıldı, YUNESO səsini çıxarmadı. Bu baxımdan biz YUNESKO-dan ermənilərin vəhşiliyi haqda hansısa qərarın veriləcəyini və yaxud bizim xeyrimizə hansısa bir söz deyiləcəyini gözləməməliyik. Digər tərəfdən, onun mərkəzi Fransada yerləşir, Fransa isə bizə və türklərə qarşı düşmən mövqedədir. Təbii ki, onun da böyük təsiri var. Eləcə də təşkilatın rəhbərliyində kimlər var… Yəni bizə bir şeyi bilmək lazımdır. Beynəlxalq təşkilatların ədalətli olduğuna və onların beynəlxalq hüquqa istinad etdiyini güman etmək sadəlövhlükdür. Belə bir şey yoxdur. Amerika öz dəyərlərindən dəfələrlə üz çevirir, Avropa öz dəyərlərindən dəfələrlə üz çevirir. Yəni bu baxımdan Azərbaycanın işğal edilmiş ərazilərində baş verən müxtəlif hadisələrə YUNESKO və hər hansı bir beynəlxalq təşkilatın hansısa reaksiya verməsini o qədər də gözləməməliyik. Onun əhəmiyyəti yoxdur. Özümüz xalq olaraq ermənilərin bizə qarşı törətdiklərinə reaksiya verməliyik, ona qarşı mövqe qoymalıyıq. Mənə elə gəlir ki, bu istiqamətdə həm hakimiyyət, həm muxalifət səviyyəsində kifayət qədər aktivləşmə var.

-Azərbaycan türklərinin tarixi abidələrinə ermənilərdən başqa bir çox qonşu xalqlar, o cümlədən də türk xalqları da sahib çıxmağa çalışırlar. Sizcə, bizim öz tariximizə laqeydliyimiz nədən qaynaqlanır?

-Əvvəla bu türklərin ortaq mədəniyyətidir, türklər necə mənimsəyir, başa düşmədim.

-Məsələn, qazaxlar Ermənistanda olan qıpçaq kilsəsinin, türkmənlər Ermənistanda bizim daş-qoçların onların olduğunu deyirlər.

-Yəni Qazaxıstan hardadır, Azərbaycan hardadır? Onlar necə gəlib düşüb ora? Əgər daç-qoçlar məsələsini deyirsinizsə, bu Monqolustandan tutmuş Macarıstana qədər türklərin yayıldığı bütün ərazilərdə geniş yayılıb. Çünki qoç türklərdə onqondur, yəni müqəddəsləşmiş heyvandır, bir mifoloji varlıqdır. İgidliyin, məhsuldarlığın rəmzidir. Bu baxımdan müəyyən bir dövrdə qoç qəbirlər, başdaşların, sinə daşların qoç şəklində düzəldilməsi inkişaf etmişdi. Həm Osmanlının, həm bizim, həm türkmənlərin, həm qazaxların istifadə etməsi, onu özlərinin mədəniyyətinin bir elementi hesab etməsi tamamilə təbiidir. Çünki biz zatən bir millətin müxtəlif qollarıyıq. Yəni ana dəyərlər hamımızda eynidir. Tutaq ki, bozqurd bizdə də, yakutlarda da, saxalılarda da, başqırdlarda da eynidir. Eləcə də qoça münasibət. Eyni xalqların totemləri də eyni olmalıdır. Əksinə, onların bunlara sahib çıxması göstərir ki, biz doğrudan da eyni xalqıq.

-Axı o abidələr onlara aid olduğu qədər bizə də aiddir.

-Sizə kim deyir ki, sizə aid olan abidəyə sahib çıxmayın? Sadəcə, bizim mədəniyyət nazirinin başı qumarbazlığa, əyyaşlığa, Azərbaycanın mədəniyyət nümunələrini satmağa, alver etməyə qarışmışdı… Biz indi mədəniyyət nazirinin nəyəsə münasibəti ilə bu şeylərə reaksiya verməməliyik. Biz bilirik ki, bir çox xalqların ortaq mədəniyyəti var. Məsələn, deyirik, islam mədəniyyətinin yaradıcıları türklər, ərəblər, farslar, əfqanlardır. Kim ki, islamı qəbul edib, onların insanlarının islamda olduğu dövrdə yaratdığı mədəniyyət islam mədəniyyətini təşkil edir. Çünki onların yaradıcılığının ümumi istiqaməti islam olub. Nizami islam intibahının dəyərlərindən biridir, eləcə də Dəhləvi, Ömər Xəyyam məktəbi. Biz bunları millətlər səviyyəsində ayırmamalıyıq. Biz nə qazaxlarla, nə türkmənlərlə uzun müddət ayrılmamışıq ki, inanc sistemimiz, simvollarımız da ayrılsın. Bizim xalçalarımıza da baxın, Qazaxıstanın, Özbəkistanın xalçalarına da baxın, ornamentləri eynidir. Bir qədər həyat tərzindən, şəhərləşmədən, fərqli xalqlarla təmasda olmaqdan asılı olaraq mədəniyyətdə müəyyən dəyişikliklər var. Məsələn, biz farslarla həmsərhədik, qazaxlar yakutlarla, çinlilərlə həmsərhəddir. Onların mədəniyyətinə Çinin təsiri var, uyğur türklərinin təsiri var. Bizim mədəniyyətimizə qonşu xalqların təsiri var. Bu çalarlar var. Amma o kənar-yad təsirləri götürsək, baxacaqsınız ki, Uyğurustandan Macarıstana qədər bütün bu zonada mədəniyyətin əsası eynidir. Ona görə də hamısı sahib çıxmalıdır.

Azərbaycanda Orxon-Yenisey abidələrini sevirik, fəxr edirik. Orxon-Yenisey abidələri Azərbaycan ərazisində deyil ki. Orxon Monqolustanda, Yenisey Ob çayının sahilindədir. İndi biz buna sahiblənməyək? Necə sahiblənməyə bilərik? Mütləq sahiblənməliyik. Bu, bizim ulu babalarımızın yaratdığı ortaq mədəniyyətimizdir. Yaxud Azərbaycanda müəyyən bir dövrdə – Teymurləngiin dövründə, Səmərqəndin, Buxaranın tikilməsində bütün müsəlman aləminin sənət adamları iştirak ediblər. Hindistandan tutmuş Ərəbistana kimi. Bunlar hamısı özbəyin ağlının məhsuludur? Orada islam aləminin ən qabaqcıl memarlarının əl işləri var. Eləcə də Tac-Mahal. Tac-Mahalı Təbriz ustaları tikib. Hindlər deyə bilməz ki, bu ancaq bizə məxsusdur. Onun tikintisində Azərbaycan sənətkarlarının çox böyük zəhməti olub. Məsələn, Azərbaycanda Atəşgah var, bu abidənin Azərbaycana heç bir dəxli yoxdur. Atəşgahi hindlər tikib və müəyyən dövrdə də kilsə və ya məscid kimi gəlib orada ibadət ediblər. Amma görürsünüz, biz bunu simvollaşdırmışıq, hara baxırsan Atəşgahdan danışırıq. Azərbaycanın təqdimatında Atəşgah var. Bunun bizə nə aidiyyatı var?! Amma bizim ərazimizdə olduğu üçün ondan təbliğat vasitəsi kimi istifadə edirik. Yəni heç bir mədəniyyət nümunəsi tək bir xalqın məhsulu deyil. Yalnız ibtidaiyə getdikcə, primitiv mədəni elementlər var ki, ora getdikcə artıq differensasiyaya uğrayır, ayrı-ayrı insanlara qədər ayrılır. Amma ümumiləşdikcə heç bir mədəniyyəti ayrıca bir xalqın adına yazmaq olmaz. Məsələn, bizim klassik ədəbiyyatımız var, nümunələri Nəsimidi, Fizulidi, Nizamidi. Onlar əsərlərində özlərindən əvvəlki islam mədəniyyətinin böyük şəxsiyyətlərindən necə bəhrələnib, necə ilham alıblar. Tutaq ki, Nəsimi Türkiyədə Nəxşibəndilər arasında çox böyük hörmətə malikdir. Bir dini lider kimidir. Eləcə də ələvilər arasında dini mərasimlərdə Şah İsmayıl Xətayi ilə bağlı bir imam kimi çox böyük mərasimlər həyata keçirirlər. Halbuki biz onu bir şair və siyasətçi kimi tanıyırıq. Türkiyədə isə ələvilər onu bir imam kimi tanıyırlar. Bu baxımdan, biz əksinə sevinməliyik ki, bizim hansısa əsərimizə sahib çıxan başqa bir xalq da var. Yəni nə gözəl əsər yaratmışıq ki, hamı istəyər ki, bunun sahibi olsun.

-Bəs bu xalq ermənilər olanda necə olur?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA