Barat Abdullayevin keçmiş həyat yoldaşı: “Səkinə İsmayılova keçmiş qaynım Nazimin sifarişi ilə üzümə durur”

0

“Qafqazinfo.az-da barəmdə yazılan məlumatlar həqiqəti əks etdirmir. Mən məhkəmənin hökmündən kənara çıxmamışam və elə bir fikrim də yoxdur”.

Ovqat.com xəbər verir ki, tanınmış biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Yusifova əməkdaşımızla söhbətində belə deyib.

Onun sözlərinə görə, məhkəmənin çıxardığı hüquqlarının məhdudlaşdırılması qadağasını pozmayıb və bu müddət ərzində hər hansı şəhərə getməyib: “Səkinə İsmayılova iddia edir ki, guya mən dəfələrlə Gəncə getmiş, şikayətini geri götürmək üçün onun qızını və ya özünü təhdid etmişəm. Guya mən gecə və gündüz onun evinə gedərək bu təhdidləri yağdırmışam. Adama deyərlər ki, əgər elə bir şey baş veribsə, niyə yerli polis şöbələrini bu barədə məlumatlandırmayıb və mənim həbsimə nail olmayıb? Bu dəqiqə Azərbaycanda koronavirus məhdudiyyətləri qoyulub. 5 aydır ki, insanlar evdən bayıra icazəsiz çıxa bilmir. Bu cür ağır məhdudiyyətlər tətbiq olunduğu halda, mən necə Sumqayıtdan Gəncəyə, Gəncədən Sumqayıta gedib-gələ bilərəm? Bütün bunlar ağ yalandır və Səkinə İsmayılovanın barəmdə irəli sürdüyü digər böhtanları da şübhə altına alır”.

O ki qaldı məhkəmənin çıxardığı elektron nəzarət vasitəsini gəzdirmək qərarının həyata keçirilməməsinə, Təyminə xanım bunu danmır. Səbəbini isə özündən asılı olmayan amillərlə əsaslandırır.

“Məlum olduğu kimi, məhkəmənin qərarı ilə bütün mülkiyyətim əlimdən alınıb. Yaşamağa hər hansı yerim yoxdur. 8 aydır, müxtəlif qohumlarımgildə daldalanmağa məhkum olmuşam. Elektron nəzarət vasitəsinin işləyə bilməsi üçün onun antenası hansısa mənzilə quraşdırılmalıdır. Mənim isə mütəmadi yaşayış yerim olmadığından hər qohumumun evinə bir antena quraşdırmaq da mümkün deyil. Bu səbəbdən də elektron nəzarət vasitəsi işə salınmayıb”.

Məhkəməyə gəlməməsinin səbəbini isə səhhətiylə əlaqələndirən həmsöhbətimizin bildirdiyinə görə, koronavirusa yoluxduğu üçün bu tələbi yerinə yetirə bilməyib və bu barədə məhkəməni məlumatlandırıb.

Səkinə İsmayılovanın Səbail rayon icra və probasiya şöbəsinin məhkəmə qərarını icra etməməsi barədə iddialarını da “ağ yalan” adlandıran Təyminə Yusifova deyib: “Bildirdiyim kimi, məhkəmənin qərarlarının bəzilərini yerinə yetirmək obyektiv səbəblərdən mümkün deyil: mütəmadi yaşayış yeri olmayan bir adama elektron qolbağı taxmaq və ondan hansısa konkret ünvanda yaşamağı tələb etmək kimi. Mənim mülkiyyət hüququm tamamilə əlimdən alındığı üçün bunlar yerinə yetirilmir. Üstəlik, məhkəmənin hökmü hələ tam qüvvəyə də minməyib. Mən Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etmişəm. Ali Məhkəmə isə hələ bu iş barəsində son sözünü deməyib. Son instansiya hökmü çıxandan sonra icraçılar bu hökmü yerinə yetirə bilərlər. Ümid edirəm ki, Ali Məhkəmə mənim mülkiyyətimi geri qaytarar, Səbail rayon icra və probasiya şöbəsi də elektron qolbağının antenasını taxmağa yer tapar. Açığı, o qolbağını taxmaq şəraitinin yaradılmasını mən Səkinə İsmayılovadan daha çox istəyirəm. Çünki keçmiş qaynım Nazim Abdullayevin oyunları nəticəsində evsiz-eşiksiz qalan mənəm. Səkinə İsmayılova da Nazim Abdullayevin sifarişi ilə üzümə durur”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin hökmünə əsasən, Təyminə Yusifovanın üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması təyin edilib.