Belarusun hərbi-strateji əhəmiyyəti: Bu ölkəni itirərsə, Rusiya NATO qarşısında “kor” olacaq

9

9 Avqustda keçiriləcək prezident seçkilərindən əvvəl Belarusla Rusiya arasındakı münasibətlərin gərginləşməsi bu cür davam edərsə, bu, iki ölkənin qarşılıqlı münasibətlərindəki hərbi komponentə də təsir göstərə bilər. Lukaşenkanın “sıçrayışları”, özü etiraf etməsə də, bir çox yerli müxalif siyasətçilər qərbyönümlü olduğunu gizlətmirlər. Bu arada Belarusla Rusiyanın birgə hava qüvvələri və hava hücumundan müdafiə sistemləri var və bu, Moskva üçün xüsusi əhəmiyyət kəsb edir.

Rusiyanın MK.ru (“Moskovskiy komsomeleç”) nəşri ehtiyatda olan polkovnik Sergey Xatılevlə Minskin Moskvadan üz döndərməsinin mümkün hərbi problemlərindən danışıb.

Belarus və Rusiya arasında gərginliyin artması hərbi problemi kəskinləşdirib sərlövhəli məqaləni  təqdim edirik.

“Əlbəttə ki, Rusiya ilə Belarusu çox şey birləşdirir və Minskin xarici siyasət kursunda kəskin dəyişikliklər tədricən özünü göstərir. Digər tərəfdən, 2013-cü ildə Rusiya ilə Ukraynanın bir ildən az müddətdə düşmən olacağını kim görə bilərdi? Bəli, heç kim.

Belarusiya müdafiə qabiliyyətini təmin etmək baxımından Rusiya üçün çox vacibdir. Belarus KTMT üçün NATO ilə qarşıdurma xəttində vacib forpostdur.

NATO-nun üzvü olan ölkələrə coğrafi yaxınlıq kəşfiyyat vasitələrinin orada yerləşməsi üçün əlverişlidir. Məsələn, Sovet dövründə Baranoviçdə Rusiyanın “Volqa” 70M6 raket hücumu haqqında xəbərdarlıq sistemi – radiolokasiya stansiyası yerləşirdi. Həmin sistemin verdiyi məlumatlar Rusiyanın raketdən müdafiə mərkəzinə daxil olurdu.

Stansiya 80-ci illərdə ABŞ-ın “Perşinq” ballistik raketlərinin Avropada yerləşdirilməsi təhlükəsi yarananda tikilmişdi. Hazırda ABŞ orta və qısa mənzilli raketlərin məhvinə dair müqavilədən çıxdıqdan və Avropada belə raketlərin yerləşdirilməsi təhlükəsi yenidən özünü büruzə verdikdən sonra “Qantseviçi” RLS-ə yenidən ehtiyac yaranıb. Üstəlik, həmin stansiya bir neçə il bundan əvvəl modernləşdirilib.

Məlumata görə, “Volqa” RLS 4800 km-ə qədər uzaq məsafədə ballistik raketlər aşkar etmək iqtidarındadır. Rusiya hərbçiləri dövlətlərarası sazişlərə uyğun olaraq bu stansiyadan istifadə edirlər.

Doğrudur, Rusiyanın yeni raket hücumu barədə yeni xəbərdarlıq stansiyalarının Kalininqradda, Sankt-Peterburq ətrafında yerləşən Lehtuidə, eləcə də Armavirdə işə salınması ilə Baranoviçdəki stansiyanın əhəmiyyəti azalmışdır. Bundan başqa, ötən il Mordoviyada güclü “konteyner” üfiqi radiolokasiya stansiyası istifadəyə verilib və bu stansiya da minlərlə kilometr ərazidə hər şeyi “görür”.


“Perşinq” ballistik raketi

Qəribədir ki, yalnız hərbçilərə məlum olan səbəblərdən, dənizə çıxışı olmayan Belorusda hələ sovet dövründən Rusiyanın Hərbi-Dəniz Donanmasının əhəmiyyətli bir hərbi məntəqəsi yerləşir. Bu, Rusiyanın “Vileyka” Dəniz Donanmasının 43-cü rabitə qovşağıdır.

Bu stansiya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahını Atlantik, Hind və hətta Sakit Okeanda yerləşən atom sualtı qayıqlarının ultra uzun dalğa rabitəsi ilə təmin edir. Bəzi məlumatlara görə, stansiya həmçinin radiotexniki kəşfiyyat və radioelektron mübarizə aparmağa qadirdir. Bu obyekt də Rusiya üçün qiymətlidir.

Ancaq bəlkə də hərbi baxımdan ən vacib olan məsələ Rusiya ilə Belarusun hava hücumundan müdafiə sahəsində qarşılıqlı əlaqələrdir. Təsadüfi deyil ki, ölkələrimiz KTMT çərçivəsində ortaq hava qüvvələri və hava hücumundan müdafiə qrupu yaradıblar. Aerokosmik müdafiə sahəsində mütəxəssis, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının zenit-raket qüvvələrinin rəhbəri ehtiyatda olan polkovnik Sergey Xatılev “MK”-a bu qarşılıqlı əlaqələr barədə danışarkən deyib:

– Hətta Sovet İttifaqı dağıldıqdan sonra belə, ölkənin ümumi HHM sistemi mövcud olmayanda və bütün respublikalar öz hava müdafiəsini yaradanda Rusiya və Belarus birgə HHM sistemini yaratmaqla ümumi komandanlığın strukturunda fəaliyyətini davam etdirirdilər. Əvvəlcə hər iki ölkənin bu vahid HHM sisteminin idarə olunması bizim HHM Qoşunlarının Baş Komitəsindən həyata keçirilirdi, indi isə Rusiya Hava-Kosmik Qüvvələrinin Komandanlığının əsas komanda məntəqəsi vasitəsilə idarə olunur.

Sovet dövründə olduğu kimi, Belarus ərazisi üzərində hava vəziyyəti haqqında məlumatların mübadiləsi hələ də birgə həyata keçirilir. Hava gəmilərinin uçuş və enişlərinə vahid avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə nəzarət edilir.

Əgər bu sistem pozularsa, yəni Belarus hava vəziyyəti haqqında məlumat mübadiləsindən imtina etsə, təbiidir ki, biz həm Belarusun özü, həm də ümumiyyətlə, qərb istiqamətində hava şəraiti haqqında məlumatların çox hissəsini itiririk.

– Yəni biz Avropa üzərindəki səmanı daha pis “görəcəyik”?

– Bəli. Orada adi HHM vasitələri ilə hava kəşfiyyatının dərinliyi 300-500 km təşkil edir. Amma burada başqa bir vacib məqam da var: bizi hava məkanına güclü nəzarət edən sərhəd zolağı xüsusilə maraqlandırır. Burada hər hansı bir düşmən obyekti dövlət sərhədimizə 100 km məsafəyə yaxınlaşırsa, HHM qüvvələri üçün bu, artıq xüsusi vəziyyətdir: dərhal HHM növbətçi qüvvələri hərəkətə hazırlaşır. Və əgər burada Belarus hava müdafiə sistemi ilə məlumat mübadiləsi aparılmasa, bizim HHM üçün “reaksiya dərinliyi” imkanı dərhal azalır.

– Bu halda Kalininqrad vilayətindəki HHM sistemi də zəifləyəcəkmi?

– Yox. Orada həm kəşfiyyat sistemi, həm də zenit raket örtüyü sistemi çox güclüdür. Orada praktiki olaraq hava hücumundan müdafiə  imkanlarımızı 1.5 və ya iki dəfə artırmışıq.

– Ancaq biz yenə də Rusiyanın vahid müdafiə sisteminin ayrılmaz hissəsi olaraq Belarusun hava hücumundan müdafiəsini itirdiyini güman etsək, bu problemi böyük itkilərsiz necə həll edə bilərik?

– Bu vəziyyətdən çıxmaq mümkün olacaq. Amma dərhal deyil, mərhələli şəkildə. Belarus bizim üçün qərb istiqamətinə bir çıxış qapısıdır. Əgər onu itirsək, onda yaranmış bu boşluğu bir təhər bağlamalıyıq. Biz sərhəd boyunca radar stansiyalarını dəyişdirməli olacağıq. Belorus ilə sərhəddə 500-600 km və daha yüksək bir məsafəyə qədər olan daha güclü stansiyaları quraşdırmalıyıq. İndi isə buna ehtiyac yoxdur.

Üstəlik, belə bir yenidənqurma üçün vaxt lazımdır. Həm də pul. Axı, bütün bunlar artıq yeni mövqelər, fərqli miqdarlar, daha artıq sərf olunan güc imkanları deməkdir…

-Buna isə kifayət qədər uzun vaxt lazımdır. Belə çıxır ki, bütün bu vaxt ərzində bizim qərb istiqamətində səmaya nəzarətimiz zəifləyəcək? Bəs qısa müddət ərzində nə edə bilərik?

– Qısa müddət ərzində biz bu rayonda İl-76 bazasında uzaq radiolokasiya aşkarlama təyyarələrinin uçuşlarını təşkil edə bilərik. Onlar bütün hava məkanını nəzarətə götürəcəklər. Amma bu təyyarələri göydə daim saxlamaq çox bahalıdır.

Baltik donanmasının imkanları da var. Bunlar radiolokasiya dispenser gəmiləri adlanır və radiolokasiya stansiyalarına malikdirlər. Onlar hava vəziyyətinə nəzarət edə və döyüş növbətçiliyinin aparılmasına cəlb oluna bilərlər.

Abxaziyada müharibə zamanı, – mən o vaxt orada idim, –iki belə gəmi daim HHM üzrə döyüş növbətçiliyi daşıyırdı. Sahildən təxminən beş kilometr məsafədə dənizə çıxır və hava məkanına nəzarət etdilər. Baxmayaraq ki, bu da ucuz deyil.

– İstənilən halda, əgər Belarus müdafiə sahəsində bizimlə müttəfiqlik münasibətlərini pozursa, biz bundan bir təhər çıxa bilərik. Bəli, bahalı   və çətin olacaq, amma biz bu vəziyyətdən çıxacağıq. Belarusiya isə bizimlə öz hava hücumundan müdafiə problemlərini həll edə biləcəkmi?

– Strateji baxımdan, ekstremal vəziyyətlərdə, məsələn, Qərb düşməni Belarus ərazisinə hücum edərkən, Rusiya havadan müdafiə sistemləri istənilən halda hava məkanının sağ və sol cinahlarını əhatə edəcəkdir. Düşünürəm ki, hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq biz belaruslara lazımi məlumatları verəcəyik. Lakin onların hava kəşfiyyatı imkanları baxımından, bizimlə bütün münasibətləri kəsərlərsə, şübhəsiz ki, çox şey itirəcəklər.

Amma əminəm ki, Belarusun təşəbbüsü ilə bizim hərbi əməkdaşlığımızın tamamilə kəsilməsi yaxın vaxtlarda olmayacaq. Çətin ki, orada kimsə daimi prinsip üzrə hərəkət etmək istəyəcək: nazlo nənə qulaqlarını yusun (“Qulaqlara qurğuşun”mənasına gəlir – Ovqat.com), gələcəkdə belə bir vəziyyət yaransa da, əlbəttə, Belarusun Ukraynanın yolu ilə gedəcəyini təxmin etmək olar. Amma hərbi baxımdan, bu, Belarusun özünün maraqlarına uyğun deyil”. \\Ovqat.com