Beynəlxalq humanitar və sosial sahədə əməkdaşlıq

0

Humanitar sahədə Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini Ermənistanın ölkəmizə qarşı təcavüzündən uzun illər əziyyət çəkən soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün zəruri tədbirlərin görülməsi təşkil edir. Ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlarla əməkdaşlıq edir. Bu istiqamətdə ən mühüm təşəbbüslərimizdən biri BMT Baş Assambleyasının sessiyalarında hər iki ildən bir irəli sürülən “İtkin düşmüş şəxslər” adlı qətnamənin BMT üzvləri tərəfindən qəbul edilməsidir. Münaqişə nəticəsində Azərbaycan tərəfindən hələ də 3888 nəfərin itkin düşmüş şəxs olduğunu nəzərə alaraq, ölkəmiz bu problemin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmasını vacib hesab edir. Qətnamədə dövlətlərarası silahlı münaqişələr zamanı itkin düşmə probleminin müxtəlif aspektlərinə toxunmaqla beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməyə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsinə, bu sahədə səmərəli preventiv tədbirlərin həyata keçirilməsinə, itkin düşmüş uşaqlar probleminə xüsusi həssaslıqla yanaşılması və s. işlərin aparılmasına çağırır.

Humanitar yardımlaşmalar və dünya birliyi

Bu istiqamətdə həyata keçirilən digər mühüm addım BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasında ölkəmizin əsas müəllifliyi ilə iki ildən bir irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamə layihəsinin BMT üzvləri tərəfindən qəbul edilməsidir. Qətnamədə, qadın və uşaqların münaqişələr zamanı işgəncəyə məruz qalması, əsir götürülməsi, öldürülməsi və insan alverinə məruz qalma halları pislənir, müvafiq preventiv işlərin həyata keçirilməsi tələb olunur. Ermənistanın təcavüzündən ən çox əziyyət çəkən insanların məcburi köçkünlər olduğunu nəzərə alaraq, onların hüquqlarının müdafiəsi istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq iş aparılır. Nazirliyinin müvafiq beynəlxalq tərəfdaşlarla keçirdiyi bütün görüşlərdə və beynəlxalq tədbirlərdə onların öz evlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi qaldırılır. BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT çərçivəsində qəbul edilən müvafiq qətnamələrdə məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ təsbit olunmuşdur. Bu sahədə ən son sənədlərdən biri 2018-ci ildə AŞPA-da qəbul edilmiş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” qətnaməsi və tövsiyəsi olmuşdur. Qətnamədə beynəlxalq hüquqi sənədlərə əsasən işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı gücün öz əhalisini bu yerlərə köçürməsinin müharibə cinayəti olması qeyd olunmuş, tövsiyədə isə AŞPA təşkilatın Nazirlər Komitəsinə məcburi köçkünlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkələrə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsi tövsiyə edilmişdir.

Məcburi köçkünlərlə bağlı statistik məlumatların dəqiqləşdirilməsi, onların problemlərinin müəyyənləşdirilməsi və həlli, eləcə də Azərbaycan hökumətinin məcburi köçkünlərin sosial və məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzi ilə əməkdaşlıq edir.

Əsri və girvoların hüquqları uğrunda aparılan mübarizə

Erməni girovluğunda saxlanılan soydaşlarımızın azad edilməsi istiqamətində səylər də Xarici İşlər Nazirliyinin bu sahədə əsas fəaliyyət istiqamətini təşkil edir. Dünya ictimaiyyətinin diqqətinin Ermənistanın bu qanunsuz əməllərinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər naziri adından BMT Baş katibi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti, ATƏT Baş katibi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Şurası Baş katibi və Avropa Şurasının insan hüquqları komissarına məktublar ünvanlanmış, Xarici İşlər Nazirliyi və səfirliklərimiz tərəfindən məsələ ilə bağlı mətbuat üçün bəyanatlar yayılmış, səfirliklərimiz tərəfindən akkreditə olunduqları ölkələrin xarici işlər nazirliklərinə diplomatik notalar göndərilmiş və mətbuat orqanlarında məqalələr nəşr etdirilmiş, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT Baş katibinə ünvanlanmış məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının A/72/940-S/2018/738 saylı sənədi kimi yayılmışdır. Münaqişə ilə əlaqədar hər iki tərəfdə saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı şəkildə azad edilməsi məsələsi Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq müvafiq beynəlxalq təşkilatların və ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşlər zamanı qaldırılır və bu istiqamətdə səylər davam etdirilir. Özünün neytral vasitəçi rolunu oynayan BQXK ilə mütəmadi keçirilən görüşlər soydaşlarımızın erməni girovluğundakı vəziyyəti daim müzakirə olunub.  

Miqrasiya məsələlərində humanitar yanaşım

Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycanın xarici siyasətinin humanitar sahədə prioritetlərindən biridir. Bu sahədə fəaliyyət aşağıdakı istiqamətlərdə qurulmuşdur:
1) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) başda olmaqla miqrasiya proseslərinin tənzimlənməsində iştirak edən beynəlxalq qurumlar ilə əməkdaşlığın genişləndirilməsi;
2) Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında imzalanmış sadələşdirilmiş viza rejimi və icazəsiz yaşayan şəxslərin readmissiyasi haqqında sazişlərin icrasının monitorinqi;
3) Aİ ilə Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamənin implementasiyasının davam etdirilməsi;
4) miqrasiya proseslərinin idarə edilməsində ölkənin imkanlarının inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təşkilatların texniki və məşvərətçi dəstəyindən yararlanmaq;
5) qlobal və regional səviyyədə miqrasiya proseslərinin tənzimlənməsinə həsr olunmuş müzakirələrdə ölkəmizin iştirakının təmin edilməsi.

Qeyd edək ki, bu sahədə Aİ-nın maliyyə dəstəyi ilə sərhəd idarəçiliyinin və miqrasiya proseslərinin idarə edilməsinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr həyata keçirilməkdədir və ölkəmiz bu istiqamətdə BMqT və Aİ ilə yanaşı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə də sıx əməkdaşlıq edir. Son illərdə miqrasiya sahəsində həyata keçirilmiş ən mühüm beynəlxalq təşəbbüslərdən biri 2018-ci ilin sonunda BMT Baş Assambleyası tərəfindən “Təhlükəsiz, qanuni və nizamlı miqrasiya üzrə Qlobal Pakt” və “Qaçqınlar üzrə Qlobal Pakt”ın qəbul edilməsi olmuşdur. Səsvermə ilə qəbul hər iki sənədə ölkəmiz dəstək nümayiş etdirmişdir.

Azərbaycan miqrasiya sahəsində Almatı, Budapeşt və Praqa prosesləri çərçivəsində də Avropa və Asiya ölkələri ilə əməkdaşlıq edir. Ölkəmiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) İcraiyyə Komitəsinin üzvü olaraq bu təşkilatla sıx əməkdaşlıq edir. Bu təşkilatla əməkdaşlığımız uzun illər münaqişə nəticəsində məcburi köçkün düşmüş insanlara humanitar yardımlar və sosial dəstək layihələri üzərində qurulmuşdu. Hazırda isə BMTQAK əsasən Azərbaycana digər ölkələrdən gəlmiş sığınacaq axtaran və qaçqın statusu almış şəxslərə yardım sahəsində fəaliyyət göstərir. Təşkilat tərəfindən həyata keçirilən “Şərqi Avropa və Cənubi Qafqazda sığınacaq sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda sığınacaq sisteminə dair milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün tədbirlər görülməkdədir.

Beynəlxalq humanitar konvensiyaların xüsusi çəkisi

Humanitar sahədə əməkdaşlıqda Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNDRR), BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və Beynəlxalq Mülki Müdafiə Təşkilatı (ICDO) ilə təmaslar da önəmli yer tutur. Sosial sahədə beynəlxalq əməkdaşlıq isə əsasən bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlar, xüsusilə də Beynəlxalq Əmək Təşkilatı (BƏT), Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Əhali Fondu (UNFPA) və s. ilə münasibətlərin inkişafına yönəlmişdir. BƏT-lə əməkdaşlıq ölkəmiz üçün beynəlxalq təcrübəyə əsaslanaraq əmək qanunvericiliyi normalarının işlənib hazırlanması, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsi, təhlükəsiz əmək şəraitin yaradılması və sosial müdafiənin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının yeni Məşğulluq Strategiyasının (2017-2030) hazırlanmasında BƏT tərəfindən aktiv texniki dəstək göstərilmişdir. 2016-cı ildə Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanmışdır. Ölkəmiz sosial sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olaraq bu istiqamətdə mühüm təşəbbüslərin də müəllifidir. İnkişaf etmiş ölkələrdə məşğulluq problemlərinin həlli, yoxsulluğun azaldılması, dayanıqlı sosial təminat və layiqli əməyin təmin olunmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülmüşdür. Mərkəzin nizamnaməsi 2016-cı ildə təsdiqlənmişdir. Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün İƏT-in 10 üzvünün sənədi imzalaması tələb olunur.

Azərbaycanın əməkdaşlıq etdiyi mühüm beynəlxalq təşkilatlardan biri də BMT-nin Uşaq Fondudur (UNİCEF). Xarici İşlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində UNİCEF tərəfindən ölkəmizdə həyata keçirilən Azərbaycan üzrə 2016-2020-ci illər üzrə Ölkə Proqramının icrasına dəstək göstərməkdədir. Bu proqram BMT-nin Uşaq hüquqları Konvensiyasında təsbit olunmuş əsas uşaq hüquqlarının və Azərbaycanın müxtəlif inkişaf strategiyalarında uşaqlarla bağlı əks olunmuş müddəaların yerinə yetirilməsində, o cümlədən əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv təhsil kimi sahələrdə ölkəmizə dəstək göstərilməsini nəzərdə tutur.

“Hürriyyət”